Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan daha güclü dövlətə çevriləcək

Bütövlükdə 2019-cu il ölkəmiz üçün uğurlu il ­olmuşdur. İlin əvvəlində qarşımıza qoyduğumuz ­bütün vəzifələr uğurla icra edildi, ölkəmizin ­dayanıqlı inkişafı təmin olundu. Beləliklə, həm siyasi, həm iqtisadi, həm də sosial sahələrdə böyük uğurlar əldə edilmişdir. Azərbaycan sabitlik şəraitində yaşamışdır. Sabitlik hər bir ölkənin inkişafı üçün əsas şərtdir.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Prezident İlham Əliyev keçən ilin yekunlarına həsr olunan müşavirədə giriş nitqində hesabat dövründə qarşıya qoyulan bütün vəzifələrin uğurla icra edildiyini, Azərbaycanın sabitlik şəraitində yaşadığını, siyasi, sosial-iqtisadi sahələrdə böyük uğurların qeydə alındığını, ölkəmizin dayanıqlı inkişafının təmin olunduğunu bildirib. 

Ölkə rəhbəri hesabat dövründə düzgün siyasət nəticəsində iqtisadi sahədə müsbət nəticələr əldə edildiyini diqqətə çatdıraraq, bunun dərin islahatlar hesabına reallaşdığını vurğulayıb: “Dünya Bankı Azərbaycanı 20 ən islahatçı ölkə siyahısına salmışdır, bu, böyük nailiyyətdir. Bu, onu göstərir ki, ölkəmizdə aparılan köklü islahatlar aparıcı beynəlxalq qurumlar tərəfindən də təqdirlə qəbul edilir. Deyə bilərəm ki, bütövlükdə 2019-cu il dərin islahatlar ili olmuşdur - həm siyasi, iqtisadi, sosial sahələrdə, həm də kadr və struktur islahatları sahələrində. Bu islahatlar inkişafımızın bundan sonra daha da uğurlu olacağına imkan verəcək, o cümlədən iqtisadi artım daha da böyük rəqəmlərlə ölçüləcəkdir”. 
Dövlət başçısı keçən il iqtisadi sahədə əldə edilən nəticələrin qənaətbəxş olduğunu konkret rəqəmlərlə əsaslandırıb. Bildirib ki, ümumi daxili məhsul 2,2 faiz artıb, qeyri-neft sektorunda bu göstərici 3,5 faiz təşkil edib. Sənaye istehsalı 1,5 faiz yüksəlib, qeyri-neft sektorunun sənaye istehsalında isə 14 faiz artım qeydə alınıb. Sonuncu rəqəm son illərdə sənayedə görülən işlərin təzahürü kimi qiymətləndirilərək, bu sahədə istehsalın həm dövlət vəsaiti hesabına, həm də özəl sektorun fəaliyyəti nəticəsində yüksəldiyi xatırladılıb. 
Yeri gəlmişkən, respublikamızda ÜDM-in strukturunda sənayenin üstün artım tempi qlobal trend olaraq dördüncü sənaye inqilabı ilə səsləşir. Sənayenin ÜDM-də xüsusi çəkisinə görə, Avropada ön sırada gedən Azərbaycan hazırda sənayenin strukturunda neftdən qeyri-neft bölməsinə uğurlu keçid edir. Təkcə son iki ildə qeyri-neft sənayesində əsas kapitala yönəldilən investisiyanın 70 faizə yaxın artması bunun bariz ifadəsidir. Təsadüfi deyil ki, Azərbaycanın qeyri-neft sektoru üzrə ixracında qeyri-neft sənaye məhsullarının (neft-kimya, polad, alüminium, ərzaq, müdafiə sənayesi, elektrik enerjisi və s.) həcmi getdikcə yüksəlir.

Azərbaycanda qeyri-neft sektorunun inkişafına göstərilən diqqətin nəticəsidir ki, hazırda ölkəmizin liderliyi ilə Xəzər sahilindən başlamış (Sumqayıt Kimya Sənaye Parkı başda olmaqla) Gürcüstan üzərindən Türkiyədə Aralıq dənizi sahilinə (Petkim) uzanan nəhəng bir kimya kompleksi yaradılıb. Buna görə də Azərbaycan artıq beynəlxalq aləmdə bir sənaye dövləti olaraq regionun təkcə enerji mərkəzi deyil, həm də neft-kimya sənayesi mərkəzi kimi tanınıb. 
Hesabat dövründə sənayenin inkişafında yeni və mütərəqqi mexanizmlərdən olan sənaye məhəllələrinin təşkili də uğurla davam etdirilib. Son illərdə ölkənin regionlarında 4 sənaye məhəlləsi yaradılıb. Həmin sənaye məhəllələrində 38 rezident qeydiyyatdan keçib və bunlardan 22-si fəaliyyətə başlayıb. Sənaye məhəllələrinə indiyədək sahibkarlar tərəfindən 53,8 milyon manat investisiya yatırılıb, 650-dən çox iş yeri açılıb. 
Müşavirədə ötən il aqrar sahədə də yüksək göstəricilər qeydə alındığı diqqətə çatdırılıb. Kənd təsərrüfatının təxminən 7 faiz artdığı, bitkiçilikdə bu artımın daha böyük–10 faizdən çox olduğu bildirilib. Eyni zamanda, hesabat dövründə əkin balansının əsas hissəsini təşkil edən taxılçılıqda 3 milyon 538 min ton məhsul istehsal olunduğu, pambıqçılıqda ümumi məhsul artımının 26,4 faiz təşkil etdiyi, ətin diri çəkidə 3 faiz, südün 2,4 faiz, yumurta istehsalının 9 faiz, yun istehsalının 1,6 faiz, barama istehsalının isə 25,3 faiz artdığı vurğulanıb. 
Dövlətimizin başçısı müşavirədə kənd təsərrüfatında inkişafı daha da sürətləndirmək üçün dəyərli tövsiyələr verib: “Növbəti dövrdə kənd təsərrüfatı emalına biz böyük diqqət göstərməliyik. Çünki bizim kənd təsərrüfatı istehsalımız artır. Bizim ənənəvi sahələrimiz inkişaf edir və bərpa olunur və yeni kənd təsərrüfatı sahələri fəaliyyətə başlayır. Burada kənd təsərrüfatının birbaşa sənaye ilə uzlaşması var. Misal üçün, keçən il meyvə-tərəvəz istehsalı böyük dərəcədə artıbdır. Bizim kifayət qədər emal müəssisələrimiz olmalıdır. Onlar hazırda kifayət qədər deyil. O emal müəssisələri imkan vermir ki, biz öz meyvə-tərəvəzimizi daha da böyük həcmdə emal edək və hazır məhsul kimi ixrac edək. Ona görə şirələr, kompotlar, konservlər, qurudulmuş meyvə – bütün bu sahə gərək çox ciddi dəstək alsın, həm dövlət tərəfindən, həm özəl sektor da bu işlərə qoşulmalıdır. Yəni, özəl sektor onsuz da bu işləri görür, yəni öz vəsaiti hesabına bu işləri görməlidir”.
Prezident İlham Əliyev müşavirədə son illər ərzində dövlət dəstəyi hesabına tütün istehsalının artdığını, hesabat dövründə Azərbaycanda böyük siqaret fabriki açıldığını, mövcud siqaret fabrikinin isə yenidən qurulduğunu bildirərək, bunun daxili tələbatı yerli istehsal hesabına təmin etmək məqsədi daşıdığını xatırladıb. Dövlət başçısı belə bir şəraitdə paradoks vəziyyətin hökm sürdüyünü vurğulayıb: “Biz tütün istehsal edən ölkəyik, ancaq siqareti idxal edirik, o ölkələrdən ki, orada tütün bitmir. Onlar tütünü bizdən alır, emal edir, siqaret buraxır, bizə satır. Ona görə buna son qoyulmalıdır. Bu məsələ də diqqət mərkəzindədir”.
Ölkə rəhbəri ötən il kənd təsərrüfatının ənənəvi sahələrindən olan baramaçılıqda da yüksək nəticə əldə olunduğunu, 2015-ci ildə cəmi 200 kiloqram barama yığıldığı halda, hesabat dövründə həmin göstəricinin 630 tona çatdırıldığını, “Şəki ipək” fabrikinin fəaliyyət göstərməyə başladığını, bu müəssisədə yüzlərlə insanın işlədiyini, bütün bunlarla bərabər ipəkçiliklə bağlı düşünülmüş konsepsiyanın olmasının vacibliyini qeyd edib. Dövlət başçısı daha sonra deyib: “Pambıq istehsalı da keçən il rekord həddə çatıb – 294 min ton. Məhsuldarlıq 29,4 sentner, yəni, 30 sentnerə yaxındır. Sovet dövründə cəmi iki, ya üç il ərzində bu dərəcədə məhsuldarlıq olmuşdu. Bu da emal sənayesini dəstəkləyən sahədir. Artıq iplik fabrikləri var, ancaq iplik fabrikləri məhsulun cəmi 50 faizini emal edir. Biz iplik fabriklərindən o tərəfə getmirik. Amma parça istehsal olunmalıdır - hazır məhsul. Ona görə bu məsələlərlə bağlı və elektron kənd təsərrüfatı proqramı artıq nazirlik tərəfindən icra edilir...”.
Müşavirədə, həmçinin vurğulanıb ki, ötən il regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilən, dinamik və hərtərəfli inkişaf yolu keçən respublikamızın iqtisadi qüdrəti, fəal xarici siyasəti beynəlxalq aləmə daha sıx inteqrasiyanı, ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmlənməsini təmin edib. Şübhəsiz ki, bu uğurlara dövlət başçısının ümummilli lider Heydər Əliyevin inkişaf strategiyasına əsaslanan uzaqgörən siyasəti nəticəsində nail olunub. Ölkəmiz tarixi baxımdan qısa müddət ərzində sıçrayışlı iqtisadi inkişafı reallaşdırıb, bütün sahələrdə köklü islahatlar apararaq mərkəzləşdirilən planlı sistemdən bazar iqtisadiyyatına keçidi başa çatdırıb, böyük transmilli layihələrin təşəbbüskarı və aparıcı iştirakçısı olub.
Makroiqtisadi sabitliyin qorunması, iqtisadiyyatın diversifikasiyasının davam etdirilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, dünya iqtisadi sisteminə inteqrasiyanın sürətləndirilməsi, xarici iqtisadi əlaqələrin və beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi, xarici dövlətlərlə ikitərəfli ticarət əlaqələrin inkişafı müstəqil Azərbaycanın daha da qüdrətlənməsində mühüm önəm daşıyıb, ölkəmizin dünyada nüfuzunu daha da artırıb. 
Azərbaycanın xarici dövlətlərlə ikitərəfli ticarət münasibətlərindən danışarkən, bildirilib ki, bu iş, ilk növbədə, yaxın qonşu ölkələrlə çox sıx əlaqədə həyata keçirilib. Qeyri-neft ixracında 14 faizlik artım məhz sözügedən istiqamətdə gerçəkləşdirilən tədbirlərin nəticəsində əldə olunub. Rusiya Federasiyası Azərbaycanın qeyri-neft ixracı üzrə əsas ticarət tərəfdaşı kimi mühüm rol oynayıb. Belə ki, dövlət başçısının göstərişi əsasında Rusiya Federasiyasında Azərbaycanın ilk ticarət nümayəndəliyi yaradılıb. Bu ölkədə ticarət və şərab evləri açılıb. 
Çinlə əlaqələr baxımından da keçən il uğurlu nəticələr əldə edilib. Azərbaycanın bu ölkəyə ixracında artıq əvvəlki illərə nisbətən artımın müsbət dinamikası müşahidə olunub. Çində ikinci ticarət nümayəndəliyi, bir neçə ticarət və şərab evi fəaliyyətə başlayıb, qısa zaman ərzində qeyri-neft ixracı və ticarət dövriyyəsinin artımında önəmli göstəricilər qeydə alınıb. 
Hazırda Çinlə digər istiqamətlərdə də əməkdaşlıq əlaqələri inkişaf edir, o cümlədən nəqliyyat, logistika sektorunda uğurlar qazanılır. Artıq bu ölkədən konteyner qatarların Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə Azərbaycandan Türkiyə ərazisinə keçidi təmin olunur. 
Müşavirədə bildirilib ki, qonşu ölkələrdən İranla da ticarət dövriyyəsində, habelə digər sahələrdə önəmli nəticələr əldə edilib. Bu ölkə ilə ticarət dövriyyəsində 30 faizdən yuxarı artım qeydə alınıb. 
Daha sonra bildirilib ki, hazırda Azərbaycan Rusiya və İran vasitəsilə Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsi istiqamətində önəmli tədbirlər həyata keçirir. Artıq avtomagistral yollar yenilənir, dəmir yolu təmir olunur. Azərbaycan öz ərazisində işlərin böyük hissəsini artıq başa çatdırıb və yaxud başa çatdırmaq üzrədir. 
Bu il Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsünün inşasına başlamaq planlaşdırılıb. Gələn il həmin körpünün tikintisinin yekunlaşacağı nəzərdə tutulur. Bakıdan Rusiya Federasiyası sərhədinə qədər olan magistral yolun tikintisinin də gələn il başa çatdırılması planlaşdırılır. Bu isə Azərbaycan ərazisindən yük avtomobillərinin keçidi baxımından təxminən iki dəfəyədək vaxt itkisinin azalmasına gətirib çıxaracaq. Beləliklə, Azərbaycan bölgədə Şimal-Cənub, Şimal-Qərb, Cənub-Qərb istiqamətində yük avtomobillərinin hərəkəti üçün ən əlverişli şərait yaratmış olacaq.
Müşavirədə cari ilin dövlət investisiya proqramı barədə də danışılıb. Bildirilib ki, dövlət başçısı tərəfindən təsdiqlənən həmin proqramın əsas məqsədi mövcud və başlanılan layihələrin həcmi ilə əldə olan resursların həcmini düzgün dəyərləndirmək və növbəti illər üçün dövlət sərmayələrinin səmərəliliyini artırmaqdır. Amma, həm də nəzərə alınmalıdır ki, bu gün beynəlxalq aləm daha müasir məhsulları ortaya çıxartmağı tələb edir. Bu da, öz növbəsində, yeni texnologiyaların tətbiqini qarşıya mühüm vəzifə kimi qoyur. 
Prezident İlham Əliyev diqqəti investisiya proqramında nəzərdə tutulan infrastruktur layihələrinin icrası ilə paralel olaraq iqtisadiyyatın real sektoruna dəstək verilməsinin zəruriliyinə yönəldərək deyib: “İnfrastruktur layihələrinin real sektora olan təsiri də bir növ təhlil edilməli və mənə məlumat təqdim edilməlidir. Misal üçün, yeni infrastruktur, tutaq ki, bu və ya digər rayonda iqtisadiyyatın real sektoruna nə dərəcədə müsbət təsir göstərmişdir”.
Göründüyü kimi, dünyada gedən proseslər, bölgədə olan mürəkkəb vəziyyət və digər problemlər fonunda ötən il siyasi, sosial-iqtisadi sahələrdə əldə edilən göstəricilər, doğrudan da, Azərbaycan üçün böyük nailiyyətdir və Prezident İlham Əliyevin apardığı uzaqgörən siyasətin bariz ifadəsidir.

 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

 

15 2020 01:03 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Sentyabr 2020 | 15:20
Bu gün tarixdə qalacaq

Köhnə versiyamızdan xəbərləri izlə