Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın hərbi potensialı kifayət qədər güclənib

Azərbaycanın hərbi potensialı kifayət qədər güclənib

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz öz uğurlarını ilbəil artırır. Bunu təkcə sosial-iqtisadi sahədə deyil, digər sferalarda, o cümlədən beynəlxalq münasibətlərdə və hərbi quruculuq sahəsində də görmək mümkündür. Bu barədə yanvarın 13-də Prezident İlham Əliyevin yanında keçirilmiş 2019-cu ilin yekunları ilə bağlı müşavirədə geniş söhbət açıldı. 

Azərbaycan Prezidenti hərtərəfli təhlil üzərində qurulmuş nitqində ölkəmizin beynəlxalq nüfuzunun artdığını xüsusilə vurğuladı və keçən il bu mövqelərin daha da möhkəmləndiyini bildirdi.
2019-cu ilin uğurları sırasında Azərbaycanın hərbi potensialının  möhkəmlənməsi də qeyd edildi. Prezident İlham Əliyev bu məsələ ilə bağlı bildirdi ki, keçən il bir çox silah, sursat və hərbi texnika alınıb. Bəzi silah növləri isə Azərbaycanda istehsal olunub. Onun sözlərinə görə, Azərbaycan Ordusu hərbi potensialına, maddi-texniki təchizatına və döyüş qabiliyyətinə görə dünyada 52-ci yerdədir. Keçən il əldə edilmiş nəticələr, o cümlədən hərbi şəhərciklərin tikilməsi, təmiri, yeni, müasir texnika ilə təchizat məsələlərinin həlli ölkəmizin hərbi gücünü daha da artırıb.
Dövlətin və şəxsən Prezident İlham Əliyevin böyük qayğısının nəticəsidir ki, dünyanın ən güclü ordularının reytinqində Azərbaycan 52-ci, Ermənistan isə 96-cı yerdədir. O cümlədən, hava gücü üzrə Azərbaycan 63-cü, Ermənistan 86-cı yerdədir. Dəniz gücü üzrə Azərbaycan 67-ci yerdədir. Ermənistanda isə dəniz yoxdur. Tank gücü üzrə Azərbaycan 32-ci, Ermənistan 78-ci yerdədir. Bu məlumatlar “Global Firepower 2019” hesabatından götürülüb. 
Prezident müqayisəli rəqəmlərlə nəinki Ermənistanın baş naziri Nikol Paşinyanın ölkəsinin bəzi parametrlər üzrə Azərbaycandan güclü olması barədəki yalanlarını ifşa etdi, həm də bu ölkədə faşizm ideyalarının yaşadıldığını göstərdi. İlham Əliyev bildirdi: “Azərbaycan faşizmin qəhrəmanlaşdırılmasına qarşı ardıcıl mübarizə aparır, Ermənistan isə faşistləri qəhrəmanlaşdırır. Faşist cəlladı olan Njdeyə İrəvanın mərkəzində 6 metrlik abidə ucaldılıb. Bu qanlı cinayətkar SMERŞ tərəfindən həbs edilib, 25 il məhkum edilib, həbsxanada ölüb və reabilitasiya olunmayıb. Belə bir adamın şərəfinə İrəvanda abidə qoyulur və Ermənistanın baş naziri bu cəlladı Soljenitsın və Molotovla eyniləşdirir. Njdenin məşhur kəlamı var: “Almaniya uğrunda ölən Ermənistan uğrunda ölür” və o, bunu İkinci Dünya müharibəsi zamanı demişdi. Bu, artıq onun mənfur xislətini əks etdirən ifadədir. Ona görə bu sahədə də Azərbaycan həqiqətin tərəfindədir, Ermənistan isə şər qüvvələrin tərəfindədir”.
Bu gün birmənalı olaraq deyə bilərik ki, Azərbaycan Ordusu kifayət qədər güclənib və hər an öz torpaqlarını Ermənistanın işğalçı qüvvələrindən azad etmək iqtidarındadır. Bu baxımdan Prezident İlham Əliyevin müşavirədə səsləndirdiyi fikirlər çox yerinə düşdü və hər bir vətəndaşda qürur hissi oyatdı. 

Əbülfət QASIMOV,
ehtiyatda olan polkovnik-leytenant

18 2020 01:02 - XƏBƏRLƏR
XƏBƏRLƏR
29 Fevral 2020 | 00:29
ADU-da görüş keçirilib

Köhnə versiyamızdan xəbərləri izlə