Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Köhnə düşüncələri alt-üst edən kitab “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər”

Yeni kitablar

Köhnə düşüncələri alt-üst edən kitab “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər”

“Müqəddəs “Qurani-Kərim”də adı keçən Zülqərneyni, ilk Əhəməni imperatoru Böyük Kiri (Küruş, Kureş), qədim Romanın qurucusu Romulu (ikinci adı – Kuris), Krişnanı, Qautama Buddanı, Qaumata Bardiyanı, Atropatı, III Artabanı, Məhəmməd Peyğəmbərin ulu babası Qureyşi, Şah İsmayıl Xətaini bir-birinə nə bağlayır? Ələm hansı mənanı ifadə edir? Uzaq Nepalda Salyan adlı şəhərin, onun yaxınlığında isə Banke adlı yaşayış məntəqəsinin olmasını nə ilə izah etmək olar? Niyə Şah İsmayılın həyat yolu Böyük Kirin həyat yolunu, Nadir şah Əfşarın həyat yolu isə Makedoniyalı İsgəndərin həyat yolunu, sanki, təkrarlayır. Belə paralelləri təsadüflərin nəticəsi hesab edə bilərik? Düşünürəm ki, bu sualların cavabını oxucu ölkəmizdə yeni işıq üzü görmüş “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər” əsərində tapa biləcəkdir”.
Bakı Dövlət Universitetinin kafedra müdiri, tarix üzrə elmlər doktoru, professor Anar İsgəndərovun tarixi mövzularda araşdırmaları elmi-mədəni dairələrdə böyük marağa səbəb olmuş tədqiqatçı Araz Abbasovun (Şəhrili) adı dünya tarixinə hökmdar, fateh və şair kimi yazılmış Şah İsmayıl Xətaiyə həsr olunmuş “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər” kitabı barədə mülahizələri bu fikirlərlə başlayır. Tarixçi alim Azərbaycan tarixində möhtəşəm yer tutan Səfəvilər dövlətinin banisinin həyat və fəaliyyətinə çağdaş baxışın dərinliyi və əhatəliliyi ilə seçilən yeni nəşrin özəllikləri barədə düşüncələrinin davamında bildirir:
– Əziz oxucu, səni çox maraqlı bir kitabla tanışlıq gözləyir. Bu kitabı oxusan, əminəm ki, uzun müddət onun təsiri altında qalacaqsan. Kitab tarixə yeni baxış təklif edir, formalaşmış, daşlaşmış stereotipləri sındırır. Elə buna görə də onun ilk səhifələri, xüsusilə Azərbaycan Səfəvilər dövlətinin qurucusu Şah İsmayıl ilə Əhəmənilər imperiyasının banisi Böyük Kirin adlarının yanaşı çəkilməsi əvvəlcə səndə etiraz doğura bilər. Bəlkə də, təqdim olunan faktlarla razılaşmaq istəməyəcəksən. Lakin hökm verməyə tələsmə, kitabı sona qədər oxu və düşüncənə stereotiplərin yiyələnib-yiyələnmədiyini müəyyən etməyə çalış! Sözsüz ki, həyatda ən əsas prinsiplərdən biri də obyektivlikdir!
Milli tariximiz bir çox fakt, hadisə və şəxsiyyətləri barədə yad fikirlərdən qurtulmağın yeganə yolu tarixi həqiqətlərə sadiq qalmaqdır. Söz açdığım kitabın birinci hissəsində də müəllif faktları (və paralelləri) sadalayır, ikinci – əsas hissəsində isə həmin faktları məntiqli şəkildə bir-biri ilə əlaqələndirərək səbəbləri, məzmunu və nəticəni izah edir.
Bu tədqiqatın əhəmiyyəti məhz ondadır ki, burada tarix elminin, əslində, tətbiqi bir sahə olduğu göstərilir. Əsas deviz isə belədir: “Tarix təkrarlanır”. Müəllifin tədqiqat mövzusuna peşəkar təhlilçi kimi yanaşması, təhlilin məntiqi-təfəkkür, modelləşdirmə və statistik metodlarından istifadə etməsi, həmişə maraqlı nəticələr alması, sözsüz ki, təqdirəlayiqdir.
Sovet imperiyasının 70 il ərzində yürütdüyü siyasət Azərbaycan tarixini ideologiyanın əsrinə və alətinə çevirdi. Azərbaycanlı öz tarixinə hakim imperiyanın onun üçün təyin etdiyi prizmadan baxmağa məcbur edildi. Yeri gəlmişkən, ədəbiyyatımızda da eyni situasiya hökm sürürdü. Nizamini, Nəsimini, Füzulini “utopik sosializm tərənnümçüləri” kimi təqdim edirdilər. Azərbaycan tarixinin şanlı səhifəsi olan Səfəvilər dövrünə “sinfi mübarizə” müstəvisindən baxmağa çalışırdılar.
Sovet dövründə sosializmin banilərindən olan Karl Marksın belə bir fikri tez-tez təkrar edilirdi: “Səfəvilər xanədanının banisi Şah İsmayıl fateh idi. O, 14 illik hakimiyyəti dövründə 14 əyalət fəth etmişdi. Amma Şah İsmayılın fəaliyyəti o qədər nəhəng və çoxşaxəli olmuşdu ki, Marksın sözləri, olsa-olsa, onun həyatının yalnız bir hissəsini xarakterizə edə bilərdi. Çünki Şah İsmayıl yalnız ölkələrin deyil, qəlblərin, könüllərin də fatehi idi. Şah İsmayıl-- qurucu, Şah İsmayıl-- hökmdar, Şah İsmayıl-- sərkərdə, Şah İsmayıl-- döyüşçü, Şah İsmayıl-- mürşid, Şah İsmayıl-- filosof, Şah İsmayıl şair idi...
Bu kitab tarixin, həqiqətən, tarix olması üçün onun təməl sütunlarını göstərməyə, qaranlıq səhifələrinə işıq salmağa çalışır, tarixin dərin qatlarında aşkarlaya bildiyi sirləri səninlə bölüşür. Hər şey fikirdən başlayır, sonra bilik yaranır, nəhayət, elm formalaşır. Tarixi fikrin bünövrəsi, əsası yazılı mənbələrdir. Bəs onlar olmayanda? O zaman tarixçinin köməyinə ehtimallar çatır. Ehtimallar isə əsaslandırılmış olmalıdır, onları, necə deyərlər, “havadan” götürmək olmaz. Bunun üçün əldə olan materiallar diqqətlə təhlil edilməli, paralellər müəyyənləşdirilməli, analogiyalar aparılmalıdır. 
Bu, möhkəm məntiq yaradaraq, son nəticədə həm oxucunu inandırır, həm də kitabın nüfuzunu artırır. Tarixi paralellərin təqdim edilməsinin və ehtimalların irəli sürülməsinin ardıcıllığı problemin qoyuluşundan asılıdır. İstənilən halda əgər ilk iki üsul (paralellər və ehtimallar) uğur qazanıbsa, deməli, tarixi həqiqəti oxucuya çatdırmaq mümkün olmuşdur.
Professor Anar İsgəndərov istedadlı araşdırmaçı Araz Abbasovun (Şəhrili) “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər” kitabı barədə qeydlərini bu sözlərlə tamamlayır:
– Səfəvi tarixi Azərbaycan tarixinin xüsusi, öyünclü bir dövrüdür. Bu dövlət Azərbaycan tarixində uzunmüddətli fasilədən sonra, ilk dəfə olaraq, yaxşı mənada “böyük dövlət” (buna imperiya da demək olar) düşüncə tərzini bizə qaytardı. Amudəryadan Sırdəryaya, Fəratdan Dəcləyə, Şimali Qafqazdan İran körfəzinə qədər geniş əraziləri özündə ehtiva edən nəhəng dövlət quruldu. Səfəvilər böyük bir imperiya yaratdılar. 
Amma bu imperiya, digərlərindən fərqli olaraq, heç bir xalqın dini inanclarına, milli dəyərlərinə toxunmadı, ölkədəki etnik rəngarəngliyi pozmadı. Dövlətin paytaxtında hansı qanunlar işləyirdisə, ucqarlarda, qeyri-müsəlman, qeyri-türk vilayətlərində də həmin qanunlar tətbiq olunurdu. Səfəvi dövləti haqqında nə qədər yazılsa, yenə də azdır.
Bu dövlət Vətən tarixinin ən uzunömürlü sütunlarından biri olmuşdur. Məhz buna görə də tədqiqatçı Araz Abbasovun (Şəhrili) bu kitabı, Şah İsmayılın həyatının bizə məlum olmayan məqamları ilə bağlı fikirləri böyük maraq doğurur. Əminəm ki, kitabı oxuyan hər bir Azərbaycan gənci müəllifi arayacaq, ürəyindən keçən sualları ona verəcək və müəllifdən yeni əsərlər gözləyəcək.

 

Hazırladı: 
Tahir AYDINOĞLU, “Xalq qəzeti”

15 2020 00:02 - XƏBƏRLƏR
XƏBƏRLƏR
29 Yanvar 2020 | 16:13
Qazax: qapını döyən var...

Köhnə versiyamızdan xəbərləri izlə