Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gömrük sistemində aparılan islahatlar: nəticələr, perspektivlər

Əminəm ki, bu il də gömrük sahəsində aparılan islahatlar davam etdiriləcək və bu, bizə imkan verəcək ki, biz yenə də plandan əlavə vəsait toplayaq və büdcəmizə daxil edək. 
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Azərbaycanda gömrük xidmətinin formalaşdırılması və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, Dövlət Gömrük Komitəsi 28 il bundan əvvəl, müstəqilliyimizin bərpasından cəmi üç ay sonra - 1992-ci il yanvarın 30-da yaradılsa da, bu qurumun səmərəli fəaliyyəti dahi şəxsiyyətin hakimiyyətə qayıdışından sonra reallaşıb. “Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir” – deyən, ulu öndər gömrük xidmətinin ölkə iqtisadiyyatının inkişafında rolunu yüksək qiymətləndirərək, sözügedən xidmətin formalaşması və inkişafına mühüm önəm verib, qurumun maddi-texniki bazasının möhkəmlənməsinə xüsusi diqqət yetirib, müvafiq tapşırıq və tövsiyələri əsasında Gömrük Məcəlləsi hazırlanaraq tətbiqinə başlanılıb və nəhayət, gömrük sahəsində beynəlxalq əməkdaşlıq əlaqələri getdikcə möhkəmlənib. Ən başlıcası isə ümummilli lider uzaqgörən siyasəti ilə həmin dövrdə Azərbaycan gömrüyünün gələcək fəaliyyəti və inkişaf istiqamətlərinin ­konturlarını müəyyənləşdirib. 

Dövlətimizin başçısı İlham Əliyevin prezidentlik fəaliyyəti illərində həyata keçirilən çoxsaylı tədbirlər hesabına Azərbaycan gömrüyü dövlətimizin müstəqilliyinin əsas atributlarından birinə çevrilməklə üzərinə düşən missiyanın gerçəkləşməsində, başqa sözlə, ölkəmizin iqtisadi təhlükəsizliyinin təminatı, fiskal siyasətin reallaşması, qaçaqmalçılıq hallarının qarşısının alınması, beynəlxalq ticarətin asanlaşması və sürətlənməsində mühüm rol oynayıb.

 

“Kölgə iqtisadiyyatı”na qarşı mübarizə öz səmərəsini verir 


Hazırda Azərbaycan gömrüyü gömrük nəzarətinin daha səmərəli təşkili, gömrük sisteminin yenidən qurulması və maddi-texniki bazanın möhkəmləndirilməsi, informasiya texnologiyalarının tətbiqi, yerlərdə bilikli və bacarıqlı kadrların işə qəbul olunması, bir sözlə, həyata keçirilən islahatlar sayəsində keyfiyyətcə yeni inkişaf mərhələsinə daxil olub. Bütün bunların nəticəsində isə qurumun dövlət büdcəsinin formalaşmasında rolu xeyli dərəcədə artıb, iqtisadi göstəriciləri dinamik şəkildə yüksəlib. Cari il yanvarın 13-də Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunan müşavirədə bu barədə ətraflı danışılıb. Bildirilib ki, dövlət başçısının rəhbərliyi ilə bütün sahələrdə, eləcə də gömrük sistemində aparılan uğurlu islahatlar sayəsində 2018-ci ilin proqnoz göstəriciləri ilə müqayisədə 2019-cu ildə gömrük ödənişlərindən faktiki olaraq 1 milyard 970 milyon manat əlavə vəsait toplanaraq dövlət büdcəsinə köçürülüb. 
Ümumiyyətlə, ötən il nəzərdə tutulan 3 milyard 702 milyon manat büdcə proqnozuna 4 milyard 408 milyon manat səviyyəsində əməl olunub, dövlət büdcəsinə 706,6 milyon manat əlavə vəsait köçürülüb və icra 119,1 faiz yerinə yetirilib. Hesabat dövrü ərzində vergitutma bazası əvvəlki illərlə müqayisədə eyni səviyyədə qalıb. Belə ki, ötən il güzəştlərin tətbiqi diqqətdə saxlanılıb, idxal mallarına 50 faiz həcmində vergi imtiyazı verilib. 
Gömrük xidmətində reallaşdırılan digər güzəştlər də “kölgə iqtisadiyyatı” ilə bağlı mübarizədə mühüm rol oynayıb. Azərbaycan Respublikasına idxal olunan mallara tətbiq edilən gömrük rüsumları üzrə azadolmanın həcminin 65 faiz, əlavə dəyər vergisindən azadolmanın həcminin isə 35 faiz təşkil etməsi bunun bariz ifadəsidir. 
Yeri gəlmişkən, son iki ildə “kölgə iqtisadiyyatı”na qarşı mübarizə və risklərin idarə edilməsi mərkəzi tərəfindən məlumatların əvvəlcədən sistemə ötürülməsi ilə şəffaflıq təmin olunub, xüsusilə də ixracatçı ölkələrlə əlaqədar məlumatların sistemə yerləşdirilməsi nəticəsində sahibkarlar tərəfindən qiymətazaltma tendensiyası azalıb. Başqa sözlə, sözügedən sahədə aparılan ciddi nəzarət tədbirləri hesabına 300 milyondan artıq əlavə vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin edilib. 

 

Azərbaycan gömrüyü keyfiyyətcə yeni inkişaf mərhələsinə daxil olub

 

Bu gün dövlət başçısının rəhbərliyi ilə ölkədə aparılan islahatların əhatə dairəsi daha da genişləndirilib. Biznes mühitinin yaxşılaşdırılması, gömrük xidmətində idarəetmənin keyfiyyətinin daha da yüksəldilməsi, azad rəqabət mühitinin yaradılması Azərbaycan dövlətinin əsas prioritetləri sırasında yer alıb. Uğurlu iqtisadi islahatlar fonunda gömrük xidmətində gerçəkləşdirilən islahatlar da xarici ticarət iştirakçılarının fəallığını artırıb, biznes mühitinin əlverişliliyinin daha da yaxşılaşdırılması, rəqabətliliyinin qorunub saxlanması, şəffaflıq təmin edilib, eyni zamanda, dövlət büdcəsinə gömrük ödənişləri üzrə daxilolmaların artırılmasına nail olunub.
Aparılan islahatların məntiqi nəticəsi kimi, hazırda beynəlxalq təcrübəyə istinadən gömrük orqanlarının etibarını qazanan şəxslərə münasibətdə sadələşdirilən gömrük rəsmiləşdirilməsini və digər imtiyazları özündə ehtiva edən müxtəlif proqramlardan səmərəli istifadə olunur. Mövcud proqramların mahiyyətini dövlət-özəl sektor tərəfdaşlığı, gömrük orqanlarının biznes subyektləri ilə qarşılıqlı əlaqələri təşkil edir. Bu cür sadələşdirmə proqramlarının ölkəmizdə tətbiqi məqsədilə Azərbaycan Prezidentinin 21 dekabr 2018-ci il tarixli Fərmanı ilə “Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası” təsdiq olunub. 
Xatırladaq ki, “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə zamanı şəxslərə gömrük nəzarətinin sadələşdirilmiş formaları tətbiq edilməklə müəyyən üstünlüklər verilir. Belə bir buraxılış sistemindən daimi hüququn əldə olunması ilə əlaqədar 2019-cu il fevral ayının 1-dən daxil olan müraciətlər əsasında 500-dən artıq xarici ticarət iştirakçısına həm idxalda, həm də ixracda mövcud sistemdən istifadəyə icazə verilib.
“Yaşıl dəhliz” və “bir pəncərə” kimi sistemlərin tətbiqi ticarətin asanlaşdırılmasına, tranzit yüklərin daşınmasının sürətləndirilməsinə, eyni zamanda,“kölgə iqtisadiyyatı”na qarşı mübarizədə öz müsbət təsirini göstərib. Belə ki, dövlət başçısının “kölgə iqtisadiyyatı”na qarşı mübarizənin gücləndirilməsi barədə müvafiq icra orqanlarına verdiyi tapşırıqların yerinə yetirilməsinə dair çağırışlara artıq biznes subyektlərinin də qoşulması aparılan xarici ticarət əməliyyatları üzrə uçot və hesabatlılığın düzgün bəyan edilməsini şərtləndirib, dövlət büdcəsinə qanunla müəyyənləşdirilən vergilərin və gömrük rüsumlarının vaxtında və artıqlaması ilə ödənilməsi təmin olunub. Görülən tədbirlər nəticəsində Dövlət Gömrük Komitəsində son iki ildə idxal-ixrac əməliyyatları üzrə səffaflığın reallaşdırılması ilə beynəlxalq iqisadi münasibətlər kontekstində illik ticarət dövriyyəsi böyük həcmdə artıb ki, bu da “güzgülü statistik” uçotun aparılmasına əlverişli şərait yaradır. 
Yeri gəlmişkən, “Yaşıl dəhliz” dünyada ilk olmaqla yanaşı, həm də ən modern layihələrdən biri kimi qəbul olunur və sahibkarlar tərəfindən yüksək dəyərləndirilir. Çünki bu layihənin həyata keçirilməsi sayəsində iş adamlarına məxsus kassalarda on milyonlarla əlavə vəsaitin gəlir olaraq qalması gerçəkləşir. Eyni zamanda, onlar logistika və anbar xərclərindən azad olunurlar. Digər tərəfdən, şəffaflığın tam təmin olunmasına əlverişli şərait yaranır. Belə ki, qanuni ticarətlə məşğul olan sahibkarlar gömrük orqanlarına gəlmədən və heç bir gömrük məmuru ilə təmasa girmədən bütün əməliyyatlarını elektron şəkildə idarə edir və rəsmiləşdirməni yekunlaşdırırlar. 
Xatırladaq ki, layihə çərçivəsində sahibkarlara 4 milyondan artıq xidmət göstərilib.
Gömrük xidmətində yeni layihələrin reallaşdırılması çərçivəsində elektron xidmətlərin tətbiqinə də daha çox diqqət yetirilir. Məhz bunun nəticəsidir ki, artıq gömrük orqanları tam elektron bəyanetmə sistemində fəaliyyət göstərir, həmçinin informasiya texnologiyalarının daha da genişləndirilməsi hesabına tezliklə mobil gömrük həllərinin reallaşdırılmasına da başlanılacaq. 
Son illərdə qaçaqmalçılıqla bağlı ciddi mübarizə tədbirləri də müsbət nəticələrlə müşahidə olunub. Keçən il ərzində gömrük hüquqpozmalarına qarşı mübarizə genişləndirilib və 13 min 443 hüquqpozma faktı aşkarlanıb. Onlardan 866-sı cinayət xarakterli faktlar olub ki, bunun da əksəriyyəti narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlıdır. Yeri gəlmişkən, Gömrük Komitəsi tərəfindən hesabat dövründə 2 tondan çox narkotik vasitə aşkarlanaraq dövriyyədən çıxarılıb. Qaçaqmalçılıq yolu ilə gətirilərkən tutulan malların ümumi dəyəri isə 300 milyon dollardan artıq olub. 
Gömrük xidmətində islahatlardan danışarkən, iki məqamı da xatırlatmaq istərdik. Dövlət başçısının yol infrastrukturu ilə bağlı tapşırıqlarına uyğun olaraq, yolların yenidən qurulması tranzit potensialının əvvəlki illərlə müqayisədə 2 dəfədən çox artmasını şərtləndirib. Sərhəd-keçid məntəqələrində sıxlığın aradan qaldırılması məqsədilə məntəqələrin yeni avadanlıqla təchiz edilməsi, tır və minik avtomobillərinin rahat keçidinin təmin etmək üçün yeni rentgen qurğularının quraşdırılması da ticarət dövriyyəsinin sürətlənməsinə əlverişli şərait yaradıb. Belə vəziyyət, eyni zamanda, ölkəmizə turist axının güclənməsinə müsbət təsir göstərib. 
Onu da qeyd edək ki, gələcəkdə həm ixrac və idxalı, həm də tranzit potensialını qarşılamaq məqsədilə respublikamızın istər qərb, istərsə də şimal istiqamətlərində artıq yeni keçid məntəqələrinin tikilməsinə başlanılıb və bu işlər cari ildə də davam etdiriləcək.
Son iki ildə gömrük sistemində şəffaflığın təmin olunması, idarəçiliyin təkmilləşdirilməsi, elektron xidmətlərin sayının artırılması və digər sahələrdə institusional islahatların əhatə dairəsinin genişləndirilməsi, həm də xidmət mədəniyyətinin yüksəldilməsində, xarici ticarət iştirakçılarında könüllü riayət prinsiplərinin formalaşdırılmasında mühüm rol oynayıb.

 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi birgə müsabiqəyə təqdim edilir.

 

 

 

15 2020 02:03 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Sentyabr 2020 | 15:20
Bu gün tarixdə qalacaq

Köhnə versiyamızdan xəbərləri izlə