Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dmitri Solonnikov: Avropa Parlamentinin qəbul etdiyi qətnamə Azərbaycanın ciddi diplomatik qələbəsidir

Rusiyalı politoloq Dmitri Solonnikov Trend-ə açıqlamasında bildirib ki, Avropa Parlamentinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və avropalı məmurları Avropa İttifaqının xarici siyasətinə əməl etməyə məcbur edən “Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik sahəsində ümumi siyasəti barədə” qətnamə qəbul etməsi Azərbaycanın ciddi diplomatik qələbəsidir.

Politoloqun sözlərinə görə, bu sənəd bəzi müddəalara əsaslanaraq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələləri müzakirəyə çıxarmağa və daha konkret sənədlər qəbul etməyə imkan verəcək: “Azərbaycan tərəfinin öz mövqeyini təbliğ etmək üçün daha çox əsası olacaq. Bu, həm də Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkmiş məcburi köçkünlərin problemlərinə də şamil oluna bilər”.

Avropa Parlamentinin ayr-ayrı deputatlarının mövqeyinə gəldikdə isə politoloq bildirib ki, onların adətən bu və ya digər məsələlərin hüquqi parametrlərlə bağlı öz təsəvvürləri olur, ona görə də bu məsələdə illüziyaya qapılmaq lazım deyil: “Bu qətnamənin qəbul olunmasına səs vermiş deputatlar çətin ki, özlərini onun çərçivələri daxilində məhdudlaşdırılmış hiss etsinlər. Bu, həm alternativ məlumatların yayılmasına, həm də Ermənistan tərəfinin dəvəti ilə Azərbaycanın işğal olunmuş ərazilərinə səfərlərə aiddir”.

D.Solonnikov sonda əlavə edib ki, qəbul olunmuş “Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik sahəsində ümumi siyasəti barədə” qətnamə Azərbaycanın xarici siyasətinin  uğurudur”.

“Xalq qəzeti”

16 2020 17:00 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə