Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şərəf tariximiz, qan yaddaşımız

Şərəf tariximiz, qan yaddaşımız

30 il əvvəl – 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə törədilən qanlı hadisələr keçmiş SSRİ rəhbərliyinin Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq məqsədi daşısa da,  xalqımızı yumruq kimi birləşdirdi və bütün dünya azərbaycanlılarının gücünü ifadə etdi. 

O zaman Azərbaycanın yerli hakimiyyət orqanları bu qətliamın üzərindən sükutla keçməyə üstünlük verir, xalqın milli faciəsinə laqeyd münasibətlərini ortaya qoyaraq Kremlin qəzəbinə tuş gəlmək istəmirdilər. Həmin ağır günlərdə 20 Yanvar qırğını ilə bağlı Moskvada vətəndaş qeyrəti və həqiqi vətənpərvərlikdən doğan cəsarətli bəyanatı ilə ulu öndər Heydər Əliyev dünya azərbaycanlılarını ayağa qaldırdı, belə bir vəhşiliyi  Azərbaycan xalqına qarşı cinayət adlandıraraq hadisəyə siyasi qiymət verilməsini tələb edərək, dedi: “Dağlıq Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali partiya siyasi rəhbərliyi tərəfindən vaxtında zəruri tədbirlər görülsə idi, gərginlik indiki həddə çatmaz, tərəflər itkilərə məruz qalmaz, başlıcası isə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün də zəmin yaranmazdı. Bunlar üçün ilk növbədə, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin artıq sabiq birinci katibi Vəzirov müqəssirdir. Bu yüksək vəzifədə olduğu müddətdə o, Azərbaycandakı vəziyyəti sabitləşdirmək üçün heç nə etməmişdir. Əksinə, özünün səhv addımları, yaramaz iş üslubu, yanlış siyasi manevrləri ilə xalqla öz arasında uçurum yaratmışdır. Xalq isə hiddətlənmişdir. Elə buna görə də Bakıda və Azərbaycanın digər şəhər və rayonlarında aylarla davam edən mitinqlərdə dəfələrlə Azərbaycanın partiya rəhbərlərinin istefası tələbi irəli sürülmüşdür. Söhbət əslində, Vəzirovun istefasından gedirdi. Bəs bu məsələ indiyə kimi niyə həll olunmamışdır?..”.
Artıq Heydər Əliyev Moskvada qala bilməzdi. Ulu öndəri ölkənin gələcək müqəddəratının həll olunduğu Vətən özünə çəkirdi. Heç bir vəzifəsi olmadığı və fəal siyasətdən kənarda qaldığı illərdə də hörmət və ehtiramla qarşılanan növbəti addımı dahi şəxsiyyətin Moskvadan Azərbaycana qayıtmaq barədə qərarı idi. Azərbaycan həmin dövrdə çox ağır günlərini yaşayırdı. SSRİ-nin dağılmasından sonra respublikamız ağır bəlalarla üzləşmiş, parçalanmaq təhlükəsi qarşısında qalmışdı. Ona görə də ulu öndər   həmin çətin məqamda öz xalqının yanında olmağı məqsədəuyğun saydı və Moskvadan Azərbaycana qayıtdı. Amma ümummilli lider Moskvada nə qədər təhdid və təzyiqlər altında yaşayırdısa, Azərbaycanda da onu xalqa zidd hakimiyyət tərəfindən bir o qədər təqib və hədələr gözləyirdi. Hətta ulu öndərin siyasi dəst-xəttinə və dövlətçilik təcrübəsinə açıq rəğbət göstərən tanınan yazıçı Əjdər Xanbabayevin qətlə yetirilməsi ilə Heydər Əliyevə xəbərdarlıq edilmişdi. Ancaq böyük siyasətçinin öz xalqına inamı, eyni zamanda, xalqa bağlılığı tam qarşılıqlı idi. Xalq ulu öndərə inanır, öz böyük oğlunu bütün təhlükələrdən qorumağa hazır olduğunu bildirirdi. Məhz həmin inamın nəticəsində Heydər Əliyev 1990-cı il iyulun 20-də təyyarə ilə Bakıya gəldi. İki gün sonra – iyulun 22-də isə səhər saatlarında ümummilli lider hakimiyyətin təhdidləri nəticəsində Bakıdan Naxçıvana getməyə məcbur oldu. Bu, böyük qayıdışın başlanğıcı idi. Heydər Əliyevin Moskvadan Naxçıvana qayıdışı, o dövrün bəzi qəzetlərində yazıldığı kimi, əyalət mərkəzinə yox, Vətənə, böyük siyasətə fəal şəkildə, birmənalı, ardıcıl, qətiyyətli qayıdış idi.
1990-cı ilin yanvarından sonra hakimiyyətdə olan qüvvələrin bu məsələdə ilk vəzifəsi faciəni təhlil etmək, günahkarları üzə çıxarmaq və dövlət səviyyəsində siyasi-hüquqi qiymət vermək olsa da, respublika əhalisinin təkidli tələblərinə baxmayaraq, bununla bağlı faktiki olaraq heç bir tədbir görülmədi. 1990-cı il yanvar ayının 22-də çağırılan Azərbaycan Ali Sovetinin fövqəladə sessiyası öz işini yarımçıq qoydu və sonrakı sessiyalarda bu məsələnin müzakirəsini davam etdirmədi. Ali Sovetin yanvar hadisələrini tədqiq etməli olan komissiyasının da işi başa çatdırılmamış qaldı. Çünki Azərbaycanı bu faciəyə gətirib çıxarmış səriştəsiz rəhbərlər vətənpərvərlik hisslərindən məhrum olduqlarından, habelə öz şəxsi ambisiyalarının əsirinə çevrildiklərindən xalqın gözünə pərdə asmaq niyyətinə düşmüşdülər.
1990-cı ilin iyulunda Moskvadan Vətənə qayıdan Heydər Əliyevin təşəbbüsü ilə həmin il noyabr ayının 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən sənəd qəbul edildi. Naxçıvan Ali Məclisində qəbul edilmiş və 20 Yanvar faciəsinə ilk siyasi-hüquqi qiymət verən, eyni zamanda, Azərbaycan xalqının ümumi rəyini özündə təcəssüm etdirən bu qərar Heydər Əliyev qətiyyətinin təzahürü kimi tarixə düşdü. Ümummilli liderimiz hələ sovet imperiyasının mövcud olduğu bir dövrdə heç nədən çəkinmədən öz millətinin hüquqlarını müdafiə etməkdən qorxmadığını sübut etdi. Sənəddə respublika səviyyəsində 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi respublika rəhbərliyindən tələb edilirdi.
Ölkəmiz müstəqillik qazandıqdan sonra da – 1993-cü ilə qədər iqtidarda olanların heç biri faciə ilə bağlı əsl həqiqəti aşkar etməyə özündə cəsarət tapmadı. Nə Ayaz Mütəllibov iqtidarı, nə AXC-Müsavat qaragüruhu 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsi ilə bağlı kifayət qədər vaxtları və imkanları olsa da, bunu etmədilər. Halbuki hadisəyə siyasi-hüquqi qiymətin verilməsi istiqamətində çox iş görmək olardı. Əksinə, müxtəlif səthi qərarlar qəbul edə-edə həmin günün müsibətlərini xalqımıza unutdurmağa çalışdılar. O illərdə hakimiyyətdə olanların cəsarətsizliyi və xəyanətinin nəticəsi kimi az qala, bu faciə, bu qətliamı  törədən cinayətkarlar unudulurdu…  
Xalqın taleyi üçün məsuliyyət daşımalı olan kəslərin bu cür biganəliyinə xəyanətdən başqa bir ad vermək olmaz. Azadlıq və mübarizə yolu Yanvar hadisələrindən keçmiş xalqımızın bu faciəsinə ilk üç il müddətində siyasi-hüquqi qiymət verilməməsi əslində, Azərbaycanın o dövrdə hakimiyyətdə olmuş iqtidarlarının öz xalqına xəyanəti kimi qəbul edilir.
Yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra 20 Yanvar hadisələrinin hüquqi müstəvidə əsl mahiyyəti məhz ulu öndərin təşəbbüsü və bilavasitə iştirakı ilə açıqlandı. 1994-cü il yanvarın 12-də keçirdiyi müşavirədə Prezident Heydər Əliyev bu barədə deyirdi: “...Xalqa təcavüz olunmuş, günahkarlar isə hələ müəyyənləşdirilməmişdir. Görünür ki, ötən yaxın illərdəki sovetlər birliyi, respublika rəhbərliyi, məsul şəxslər öz mənafeləri naminə bu böyük faciənin əsl mahiyyətini xalqa bəyan etməmişlər”.
Ulu öndərin 20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi ilə bağlı 1994-cü il yanvarın 5-də imzaladığı fərmanda, həm də Milli Məclisə hadisəyə tam siyasi-hüquqi qiymət verilməsi tövsiyə olunurdu. Bu qiymət xalqımızın müstəqillik yolunda çarpışmasının dolğun mənzərəsini əks etdirməli idi. 1994-cü ilin mart ayının 29-da respublika parlamenti “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul etdi. Beləliklə də 20 Yanvar faciəsi məhz ümummilli lider Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz hüquqi-siyasi qiymətini aldı.
Xalqımızın müstəqillik uğrunda mübarizliyinin və şücaətinin təcəssümü olaraq milli qürur mənbəyinə çevrilmiş 1990-cı il 20 Yanvar hadisələri son 16 ildə də   Prezident İlham Əliyevin daim diqqətində olmuşdur. Dövlətimizin başçısı hər il faciənin ildönümü ilə bağlı  müvafiq sərəncam imzalamış  və qəbul olunmuş tədbirlər planına uyğun olaraq respublikamızda və onun hüdudlarından kənarda silsilə tədbirlər keçirilmişdir.
Yeri gəlmişkən, bu il də faciənin ildönümü ilə bağlı ədliyyə orqanlarında anım tədbirləri təşkil olunur, ayrı-ayrı qurumlarda Yanvar qırğınından bəhs edən sənədli filmlər, eləcə də fotoslaydlar nümayiş etdirilir.

 

Firuzə NƏBİYEVA,
Nəsimi Rayon Qeydiyyat Şöbəsinin rəisi vəzifəsini icra edən

18 2020 00:59 - XƏBƏRLƏR
XƏBƏRLƏR
29 Fevral 2020 | 00:29
ADU-da görüş keçirilib

Köhnə versiyamızdan xəbərləri izlə