Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Globus Travel” turizmin inkişafında innovativ metodlara üstünlük verir

“Globus Travel” turizmin inkişafında innovativ metodlara üstünlük verir

Turizm sahəsi həm regionların inkişafı, həm də ki, ölkənin iqtisadi  potensialının möhkəmlənməsi üçün, Azərbaycanın imici, dünyaya inteqrasiyası üçün çox mühüm bir vasitədir. Bizim çox gözəl təbiətimiz var. Bəlkə nadir ölkələrdən biriyik ki, burada istənilən təbii şərait, istənilən iqlim var. 
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsinə yönələn strategiyanın mühüm istiqamətlərindən biri də turizmin inkişafıdır. Bu gün Azərbaycan dünyada təhlükəsiz, sabit ölkə kimi tanınır. Prezident İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədəki çıxışında demişdir: “Azərbaycanda mövcud olan sabitlik, beynəlxalq mövqelərimizin möhkəmlənməsi, ölkəmizdə keçirilmiş beynəlxalq tədbirlər turizmin inkişafına xidmət göstərir. Ötən il turistlərin səfərləri rekord həddə çatıb – 3 milyon 170 min xarici qonaq ölkəmizə gəlmişdir... Turizmin inkişafı bundan sonra da diqqət mərkəzində olacaqdır”.

Ölkəmizdə turizm sahəsinin inkişafı üçün qanunvericilik bazasının təkmilləşdirilməsi məqsədilə “Turizm haqqında” yeni qanun layihəsi, həmçinin 2016-2025-ci illər üçün Azərbaycanda turizmin inkişaf strategiyası hazırlanıb. 
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamı ölkədə qeyri-neft sektorunun mühüm sahəsi olan turizmin inkişafına əsaslı təsir göstərdi. Bunun nəticəsidir ki, ötən dövr ərzində qeyri-neft sektorunun prioritet sahələrindən olan turizm sənayesində görülmüş işlər nəticəsində Azərbaycanda bu sektorun inkişafı üçün münbit şərait yaradılmış və milli turizm kompleksinin rəqabətə davamlılığı yüksəldilmişdir.
Strateji Yol Xəritəsində turizmin inkişafı ilə bağlı nəzərdə tutulan tədbirlərin reallaşması da yeni ­uğurlara start verilməsinə imkan yaratmışdır. 
Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin yaradılması bu sahənin problemlərini daha çevik həll etməyə imkan verir. Agentliyin yaranması Azərbaycanda turizmin prioritet bir sahə olduğunu bir daha təsdiq etdi. Bir sira dünya dövlətlərində, o cümlədən Avropa ölkələrində belə qurumlar var. Azərbaycanda da belə bir qurumun yaradılması, təbii ki, ölkə Prezidentinin turizmə verdiyi önəmdən irəli gəlir.
Ölkədə turizm biznesinin inkişaf etdirilməsinə göstərilən diqqət və qayğı nəticəsində bu sahədə mühüm uğurlar qazanılmışdır. Azərbaycan Respublikasının Prezidenti 31 yanvar 2017-ci ildə “İnvestisiya təşviqi sənədinin verilməsi qaydası”nda dəyişiklik edilməsi haqqında fərman imzalamışdır. Fərmana əsasən, investisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri siyahısına turizm də əlavə edilmişdir. Dəyişiklik nəticəsində turizm sahəsinə sərmayə qoyacaq daxili və xarici investorlara qanunla müəyyən edilmiş müvafiq miqdarda gömrük və vergi güzəştləri tətbiq olunur.
Qeyd edim ki, 2023-cü ilədək olan dövrü əhatə edən turizm strategiyası 9 istiqamət üzrə həyata keçiriləcək. Bu istiqamətlər turizm təcrübəsi, turizm təhsili, innovasiya və texnologiya, brend, marketinq və kommunikasiya və sairdir.
Ölkəmiz artıq dünya turistləri üçün cəlbedici məkana çevrilib. Gözəl təbiəti, qədim tarixi abidələri, zəngin mətbəxi, qonaqpərvərliyi, dövlət tərəfindən bu sahəyə ayrılan diqqət, sahibkarlara yaradılan şərait, viza sisteminin sadələşdirilməsi bu sahənin inkişafına rəvac verir.
Son illər dünya turistlərinin diqqətini Azərbaycana cəlb etmək üçün müxtəlif istiqamətlərdə fəal işlər görülür. Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin daha da möhkəmlənməsi, ən nüfuzlu təşkilatlarda layiqincə təmsil olunması, ölkəmizin beynəlxalq arenada formalaşmış müsbət imici, respublikamızın dünyada sabitlik adası kimi qəbul edilməsi, ölkəmizə marağın artmasına səbəb olub və turizm sahəsinin də inkişafına zəmin yaradıb. Bütün bunlar Prezident İlham Əliyevin düşünülmüş, uzaqgörən siyasəti sayəsində əldə olunub və Azərbaycana beynəlxalq miqyasda böyük nüfuz qazandırıb.
Azərbaycana səfər edən hər bir qonaq əmindir ki, burada yüksək xidmət, qonaqpərvərliklə yanaşı, təhlükəsiz və xoş mühitlə qarşılaşacaq, eyni zamanda, gözəl istirahətdən zövq alacaq.
Qeyd edək ki, turizmin inkişafı ilə bağlı son vaxtlar ölkə Prezidenti bir neçə sərəncam verib və onların icrası istiqamətində tədbirlər həyata keçirilib. Dövlət başçısının 2016-cı il 1 sentyabr tarixli “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN viza” sisteminin yaradılması haqqında”, habelə 20 fevral 2017-ci il tarixli “Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamları ölkədə qeyri-neft sektorunun perspektivli sahələrindən olan turizmin inkişafına əhəmiyyətli təsir göstərilib. Cənab Prezidentin də qeyd etdiyi kimi, “ASAN viza” sistemi ölkəmizə səfər edən əcnəbi vətəndaşların sayının qısa müddətdə sürətli artımını təmin edib. 
Ölkənin turizm sisteminin inkişafı və fəaliyyəti turizm şirkətləri tərəfindən həyata keçirilir və onlar turizm sisteminin inkişafında müstəsna rol oynayırlar. Turizm sahəsinə informasiya texnologiyaları və informasiya sistemlərinin tətbiqi bu sektorun inkişafının yeni aspektlərinin formalaşmasına səbəb olur. İnformasiya texnologiyaları turizmi insanın həyat fəaliyyətində əsas yerlərdən birinə çevrilməsinə yaxınlaşdırır. Biz də müntəzəm olaraq innovativ yeniliklərdən istifadə edərək fəaliyyətimizi bu istiqamətdə qurur və ölkəmizin təqdimatını yüksək səviyyədə təqdim etməyə çalışırıq. Azərbaycanda turizm sahəsində sahibkarlığın inkişaf tempi ildən- ilə artır və sahibkarlara dövlət tərəfindən xüsusi dəstək göstərilir.
Rəhbərlik etdiyim ”Globus Travel” turizm şırkətini 2002-ci ildə Tovuz rayonunda təsis etmişik. Şirkətimiz 18 il ərzində böyük inkişaf yolu keçmişdir. Bütün bu illər ərzində çoxsaylı nailiyyətlərə imza atmışıq. Bundan əlavə, ölkədə olan azsaylı şirkətlərdən biriyik ki, turizm sektorunun bütün sahələrində fəaliyyət göstəririk. 
Hazırda ölkədə bir neçə rəsmi ofisimiz var. Bakı və Gəncə şəhərlərinin hər birində 2, Şəmkir və Tovuz rayonlarında isə 1 ofisimiz fəaliyyət göstərir. Biz bununla müştərilərimizə maksimum yaxın olmağa çalışırıq. Əməkdaşlarımız yüksək təlim görmüş peşəkar turizm menecerləridir və istənilən müştərinin səyahət ehtiyaclarına uyğun təklifləri təqdim etməyə hazırdır.
Ümumiyyətlə, müasir dövrdə istənilən sektorda yüksək səmərəliliyi təmin etmək üçün texniki innovasiyaların tətbiqi zəruridir. Turizm sektoru da istisna deyil. Rəsmi ölkə nümayəndəsi olduğumuz IATI online B2B satış sistemi vasitəsilə subagentlərlə iş proseslərimizin böyük bir qismini texnoloji müstəviyə gətirməyə nail olmuşuq. 
Türkiyə ilə Azərbaycan arasında tətbiq olunan viza rejiminin ləğv edilməsi sayəsində turistlərin səyahət imkanları daha da asanlaşdırıldı. Bu münasibətlə Türkiyədə yerləşən bir sıra böyük turizm şirkətlərindən ibarət böyük bir qrup üçün Azərbaycana infotur (məlumatlandırma xarakterli) təşkil edildi.
Ötən il Rusiya Federasiyasının ən böyük şəhərlərindən olan Sankt-Peterburq ilə Bakı arasında birbaşa uçuşların sayının artmasını nəzərə alaraq , bölgədən olan tur operatorların iştirakı ilə Azərbaycana yüksək səviyyəli infotur təşkil edildi. Tur ərzində yerli turizm şirkətləri və otellər ilə də B2B görüşləri keçirildi.
Pakistanlı turistlərin Azərbaycana marağının artması ilə əlaqədar olaraq Pakistan Turizm Bazarı (PTM) sərgisinin təşkilatçıları və dost ölkənin qabaqcıl şirkətləri ilə davamlı görüşlər keçirilmişdir. Görüşlər zamanı ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi və qarşılıqlı biznes imkanları müzakirə edilmişdir.
Ötən il Ərəb ölkələrindən şirkətimizin xəttı ilə 2803, İrandan 1378, Rusiyadan 3098, Qərbi Avropadan 1149, Türkiyədən 1127 turist ölkəmizə gətirilmişdir.
Bizim şirkətimizin əsas hədəfi və seçdiyi yol ölkəmizi layiqincə təmsil etmək, eyni zamanda, Azərbaycana səfər edən qonaqlara yüksək xidmət göstərərək onları məmnun etməkdir. Ölkənin turizm sahəsində inkişafı və onun beynəlxalq aləmdə təmsil edilməsi öhdəliyi milli turizm təşkilatlarının payına düşür.
Biz bu il də öz üzərimizə düşən öhdəlikləri uğurla yerinə yetirmək üçün mövcud imkanlardan maksimum istifadə etməyə çalışırıq.

 

Eldəniz SƏFƏROV, 
“Globus Travel” şirkətinin baş direktoru

 

 

15 2020 01:01 - XƏBƏRLƏR
XƏBƏRLƏR
29 Yanvar 2020 | 16:13
Qazax: qapını döyən var...

Köhnə versiyamızdan xəbərləri izlə