Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

20 Yanvar – Azərbaycan xalqının rəşadət tarixidir

Bakıda 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz nəticəsində dinc əhaliyə divan tutulması insanlığa qarşı ən ağır cinayətlərdən biri kimi bəşər tarixinə qara hərflərlə yazıldı. Yüzlərlə insanın qətlə yetirilməsi, yaralanması və itkin düşməsi totalitar sovet rejiminin cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr edilmiş tədbirdə qanlı hadisənin günahsız qurbanlarının xatirəsi ehtiramla yad olunub.

İSİM-in direktoru Qəhrəman Haqverdiyev çıxış edərək bildirdi ki, Azərbaycan xalqı amansızlıqla həyata keçirilmiş bu qəddar cinayətdən nəinki qorxdu, əksinə, azadlığı, suverenliyi uğrunda daha inamla mübarizə apardı: “Həmin gün çətin sınağa çəkilən xalqımız 1990-cı ilin 20 Yanvarını həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşadı. Müasir, müstəqil Azərbaycan Respublikası Qara Yanvar hadisələrində şəhid olan soydaşlarımızın öz canlarını əbəs yerə qurban vermədiklərinə ən parlaq sübutdur”.

Səhiyyə Nazirliyinin Mətbuat katibi Pərviz Abubəkirov müstəqillik yolunda digər xalqların da oxşar faciələr yaşadığını, amma 1990-cı ildə Azərbaycanda törədilən qırğının daha amansız və geniş miqyaslı olduğunu söylədi. İSİM-in kadrlar şöbəsinin müdiri Aris Rüstəmov, tibbi keyfiyyət standartları şöbəsinin həkim-metodisti Gülşən Həsənova, psixoloq Aysel Musayeva çıxışlarında vurğuladılar ki, 20 Yanvar – öz torpağının müdafiəsinə qalxmış, ədalətsizliyə qarşı haqq səsini ucaltmış, güclü və məkrli düşmənlə üzbəüz qalmış dinc, əliyalın insanların rəşadət, qətiyyət və qəhrəmanlıq tarixidir. Çıxışçılar ulu öndər Heydər Əliyevin çəkinmədən Moskvada SSRİ rəhbərliyini törətdiyi qanlı cinayətə görə qətiyyətlə ittiham etməsinın məkrli düşməni sarsıtdığından bəhs etdilər.

Azadlığa can atan xalqımızın mübarizliyini nümayiş etdirən 20 Yanvar hadisələri iştirakçılara təqdim edilən video-çarxda bir daha yad olundu.

Faciənin günahsız qurbanlarını ehtiramla anan İSİM-in əməkdaşları 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək, önünə əklil və güllər qoydular.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

21 2020 12:47 - 20 YANVAR
20 YANVAR
18 Yanvar 2020 | 12:09
20 Yanvar faciəsi anılıb

Köhnə versiyamızdan xəbərləri izlə