Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yazıçı, publisist, diplomat

Xeyrəddin Qoca – 70

Xeyrəddin müəllimlə bir neçə dəfə onun ata yurduna səfər etmişik. Hər dəfə hələ Bakıdan çıxmamış eyni sözü təkrarlayıb:

–Gərək sənə  Heydər Əliyevin bizim kənddə,  pambıqçılar qarşısında dayanıb  çıxış etdiyi yeri  mütləq göstərəm.

Elə dediyi kimi də  eləyir. Kəndin girəcəyinə  çatan kimi  maşını həmin səmtə  sürüb əliylə  işarə verir:

–Bax, orada dayanmışdı.

Sanki hər şey indi baş verir, hadisəni detallarıyla təsvir edir:

- Camaat diqqətlə qulaq asırdı.Mən kənd uşaqlarıyla birlikdə bu biri tərəfdə dayanıb heyrətlə baxırdım...Və əlavə eləyir:

–Azərbaycanın  hər qarışında, hər kənddə, qəsəbədə,  şəhərdə Heydər Əliyevin ayaq izləri var. Onun yaşadığı hər gün bir tarix, dediyi hər söz bir  hadisədir. O, böyük şəxsiyyətdir. Heydər Əliyevin dayandığı yer Xeyrəddin müəllim üçün yalnız onun çıxış etdiyi, insanlarla  görüşdüyü yer daha geniş və həm də  daha  çox rəmzi məna daşıyır. Heydər  Əliyevin dayandığı yer və görüşü canlı xatirədir, tarixə çevrilmiş zamandır, tarixin möhtəşəm heykəlidir, ədalətin zəfər çaldığı, yaşadığı  bir məkandır. Əlahəzrət tarix hər addımbaşı  bir həqiqəti təsbit edir: böyük şəxsiyyətləri, onların böyük əməllərini dəyərləndirmək üçün  yaradıcı duyum, intellekt,  fəhm  yetərli deyil. Hər şeydən öncə böyük hünər  gərəkdir. Müşahidələr deməyə əsas verir ki, qələm adamları çox vaxt yaddaşlara, ictimai düşüncəyə istedadları ilə yox, cəsarətli addımları, konkret və  birmənalı mövqeləri  ilə daxil ola biliblər. .. Mən  Xeyrəddin müəllimin adını ilk dəfə 1990-cı ildə eşitdim.. Əli-ayağı qanlı, düşüncəsi, alnı, vicdanı  ləkəli Qorbaçov hakimiyyətinin antiəliyev kampaniyası başlamışdı. Hücumlar fərqli  cinahlardan yönləndirilirdi.

İlk  növbədə ermənilər fəallaşmışdılar.

Hələ Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işləyərkən Qarabağ təşkilatının liderlərindən olan İqor Muradyan təhdid dolu məktubunda yazırdı:

“Əliyev, mən sizi Naxçıvanda, DQVM – də, Azərbaycanda ermənilərə qarşı keçirdiyiniz  siyasətə görə müqəssir hesab edirəm.

Babək Səhl Sumbatın qəsdinin  qurbanı olub.

Aram Yevgenyan Fətəli Xan Xoyskini qətlə yetirib.

Nəriman Nərimanovun və 1937-ci il qurbanlarının  faciəvi taleyinə sarkisyanların, mirzoyanların əliylə son qoyulub.

Növbəti hədəf  Heydər Əliyevdir.”

Dahi Azərbaycan oğlunun ali siyasi məqamından istefa verməsi  ermənilərin əl- qolunu açmışdı. Erməni lobbisi, erməni millətçiləri Heydər Əliyevin vəzifədən  gedişini özlərinin milli bayramı kimi qarşılayırdılar.

 Zori Balayan Ermənistan rəhbərliyinə müraciət edirdi: “Heydər Əliyev getdi, bəs indi nəyi gözləyirsiniz?”...

Təəssüf ki, Heydər Əliyevə qarşı mübarizədə ermənilər tək deyildi. Antiəliyev kampaniyasına bəzi  satqın azərbaycanlılar da   öz töhfələrini  vermək üçün dəridən-qabıqdan çıxırdılar.

Partnomenklatura hər addımda  öz  xəyanətkar xislətini büruzə verirdi. Antiəliyev kampaniyasının  digər iştirakçıları vaxtilə  Heydər Əliyevin sayəsində  yüksəlmiş, dövlət təltifləri ilə mükafatlandırılmış, ad-san qazanmış  bir qrup “ziyalı”  idi.

Onların bəziləri  susur,  gözlərini döyərək ayaqlarını  yerə döyən partnomenklara nümayəndələrini  həvəsləndirir, bəziləri isə böhtan, iftira dolu məqalə yazaraq öz xidmətlərini bazara çıxarmışdılar.

Heydər Əliyev özü o dövrü belə dəyərləndirirdi:

“1987-ci ilin sonundan, demək olar ki, 1988-ci ildən mənə qarşı ədalətsizlik, böhtançılıq kampaniyası başlanan zamandan , şübhəsiz mən mənəvi əzab çəkirdim.

Ona görə ki, cox təəssüf olsun,  çoxları mənimlə bərabər işləmiş, mənimlə əməkdaşlıq etmiş, mənim rəhbərliyim altında işləmiş, vəzifədən-vəzifəyə keçmiş adamlar ya məni unutdular, ya da bəziləri o böhtançıların tərəfinə keçdilər. Belə bir şəraitdə mənim yanıma gələn adamların çoxunu mən keçmiş zamanlarda tanımırdım. Onları qəbul edirdim, tam səmimiyyətlə  deyim ki, bundan məmnun olurdum. Çünki təsəvvür edin, mənəvi cəhətdən çox ağır vəziyyətdə yaşayan insan -  cəmiyyətdən təcrid edilmiş, bəzi adamların nankorluğunu, xəyanətkarlığını görmüş insan bir də görür ki, qapı açılır, heç gözlənilmədən, heç tanımadığın  bir adam gəlib özünü təqdim edir və öz münasibətini bildirir.”..

Azərbaycan Prezidenti İlham Əliyevin  müsahibələrindən  kiçik bir parçanı əlavə etsək, antiəliyev kampaniyasının miqyası   dəqiqləşər: “Atamın istefasından   sonra bizə təzyiqlər başladı. Biz iş yerlərimizi itirdik”...

Xeyrəddin Qoca  Heydər Əliyevin ifadəsi ilə  desək, onun tanımadığı adamlardan biri  idi. (Hətta o illərdə  Ədliyyə Nazirliyindəki işini itirmişdi. Mənzil növbəsi başqasına verildiyindən  Mərkəzi Komitəyə göndərdiyi teleqram nazirin xoşuna gəlmədiyi üçün)

 Heydər Əliyevin tanımadığı adamlar isə antiəliyev kampaniyasına qarşı öz etiraz səsini ucaldırdı.  O dövrü xatırlayanlar unutmayıb ki, 90-cı illərdə onun yaratdığı və  baş redaktoru olduğu  “Dan ulduzu” qəzeti əldən-ələ gəzirdi.

Xeyrəddin müəllimin yazılarını oxuyanlar  təəccüblə  bir-birilərindən soruşurdular:

“Bu qurd ürəyi yeyən adam kimdir ?”

Sadə bir jurnalist. 1950 -ci ildə Ağdaş rayonunun Qulbəndə kəndində anadan olmuşdu. Oxumaq,  çalışmaq, valideyinlərinə,  qardaş-bacılarına arxa, kömək  olmaq istəyi  onu 17 yaşından   Bakıya gətirmişdi. Tələbəlik illəri, yataqxana həyatı, maddi çətinliklər, tez-tez dəyişən kirayə ünvanları kimi məhrumiyyətlər və s. xatirələrdə dərin iz buraxıb.

Mənzili, bağı, maşını, bir sözlə, heç bir ciddi maliyyə, sosial dayağı olmayan  jurnalistin Mərkəzi hakimiyyətin xeyir-duasıyla  yerli kommunist rəhbərliyinin həyata keçirdiyi  antiəliyev təbliğatına   qarşı müharibə elan etməsi əməlli-başlı rezonans doğurmuşdu...

Onu  danışmağa vadar, yazmağa məcbur edən nə idi? Əslində, o zaman çoxlarını düşündürən  bu sualın sadə bir  cavabı vardı: Heydər  Əliyevə qarşı yönələn ədalətsizlik.

1990-cı il iyulun 20-də bütün əngəlləri, maneələri  aşaraq  Moskvadan Bakıya qayıdan  dahi öndərimiz şəxsən tanımadığı bir jurnalistin onun uğrunda apardığı təmənnasız savaşa işarə edərək aeroporta, onu qarşılamağa gəlmiş  Xeyrəddin Qocaya demişdi: ­
–Xeyrəddin, sən özünü əjdahaların, ilanların içinə atmısan!...”

Təbii ki, “əjdahalar, ilanlar”  Xeyrəddin Qocanın yazılarını cavabsız qoymurdular.

Məqam  düşən kimi  ipə-sapa yatmayan müəllif öz cəsarətinin “layiqli ” qarşılığını  alırdı. Heydər Əliyevi müdafiə etdiyi üçün “Dan ulduzu” qəzetindən kənarlaşdırıldı. Cəmi 11 gün idi ki, işlədiyi “Sərhəd” qəzetindən    yasaq olunmuş mövzudan – Heydər Əliyevdən yazdığına görə uzaqlaşdırıldı.

Sonra işlədiyi “Mədəniyyət” qəzetindən  də getməli oldu. Onu “Mozalan”  qəzetindən də çıxardılar. Əhvalat belə olmuşdu: Ağdaşdan, anasının yas mərasimindən qayıdan Xeyrəddin Qoca qəzetdə Heydər Əliyev haqqında iftira dolu bir məqalənin dərc edildiyini görüb “Səs” qəzetində  iftiranın müəllifinə sərt şəkildə  cavab vermişdi.

Xeyrəddin Qocanın ardıcıl olaraq   cəzalandırılması  Heydər Əliyevin  Kommunist Partiyasının sıralarını tərk edərkən qeydiyyatda olduğu SSRİ Nazirlər Sovetinin partiya təşkilatına məktub-bəyanatında öz əksini tapmışdı: “...Azərbaycanda mənim çıxışlarımı dərc edən qəzet redaktorları, jurnalistlər işdən çıxarılır,  təqiblərə məruz qalırlar...” 

Ümumiyyətlə , o dövrün  ictimai-siyasi xarakterini , Xeyrəddin Qocanın  yazılarına istinad etmədən tədqiq etmək mümkün deyil...

“Vətən səsi” qəzetində dərc etdirdiyi “Niyə susurlar ?” sərlövhəli məqalədə  oxuyuruq: “840 nömrəli Nehrəm seçki dairəsindən Heydər Əliyev Azərbaycan xalq deputatlığına  namizəd  irəli sürülmüşdür. Neçə gündür respublika mətbuatını ələk-vələk edirəm, radio, televiziya verilişlərini izləyirəm, bu barədə heç bir məlumata rast gəlmirəm.

Görəsən, respublika  mətbuatı, radio–televiziya  hələ nə qədər susacaq? Ümumiyyətlə, bilmək istəyirəm , bu nə deməkdir? Axı, heç bir mədəni xalqda özününkünə belə laqeyd münasibət bəsləməzlər!”.

Xeyrəddin Qocanın fəaliyyəti nəticəsiz qalmadı. Nəhayət ki, onun yazıları laqeydliyin tilsimini qıra bildi. İctimai fikrin Heydər Əliyevin müdafiəsi istiqamətinə  yönəlməsində , xalqın öz xilaskarı  ətrafında  təşkilatlanmasında  Xeyrəddin  müəllimin danılmaz xidməti vardır.

Heydər Əliyevin hakimiyyətə böyük qayıdışı  1980-ci illərin sonu, 90-cı illərin əvvəli  mətbuatda, küçədə, çayxanada, hər yerdə,   imkan düşən hər adi fürsətdə, lazım gəlirsə, mübahisə  edən, israrla “o kişi mütləq qayıdacaq və qayıtmalıdır” deyən   Xeyrəddin Qocanın məntiqinə, uzaqgörənliyinə  verilən tarixi və siyasi bir bəraətdir.

Mən Xeyrəddin müəllimi həmişə  prinsipial, ədalətsizliyə qarşı barışmaz  və   həmişə  haqlı  gördüm.

Hələ BDU-nun tələbəsi ikən, məni əməkdaşlığa cəlb edib, işə  götürdüyü “Yeni Azərbaycan” qəzetinə  ağalıq etmək istəyən, hikkəsi, ədası yerə-göyə yerləşməyən bir partiya funksionerinə verdiyi  sərrast cavabı  xatırlamağım yerinə düşər: “Tez-tez  zəng edib əməkdaşları  narahat edirsən, işimizə mane olma”.

Xeyrəddin müəllimin o xəbərdarlığından  sonra  heç kimin bizi narahat etməyə cəsarəti çatmadı.

Xeyrəddin Qoca öz sabit qədəmləriylə yoluna davam edir.

O, Yeni Azərbaycan Partiyası yaranandan bu günə kimi partiyanın ali qurumunun –Siyasi Şuranın üzvüdür.

 Xeyrəddin Qoca respublika mətbuatında silsilə yazılar yazmaqda davam edir.

Təsadüfi deyil ki, Yeni Azərbaycan Partiyası təsis ediləndən sonra Heydər Əliyev partiyanın mətbu orqanı olan “Yeni Azərbaycan” qəzetinin baş redaktorluğunu Xeyrəddin Qocaya tapşırmışdı. Heydər Əliyev xalqın təkidli tələbi və istəyi ilə yenidən hakimiyyətə qayıdandan sonra  Xeyrəddin Qoca 1995-ci ildə 1-ci çağırış Milli Məclisin deputatı seçildi.

O, 1997-ci ildə Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edildi. Birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi rütbəsində Xeyrəddin Qoca bir  diplomat kimi  iki qardaş ölkə arasında əlaqələrin inkişafına öz töhfəsini verdi.

Xeyrəddin müəllim öz dəst-xətti olan yazıçıdır. Hekayələrin, dram əsərlərinin müəllifidir. 6 pyesi tamaşaya qoyulub. Onlarla bədii, publisistik kitabı nəşr edilib.

Xeyrəddin Qoca ictimaiyyət tərəfindən qəbul edilən və sevilən bir şəxsiyyətdir, diplomatdır, böyük ziyalıdır, həyatın bütün sınaqlarından  alnıaçıq çıxa bilmiş mətin silahdaşdır. O, fəaliyyət göstərdiyi bütün sahələrdə fədakarlıq nümunəsi sərgiləyib. Fədakarlıq onun alın yazısı, ədəbi-ictimai missiyasıdır.

70 yaş müdrikliyin, həyat eşqinin çiçəkləndiyi bir vaxtdır.

Yanvarın 29-da Xeyrəddin  müəllimin  həyatında yeni və məhsuldar bir mərhələ başlayır...

 

Alqış Musayev,
filologiya üzrə fəlsəfə doktoru

 

17 2020 00:51 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Sentyabr 2020 | 11:56
NASA Venerada həyat axtaracaq
18 Sentyabr 2020 | 11:53
Baş Prokurorluqda yeni təyinat
18 Sentyabr 2020 | 11:42
Dünya əhalisinin sayı artır

Köhnə versiyamızdan xəbərləri izlə