Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Deputat olmaq üçün 2 min 431 nəfər müraciət edib

Onlardan 1047 nəfərin namizədliyi rəsmən qeydə alınıb

Bu il fevralın 9- na təyin olunmuş parlament seçkilərində mübarizənin gərgin olacağı artıq hər kəsə bəllidir. Bunu  deputat olmaq istəyənlərin sayı da təsdiqləyir. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun açıqlamasında bildirilir ki, builki parlament seçkilərində iştirak etmək üçün 2 min 431 namizəd müraciət edib.  Onlardan 2 min 358 nəfərin namizədliyi artıq təsdiq olunub, 2 min 247 nəfəri isə artıq imza vərəqələrini alıb. İddiaçıların 1772 nəfəri imza vərəqələrini geri qaytarıb. 1047 nəfərin namizədliyi isə rəsmən qeydə alınıb. Bu şəxslərdən 480 nəfəri 28 siyasi partiyanın üzvüdür.

Bu rəqəmlər Azərbaycanın seçki tarixində rekord göstəricidir. Diqqət çəkən məqamlardan biri də parlament seçkilərinə 28 siyasi partiyanın qatılmasıdır. İndiyədək keçirilən seçkilərdə iştirakçıların siyasi tərkibi bu həddə çatmamışdı. Bu fakt ölkəmizdə  demokratik və şəffaf seçki keçirilməsindən, siyasi mənsubiyyətindən asılı olmayaraq, hər kəsə bərabərhüquqlu şəraitin yaradılmasından xəbər verir.  Digər tərəfdən, ölkəmizin  beynəlxalq aləmdə demokratik prinsiplərin inkişafına xüsusi önəm verməsinin beynəlxalq aləmdə yüksək qiymətlərndirilməsi də özünü açıq şəkildə büruzə verir.  
Azərbaycanda  seçkilərin şəffaf və demokratik prinsiplər əsasında keçirilməsində Prezident İlham Əliyevin siyasi iradəsi çox böyük rol oynayır. Məhz bunun nəticəsidir ki, Azərbaycanda keçirilən seçkilər həm şəffaflığın təmin olunması, həm də qanunvericiliyin tələblərinə ciddi riayət olunması baxımından  ölkəmizdə, və beynəlxalq aləmdə yüksək qiymətləndirilir. Dövlətimizin başçısı seçkilərdə şəffaflığın təmini ilə bağlı mərkəzi və yerli icra hakimiyyəti orqanlarının qarşısında çox ciddi vəzifələr qoyub.  Digər tərəfdən, ölkəmizdə hökm sürən sabitlik, təhlükəsiz mühitin də seçkiləri demokratik prinsiplər əsasında keçirilməsini  şərtləndirən  əsas amillərdəndir.  
Azərbaycanda uzun illərdir ki, mövcud olan sabitlik  beynəlxalq aləmdə  də yüksək dəyərləndirilir.  Bununla yanaşı, bütün seçki komissiyalarının fəaliyyətinin Seçki Məcəlləsinin tələblərinə uyğun təmin edilməsi üçün lazımi şərait yaradılıb. Axı, seçkilər hər bir ölkənin demokratik prinsiplərə nə dərəcədə malik olduğunun göstəricilərindən biridir.
Seçki Məcəlləsinin tələblərinə görə, Mərkəzi Seçki ­Komissiyası və aşağı seçki komissiyaları vətəndaşların səsvermə hüququnu təmin etmək, seçki subyektlərinin fəaliyyətini qanunauyğun idarə etmək, tədbirlərin qanunauyğun surətdə keçirilməsi üçün müxtəlif dövlət qurumları ilə əməkdaşlıq edirlər. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın seçki komissiyalarına aid olan hissəsinin icrası ilə bağlı  tədbirlərə hazırlıq işləri başa çatmaq üzrədir. Bu, seçki komissiyaları üzvlərinin  maarifləndirilməsi məqsədi daşıyır. 
Bu gün respublikamızın  öz inkişafı yolu ilə getməsi, vətəndaş həmrəyliyinin mövcudluğu,  o cümlədən seçkilərdə şəffaflığın yüksək səviyyədə təmin olunması parametrlərinə görə, Azərbaycan dünyada nümunəvi ölkələrdən biridir.  Demokratik prinsiplərin bərqərar olması, sabitlik, qazanılan nailiyyətlər seçkidən-seçkiyə seçicilərin fəallığının artması ilə  özünü daha aydın şəkildə göstərir. İndiyə qədər keçirilən seçkilərdə əldə olunan təcrübə və zəngin qanunvericilik bazası bizə qarşıdan gələn  parlament seçkilərini də yüksək səviyyədə keçirməyə əlverişli şərait yaradacaq. Bunu  seçkilərlə əlaqədar aparılan hazırlıq işləri də təsdiqləyir. 
Parlament seçkilərində yerli və beynəlxalq  kütləvi informasiya  vasitələrinin asan və sərbəst məlumat əldə etmələri, habelə  seçki subyektlərinə göstərilən xidmətin keyfiyyətini və səmərəliliyini daha da yüksəltmək üçün  “Seçki-2020” Müstəqil Media Mərkəzi yaradılıb. Artıq bu mərkəzin açılışı da keçirilib. Milli Məclisə seçkilər dövründə fasiləsiz fəaliyyət göstərəcək “Seçki-2020” Müstəqil Media Mərkəzində mətbuat konfransları keçirmək və bəyanatlar vermək üçün  hər cür şərait yaradılıb. 
Xəbər verildiyi kimi, parlament seçkiləri ilə əlaqədar 1700-ə yaxın yerli və xarici müşahidəçi müraciət edib və onların, demək olar ki, hamısı müsbət cavab alıb. Onlardan  1630-u yerli, 70- i isə  xarici müşahidəçilərdir.  Fevralın 9-da keçiriləcək parlament seçkiləri  beynəlxalq aləmin diqqət mərkəzindədir. Artıq ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun və  Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının müşahidə missiyası  fəaliyyətə başlayıb. İtaliya, Çexiya parlamentlərinin, Litva Seyminin müşahidəçiləri artıq akkreditasiyadan keçiblər. Moldova Mərkəzi Seçki Komissiyasının nümayəndələri də seçkiləri müşahidə edəcəklər. Xarici müşahidəçilərin sayı getdikcə çoxalacaq. Çünki  müşahidəçilərin qeydiyyatı prosesi hazırda sürətlə davam edir.
Mərkəzi Seçki Komissiyası tərəfindən  təsdiq edilmiş  parlament  seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim planına uyğun olaraq,  bu həftə  Milli Məclisə seçkilər üzrə seçkiqabağı təşviqatın aparılmasına başlanılacaq. Yanvarın 17-dən qeydə alınmış namizədlər, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, səlahiyyətli nümayəndələr, vəkil edilmiş şəxslər tərəfindən seçkiqabağı təşviqatın aparılmasına  start veriləcək. Seçkiqabağı təşviqatın aparılması 8 fevral saat 08:00-a qədər davam edəcək.
Seçkilərin demokratik, şəffaf, azad və ədalətli keçirilməsi, seçicilərin  sərbəst şəkildə səs vermələri üçün bütün şərait yaradılıb. İndiyə qədər nə  imza  vərəqələrinin verilməsi, imza toplanılması,  nə namizədliyin təsdiqlənməsi, nə də qeydə alınması ilə bağlı Mərkəzi Seçki Komissiyasına heç bir şikayətin daxil olmaması da seçkilərə əlverişli şəraitin yaradılmasının göstəricisidir.

 

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

13 2020 23:46 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə