Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ötən il 103 mindən çox vətəndaş münasib işlə təmin edilib

İşsiz vətəndaşların sosial müdafiə məsələləri uğurla tənzimlənir

Azərbaycan Prezidenti İlham Əliyevin prioritet hesab etdiyi sosial müdafiə tədbirlərinin həyata keçirilməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin böyük rolu var. Dövlət başçısının reallaşdırdığı sosial proqramların, həyata keçirdiyi islahatların məqsədi əhalinin rifahının yüksəldilməsinə, Azərbaycan vətəndaşının firavan yaşamasına istiqamətlənib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, Dövlət Məşğulluq Xidməti və Dövlət Əmək Müfəttişliyi Xidmətinin strukturu da məhz bu məsələlərin həllinə uyğun qurulub və fəaliyyət göstərir. 

Dövlət Məşğulluq Xidməti qanunvericiliklə müəyyən olunmuş qaydada işaxtaran və işsiz vətəndaşların münasib işlə təmin edilməsi, haqqı ödənilən ictimai işlərə cəlb olunması, peşə hazırlığı və əlavə təhsili məqsədi ilə müvafiq tədbirləri həyata keçirir, qanunvericiliyə uyğun olaraq işsizlik müavinətinin təyin olunmasını və ödənilməsini, müəssisə və təşkilatlarda kvotaya müvafiq olaraq müəyyən edilmiş iş yerləri hesabına sosial müdafiəyə daha çox ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların işlə təmin edilməsi məqsədi ilə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir. Xidmət tərəfindən 2019-cu ildə 103028 işsiz və işaxtaran şəxs münasib işlərlə təmin edilib. Ölkədə ötən il işçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılması üçün əmək bazarının tələblərinə uyğun peşə hazırlığı kurslarının təşkili işləri də davam etdirilib. 2019-cu il ərzində nazirliyin xətti ilə ümumilikdə, 3400-ə yaxın şəxs (o cümlədən, DMX tərəfindən 3168 nəfər, nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi tərəfindən 227 nəfər) peşə hazırlığına cəlb olunub. Qeyd olunan dövrdə DMX tərəfindən 135 minədək gəncə işəgötürənlərin peşə və ixtisaslara olan tələbləri barədə məlumatlar verilib, əmək bazarının tələblərinə uyğun düzgün peşə seçmələri məqsədilə peşəyönümü xidməti göstərilib. 
 Qeyd edək ki, 2019-cu ildə DMX tərəfindən təşkil edilən tədbirlərdə 134 760 vətəndaş peşəyönümü məsləhət xidməti alıb. Onlardan 35 214 nəfəri işaxtaran, 99 546 nəfəri isə məktəbli olub. İştirakçılara düzgün peşə seçmək qaydaları, işəgötürənlər tərəfindən tələb olunan peşə və ixtisaslar barədə məlumatlar verilib, əmək bazarında mövcud vəziyyətlə bağlı təqdimatlar edilib. Eyni zamanda, şagirdlərlə müsahibə və testlər keçirilib. Həmçinin Dövlət Məşğulluq Xidməti (DMX) tərəfindən göstərilən məşğulluq xidmətləri, aktiv məşğulluq tədbirləri barədə məlumatlar verilib. 
 Dövlət Məşğulluq Xidməti tərəfindən cari ildə Bakı şəhəri və respublikanın 55 rayonunda karyera təlimləri keçirilib. Bu təlimlər işsiz və işaxtaranlar, universitet tələbələri, peşə məktəbləri və peşə kurslarının tələbələrini əhatə edib. Ümumilikdə, karyera üzrə təlimlərdə 1070 nəfər iştirak edib. Təlimlərin keçirilməsində məqsəd gənclərin əmək bazarına inteqrasiyasının dəstəklənməsi və bu məqsədlə onlara müasir iş axtarışı bacarıqlarının aşılanmasıdır. İştirakçılara karyera planlaması, komandanın qurulması, düzgün təqdimat etmək bacarığı, müsahibəyə hazırlıq, maraq və istək məktublarının, CV, rezume yazılması və digər mövzular üzrə nəzəri və praktik biliklər öyrədilib. İşə qəbul zamanı keçirilən müsahibələrdən uğurlu keçmək yolları başa salınıb. 
 Yerlərdə “Əməyin mühafizəsi, normaları, qaydaları və prinsipləri” və “Qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzularında işəgötürənlərin, eləcə də işçilərin iştirakı ilə keçirilən tədbirlərdə bildirilib ki, əmək müqaviləsində işəgötürən tərəfindən işçinin sağlam və təhlükəsiz əmək şəraitinə təminat verilməsi barədə öhdəliyi göstərilməlidir. Hər hansı işçi ilə işəgötürən arasında əmək müqaviləsi bağlanılarkən göstərilən normativ aktlarla müəyyən edilmiş əməyin mühafizəsi normalarının tələbi nəzərə alınmalıdır. 
 2019-cu ildə həyata keçirilən islahatlar nəticəsində ölkədə 2018-ci illə müqayisədə 161 min əmək müqaviləsi artıb. Müsbət haldır ki, onların böyük hissəsi – 96 mini özəl, 65 mini isə dövlət sektorunda qeydə alınıb. Məlumdur ki, qəbul edilən inqilabi qərarların və islahatların birbaşa iqtisadiyyata çox böyük dəstəyi var. 161 min əmək müqaviləsinin artması ilə həm büdcəyə gələn vəsait artıb, həm də nəticə olaraq bu vəsaitlərin hesabına pensiyalar artırılıb.
 ƏƏSMN-nin təşkil etdiyi tədbirlərdə qeyri-rəsmi məşğulluğun qarşısının alınması mövzusundan da geniş bəhs olunub. Qeyri-rəsmi məşğulluğun əmək qanunvericiliyinin, işçilərin sosial-əmək hüquqlarının ciddi şəkildə pozulmasına, vergi, sosial sığorta və digər məcburi ödəmələrin yerinə yetirilməməsinə səbəb olduğu diqqətə çatdırılıb. Həmçinin işəgötürənlərə “Məşğulluq” altsistemi barədə geniş məlumat verilib. 
 Qeyd edək ki, ötən il Bakıda və respublikamızın bölgələrində əmək qanunvericiliyi və onun tətbiqi ilə bağlı 60 maarifləndirmə tədbiri keçirilib. Maarifləndirmə tədbirləri ilə birgə nazirlik tərəfindən davamlı olaraq əmək yarmarkaları keçirilir. Əmək yarmarkalarının keçirilməsində məqsəd işsiz və işaxtaran şəxslərin əmək bazarına çıxışının dəstəklənməsi, onların məşğulluğunun təmin edilməsidir. Vakant iş yerləri təklif edən müəssisələrin nümayəndələrinin də iştirak etdiyi yarmarkalarda işsiz və işaxtaran şəxslərə peşə bacarıqlarına, əmək vərdişlərinə və seçimlərinə uyğun boş (vakant) iş yerlərinə göndərişlər verilir. Əmək bazarının tələblərinə uyğun yeni peşələrə yiyələnmək istəyən şəxslər peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilmək üçün qeydiyyata alınırlar. Qeyd etmək lazımdır ki, bu yarmarkalar zamanı haqqı ödənilən ictimai işlərdə çalışmaq istəyənlərin də qeydiyyatı aparılır, onlar istək və bacarıqlarına uyğun işlə təmin olunurlar.
 ƏƏSMN- də Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmək bazarı üzrə işçi qrupunun 2019-cu il üçün Fəaliyyət planının 4-cü rüb üzrə hesabatının müzakirəsində “Doing Business 2020”, “Qlobal Rəqabətlilik 2019” və “Qlobal İnnovasiyalar İndeksi 2019” hesabatlarında işçi qrupuna aid indikatorlar üzrə qiymətləndirmənin nəticələri nəzərdən keçirilib. 2019-cu ildə icra olunan aktiv məşğulluq proqramlarının nəticələri, yeni “Məşğulluq” altsisteminin üstünlükləri, məşğulluq xidmətlərinin keyfiyyətinin yüksəldilməsində faydaları diqqətə çatdırılıb. Həmçinin, Gəncə şəhərində istifadəyə verilən Peşə Tədrisi Mərkəzi barədə məlumat verilib. Qeyd edilib ki, mərkəzdə Gəncə şəhəri və ətraf rayonlardan olan işsiz və işaxtaran şəxslərin ilkin mərhələdə ənənəvi və modul təlim üsulları ilə 55-60 peşə üzrə hazırlıq təşkil ediləcək. İl ərzində isə mərkəzdə 900 nəfər peşə hazırlığı kursu keçəcək. 

 

Zərifə BƏŞİRQIZI, 
“Xalq qəzeti”

 

 

13 2020 23:41 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə