Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Aqrar sektorda aparılan islahatlar artıq real nəticələr verir

Aqrar sektorda aparılan islahatlar artıq real nəticələr verir

Azərbaycanda dövlət dəstəyinin gücləndirilməsi sayəsində 2019-cu təsərrüfat ili yüksək nəticələrin əldə olunduğu illərdən biri sayıla bilər. Son statistik məlumata görə, ötən il  2018-ci illə müqayisədə kənd təsərrüfatında ümumi məhsul istehsalı 7,1 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalı 11,3 faiz, heyvandarlıq məhsullarının istehsalı isə 3,2 faiz artıb.

Azərbaycan Prezidenti İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunan müşavirədə də aqrar sahədə həyata keçirilən islahatlar və görülən tədbirlər barədə ətraflı danışılıb. Bildirilib ki, lizinq fəaliyyətinin genişləndirilməsi nəticəsində bazarda artıq azad və rəqabətli şərait formalaşıb. Belə ki, texnika və damazlıq heyvanlara tətbiq edilən güzəştlər bütün özəl şirkətlərə tətbiq edilib. Ötən il fermerlərə satılan 4117 texnikanın təxminən 3 mini özəl şirkətlərdən alınıb. O cümlədən, Kənd Təsərrüfatı Nazirliyi öz fəaliyyətini  fermerlərə yaxınlıq prinsipi əsasında qurub və bütün rayonlarda dövlət aqrar inkişaf mərkəzləri artıq formalaşdırılıb.  Bu mərkəzlərdə fermerlərə “Bir pəncərə” prinsipinə uyğun 60-a yaxın xidmətin göstərilməsinə başlanılıb.
Aqrar sektorda ötən il qarşıya qoyulan vacib vəzifələrdən biri kənd təsərrüfatı sahəsində məhsuldarlığın artırılması olub. Belə ki, hesabat dövründə taxılçılıqda 3 milyon 538 min ton məhsul istehsal edilib ki, bu da 2018-ci ilə nisbətən 6,9 faiz çoxdur. Buğdanın məhsuldarlığı təxminən 32,4 faiz sentner təşkil edib,    artım 2018-ci ilə nisbətən təqribən 2 sentner çoxdur və yaxud 7,6 faizdir. Pambıqçılıqda ümumi məhsul artımı 26,4 faiz olub, məhsuldarlıq isə 67,6 faiz artıb. Həmçinin günəbaxan istehsalı 43,3 faiz, kartof istehsalı 11,7 faiz, tərəvəz 12,17 faiz, bostan məhsulları 11,4 faiz və meyvə-tərəvəz istehsalı isə 8,8 faiz yüksəlib.  
Əlbəttə, bu göstəricilərin əldə olunması, ilk növbədə, Prezident İlham Əliyevin sözügedən sahəyə diqqəti və dövlət tərəfindən göstərilən dəstəklə bağlıdır. Belə ki, kənd təsərrüfatının subsidiyalaşdırılması və vergilərdən azad olunması, texnika və gübrələrin güzəştli şərtlərlə verilməsi, lizinq xidmətlərinin təşkili, investisiyaların və ixracın təşviqi, lisenziyalaşdırmanın təkmilləşdirilməsi, yoxlamaların dayandırılması müddətinin 2021-ci il yanvarın 1-dək uzadılması bunun bariz ifadəsidir.
Regionların inkişafını özündə ehtiva edən dövlət proqramlarının vaxtında və yüksək səviyyədə icra olunması da Azərbaycanın ümumi iqtisadi gücünü artırmaqla yanaşı, aqrar sahədə mövcud istehsal müəssisələrinin fəaliyyətinin güclənməsinə, yeni istehsal sahələrinin yaradılmasına, yerli resurslardan istifadənin səmərəsinin artırılmasına, kənd təsərrüfatında islahatların sürətlənməsinə yol açıb.  
Yeri gəlmişkən, respublikada ilk dəfə aqrar sığortanın genişmiqyaslı tətbiqi üçün hüquqi baza formalaşıb. Ötən il Milli Məclis tərəfindən “Aqrar sığorta haqqında” Qanun qəbul olunub, Nazirlər Kabineti Aqrar Sığorta Fondunun Nizamnaməsini və “Aqrar sığorta predmetinin tərkibini” təsdiqləyib. Bununla da Azərbaycanda aqrar sığorta mexanizmi Türkiyənin TARSİM modelinin təcrübəsi əsasında qurulmağa başlanıb. Xatırladaq ki, bu model dövlət-özəl sektor əməkdaşlığına əsaslanır.
Aqrar sektorda yeni sığorta sisteminin tətbiqi kənd təsərrüfatının inkişafını daha da sürətləndirəcək. Belə ki, bu sahədə istehsal olunan məhsulların Aqrar Sığorta Fondu ilə özəl sığorta şirkətləri tərəfindən birgə sığortalanması investisiya risklərini azaldacaq, fermerlərə dövlət dəstəyini gücləndirəcək, məşğulluğa müsbət təsir edəcək, ərzaq təhlükəsizliyinə töhfə vermiş olacaq və sığorta bazarını genişləndirəcək. Ümumiyyətlə, aqrar sığorta mexanizminin Azərbaycanda tətbiqinə başlanması ekspertlərin fikrincə, kənd təsərrüfatının inkişafına müsbət təsir göstərəcək əsas amillərdən biridir.
Aqrar sektora dövlət dəstəyinin gücləndirilməsi Prezident İlham Əliyev tərəfindən ötən il iyunun 27-də təsdiqlənən “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda da əksini tapıb. Xatırladaq ki, həmin qayda  bu il yanvarın 1-dən tətbiq olunmağa başlanıb.  
Qaydalara əsasən bitkiçilik sahəsində subsidiyaların hesablanmasında istifadə olunan baza məbləği 200 manat müəyyənləşdirilib. 
Subsidiyaların fermerlərə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi üzərindən ayrılması isə aqrar sahənin bütün iştirakçılarını bir platformaya toplamağa imkan verəcək.  Aqrar Kredit və İnkişaf Agentliyinin yaydığı məlumatda bildirilir ki,  www.eagro.az portalında həm fermerlər, həm də onlara xidmət göstərən toxum, gübrə, pestisid təchizatçıları, süni mayalanma mütəxəssisləri, baytarlar qeydiyyatdan keçirlər: “Sistemdə onların təqdim etdikləri məhsul və xidmətlər, eləcə də qiymətlər yerləşdiriləcək. Fermerlər qiymətləri müqayisə edib, istədikləri məhsul və xidmətləri seçmək imkanı qazanacaqlar”.
Subsidiya vəsaitləri “Fermer kartı”na köçürüldükdən sonra fermerlər ödənişləri POS-terminallar və ya onlayn qaydada (e-commerce) edəcəklər. Bu platforma kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən təchizatçıların təklif etdikləri qiymətləri nəzarətdə saxlamağa imkan verəcək. Həmçinin bu platforma təchizatçıların təklif etdikləri qiymətləri nəzərə alaraq subsidiya əmsallarının müəyyən olunmasına şərait yaradacaq. EKTİS təchizatçılar üçün online sifariş və satış platforması kimi də xidmət göstərəcək.
Onu da qeyd edək ki, 2019-cu ilin avqustunda dövlət başçısının müvafiq fərmanı ilə Aqrar Sığorta Fondu yaradılıb. Bu il  üçün Aqrar Sığorta Fonduna dövlət büdcəsindən 5 milyon manat vəsait ayrılıb.
Nazirlər Kabinetinin qərarı ilə kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları (çoxillik əkmələr və onların məhsulu da daxil olmaqla), kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanlar və akvakultura məhsulu üzrə sığorta haqqının 50 faizi dövlət büdcəsi hesabına ödəniləcək.
Aqrar Subsidiya Şurası isə emal müəssisələrinə təhvil verilən pambığın hər tonuna 100 manat, quru tütünün hər tonuna 50 manat, yaş tütünün hər tonuna 5 manat, şəkər çuğundurunun hər tonuna 4 manat subsidiya ödənilməsi barədə qərar qəbul edib.
Fermerlər əkinə görə aldıqları subsidiyanın hamısını kartdan çıxarıb nağd xərcləyə bilməyəcəklər. Onlar subsidiya məbləğinin 25 faizindən nağdlaşdıraraq, 75 faizindən isə qaydalarda müəyyənləşdirilən formada istehsalın təşkili məqsədilə qeyri-nağd qaydada istifadə edəcəklər.
Heyvan subsidiyası hər bir sağlam buzova görə 100 manat məbləğində müəyyən edilir. Arıçılara isə indi olduğu kimi, hər arı ailəsinə görə 10 manat veriləcək və bu, 2023-cü ilədək davam edəcək.

 

“Xalq qəzeti”

18 2020 01:02 - XƏBƏRLƏR
XƏBƏRLƏR
29 Fevral 2020 | 00:29
ADU-da görüş keçirilib

Köhnə versiyamızdan xəbərləri izlə