Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mülkiyyətin sığortalanması ilə bağlı maarifləndirmə işləri aparılmalıdır

Son vaxtlar Azərbaycanda ən çox müzakirə olunan mövzulardan biri daşınmaz əmlakın sığortalanmasıdır. Məlum olduğu kimi, bununla bağlı qanun (“İcbari sığortalar haqqında” Qanun) 2011-ci il iyunun 24-də qəbul edilib. Qanunun 2012-ci il yanvarın 1-dən qüvvəyə minməsinə baxmayaraq, onun tətbiqi ilə bağlı məsələlər bu ilin əvvəllərindən aktuallaşmaqdadır. Qanun hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binaların, mənzillərin, eləcə də avtomobillərin icbari qaydada sığortalanmasını nəzərdə tutur. Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. 

Artıq 2020-ci il yanvarın 1-dən ölkədə daşınmaz əmlakın icbari sığortalanmasına başlanılıb. Eyni zamanda, sığorta müqaviləsinin bağlanmadığı təqdirdə vətəndaşlara cərimələrin tətbiq ediləcəyi barədə də məlumatlar alırıq. 
Bu barədə Prezident İlham Əliyevin yanında keçirilmiş 2019-cu ilin yekunları ilə bağlı müşavirədə də söhbət açılıb. Dövlət başçısı bildirib ki, evlər, əmlak sığortalanmalıdır. Prezident keçən ilin əvvəllərində Şamaxı, Ağsu və İsmayıllı rayonlarında güclü zəlzələnin baş verməsini misal çəkib. Məlum olduğu kimi, fəlakət nəticəsində çox sayda ev dağılıb: “Zəlzələdən dərhal sonra bölgədə olarkən vətəndaşlara söz verdim ki, qış gələnə qədər bütün evlər yenidən tikiləcək, təmir olunacaq, bərpa ediləcək. Həmişə olduğu kimi, yenə də sözümüzün üstündə durduq və artıq zəlzələnin bütün əsas fəsadları aradan qaldırıldı, minlərlə yeni ev tikildi, təmir olundu, bərpa edildi. Bu, bir daha onu göstərir ki, vətəndaşların problemlərinin həlli diqqət mərkəzindədir”.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycanda mülkiyyətin sığortalanması prosesi ilə bağlı çox böyük maarifləndirmə işləri aparılmalıdır. Vətəndaşlar da bilməlidirlər ki, əmlak sığortalanmalıdır. Eyni zamanda, indiyədək hər hansı təbii fəlakətdən sonra dövlət bütün maliyyə yükünü öz üzərinə götürüb. Bu isə böyük maliyyə vəsaiti deməkdir. Ancaq dövlət vətəndaşların rahatlığı, rifahı, normal yaşayışı üçün bu ağırlığı öz üzərinə götürüb. Bu, Azərbaycan dövləti və Prezidenti üçün əsas məsələdir. Dövlət başçısı əlavə edib: “Ancaq hesab edirəm ki, bu il və bundan sonrakı illərdə əmlakın sığortalanması, o cümlədən maarifləndirmə ilə bağlı çox ciddi addımlar atılmalıdır. Bu məsələ ilə bağlı müxtəlif tədbirlər keçirilməlidir, atılacaq addımlar haqqında vətəndaşlara ətraflı məlumat verilməlidir. Hökumətə tapşırıram ki, bu məsələyə diqqət yetirsin. Eyni zamanda, bu, ölkəmizin sığorta sektorunun inkişafına müsbət təsir göstərəcəkdir”.
Biz də hesab edirik ki, Prezidentin məsələyə yanaşması çox düzgündür. Əvvəlcə əhali ilə geniş maarifləndirmə işləri aparılmalı, əmlak sığortasının mahiyyəti izah edilməlidir. Bundan sonra insanların prosesə cəlb olunmasında da tələskənliyə yol vermək olmaz. Ona görə də Prezident İlham Əliyev cərimə haqqında deyil, maarifləndirmə haqqında danışdı. Tələsik cərimə tətbiqi son nəticədə işin xeyrinə yox, ziyanına işləyə bilər. Bu məsələ də ciddi nəzərə alınmalıdır. 

 

Teymur ZEYNALOV, 
iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent

 

 

15 2020 01:57 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Sentyabr 2020 | 10:00
Mənanın sərrafı, sözün vaqifi

Köhnə versiyamızdan xəbərləri izlə