Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ETSN: Xəzər dənizinin səviyyəsinin dəyişməsi barədə yarımillik ssenarilər hazırlanır

ETSN: Xəzər dənizinin səviyyəsinin dəyişməsi barədə yarımillik ssenarilər hazırlanır

Xəzər dənizində suyun səviyyəsinin aşağı enməsi və səbəbləri ilə bağlı ETSN-nin Ekoloji Siyasət şöbəsinin müdiri Rasim Səttarzadə bildirib ki, Xəzər dənizi qapalı su hövzəsi olduğundan onun səviyyəsində periodik dəyişmələr labüddür. Xəzərin səviyyəsinin dəyişməsində başlıca amil onun hövzəsinin iqlimi hesab olunur və səviyyə tərəddüdləri əsasən onun su balansı elementlərindən, yəni onu qidalandıran çaylardan və düşən yağıntının miqdarından, həmçinin buxarlanmadan asılıdır.

Şöbə müdiri qeyd edib ki, dəniz dibində baş verən tektonik hərəkətlər də səviyyənin dəyişməsinə təsir göstərir.

R.Səttarzadə əlavə edib ki, bu gün Xəzərin əsas qida mənbəyi olan Volqa çayında da suyun azalması müşahidə edilir. Ötən ilin birinci yarısı çayın mənsəbində illik axım 114 kub km təşkil edib ki, bu da orta çoxillik normadan (146 kub km) əhəmiyyətli dərəcədə azdır.

Xəzərin XX əsrdə ən aşağı səviyyəsi 1977-ci ildə qeydə alınıb. Sonradan qısa dövrdə, yəni 1977-1995-ci illər ərzində 2,5 metr artıb və sonrakı illərdə yenidən azalma müşahidə olunmağa başlayıb. 2006-cı ildən etibarən Xəzərin səviyyəsində enmə müşahidə olunur, 2019-cu ildə dənizin orta illik səviyyəsi Baltik sistemi ilə mənfi 27,89 metr qeydə alınıb ki, bu da 1977-ci ildəki səviyyədən 1,1 metr yüksəkdir:  "Dəniz səviyyəsinin dinamikası barədə müddətli proqnoz vermək mümkün deyil. Çünki bugünədək hazırlanmış uzunmüddətli səviyyə proqnozlarının heç biri özünü doğrultmayıb. Onu deyim ki, Xəzər dənizinin hidrometeorologiyası üzrə Koordinasiya Komitəsi tərəfindən beş Xəzəryanı ölkənin birgə məlumatları əsasında dəniz səviyyəsinin dəyişməsi barədə yarımillik ssenarilər hazırlanır. Ən son ssenariyə əsasən Xəzərin səviyyəsi 2020-ci ilin ilk rübündə əvvəlki illə müqayisədə nisbətən aşağı olacaq".

R.Səttarzadə bildirib ki, hazırda Xəzər dənizinin səviyyəsi ətraf mühit, insan sağlamlığı və təsərrüfat sahələri üçün təhlükəli hesab olunmur. Lakin azalma bu qayda ilə uzun müddət davam edərsə, bəzi təsərrüfat sahələrinə, xüsusilə dənizdə neft-qaz əməliyyatlarına, dəniz nəqliyyatına, limanların fəaliyyətinə təsir edə bilər: "Dəniz səviyyəsi üzərində Milli Hidrometeorologiya Departamentinin hidrometeoroloji müşahidə məntəqələrində müntəzəm müşahidələr aparılır və fəaliyyətləri dənizlə bağlı olan qurumlara dənizin səviyyəsi barədə məlumatlar verilir ki, işlərində və planlaşdırılan layihələrdə nəzərə alsınlar".

“Xalq qəzeti”

21 2020 11:42 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə