Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ağstafada “20 Yanvar faciəsi- Heydər Əliyev iradəsi və qətiyyəti” mövzusunda tədbir

 Ağstafada “20 Yanvar faciəsi- Heydər Əliyev iradəsi və qətiyyəti” mövzusunda tədbir

Ağstafa Regional Mədəniyyət İdarəsi 20 yanvar faciəsinin 30-cu ildönümü münasibətilə silsilə tədbirlərini davam etdirir. Növbəti tədbirlərdən biri Ağstafa rayon Heydər Əliyev Mərkəzində “20 Yanvar faciəsi- Heydər Əliyev iradəsi və qətiyyəti” mövzusunda tədbir  keçirilib. Tədbir iştirakçıları ilk öncə mərkəzin sərgi salonunda 20 Yanvar faciəsinə həsr olunmuş kitab və rəsm sərgisinə tamaşa ediblər.

Konfrans zalında davam edən tədbir şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edilib. Tədbiri giriş sözü ilə açan regional idarənin rəisi Vüqar Qədirov keçmiş Sovet ordusunun 1990-cı ilin yanvar ayının 19-dan 20-ə keçən gecə Bakı şəhərində törətdiyi qətliama diqqət çəkib. 20 Yanvar faciəsini müstəqil Azərbaycanın tarixində mühüm dönüş nöqtəsi, istiqlal yolumuzun başlanğıcı kimi qiymətləndirildiyini vurğulayan natiq xalqını bu ağır günlərdə tək qoymayan ümummilli lider Heydər Əliyevin 20 Yanvar faciəsi ilə bağlı görüdüyü misilsiz işlərdən söhbət açıb. O qeyd edib ki, hadisələrin eyni vaxta təsadüf etməsi, erməni işğalçılarının doğma yurdumuza Sovet qoşunlarının köməyi ilə ardıcıl hücümlar etməsi  bunun qabaqcadan, məqsədyönlü şəkildə planlaşdırıldığını, ermənilərin mərkəzi hakimiyyət tərəfindən dəstəkləndiyini bir daha təsdiq edir.

20 Yanvar faciəsinə ilk dəfə öz etirazını bildirən ümummilli lider Heydər Əliyev 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək keçirdiyi mətbuat konfransında xalqımıza qarşı həyata keçirilmiş qanlı cinayəti pisləmiş, əliyalın əhalinin kütləvi şəkildə qətlə yetirilməsini hüquqa, demokratiyaya və insanlığa zidd aksiya kimi ittiham etmişdir.

Vüqar Qədirov, bu gün ulu öndərin siyasi xəttini böyük uğurla davam etdirən möhtərəm Prezident cənab İlham Əliyevin şəhid ailələrinə və sağlamlıqlarını itirmiş şəxslərə hər zaman qayğı ilə yanaşdığını, dövlət başçısının Sərəncamı ilə 20 Yanvar şəhidlərinin ailələrinə Prezident təqaüdünün təyin edildiyini və daim dövlət qayğısı göstərildiyini diqqətə çatdırıb.

Tədbirdə çıxış edən idarənin rəis müavini Gülgün Kərimov, Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova, Ağstafa rayon Uşaq Musiqi Məktəbinin direktoru Arif Əliyev, Tarix Diyarşünaslıq Muzeyinin direktoru Yeganə Əhmədova və başqaları qeyd ediblər ki, 30 il əvvəl Azərbaycan xalqına qarşı törədilmiş cinayət əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır. Həmin gün Azərbaycan xalqına qarşı törədilən cinayət, tökülən qanlar xalqımızın müstəqillik uğrunda mübarizə əzmini qıra bilməyib. Məhz bu əzmin, yenilməz iradənin sayəsində xalqımız öz müqəddəs arzusuna - milli azadlığına qovuşa bildi və bu gün müstəqil dövlət kimi dünya birliyində özünə layiqli yer tutan Azərbaycan sürətlə inkişaf edir.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

21 2020 15:12 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə