Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nikol Paşinyanın cəfəng bəyanatları Ermənistanın ifşası ilə nəticələnir

Nikol Paşinyanın cəfəng bəyanatları Ermənistanın ifşası ilə nəticələnir

Ermənistan rəhbərliyi növbəti dəfə saxta məlumat əsasında Ermənistanı Azərbaycanla müqayisə etmək istəsə, yaxşı fikirləşsin. Çünki idman dili ilə desək, Azərbaycan ali liqada, Ermənistan isə üçüncü liqadadır və getdikcə bu fərq daha da böyüyəcək.
İlham ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti


Mövcudluğu xəyanət, satqınlıq, separatçılıq, terror, təxribat və oğurluq üzərində qurulmuş ermənilərin rəhbərlik sarıdan heç vaxt bəxti gətirməyib və deyəsən, heç  gətirməyəcək də. Qədim Azərbaycan torpaqlarında yaradılmış  Ermənistan dövlətinin indiki rəhbəri Nikol Paşinyanın siyasi səviyyəsi və idarəetmədəki “səriştəsi” bu  arqumentin danılmaz sübutudur. O,  istənilən məsələ barədə danışarkən, hər dəfə  dilə gətirdiyi  utancverici səhvlərlə öz xalqını və dövlətini ifşa edir. Azərbaycan Prezidenti İlham Əliyev həm Rusiya Federasiyasının Soçi şəhərində, həm də Türkmənistanın paytaxtı Aşqabadda Paşinyanın əsassız iddialarına cavab vermiş və nəticədə Ermənistan dövləti rüsvay olmuşdur.

Bugünlərdə isə “Ermenihaber.am” saytı yazdı ki, Nikol Paşinyan Azərbaycan dövlətindən 30 il qabaq “Bakıda öldürülmüş” ermənilərin xatirəsinə ehtiram gözləyir. Sayt Nikol Paşinyana istinadən yazır: “Heç kəs ermənilərin haqqını tapdalaya və ya xatirəsini alçalda bilməz. Biz buna yol verməyəcəyik. Çünki Ermənistan güclü dövlətdir”. Doğrusu, Paşinyan o qədər boş bəyanatlar verir ki, artıq onun dediklərinə Ermənistanın özündə belə sərsəmlik kimi baxırlar. 
Aradan bir həftə keçməmiş region mətbuatı yazdı ki, gürcü nazir Nikol Paşinyanı rüsvay etdi. Xəbər belə idi: “Nikol Paşinyanın Ermənistanın iqtisadi göstəricilərə görə Gürcüstan və Azərbaycanı keçməsi barədə absurd fikri faktiki olaraq beynəlxalq qalmaqala gətirib çıxarıb. Gürcüstanın İqtisadiyyat naziri Natiya Turnava bildirib ki, N.Paşinyan elementar məsələləri bilmir və iqtisadi göstəricilərin necə hesablandığını başa düşmür.
Nazir vurğulayıb ki, Nikol Paşinyanın bu məsələni öyrənməsi məqsədəuyğun olar: “Gürcüstanda statistika xidməti 2019-cu ilin noyabrından ÜDM-in hesablanmasının yeni üsulunu tətbiq edib və bu, hələlik Beynəlxalq Valyuta Fondunun və digər maliyyə təşkilatlarının hesabatlarında öz əksini tapmayıb. Regionumuzun ölkələri – Azərbaycan, Ukrayna və Moldova da əlavə dəyər vergisinin hesablanmasının yeni üsulunu tətbiq edib. BVF-nin növbəti hesabatında əks olunacaq”. Yəni xanım nazir bu qeydləri ilə öz yerini bilməyən, hər çıxışı ilə erməniləri alçaldan, müasir idarəermədən xəbərsiz olan Nikol Paşinyana mətbuat vasitəsilə dərs verdi.
Bu günlərdə Paşinyanın absurd addımlarından biri ilə də tanış olduq. Bu savadsız biçarə bəyanat veribmiş ki, o, ABŞ-la İran arasında konfliktin çözülməsində vasitəçi olmağa  hazırdır. Rusiya və NATO qərargah rəislərinin mütəmadi   görüş yeri kimi şeçdikləri Azərbaycandan fərqli olaraq dünya siyasətində heç bir çəkisi olmayan, Rusiyanın vassalı olan forpost ölkənin, qısası, faktiki, müstəqilliyini itirmiş bir ölkənin rəhbərinin Vaşinqtonla Tehranı barışdıracağına inanması sadəcə xəstəlik əlamətidir.
Nikol Paşinyan daha mükəmməl dərsi yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdən aldı. Dövlət başçımızın 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədəki yekun nitqi Nikol Paşinyanın  Ermənistanla Azərbaycanın siyas-iqtisadi fərqlərini dərk etməsi, öyrənməsi  üçün çox dəyərli vəsaitdir. Doğrudur, cənab Prezident həmin nitqin sonunda demişdi ki, heç zaman mənim belə bir müqayisə aparmaq məqsədim olmayıb: “... Əvvəllər mən Azərbaycanı heç bir ölkə ilə heç vaxt müqayisə etməmişəm. Biz işimizi kimisə qabaqlamaq üçün görmürük. Biz işimizi Azərbaycan xalqı, dövləti naminə görürük, sadəcə olaraq, Ermənistanın növbəti yalanlarını ifşa etmək üçün məcbur olub, bu müqayisəli təhlili sizə və Azərbaycan xalqına təqdim etdim. Özü də mənim gətirdiyim rəqəmlər həqiqəti əks etdirir, Ermənistanın gətirdiyi rəqəmlər növbəti əfsanədir, növbəti yalandır”.
Dövlət başçımızın adı çəkilən nitqi kifayət qədər əhatəli, fakt və rəqəmlərlə zəngin olduğuna görə oradakı müqayisələrin hamısı barədə söz açmaq imkanımız yoxdur. Amma bəzi məqamları yada salmaq istəyirik. 

Ölkələrin siyasi müqayisəsi 


Azərbaycan 2011-ci ildə 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmişdir. Yəni, bu, özlüyündə böyük bir göstəricidir. Həmin il  bizdən əvvəl Ermənistan da öz namizədliyini vermişdi. Ancaq biz namizədliyimizi verəndən sonra onlar götür-qoy etdilər və gördülər ki, bizimlə rəqabətdə onlar 100 faiz uduzacaqlar, çox sakitcə, qorxaqcasına öz namizədliyini geri götürdülər.

Hərbi sahədə


Azərbaycan Ordusu 2016-cı ildə Ermənistanın  dinc Azərbaycan əhalisinə qarşı hərbi təxribatına  cavab olaraq uğurlu əks-hücum əməliyyatı keçirərək Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini, minlərlə hektar torpağı işğalçılardan azad etdi və o torpaqlarda Azərbaycan bayrağı ucaldılıb. Bu, bizim hərbi qələbəmiz idi. 
Dünyanın ən güclü orduları reytinqində Azərbaycan 52-ci, Ermənistan isə 96-cı yerdədir. O cümlədən hava gücü üzrə Azərbaycan 63-cü, Ermənistan 86-cı yerdədir. Dəniz gücü üzrə Azərbaycan 67-ci yerdədir, Ermənistanda dəniz yoxdur. Tank gücü üzrə Azərbaycan 32-ci, Ermənistan 78-ci yerdədir. Mənbə “Global Firepower 2019” hesabatıdır.

Makroiqtisadi göstəricilərin müqayisəsi

 
 2019-cu ildə Azərbaycanın ümumi daxili məhsulu dollar ekvivalentində 47,6 milyard dollardır, Ermənistanda isə cəmi 13 milyard dollar. Alıcılıq qabiliyyətinə görə Azərbaycan 187 milyard dollar daxili məhsula sahibdir, Ermənistan 33 milyard, fərq 5,6 dəfədir.

Xarici dövlət borcu 


Azərbaycanda xarici dövlət borcu ümumi daxili məhsulun 17 faizini təşkil edir, Ermənistanda 40 faizdən çoxdur. Valyuta ehtiyatları Azərbaycanda xarici dövlət borcundan 6,4 dəfə çoxdur, Ermənistanda xarici dövlət borcu valyuta ehtiyatlarından 2,3 dəfə çoxdur. Adambaşına düşən xarici borc Azərbaycanda 799 dollar, Ermənistanda 1900 dollardır.

Əməkhaqları və pensiyalar


2019-cu ilin dekabr ayında Azərbaycanda orta əməkhaqqı 723 manat -- bu, 425 dollar təşkil edir, Ermənistanda 369 dollar. Alıcılıq qabiliyyətinə görə orta əməkhaqqı üzrə Azərbaycan MDB-də ikinci, Ermənistan doqquzuncu yerdədir. Minimum pensiya Azərbaycanda 200 manat, yəni 118 dollar, Ermənistanda 55 dollardır. Minimum pensiyaya görə Azərbaycan MDB-də ikinci, Ermənistan doqquzuncu yerdədir.
 

Davos Ümumdünya İqtisadi Forumunun qlobal rəqabətlilik hesabatında


İqtidarın uzunmüddətli strategiyasına görə Azərbaycan dünyada onuncu, Ermənistan 59-cu yerdədir. İqtidarın siyasi sabitliyi təmin etməsi  -- Azərbaycan 11-ci, Ermənistan 58-ci yerdədir. Məhkəmə azadlığı -- Azərbaycan 39-cu, Ermənistan 67-ci yerdədir. Polis orqanlarına etimad -- Azərbaycan 30-cu, Ermənistan 44-cü yerdədir.  

“News & World Report”un təhlilində

 
Dünyanın ən güclü 80 ölkəsinin siyahısında Azərbaycan  45-ci yerdədir,  Ermənistanın isə ümumiyyətlə, adı belə yoxdur. İqtisadi inkişaf tempinə görə isə bizim yerimiz dünya miqyasında 35-cidir.


Ermənistanın sıfırları


 2019-cu ildə Azərbaycanda şəhid ailələrinə və müharibə əlillərinə 934 mənzil verilibdir, Ermənistanda sıfır. 
Bütövlükdə Azərbaycanda bu kateqoriyadan olan insanlara 7590 mənzil verilib, Ermənistanda sıfır. 
Azərbaycanda təkcə keçən il bu kateqoriyadan olan insanlara 600 avtomobil verilib, Ermənistanda sıfır.
Azərbaycanda  bu kateqoriyadan olan insanlara ümumilikdə 6750 avtomobil verilib, Ermənistanda sıfır.  
 Xatırladaq ki, erməni şərhçi Qalust Qriqoryan da “armenianreport.com”-dakı məqaləsində Nikol Paşinyana yaxşı dərs verir: “Azərbaycan bizə düşmən dövlətdir və onunla statistik müqayisədə asanca təkzib olunan yalan dilə gətirmək böyük axmaqlıqdır. İlk baxışda adi şeydir. Amma ötən il biz baş nazirin komandasının Azərbaycan rəhbərliyi ilə birbaşa və qiyabi söz savaşına hazır olmadığına dəfələrlə şahidlik elədik. İlham Əliyev  Qaregin Njde ətrafında polemikada Paşinyanı məğlubiyyətə uğratdı. İstənilən rusiyalı keçmiş SSRİ-nin tərkibindən çıxan başqa dövlətin sakinləri kimi bu məsələdə qonşu ölkənin sözünə inandı, nəinki bizim baş nazirin. Bizim “məxməri hakimiyyət”, göründüyü kimi, yalnız yalan danışa bilir...  Özü də bu adam pozitiv dəyişikliklər həsrətində olan Ermənistan vətəndaşlarının əksəriyyətinin demokratik seçimidir. Bunun əvəzində isə biz olduqca primitiv yalan və axmaqlıqlar görürük -- hansı ki, təkcə   Nikol Paşinyan yox,  hamımız xəcalət çəkirik”.
Yəni Ermənistan rəhbərliyi bu müqayisələri götür-qoy etməyi bacarmırsa, onda belə cəhdlərə baş vurmasın. Unutmasın ki, bu müqayisələri, bu fərqləri təkcə Azərbaycanda və Ermənistanda deyil, dünyanın hər yerində, hamı bilir. Təbii ki, Nikol Paşinyan istisna olmaqla. 

 

Hazırladı: 
İttifaq MİRZƏBƏYLİ, 
“Xalq qəzeti” 

 

15 2020 00:58 - XƏBƏRLƏR
XƏBƏRLƏR
29 Yanvar 2020 | 16:13
Qazax: qapını döyən var...

Köhnə versiyamızdan xəbərləri izlə