Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan demokratik seçkilərin keçirildiyi ölkə imicini daha da gücləndirdi

Bələdiyyə seçkilərinin nəticələri xalqın iradəsini əks etdirir

Ölkəmizdə növbəti dəfə demokratik seçki ənənələri beynəlxalq ictimaiyyətə nümayiş etdirildi. Belə ki, dekabrın 23-də seçki məntəqələrinə üz tutan seçicilər layiqli namizədlərinə səs vermək imkan qazandılar. Demokratik və şəffaf şəraitdə keçirilən sesvermənin nəticələri də Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən təsdiqlənmişdir. Söz yoxdur ki, baş tutmuş azad və şəffaf seçkilər yerli özünüidarətmə hakimiyyətinin daha da inkişaf etməsinə və güclənməsinə şərait yaradacaq.

Ümumiyyətlə, bələdiyyə seçkilərinin azad, ədalətli, demokratik, Seçki Məcəlləsinin tələblərinə, Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərinə və demokratik seçkilər sahəsində beynəlxalq standartlara uyğun keçirilməsi təmin olunmuşdur. Müxtəlif təşkilatların hesabatlarında da bildirilmişdir ki, seçkiqabağı siyasi mühit, söz və mətbuat azadlığı, eləcə də KİV-in monitorinqinin nəticələri, həmçinin sərbəst toplaşmaq azadlığı təmin edilmiş, namizədlərin irəli sürülməsi və qeydə alınması, habelə, seçici siyahılarının tərtib olunması və təbliğat-təşviqat kampaniyası qaydalara uyğun aparılmışdır. Seçki ərəfəsi mövcud olan ictimai-siyasi mühitin Azərbaycanda azad və şəffaf seçkilərin keçirilməsinə imkan verdiyi təsdiqlənmişdir. Seçici fəallığının yüksək olduğu seçki prosesinin qanunvericiliyə, demokratik normalara uyğun, şəffaf keçirildiyi müəyyən edilmişdir. 
Burada qeyd etmək lazımdır ki, 1999-cu ildə ilk dəfə olaraq demokratik və şəffaf şəkildə keçirilmiş bələdiyyə seçkiləri nəticəsində yerli özünüidarəetmə orqanlarını formalaşdırmış Azərbaycan 25 dekabr 2001-ci il tarixdə "Yerli özünüidarə haqqında" Avropa Xartiyasına qoşulmuşdur.
Beynəlxalq müşahidəçilər də seçici siyahılarının Avropa standartlarına uyğunluğunu təsdiqləmişlər. Xatırladaq ki, seçki prosesini 52 beynəlxalq, 49 mindən çox yerli müşahidəçi izləmişdir. Beynəlxalq müşahidəçilərin sırasında, xüsusilə, Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi, Avropa İttifaqı, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus və digər nüfuzlu təşkilatların nümayəndələrini qeyd etmək olar. KİV nümayəndələrinin də səsvermənin gedişini sərbəst izləyə bildikləri səsvermənin şəffaflığını təmin etmək məqsədilə 500 məntəqədə veb-kamera quraşdırılmışdı. İstənilən şəxs istər ölkə daxilindən, istərsə də ölkə xaricindən MSK-nın internet səhifələrinə daxil olaraq həmin məntəqələrdə prosesi heç bir qeydiyyat tələb olunmadan səsvermə, səslərin sayılması və nəticələrin müəyyənləşdirilməsi proseslərini fasiləsiz müşahidə etmək ­imkanı qazanmışdı. Bir sözlə, seçkilərdə bütün digər vasitələrlə yanaşı, ən son innovativ nailiyyətlərdən səmərəli istifadə olunması səsvermə günü prosesləri əvvəldən-axıradək fasiləsiz izləməyə, arasıkəsilmədən müşahidə aparmağa və şəffaflığın daha geniş miqyasda təmin edilməsinə imkan verirmişdi. Qeyd etmək yerinə düşər ki, regionda ilk dəfə məhz Azərbaycanda seçkinin gedişatının internet vasitəsilə birbaşa izlənilməsi sistemi yaradılmışdır. Mütəxəssislərin sözlərinə görə, ölkə Konstitusiyası, Seçki Məcəlləsi və bir sıra digər normativ hüquqi aktlar, həmçinin MSK-da qəbul olunan qərarlar seçki prosesinin qanunlar çərçivəsində şəffaf keçirilməsinin təmin olunmasına yönəldilmişdir. 
Artıq Azərbaycanda keçirilmiş sonuncu bələdiyyə seçkiləri ilə bağlı səsvermənin nəticələrinə yekun vurulmuşdur. Bununla bağlı MSK-nın ­iclasında bələdiyyə seçkilərinin nəticələri təsdiqlənmişdir. İclasda bələdiyyə seçkilərinin ölkə üzrə 5049 seçki məntəqəsində keçirildiyi və Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan rayonlarını əhatə edən 7 seçki dairəsi istisna olunmaqla 118 seçki dairəsi üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçilməli olduğu açıqlanmışdır. Seçkilərdə 13 siyasi partiyanın iştirak etdiyini, 41 462 namizədin qeydiyyata alındığını bildirən MSK sədri Məzahir Pənahov məlumat vermişdir ki, səsvermə hüququna malik ­4972 356 seçicinin adı seçici siyahısına daxil edilmiş və seçki məntəqələrində seçici fəallığı 32,72 faiz olmuşdir (səsvermə hüququna malik 4 972 356 seçicidən 1 627 064 nəfəri səs vermişdir). MSK-nın seçkinin yekunları ilə bağlı protokol layihəsində bələdiyyə seçkilərinin Konstitusiyaya, Seçki Məcəlləsinə uyğun keçirildiyi qeyd edilmişdir. 
Bundan başqa, qərar layihəsində 9 bələdiyyədə seçkinin nəticələrinin ləğv edilməsi, 39 seçki məntəqəsi üzrə seçkinin nəticələrinin etibarsız sayılması əksini tapmışdır. Məlumdur ki, istənilən ölkədə keçirilən seçkilərdə ümumi nəticələrə təsir göstərməyən müəyyən nöqsanlar baş verir. Bu mənada 23 dekabr 2019-cu il bələdiyyə seçkiləri də istisna olmadı. Belə ki, seçkilərdə müəyyən məntəqələrdə müəyyən çatışmazlıqlar və nöqsanlar qeydə alındı. Bununla bağlı, yol verdiyi nöqsanlara görə 12 məntəqə seçki komissiyası buraxılmışdır. Əlbəttə, seçkilərin azad və şəffaf keçirilməsini mühüm vəzifə sayan MSK operativ reaksiya göstərmişdir. Belə ki, komitənin sədri M.Pənahov sosial şəbəkələrdə yayılan görüntülərin 2-4 dəfə ciddi araşdırıldığını bildirmişdir. M.Pənahov vurğulamışdır ki, bəzi insanlar sosial şəbəkələrdə özünə tərəfdar toplamaqla qanunauyğun qərar çıxarmağı qarışdırırlar: "Konkret faktlar göstərilməlidir. Əfsuslar olsun ki, ümumi xarakterli narazılıq bildirmək bir ənənəyə çevrilib, ancaq ortada konkret faktlar olmalıdır. Əgər pozuntu varsa, bunu sübut edən dəlillər göstərilməlidir". 
Bir sözlə, Azərbaycanda demokratik, azad, ­hüquqi, sosial dövlətin əsas xüsusiyyətlərindən biri hesab edilən növbəti bələdiyyə seçkiləri uğurla başa çatdı. Yerli özünüidarəetmənin inkişaf etdirilməsini mühüm amil kimi qiymətləndirən dövlətimiz vətəndaş cəmiyyətinin qurulması baxımından olduqca böyük əhəmiyyətə malik bələdiyyə seçkilərinin yüksək standartlara uyğun şəkildə keçirilməsini təmin etdi. 
Birmənalı şəkildə vurğulanmalıdır ki, ­artıq Azərbaycanda ­yerli özünüidarəetmədə əvvəlkindən daha dərin təcrübəyə, daha geniş qanunlar toplusuna və bu kontekstdə daha məhsuldar yerli özünüidarə qurumlarına sahib olmuşdur. Azərbaycan demoraktik seçkilərin keçirilməsində nümunəvi ölkələrdən biridir və Azərbaycan xalqının iradəsini əks etdirmiş bütün seçkilər kimi, 23 dekabr bələdiyyə seçkiləri də ölkəmizdə hüquqi dövlət quruculuğu prosesinin artıq dönməz xarakter aldığını təsdiqləməklə yanaşı, yerli özünüidarəetmə demokratiyasının daha da güclənməsinə və inkişaf etməsinə öz töhfəsini verəcək. 

 

“Xalq qəzeti”

13 2020 23:47 - XƏBƏRLƏR
XƏBƏRLƏR
14 Avqust 2020 | 15:04
27 yaşlı «Qızıl Əllər»

Köhnə versiyamızdan xəbərləri izlə