Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azadlıq istəyinin oyanış günü

Azadlıq istəyinin oyanış günü

20 Yanvar Azərbaycan xalqının təkcə faciəsi deyil, həm də onun azadlıq istəyinin oyanış günü kimi dəyərləndirilməlidir.  Bu gün dünyaya meydan oxuyan Sovet imperiyasının əsarətində yaşayan bir xalqın azadlıq səsini ucaltdığı, öz ­suverenliyi uğrunda həmrəy formada ayağa qalxıb haqqını tələb ­etdiyi tarixdir.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsinin törədilməsində əsas məqsədlərdən biri istiqlaliyyət, azadlıq, suverenlik istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq idi. Bu qanlı hadisədə 150 günahsız soydaşımız  həlak olmuş, canını xalqımızın azadlığı uğrunda qurban ­vermişdir.
20 Yanvar faciəsinə ilk dəfə öz etirazını bildirən isə ümummilli liderimiz Heydər Əliyev olmuşdur. Ulu öndər 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək mətbuat konfransı keçirmiş, bu cinayəti pisləmiş, əliyalın əhalinin kütləvi şəkildə qətlə yetirilməsini hüquqa, demokratiyaya və insanlığa zidd aksiya kimi kəskin ittiham etmişdi. Görkəmli dövlət xadimi Bakıda törədilən qanlı faciənin təşkilatçılarını cinayətkar adlandırmış və aksiyanı törədənlərin məsuliyyətə cəlb edilməsini qətiyyətlə tələb edərək demişdir: “Azərbaycanda baş vermiş hadisələri hüquqa, demokratiyaya, humanizmə və ölkəmizdə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm”.
1990-cı ilin 20 Yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Şəhidlər xiyabanında uyuyan Vətən övladları  Azərbaycanın tarixinə parlaq səhifə yazaraq, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Bu gün müstəqil Azərbaycan dövlətinin tarixinə 20 Yanvar faciəsi xalqımızın tarixinə həm də şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılmışdır. Bu il Qanlı Yanvar qırğınından 30 il keçir. Hər il olduğu kimi, bu il də şəhidlərimiz ehtiramla anılır. 
Əsrlər, qərinələr ötsə də, 20 Yanvar faciəsi heç vaxt yaddan çıxmayacaq, dönə-dönə xatırlanacaq.  Şəhidlərimizin qanının hədər axmadığını, onun hesabına  bugünkü azadlığımızın, müstəqilliyimizin, dövlət quruculuğumuzun, qüdrətli Azərbaycanın bünövrəsinin qoyulduğunu gələcək nəsillər də böyük ehtiramla xatırlayacaqlar.

 

Namil CƏBİYEV, 
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İsmayıllı Rayon Qeydiyyat Şöbəsinin rəisi

18 2020 00:36 - XƏBƏRLƏR
XƏBƏRLƏR
29 Fevral 2020 | 00:29
ADU-da görüş keçirilib

Köhnə versiyamızdan xəbərləri izlə