Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Neft strategiyası sosial rifahın yüksəlməsinə mühüm töhfə verir

“Əsrin müqaviləsi”nin imzalanmasından ötən müddətdə ölkə iqtisadiyyatının, xüsusən sənayenin, o cümlədən, neft sektorunun şaxələndirilməsi, beynəlxalq standartlara uyğun yenidən qurulması, innovativ texnologiyalarla təchiz olunması, yeni idarəçilik metodlarının mənimsənilməsi üçün geniş imkanlar yaranıb. Xarici neft şirkətləri ilə birlikdə axtarış-kəşfiyyat, qazma, tikinti və hasilat üzrə böyük iş həcmi görülüb və uğurlu nəticələr alınıb. Nəhəng “Şahdəniz” qaz-kondensat yatağı, orta səviyyəli “Əşrəfi” və “Qarabağ” yataqları aşkar edilib, “Abşeron” və “Ümid” yataqlarının işlənilməsinə başlanılıb.  
Yaxın illərdə  “Babək”, “Şəfəq”, “Asiman”,  “Dan ulduzu”, “Aypara” strukturlarında genişmiqyaslı axtarış-kəşfiyyat və hasilat işlərinə başlanılması planlaşdırılır. Bütün bu tədbirlərin mərkəzində isə SOCAR-ın dənizdəki başlıca kommunikasiya qovşağına çevrilən Neft Daşları, burada qazanılan zəngin təcrübə, yaradılan təkmil infrastruktur, kadr potensialı dayanır.
“Əsrin müqaviləsi”nin icrasına başlanılan vaxtdan etibarən müxtəlif ölkələrin aparıcı şirkətləri də Azərbaycanla   əməkdaşlığı uğurla davam etdiriblər. Ötən il TOTAL şirkəti ilə əməkdaşlıq çərçivəsində “Abşeron” yatağında əsas quyunun qazılması başa çatdırılıb. Bu, gələcəkdə həmin yataqda hasilat üçün istifadə olunacaq. Quyu iki gövdədən ibarətdir, onlardan birincisi “Abşeron” yatağının potensialının qiymətləndirilməsi üçün nəzərdə tutulub. Birinci gövdənin dərinliyi 7411 metrdir. Bu, SOCAR-ın Heydər Əliyev adına yarımdalma qazma qurğusu vasitəsilə qazılıb. Quyu Xəzər dənizində ən dərin quyudur. İkinci gövdənin dərinliyi isə 6,8 min metrdir. Qazma işləri ötən ilin oktyabrında başa çatdırılıb.
Hazırda SOCAR “Abşeron” yatağında qaz və kondensat hasilatına hazırlaşır. İlk məhsulu 2021-ci ildə, infrastruktur, kommunikasiya, platformalar və Neft daşlarında yükaşırma məntəqəsinin tikintisindən sonra əldə etmək planlaşdırılır. Məhsul “boruda boru” texnologiyası ilə Neft daşlarında aşırma məntəqəsinə və daha sonra quruda terminala nəql ediləcək.
Yeri gəlmişkən, Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağının fəaliyyətinə də toxunmağı vacib bilirik. Ehtiyatları 1,2 trilyon kubmetr qazdan və 240 milyon ton kondensatdan ibarət olan bu yatağın kəşf edilməsi və “Şahdəniz” qaz layihəsinin müvəffəqiyyətlə həyata keçirilməsi Azərbaycanı dünyaya böyük miqdarda təbii qaz ixrac edən bir ölkə kimi tanıtdırır. 
“Şahdəniz-1” layihəsi üzrə hasil olunan qazın Azərbaycan, Gürcüstan və Türkiyəyə ixrac edilməsi məqsədilə Cənubi Qafqaz Boru Kəməri - CQBK (Bakı-Tbilisi-Ərzurum) tikilib istifadəyə verilib. Bu yataqdan hasil olunan qaz Səngəçal terminalında ilkin emaldan keçirilərək ümumi uzunluğu 997 kilometr, ötürmə qabiliyyəti ildə 20 milyard kubmetr təşkil edən Cənubi Qafqaz Boru Kəməri və genişləndirilmiş boru kəməri ilə Azərbaycan, Gürcüstana və Türkiyəyə çatdırılır. Ötən ilin yanvar-sentyabr aylarında Cənubi Qafqaz Boru Kəmərinin gündəlik orta ötürücülük gücü təqribən 28 milyon kubmetr qaz olub.
“Şahdəniz-1” üzrə maksimum hasilat ildə təxminən 10 milyard kubmetr qaz və gündəlik 50 min barrel kondensat təşkil edir. 2014-cü ildə mövcud “Şahdəniz” qurğularının texniki olaraq daha da optimallaşdırılması hasilat sisteminin gündəlik maksimum gücünü 27,3 milyon standart kubmetrdən 29,5 milyon standart kubmetr səviyyəsinə qaldırılıb.
Neft strategiyasının reallaşmasında mühüm rol oynayan Neft Daşlarının keçən il noyabrın 7-də 70 illiyi tamam olub. Ötən 70 il ərzində Neft Daşları böyük bir qəhrəmanlıq yolu keçərək nəhəng istehsal-yaşayış kompleksinə çevrilib. Burada indiyədək 1939 quyu qazılıb, 200 kilometrdən çox estakada, 333 istehsal meydançası tikilib, 100 kilometrlərlə neft, qaz, su kəmərləri çəkilib, işlənmənin əvvəlindən 175,5 milyon ton neft və 14,3 milyard kubmetrdən çox qaz hasil olunub. Neft Daşları ona bitişik olan “Palçıq pilpiləsi” yatağı ilə birlikdə istismar dövründə Azərbaycanın neft hasilatının təqribən 13 faizini birbaşa təmin edib.  
“Neft Daşları” yatağından işlənmənin əvvəlindən təxminən 176 milyon ton neft və 14 milyard kubmetr təbii qaz hasil edilib. hazırda yataqda illik neft istehsalı 945-950 min ton, qaz hasilatı isə 85 milyon kubmetr həcmindədir.
Neft strategiyasının uğurla reallaşdırılmasının nəticəsidir ki, Azərbaycanda 2019-cu ilin 11 ayı ərzində 34 milyon ton neft,   təxminən 32 milyard kubmetr isə qaz hasil edilib. Hesabat dövrünün yekunlarına əsasən, respublikada qaz hasilatı 16 faiz artıb. Neft hasilatı isə 2018-ci illə müqayisədə 3 faiz azalıb. Bu göstərici “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda hasilatın təbii azalması ilə əlaqədardır. Eyni zamanda, SOCAR bilavasitə şirkət tərəfindən işlənən yataqlarda neft hasilatı səviyyəsini sabitləşdirə bilib.
2019-cu ildə “SOCAR Polymer”, Karbamid zavodu kimi layihələr uğurla başa çatdırılıb. Türkiyədə yerləşən “Petkim” neft-kimya kompleksinə 120 milyon dollar investisiya qoyulub. Modernləşmə və istehsalatın səmərəliliyinin artırılması üçün “Petkim”də “Petkim Benim” adlı xüsusi proqram işə salınıb. Bu, zavodun əməkdaşlarının idarəetmədə daha intensiv iştirakını, onlar tərəfindən əməliyyatların səmərəliliyinin artırılması üçün təkliflərin verilməsini nəzərdə tutur. Əməkdaşların təklifləri təhlil edilib və ən perspektivliləri seçilib. Nəticədə beş milyon dollar investisiya qoyulub ki, bu da ümumilikdə 120 milyon investisiyaya yol açıb. Bu investisiyalar kompleksin işində müsbət əks olunub və əlavə gəlir gətirib. Proqram bu gün də davam edir.
SOCAR hazırda paralel olaraq  Heydər Əliyev adına Bakı Neft Emalı və Sumqayıtda “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodlarını  modernləşdirir. Bu müəssisələr bir-biri ilə əlaqəlidir. Belə ki, Heydər Əliyev adına Bakı Neft Emalı zavodu “Azərkimya”nı təkrar emal üçün keçid məhsullarla təmin edir. 
Heydər Əliyev adına Bakı Neft Emalı zavodunun modernləşdirilməsi planlarına yeni qurğunun tikilməsi, eləcə də mövcud qurğuların tamamilə yeniləri ilə əvəz edilməsi daxildir. Bundan sonra, yəni 2021-2022-ci illərdə respublikada “Avro-5” standartı üzrə dizel istehsalı mümkün olacaq. Yanacağın keyfiyyəti yaxşılaşacaq, atmosferə tullantılar azalacaq və bununla ölkədə ekoloji vəziyyət daha da yaxşılaşacaq.
Bu il Azərbaycanda yeni karbamid zavodunun ötən il başlamış layihələndirilməsinin başa çatdırılması planlaşdırılır. Daha sonra mühəndis layihəsi hazırlanacaq və şirkətin rəhbərliyinə təqdim olunacaq. Bundan sonra isə Sumqayıt kimya-sənaye parkında yeni karbamid zavodunun tikintisi barədə qərar qəbul olunacaq. 
Ulu öndərin milli neft strategiyasının əsasını zəngin neft ehtiyatlarından Azərbaycan xalqının rifahı naminə səmərəli istifadə prinsipi təşkil edir. Milli neft strategiyası xarici sərmayənin və təcrübənin cəlb olunmasını, çoxvariantlı ixrac sisteminin yaradılmasını və əldə olunan gəlirlərin səmərəli, şəffaf idarə edilməsi və istifadə olunmasını nəzərdə tutur.

 

“Xalq qəzeti”

14 2020 01:56 - XƏBƏRLƏR
XƏBƏRLƏR
14 Avqust 2020 | 15:04
27 yaşlı «Qızıl Əllər»

Köhnə versiyamızdan xəbərləri izlə