Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azadlığa aparan yolun başlanğıc nöqtəsi

Azadlığa aparan yolun başlanğıc nöqtəsi

20 Yanvar faciəsi Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcəkdir. Şəhidlərimizin əziz ruhu... Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub. Həmin faciənin törədilməsindən 30 il ötsə də, xalqımız milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilən o qanlı-qadalı günün acısını bu gün də yaşayır. Hər il yanvarın 20-də Şəhidlər xiyabanı insan selinə, qərənfil dənizinə qərq olur. İnsanlar bugünümüz -- müstəqilliyimiz, suverenliyimiz uğrunda canlarını qurban vermiş mərd oğul və qızlarımızı ehtiramla yad edir, onların məzarlarını qərənfilə qərq edir, ruhuna dualar oxuyurlar.

Möhtərəm Prezidentimiz İlham Əliyevin Azərbaycan Respublikasının ərazisində və ölkəmizin hüdudlarından kənarda 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş anım mərasimlərinin keçirilmsi ilə əlaqədar imzaladığı sərəncamda da qeyd edildiyi kimi, həmin gün Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olub. Sərəncamda daha sonra qeyd edilir ki, 1987-ci ilin sonlarında yenidən ortaya atılmış qondarma Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, torpaqlarımızın işğalına, Ermənistanda və Dağlıq Qarabağda yaşayan yüz minlərlə azərbaycanlının öz doğma yurdlarından qovulmasına yönəlmişdi. Keçmiş Sovet İttifaqının iki respublikası arasında başlanan bu münaqişə XIX–XX yüzilliklərdə ermənilərin Azərbaycan torpaqlarında ardıcıl məskunlaşdırılması, habelə xalqımıza qarşı məqsədyönlü şəkildə aparılmış etnik təmizləmə və soyqırımı siyasətinin növbəti mərhələsi idi.
Ermənistan SSR-in respublikamıza ərazi iddialarına, radikal erməni millətçiləri tərəfindən qızışdırılan separatizmə və soydaşlarımız əleyhinə törədilən kütləvi zorakılıqlara SSRİ rəhbərliyinin bilavasitə və ya dolayısı ilə dəstək verməsi, habelə Azərbaycanın o zamankı rəhbərlərinin cinayətkar qətiyyətsizliyi və milli maraqlara zidd addımları xalqımızı respublikanın ərazi bütövlüyünün qorunması naminə ayağa qalxmağa sövq etdi. Beləliklə, respublikada geniş sosial spektrli xalq hərəkatı yarandı və proseslərin gedişi onun tədricən milli azadlıq hərəkatına çevrilməsinə zəmin yaratdı…
İmperiyanın millətlər arasında ayrı-seçkilik toxumu səpmək bir respublikanın ərazisini digər respublikaya pay vermək, özbaşınalıq, diktatorluq siyasəti xalqımızın səbir kasasını daşdırdı və “Torpaqdan pay olmaz” – deyən xalqımız istiqlaliyyət, azadlıq, suverenlik uğrunda haqq səsini qaldırdı. Getdikcə alovlanan etiraz dalğası tezliklə respublikamızın bütün ərazisində xalq həmrəyliyinə çevrildi. Xalqın etiraz səsi Kremli silkələdi və imperiyanı ciddi narahat etdi. 
Azərbaycan xalqının haqq-ədalətin bərqərar edilməsi uğrunda səsini hiddətlə ucaldaraq imperiya buxovlarından birdəfəlik qurtulmağa can atmasından təşvişə düşən SSRİ rəhbərliyi, əslində, sovet totalitar rejiminin süqutunu daha da sürətləndirən müdhiş cinayətə əl atdı. Azərbaycanda törədilən faciəyə qədər bir neçə müttəfiq respublikada əlini günahsız insanların qanına batırmış SSRİ-nin o vaxtkı rəhbəri Mixail Qorbaçov bu dəfə çirkin niyyətini daha qəddar şəkildə Azərbaycanda həyata keçirməyi qərara aldı. Mərkəzi hakimiyyət 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə beynəlxalq hüquq normalarını və ölkə qanunlarını tapdalamaqla, əhalini xəbərdar etmədən Bakı şəhərində fövqəladə vəziyyətin tətbiqinə başladı. Keçmiş SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli, ermənipərəst siyasətinə, əzəli torpaqlarımıza iddia edən Ermənistanın təcavüzkar siyasətinin açıq-aşkar dəstəklənməsinə və respublikanın o zamankı rəhbərliyinin xəyanətkar mövqeyinə etiraz əlaməti olaraq ayağa qalxmış geniş xalq kütlələrinə qarşı sovet ordusunun iri hərbi birləşmələrinin yeridilməsi Azərbaycanda, xüsusilə Bakıda sovet rejiminin öz vətəndaşına qarşı həyata keçirdiyi misli görünməmiş cəza siyasəti idi. Buna baxmayaraq, Azərbaycanın o vaxtkı səriştəsiz, kölə psixologiyalı rəhbərlərinin yenə də xalqla bir olmağa cəsarəti çatmadı və onlar sovet rəhbərliyinin ətəyindən yapışmaqda davam etdilər.
Sovet ordusu hissələrinin, xüsusi təyinatlı dəstələrin, daxili qoşunların iri kontingentinin və hətta SSRİ-nin ermənilərin sıx yaşadığı digər regionlarından olan ehtiyatdakı hərbçilərin iştirakı ilə həyata keçirdikləri qanlı faciə nəticəsində əliyalın, dinc əhaliyə divan tutuldu. Bir gecənin içərisində Bakının küçə və meydanları qan gölünə döndü. Yüzlərlə insan qətlə yetirildi, yaralandı və itkin düşdü. 
Tarixi faktlar da təsdiqləyir ki, ermənilərin fitvası ilə törədilmiş bu qanlı cinayət birbaşa SSRİ-nin o vaxtkı rəhbəri Mixail Qorbaçovun göstərişi ilə həyata keçirildi. Ancaq əli günahsız insanların qanına batmış Mixail Qorbaçov və onun əhatəsi Azərbaycan xalqının iradəsini qıra, azadlıq eşqini söndürə bilmədi. Xalqımız qanı bahasına olsa da, istəyinə -- azadlıq və müstəqilliyinə qovuşdu. 
Keçmiş sovet hərb maşınının Azərbaycanda törətdiyi qanlı qırğın mahiyyətinə görə dövlətin öz vətəndaşlarına qarşı tarixdə misli görünməmiş qətliamı idi. Keçmiş SSRİ və Azərbaycan SSR konstitusiyalarının kobudcasına pozulması, ayaqlar altına atılması idi. Həmin gün keçmiş SSRİ dövləti dinc əhalinin üstünə qoşun yeritməklə BMT Nizamnaməsinə, beynəlxalq hüquq normalarına məhəl qoymamış, iştirakçısı olduğu Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın bir sıra müddəalarını cinayətkarcasına pozmuşdu. 20 Yanvar cinayəti bəşəriyyət və insanlıq əleyhinə törədilmiş dəhşətli əməl idi. Dinc əhaliyə qarşı həyata keçirilən cəza tədbirləri zamanı 1949-cu ilin Cenevrə Konvensiyasının, Beynəlxalq Hərbi Tribunalın Əsasnaməsinin, Beynəlxalq İnsan Haqları Bəyannaməsinin, insan haqlarına dair digər beynəlxalq aktların çoxsaylı müddəaları pozulmuşdu. Bu məqamlar 20 Yanvar hadisələri ilə bağlı aparılmış ən səthi təhqiqatlarda da təsdiqlənir.
Azərbaycanın o vaxtkı rəhbərliyi bu qanlı cinayəti ört-basdır etməyə çalışdığı, günahı öz xalqında axtardığı bir vaxtda – 1990-cı il yanvarın 21-də xalqımızın böyük oğlu Heydər Əliyev həyatını riskə qoyaraq ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gedərək Bakıda kütləvi qırğın törətmiş SSRİ hakimiyyətini və Azərbaycanın yarıtmaz rəhbərliyini kəskin ittiham edən bəyanat verdi. Ulu öndər həmin gün keçirdiyi mətbuat konfransında bu faciə barəsində dünya ictimaiyyətini məlumatlandırdı, eyni zamanda, Azərbaycan xalqının məruz qaldığı bu dəhşətli və amansız terroru qətiyyətlə pislədi: “...Azərbaycanda baş vermiş hadisələri mən hüquqa, demokratiyaya zidd, humanizmə və ... hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm...Dağlıq Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali partiya siyasi rəhbərliyi tərəfindən vaxtında zəruri tədbirlər görülsə idi, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün zəmin də yaranmazdı ...Qırğın törədənlərin hamısı layiqincə cəzalandırılmalıdır!”. Elə həmin il noyabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında ümummilli lider Heydər Əliyev Yanvar faciəsini Azərbaycan xalqının suveren hüquqlarına qəsd kimi qiymətləndirib: “Mən belə hesab edirəm ki, 19-20 yanvarda baş vermiş bu faciə həm Sovet İttifaqının siyasi rəhbərliyinin, şəxsən Qorbaçovun böyük günahının nəticəsidir, onun diktatorluq meyillərindən əmələ gəlmiş bir haldır və eyni zamanda, Azərbaycan rəhbərlərinin xalqa xəyanəti və cinayətinin nəticəsidir. Mən belə fikirdəyəm ki, Böyük Vətən müharibəsi qurtarandan sonra Sovet İttifaqında, ölkənin daxilində — heç bir yerdə, heç bir regionda bu qədər, bu miqyasda qanlı qırğın olmamışdır. Sovet ordusu bunu da etdi və bunun nə qədər böyük miqyasda olmağını onunla da ölçmək olar ki, bu hərbi aksiyanın həyata keçirilməsi üçün SSRİ müdafiə naziri Yazov, SSRİ daxili işlər naziri Bakatin vaxtından qabaq gəlib Bakıda oturub, bu əməliyyatlara rəhbərlik ediblər. Müharibə vaxtı hərbi nazir az-az cəbhəyə gedirdi, ancaq görün bu hərbi əməliyyata bunlar nə qədər böyük fikir veriblər, bunun miqyası nə qədər böyük olub ki, marşal Yazov gəlib Bakıda oturub və bu əməliyyata rəhbərlik edib. Demək, bu, Azərbaycan xalqına qarşı göstərilən hərbi təcavüzdür, təhqirdir, Azərbaycan xalqının qarşısında cinayətdir”. 
1990-cı ildən sonra ölkədə tez-tez baş verən hakimiyyət dəyişikliyi 20 Yanvar faciəsinə siyasi qiymət verilməsinə, günahkarların müəyyənləşdirilməsinə heç bir təsir göstərmədi. Yalnız 1993-cü ildə ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinin baş verməsinin səbəblərinin araşdırılması və onu törədənlərin məsuliyyətə cəlb olunması məsələsi istiqamətində mühüm addımlar atıldı. 1994-cü il martın 29-da Milli Məclis 1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında qərar qəbul etdi. 20 Yanvar – Ümumxalq Hüzn Günü elan edildi. Bununla da ulu öndər Heydər Əliyevin təşəbbüsü və təkidi nəticəsində 20 Yanvar faciəsinə dövlət səviyyəsində hüquqi-siyasi qiymət verildi, faciənin günahkarlarının adları açıq şəkildə bəyan edildi. 
1990-cı ilin 20 yanvarında Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda çox sayda şəhid verdi. Lakin onun iradəsi sınmadı və milli ruhu sarsılmadı. Həmin qırğın zamanı ümummilli mənafelərin müdafiəsi naminə canlarından keçmiş və şəhidlik zirvəsinə ucalmış Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar.

 

Mehman İSMAYILOV,
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı sədrinin müavini, politoloq

 

15 2020 02:05 - XƏBƏRLƏR
XƏBƏRLƏR
29 Yanvar 2020 | 16:13
Qazax: qapını döyən var...

Köhnə versiyamızdan xəbərləri izlə