Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İctimai Səhiyyə fakültəsinin elmi şurasında yenilik

Azərbaycan Tibb Universitetinin (ATU) İctimai Səhiyyə fakültəsinin elmi şurasının iclası keçirilib. İclasda dekan, professor Anar Ağayev fakültənin 2019/2020-ci tədris ilinin qış sessiyası ilə bağlı fikirlərini açıqlayıb. Həmçinin, I və II kurs tələbələrinin aralıq qiymətləndirməsinin nəticələri haqqında məlumatları iclas iştirakçılarının diqqətinə çatdırıb. A.Ağayev gələcəkdə aralıq qiymətləndirmənin daha mütəşəkkil qaydada keçirilməsi istiqamətində bir sıra təkliflər də irəli sürüb.

Sonra Yoluxucu xəstəliklər kafedrasının tədris hissə müdiri, dosent İlham Bayramov kafedranın illik fəaliyyəti ilə bağlı məruzə ilə çıxış edib. O, il ərzində kafedrada aparılan işlər, çap olunan dərs vəsaitləri, mövcud vəsait çatışmazlığı, kadr hazırlığı və tədris bazalarındakı durumla bağlı danışıb.

İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının müdiri, professor Rafiq Çobanov, ATU-nun Elmi-Tədqiqat Mərkəzinin direktoru, professor Qalib Qarayev, Ümumi gigiyena və ekologiya kafedrasının müdiri, professor Mirzə Kazımov hesabatı qənaətbəxş hesab edib, məruzə barədə bəzi təklif və iradlarını səsləndiriblər.

Qeyd edək ki, bu ildən etibarən elmi şuranın iclasında yenilik tətbiq olunur. Belə ki, bundan sonra fakültə şuralarında elmi dərəcə almaq istəyən doktorant və dissertantların elmi işlərinə dair illik hesabatlar iclasda müzakirə olunacaq.

İlk olaraq elmi şurada Epidemiologiya kafedrasının dosenti Xatirə Xələflinin “Azərbaycan Respublikası ərazisində helmintozların müasir gedişinin epidemioloji, klinik və mikrobioloji xüsusiyyətləri”, Yoluxucu xəstəliklər kafedrasının dissertantı Aynurə Orucovanın “Uşaqlarda bakterial mənşəli meningit və meninqoenseffalitlər zamanı immunoloji dəyişikliklər və onların korreksiyası” mövzularında dissertasiya işlərinin illik hesabatları dinlənilib.

İclasın sonunda ənənəvi olaraq yubilyarlar – Epidemiologiya kafedrasının müdiri, professor  İ.Ağayev və Yoluxucu xəstəliklər kafedrasının assistenti M.Camaldinov fakültə dekanı tərəfindən diplomlarla təltif ediliblər.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

14 2020 11:21 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə