Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Qırmızı körpü”nün bərpa işləri yekunlaşır

“Qırmızı körpü”nün bərpa işləri yekunlaşır

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov bildirib ki, Azərbaycanın əhəmiyyətli abidələrindən biri olan “Sınıq körpü”nün (Qırmızı körpü) bərpa işlərinin bir qismi artıq başa çatdırılıb.

Mətbuat katibi qeyd edib ki,  hazırda körpünün parapet hissəsi, fasadı, örtüyü və karvansarada bərpa işləri davam etdirilir: “Bildiyimiz kimi 2018-ci ilin dekabr ayından hər iki ölkə - Azərbaycan və Gürcüstan tərəfindən razılaşdırılmış layihə əsasında bərpa işlərinin aparılmasına başlanılıb. Bu müddət ərzində körpünün üstündə sonradan əlavə olunmuş hissələr,  o cümlədən qalınlığı 50-80 sm olan beton bordür dağıdılıb, istinad divarı inşa olunub, üstü dağılmış karvansaranın içi söküntülərdən təmizlənib, həmin karvansarada bərpa işləri başa çatdırılıb”.

F. Hüseynov görülən işlərin iki aya yekunlaşacağını bildirib: “Qeyd edim ki, bərpa işlərinin cari ilin mart ayının sonunadək başa çatdırılması nəzərdə tutulub”.

Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 nömrəli qərarına əsasən dünya əhəmiyyətli memarlıq abidəsi olan körpü XII əsrdə Xram çayı üzərində inşa olunub. Qədim karvan yolunun üstündə olan bu körpü el arasında “Sınıq körpü” də adlanır. Yazılı mənbələrə görə, körpünün bel hissəsinin sınıq olmasına görə bu körpüyə belə ad qoyulub.

O dövrdə Azərbaycanın digər yerlərində tikilən çoxaşırımlı körpülərlə müqayisədə, bu körpü öz monumentallığı ilə seçilir. Körpü dörd aşırımlıdır və hər bir aşırımın ölçüsü 8.2 m, 16.1 m, 8 m, 26.1 m-dir. Körpünün dayaqları yonulmuş sal qaya daşından hörülüb. Sel suları tutmayan səviyyədən isə qırmızı kərpicdən tikilib. Körpünün sağ və sol sahillərində istifadə olunması üçün geniş yerləşgələr salınıb. Sol tərəfdəki yerləşgənin sahəsi 116 kvadratmetr,  sağ tərəfdəki isə 166 kvadratmetrdir.

Abidənin bərpa və konservasiya layihəsi “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutu tərəfindən hazırlanıb. Bərpa işləri başa çatdıqdan sonra körpüdən piyadaların keçidi üçün istifadə olunacaq.

“Xalq qəzeti”

14 2020 15:08 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
21 Yanvar 2020 | 13:40
Polad Bülbüloğlu – 75
24 Dekabr 2019 | 14:46
Xalq Bankın mənəvi saxlancı

Köhnə versiyamızdan xəbərləri izlə