Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan sivilizasiyalar və dinlərarası dialoq məkanına çevrilib

Azərbaycan sivilizasiyalar və dinlərarası dialoq məkanına çevrilib

Azərbaycan dini liderlər arasında körpü ­yaratmaq... dünyanın müxtəlif dövlətlərindən dini rəhbərləri bir araya toplamaq işində nümunəvi təcrübəyə malik bir ölkədir.
Abdallah əl-MƏTUQ,
BMT Baş katibinin humanitar məsələlər üzrə xüsusi məsləhətçisi 


Ötən il ölkəmiz sabitlik, əmin-amanlıq şəraitində yaşamış, dünyada gedən proseslər fonunda bütün sahələrdə irəliləyiş və nailiyyətlər qeydə alınmışdır. Dövlət başçımızın qeyd etdiyi kimi, dünyanın müxtəlif yerlərində münaqişələr, müharibələr, qanlı toqquşmalar, kütləvi etiraz aksiyaları, polis zorakılığı, insan haqlarının tapdalanması geniş vüsət alsa da, Azərbaycan xalqı təhlükəsizlik şəraitində yaşamış, qurub yaratmışdır.

Məhz həmin sabitlik və əmin-amanlığın nəticəsidir ki, il ərzində 40-dan çox dövlət və hökumət başçısı Azərbaycana səfər etmiş, ölkəmizin ikitərəfli əlaqələri kifayət qədər genişlənmişdir. Prezident ­İlham Əliyevin təklif və təşəbbüsləri ilə yaradılmış üçtərəfli və dördtərəfli əməkdaşlıqlarla yanaşı, çoxtərəfli formatlı əməkdaşlıqda da uğurlarımız göz qabağındadır. 
Ötən il ölkəmizdə bir neçə mötəbər beynəlxalq tədbir keçirilmişdir. Məsələn, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşü nəticəsində Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrlik etməyə başlamışdır. Bakıda Qoşulmama Hərəkatının Zirvə görüşü keçirilmiş və 120 ölkənin yekdil qərarı ilə Azərbaycan bu böyük təsisata 3 il ərzində sədrlik edəcəkdir. Bundan başqa, Bakıda Dünya dini liderlərinin II Sammiti keçirilmişdir. Dünyanın 70 ölkəsindən gəlmiş dini liderlər Azərbaycanda gedən proseslərə çox müsbət qiymət vermişlər. Qeyd edilmişdir ki, Azərbaycan multikultural, öz ənənələrinə, milli, dini dəyərlərinə sadiq ölkədir. Zirvə görüşündə də ölkəmiz öz multikultural dəyərlərini yüksək səviyyədə təqdim etmişdir. Bu qeydlərimdə də Dünya dini liderlərinin Bakıda keçirilmiş II Sammitinin tarixi əhəmiyyətindən söz açmaq istəyirəm. 
Xatırladaq ki, Prezident İlham Əliyev bu il aprelin 11-də Dünya dini liderlərinin II Bakı Sammitinin keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalamışdır. Noyabrın 14-də Bakıda təntənəli açılışı olan sammitdə dünyanın 5 qitəsindən 70-dən çox dövlətin,  25 ənənəvi din və dini təriqətin lider və təmsilçiləri, həmçinin 10-dək nüfuzlu beynəlxalq təşkilatın 500-ə yaxın yüksək səviyyəli nümayəndəsi, o cümlədən Rusiya Federasiyası subyektlərinin başçıları və dini rəhbərləri iştirak edirdilər.
Həmin mötəbər tədbirin hazırlanmasını və keçirilməsini yüksək qiymətləndirən ekspertlər yazırlar ki, bu fakt Azərbaycan dövlətinin qlobal müstəvidə dinlərarası dialoqun inkişafına, qarşılıqlı anlaşma və insani həmrəylik kimi bəşəri dəyərlərin təşviqi və təkamülünə öz töhfəsini vermək məramı ilə evsahibliyi etdiyi Dünya dini liderlərinin II Bakı Sammiti Prezident İlham Əliyevin təşəbbüsü ilə başlanan və həyata keçirilən “Bakı prosesi”nin davamı idi. Bu sammit həm də dövlət başçımızın ölkə səviyyəsində elan etdiyi “Multikulturalizm” və “İslam həmrəyliyi” illəri çərçivəsində təşkil olunmuş beynəlxalq tədbirlərin, o cümlədən Dünya dini liderlərinin I Bakı ­Sammitinin, habelə Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin müxtəlif mədəniyyətlər və dinlər arasında əlaqələrin genişlənməsinə, qarşılıqlı etimad mühitinin yaradılması işinə töhfələrinin məntiqi davamıdır.
Xatırladaq ki, ikigünlük sammitdə “Multikulturalizm, tolerantlıq və dinlərarası həmrəyliyin təşviqində Azərbaycan dövlətinin nümunəvi rolu”, “Şeyxülislam Allahşükür Paşazadənin dini rəhbər və ictimai xadim kimi sivilizasiyalar­arası və dinlərarası əməkdaşlığın inkişafına töhfəsi”, “Dini liderlər terrorizm, təcavüzkarlıq, ksenofobiya, islamofobiya, antisemitizm və xristianofobiya əleyhinə”, “Qadın və uşaq haqlarının qorunması, gənclərin maarifləndirilməsində dini liderlərin, dövlət, elm və ictimai xadimlərin birgə fəaliyyətinin əhəmiyyəti” mövzuları ətrafında müzakirələr aparılmış, eləcə də, sammitin yekunlarına dair Bakı Bəyannaməsi qəbul olunmuşdur.
Sammitdə bizim üçün daha maraqlı olan məqam isə Prezident İlham Əliyevin tədbirin açılış mərasimindəki nitqində Azərbaycan həqiqətlərinin dünyanın dini liderlərinə məhz olduğu kimi çatdırılması idi. Dövlət başçımız xatırlatmışdır ki, Bakıda belə mötəbər tədbirin keçirilməsi təbiidir. Çünki Azərbaycanın qədim dinlərarası ənənələri vardır. Azərbaycan ictimai-siyasi quruluşundan asılı olmayaraq, bütün dövrlərdə bu istiqamətdə nümunəvi ölkə kimi özünü göstərmişdir. Əsrlərboyu ölkəmizdə bütün dinlərin, bütün etnik qrupların nümayəndələri bir ailə kimi sülh, mehribanlıq, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşamışlar: “Azərbaycan çoxkonfessiyalı, çoxmillətli bir ölkədir və bu, bizim böyük sərvətimizdir. Dini və etnik müxtəlifliyimiz bizim böyük sərvətimizdir. Azərbaycanda uğurlu inkişafın, sabitliyin bərqərar olması istiqamətində atılmış bütün addımların arxasında dini və milli dözümlülük, tolerantlıq və multikultural dəyərlər dayanır”. 
Azərbaycanın multikulturalizm dəyərlərini təbliğ edən ölkələrdən biri olduğunu söyləyən dövlət başçımız demişdir ki, multikulturalizm respublikamızda həm həyat tərzidir, həm də dövlət siyasətidir: “Təsadüfi deyil ki, Azərbaycanda bu istiqamətdə bir çox önəmli addımlar atılmışdır və bir neçə mötəbər beynəlxalq tədbir keçirilmişdir. Tədbirlərin bəziləri ənənəvi xarakter daşıyır. Məsələn, Bakı Humanitar Forumu ənənəvi olaraq keçirilir. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu BMT tərəfindən dəstəklənir. BMT Sivilizasiyalar Alyansının Qlobal Forumu, Dünya dini liderlərinin Zirvə görüşləri, yəni, bütün bu tədbirlərin bir məqsədi var - dinlərarası dialoqu möhkəmləndirmək, dini ayrı-seçkiliyə qarşı birgə mübarizə aparmaq, multikultural dəyərləri təbliğ etmək və beləliklə, dünyada gedən müsbət proseslərə öz töhfəmizi verməkdir”. 
Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill, Rusiya Federasiyasının Federasiya Şurasının sədr müavini İlyas Umaxanov, Türkiyə Diyanət İşləri başqanı Ali Erbaş, İran İslam Respublikasının Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Abuzər İbrahimi Türkman, Misir Ərəb Respublikasının Nümayəndələr Palatası sədrinin birinci müavini Əl-Seyyid Mahmud əl-Şərif, Özbəkistan Respublikası Prezidentinin dövlət müşaviri Rüstəm Kasımov, Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze, Rusiya Federasiyası Çeçenistan Respublikasının müftisi, Çeçenistan rəhbərinin müşaviri Salah Mezhiyev, Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının icraçı sədr müavini Malkolm Honlayn, KAİCİİD Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin baş katibi Feysəl bin Muammar, Qüds-Yerusəlimin ortodoks baş ravini Şlomo Amar, Vatikanın Dinlərarası Pontifik Şurasının İslam ilə Dialoq Departamentinin sədri Xaled Akaşe və digərləri çıxış edərək gündəlikdəki məsələlərin vacibliyindən sammitin əhəmiyyətindən danışmışlar. 
Ancaq mən bu yazını BMT Baş katibinin humanitar məsələlər üzrə xüsusi məsləhətçisi Abdallah əl-Mətuqun sammitdə söylədiyi fikirlərlə də tamamlamaq istəyirəm: “Azərbaycan dini liderlər arasında körpü yaratmaq, dialoq yollarını gücləndirmək, müştərək insani dəyərləri dərinləşdirmək, multikulturalizm və dini dəyərlər vasitəsilə gənclərin düşüncəsini inkişaf etdirmək, həmçinin ksenofobiya, ifratçılıq və ekstremizmin bütün formaları ilə mübarizə aparmaq üçün dünyanın müxtəlif dövlətlərindən dini rəhbərləri bir araya toplamaq işində nümunəvi təcrübəyə malik bir ölkədir”.

 

Hazırladı: 
İttifaq MİRZƏBƏYLİ, 
“Xalq qəzeti”

 

 

15 2020 02:02 - XƏBƏRLƏR
XƏBƏRLƏR
29 Yanvar 2020 | 16:13
Qazax: qapını döyən var...

Köhnə versiyamızdan xəbərləri izlə