Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mixail Mişustin Rusiyanın Baş Naziri vəzifəsinə təsdiqlənib

Rusiyanın Baş naziri vəzifəsinə namizəd Mixail Mişustin bəyan edib ki, əgər həmin vəzifəyə təyin olunarsa, yeni hökumətdə müəyyən dəyişikliklər edəcək. Bu barədə TASS özünün mənbələrinə istinadən məlumat yayıb. 
Bəyanatı Mişustin “Vahid Rusiya” partiyasının nümayəndələri ilə görüşdə səsləndirib. Dünən Federal Vergilər Xidmətinin başçısı Mixail Mişustin Dövlət Dumasına gələrək “Vahid Rusiya” fraksiyasının nümayəndələri ilə görüşüb. Fraksiya üzvləri onun Baş nazir postuna namizədliyini yekdilliklə dəstəkləyiblər. 
Fraksiyanın rəhbəri Sergey Neverov deyib ki, namizədliyi Prezident Vladimir Putin tərəfindən irəli sürülmüş Mixail Mişustin yekdilliklə dəstəkləndi: “Biz Mixail Vladimiroviçi dinlədik, ona suallar verdik. Hökumətin formalaşdırılması və gələcək işi zamanı gərək olacaq bir sıra məsələ qaldırdıq. Mişustin Dmitri Medvedevin başçılığı ilə sabiq kabinetin başladığı konstruktiv işləri davam etdirmək əzmindədir”.
Mişustin Liberal Demokrat, Kommunist və “Ədalətli Rusiya” partiyalarının təmsilçiləri ilə də görüşüb. 
Dövlət Duması spikerinin müşaviri Anactasiya Kaşevarova da qeyd edib ki, Mixail Mişustin Rusiyanın Baş naziri vəzifəsinə təyin olunacağı təqdirdə parlamentlə sıx əməkdaşlıq şəraitində işləyəcək. O, ilk növbədə biznesin qarşısındakı maneələri aradan qaldıracağını vəd edib. 
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin yanvarın 15-də Medvedevin başçılıq etdiyi Nazirlər Kabinetini istefaya göndərib. Dövlət başçısı gördüyü işlərə görə hökumətə təşəkkürünü bildirib və kabinetin yeni tərkibi formalaşana qədər vəzifəsini icra etməyi tapşırıb. Putin əldə olunmuş nəticələrdən razığını ifadə edib. 
P.S. Dünən günün sonunda aldığımız məlumata görə, Rusiya Dövlət Duması Mixail Mişustini Rusiyanın Baş Naziri vəzifəsinə təsdiqləyib. Deputatlardan 383 nəfər onun lehinə səs verib, 41 nəfər bitərəf qalıb, əleyhinə səs verən olmayıb.
Mixail Mişustin 1966-cı ildə Moskvada anadan olub. 1989-cu ildə Moskva Dövlət Texnologiya Universitetini bitirib. 1992-ci ildə bu universitetin aspiranturasında təhsilini başa vurub. Sonra Beynəlxalq Kompüter Klubunun rəhbəri kimi çalışıb, Rusiya bazarına “İntel”, “Hewlett-Packard”, IBM, “Motorola”, “Apple” kimi şirkətləri cəlb edib. 1998-ci ildə Rusiya Dövlət Vergi Xidmətində işə başlayıb, 2010-cu ilin aprelində Federal Vergi Xidmətinin rəhbəri təyin edilib. 

Paşa ƏMİRCANOV, 
“Xalq qəzeti”

17 Yanvar 2020 00:46 - XƏBƏRLƏR
XƏBƏRLƏR
27 Sentyabr 2020 | 16:07
Kəndlərimiz azad edilib

Köhnə versiyamızdan xəbərləri izlə