Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Deputatlığa namizədlərin sayı rekord həddə çatdı

Deputatlığa namizədlərin sayı rekord həddə çatdı

Xəbər verildiyi kimi, Milli Məclisə seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına uyğun olaraq, yanvarın 17–dən etibarən qeydə alınmış namizədlər və namizədi qeydə alınmış siyasi partiyalar, səlahiyyətli nümayəndələr, vəkil edilmiş şəxslər tərəfindən seçkiqabağı təşviqatın aparılmasına başlanılıb. Bu kampaniya fevralın 8-i saat 08:00-dək davam edəcək. Onu da qeyd edək ki, Milli Məclisə fevralın 9-na təyin olunan seçkilərlə əlaqədar müraciət edən 2 min 431 nəfərdən hələlik 1622-nin deputatlığa namizədliyi qeydə alınıb. Xatırladaq ki, deputat mandatı qazanmaq üçün müraciət edən 2 min 431 nəfərdən 2 min 358 nəfərinin namizədliyinin irəli sürülməsi təsdiqlənmişdi. Onlardan 2 min 247 nəfəri imza vərəqələrini götürmüş, 1774 nəfəri isə imza vərəqələrini qaytarmışdı. Beləliklə, artıq imza vərəqələrini qaytaranların 90 faizdən çoxunun namizədliyi qeydə alınıb.

Seçki prosesinin mühüm mərhələlərindən olan seçkiqabağı təşviqat prosesi xüsusilə diqqətdə saxlanılır. Təşviqat subyektlərinə azad seçkiqabağı təşviqatlarını aparmaları üçün bərabər əsaslarla hər cür şərait yaradılır. İlk növbədə, hər bir seçki məntəqəsində namizədlərin təşviqat materialları üçün böyük ölçülü lövhələr quraşdırılıb. Seçicilərlə görüş və yığıncaqlar keçirilməsi üçün Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, yerli icra hakimiyyətləri tərəfindən respublikadakı bütün yaşayış mən-təqələrində kifayət qədər açıq və qapalı görüş yerləri ayrılaraq, namizədliyi qeydə alınanların ixtiyarına verilir. 
Mərkəzi Seçki Komissiyasının açıqladığı siyahıya əsasən, “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, şəhər və rayonlarda 118 seçki dairəsi üzrə 128 açıq və 128 qapalı yer olmaqla, 256 daimi görüş yeri müəyyən edilib.
Bütün bunlarla yanaşı, seçkiqabağı təşviqat zamanı namizədlərə, siyasi partiyalara, təşviqat qruplarına daha geniş imkanlar və ədalətli mübarizə şəraiti yaratmaq məqsədilə müvafiq subyektlərə seçiciləri öz platforma və proqramları ilə tanış etmək üçün İctimai televiziya və radioda da vaxt ayrılıb. 
Seçkilərin hazırlanması və keçirilməsi zamanı aşkarlıq ən mühüm prinsiplərdən biridir. Öz mütərəqqiliyi ilə diqqət çəkən Seçki Məcəlləsi istər yerli, istərsə də beynəlxalq müşahidəçilərin seçkilərdə iştirakı və fəaliyyəti üçün geniş imkanlar açır. Bunun nəticəsidir ki, Azərbaycanda keçirilən seçkilər daim çoxsaylı yerli və beynəlxalq müşahidəçilərin, eləcə də yerli və beynəlxalq kütləvi informasiya vasitələrinin iştirakı ilə xarakterizə olunur. 
Əvvəlki seçkilərlə müqayisədə fevralın 9-da keçiriləcək parlament seçkilərində namizədliyi qeydə alınanların sayının rekord həddə çatması beynəlxalq təşkilatlar, o cümlədən diplomatik korpusların nümayəndələri tərəfindən də yüksək dəyərləndirilir. Bu baxımdan, ABŞ-ın  Azərbaycandakı səfiri Li Litzenbergerin fikirləri maraq doğurur. Səfir bildirib ki, Azərbaycanda parlament seçkilərində çoxlu sayda namizədin qeydə alınmasını görməkdən məmnundur. Qeyd edib ki, ABŞ Azərbaycanda keçirilən parlament seçkilərini yaxından izləyir. Fərqli spektrləri təmsil edən namizədlərin, o cümlədən çoxlu sayda müstəqil, müxalif partiyalardan olan namizədlərin, gənclərin və qadınların, həmçinin yeni simaların qeydə alınmasını görməkdən razılığını bildirən ABŞ diplomatı bunu demokratik prinsiplərin təzahürü kimi dəyərləndirib. 
Hazırda seçkiqabağı təşviqat kampaniyasının yeni başladığını vurğulyan Li Litzenberger Azərbaycanın seçkiləri müşahidə etmək üçün beynəlxalq müşahidəçiləri də dəvət etməsindən məmnunluğunu bildirib. Səfir beynəlxalq müşahidəçilərin seçki prosesini izləyəcəklərini də diqqət mərkəzində saxlayacaqlarını vurğulayıb və sonda seçkinin nəticələri ilə bağlı rəylərini açıqlayacaqlarını da bildirib.
Göründüyü kimi, ölkəmizdə demokraik seçkilərin keçirilməsi üçün zəngin hüquqi baza və güclü siyasi iradə mövcuddur. Seçki prosesində iştirak etmək istəyən hər bir şəxsin bu imkanlardan kifayət qədər yararlanması üçün əlverişli şərait yaradılıb. Hazırlıq işlərini müşahidə edən beynəlxalq müşahidəçilər də seçki prosesinin qanunvericiliyin tələblərinə uyğun həyata keçirildiyindən məmnun qaldıqlarını bildirirlər. Onlar seçki prosesinin əsas mərhələsi olan səsvermənin də qanunvericiliyin tələblərinə uyğun reallaşdırılacağına inandıqlarını bəyan edirlər. 
Parlament seçkilərinə hazırlığa start verilən vaxtdan indiyədək müşahidə edilən hadisələr də təsdiqləyir ki, ölkəmizdə seçki hüququ sahəsində yaranan münasibətlər Seçki Məcəlləsi ilə tənzimlənir. Uzun illərdir təkmilləşdirilən Seçki Məcəlləsi bu gün mükəmməl sənəd kimi bütün beynəlxalq təşkilatlar tərəfindən demokratik sənəd olaraq dəyərləndirilir. Ötən seçkilərdə də aşkarlığın təmin olunması istiqamətində atılan addımlar , qəbul olunan qanunvericilik aktları, ən son yeniliklərin tətbiqi və digər amillər Azərbaycanın seçki sisteminin səmərəliliyini daha da artırıb. Bunu indiyədək keçirilmiş seçkiləri izləyən beynəlxalq təşkilatların nümayəndələri, ekspertlər və müxtəlif ölkələrin missiyaları da öz rəylərində açıq şəkildə ifadə ediblər.
Beynəlxalq müşahidəçilər etiraf edirlər ki, bu gün Azərbaycanda peşəkar seçki administrasiyası mövcuddur. Hər seçki prosesi iştirakçıların daha da püxtələşməsində, təcrübə toplamasında mühüm rol oynayır. Ölkəmizdə keçirilən hər seçkidə yeni alət və texnologiyalardan, metodlardan istifadə edilməsi artıq ənənə halını alıb. Bunun nəticəsində seçkilərin təşkili baxımından xeyli irəliləyiş əldə olunub. 
Bütün bunlar bir daha təsdiqləyir ki, fevralın 9-da parlament seçkilərinin demokratik, şəffaf, azad və ədalətli keçirilməsi üçün həm hüquqi baza, həm zəngin təcrübə, həm də ciddi siyasi iradə mövcuddur. Hər zaman olduğu kimi, bu seçkilərə də seçicilər və beynəlxalq ictimaiyyət kifayət qədər böyük maraq göstərir. Deputatlığa namizədlərin və seçkiyə qatılmış siyasi partiyaların sayı da bunu təsdiqləyir.

 

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

18 2020 01:03 - XƏBƏRLƏR
XƏBƏRLƏR
29 Fevral 2020 | 00:29
ADU-da görüş keçirilib

Köhnə versiyamızdan xəbərləri izlə