Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şəffaflıq – Azərbaycanın müasir vergi siyasətinin əsas cəhətlərindən biri kimi

Biz Azərbaycanı müasir, sürətlə inkişaf edən, şəffaflığı öz siyasətində bayraq edən ölkə kimi görmək istəyirik və buna nail olacağıq. Heç kim bu işdə bizə mane ola bilməz. 
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Bütün tarixi dövrlərdə vergi mövzusu dövlətin iqtisadi siyasətinin ayrılmaz tərkib hissəsi kimi qəbul edilmişdir. Əlbəttə, dövlət tipi və ictimai quruluşun forması bu məsələnin ümumi dövlət siyasətində əsas və ya fakültativ rolda çıxışını şərtləndirmişdir. Məsələn, yaxın tariximizə əsaslanmaqla deyə bilərik ki, planlı dövlət təsərrüfat sisteminə malik olmuş keçmiş SSRİ-də vergi institutu elə də mühüm iqtisadi alət kimi diqqət çəkməmişdir. Çünki ölkənin iqtisadi-təsərrüfat sistemi, demək olar ki, bütünlüklə dövlət mülkiyyətində olduğundan, vergi yığımı elə də ciddi önəm daşımamışdır. Lakin bu da həqiqətdir ki, dövlətlərin təşəkkül tapdığı və cəmiyyətin siniflərə bölündüyü vaxtlardan başlayaraq vergi yığımı siyasi-hüquqi sistemin maliyyə ehtiyatlarının yaradılmasının əsas mənbəyi olmuşdur. İngilis iqtisadçısı S.Parkinsonun sözləri ilə desək, vergitutma dünyanın özü qədər qədimdir. Məşhur filosof Adam Smit isə hesab edirdi ki, vergilər onu ödəyənlərin heç də köləlik deyil, əslində azadlıq rəmzidir. Bu baxımdan sivil cəmiyyətlərin və dövlətlərin vergi sistemi yaradılarkən, ondan, ilk növbədə, iqtisadi siyasətin məqsədləri üçün istifadə edilir. Burada ulu öndər Heydər Əliyevin uzaqgörənliklə söylədiyi “Biz bazar iqtisadiyyatını vergi yolu ilə tənzimləməliyik” fikrinin müdrikliyini bir daha aydın şəkildə görə bilirik. 

Vergi siyasətinin əsas məqsədi, şübhəsiz, vergilərin mahiyyəti və funksiyaları ilə sıx bağlıdır və məcmu ictimai məhsulun bir hissəsinin dövlət tərəfindən alınması, habelə büdcə vasitəsi ilə onun yenidən bölüşdürülməsində ifadə olunur. Belə bir siyasətin normativləşdirilməsi isə müvafiq qanunvericilik aktlarının qəbulu yolu ilə həyata keçirilir ki, bu da öz əksini dövlətin ümumi iqtisadi inkişaf proqramlarında, iqtisadi (maliyyə) təhlükəsizliyi doktrinasında və s. kimi mühüm konseptual sənədlərdə tapır. Vergi siyasətinin cari dövr üzrə mənzərəsi isə, adətən, dövlət büdcəsi haqqında illik qəbul edilən qanunla formalaşır. 
Onu da xatırladım ki, vergi siyasətinin məzmunu hər bir ölkənin ümumi iqtisadi inkişafı və dövlətin tipi ilə bilavasitə bağlıdır. Bu baxımdan Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda sosialyönlü bazar iqtisadiyyatının formalaşdırılması, müasir dünya iqtisadiyyatına inteqrasiya istiqamətində aparılan uğurlu iqtisadi siyasət çərçivəsində çevik vergi prinsipləri həyata keçirilir. Məhz bunun nəticəsidir ki, respublikamız dünyanın iqtisadi və maliyyə seqmentlərində nəzərə çarpan çətinliklərə, böhranlara baxmayaraq, artıq xeyli müddətdir ki, əsas iqtisadi və sosial göstəricilərə görə dünya ölkələri sırasında öncül yerlərdə qərarlaşmışdır. Məsələn, “Doing Business” hesabatında respublikamız biznes mühitinə görə dünya miqyasında 25-ci yerdədir. Son hesabatda Azərbaycan 20 ən islahatçı ölkə sırasında yer almışdır. Bundan başqa, Davos Ümumdünya İqtisadi Forumunun son hesabatında Azərbaycan mütəşəkkil cinayətkarlığa qarşı mübarizəyə görə dünyada 18-ci yerdə, polis orqanlarına əhali tərəfindən olan inamın səviyyəsinə görə 30-cu yerdə qərarlaşmışdır. Hökumətin uzunmüddətli strategiyasına görə Azərbaycan 10-cu, rəhbərliyin dəyişikliklərə, yəni, islahatlara meyillilik səviyyəsinə görə dünyada 5-ci yerdədir. 
Bu gün Azərbaycan Respublikasında dövlət vergi orqanları tərəfindən ortamüddətli perspektivdə stimullaşdırıcı vergi siyasəti həyata keçirilməklə, iqtisadi artımın sürətləndirilməsi reallaşdırılır. Eyni zamanda, artıq ardıcıl xarakter daşıyan islahatlar da şəffaf vergi sisteminin qurulmasına, cəlbedici vergi mühitinin formalaşdırılmasına, inzibatçılığın keyfiyyətcə yüksək səviyyəyə qaldırılmasına xidmət edir. Məqsəd isə ölkədə iqtisadi artımı şərtləndirən mövcud əlverişli şəraitin uzunmüddətli perspektiv üçün davamlılığının və etibarlılığının gerçəkləşdirilməsinə nail olmaqdır. Bu sahədə dövlət vergi orqanlarının üzərinə çox mühüm vəzifələr düşür. İqtisadiyyat naziri M.Cabbarov 2018-ci il fevralın 13-də Bakı şəhərində “Vergilər. Şəffaflıq. İnkişaf” mövzusunda keçirilən konfransdakı çıxışında demişdir ki, vergi ödəmələrinin həcminin artırılması strategiyasının ən doğru yolu vergitutma bazasının genişləndirilməsi və vergi orqanı ilə vergi ödəyicisi arasında qarşılıqlı inam atmosferinin təmin edilməsidir: “Vicdanlı vergi ödəyicisi ilə qeyri-vicdanlı davranan ödəyici arasında fərq qoyulmalıdır. Vicdanlı vergi ödəyicisinin səhv etməyə haqqı var. Vergi orqanının vəzifəsi isə bu səhvin başvermə anını gözləmək deyil, onun bütün vasitələrlə qarşısını almaqdır. Belə yanaşma “vergi ödəyicisinə göstərilən xidmətlər” anlayışına yenidən baxılmasını və genişləndirilməsini tələb edir. Bu, eyni zamanda, biznesin təsis edilməsi və reallaşdırılmasına dəstək göstərilməsini də şərtləndirməlidir”. 
Yeri gəlmişkən, son illərdə vergi ödəyicilərinə göstərilən elektron xidmətlərin dairəsi xeyli genişləndirilmiş, kütləviliyi təmin edilmiş, vergi bəyannamələrinin təkmilləşdirilməsi, vergilərin vaxtında ödənilməsi, vergi borclarının yaranmaması üçün profilaktik işlərin təşkili, vergi ödəyicilərinə xidmətin forma və metodlarının sadələşdirilməsi, xidmət sahəsində çalışan əməkdaşların peşəkarlıq səviyyəsinin yüksəldilməsi və s. istiqamətlər üzrə xeyli mühüm nailiyyətlər əldə olunmuşdur.
Respublikamızın sosial-iqtisadi inkişafında əldə edilən uğurlarda, şübhəsiz ki, vergi daxilolmalarının xüsusi rolu var və bu, dövlət başçısı tərəfindən yüksək qiymətləndirilir. Vergilər hazırkı dövrdə Azərbaycanın iqtisadi inkişafını, biznesin idarə edilməsi şərtlərini müəyyənləşdirən əsas idarəetmə vasitələrindən birinə çevrilmişdir. Vergilər Nazirliyi tərəfindən ölkədə biznes münasibətlərində üfüqi əməkdaşlıq mühitinin yaradılması qarşıya mühüm vəzifə kimi qoyulmuşdur. Bununla bağlı Vergilər Nazirliyi tərəfindən Avropa ölkələrinin qabaqcıl təcrübəsi öyrənilmiş və milli vergi sisteminin bu təcrübəyə uyğunlaşdırılması istiqamətində ciddi işlər görülmüşdür. “Transfer qiymətlərinin müəyyən edilməsi və vergidən yayınma hallarına qarşı tədbirlərin işlənib hazırlanmasında Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəstək” adlı Tvinninq layihəsinin uğurla icrası bunun bariz ifadəsidir. 
Dövlətimizin müasir ­vergi siyasəti vahid iqtisadi-maliyyə bazarının fasiləsiz fəaliyyətinin, həm dolayı, həm də birbaşa vergitutmada harmoniyanın təmin edilməsinə, korporotiv vergitutma sisteminin təkmilləşməsinə, vergidən yayınma halları ilə mübarizənin səmərəli təşkilinə yönəlmişdir. Vergi dərəcələrinin aşağı salınması və vergi güzəştlərinin azaldılması hesabına vergitutma bazasının genişləndirilməsi, iqtisadiyyata investisiya qoyuluşunun ­stimullaşdırılması, vergi ödəyiciləri arasında vergitutma rejiminin bərabərləşdirilməsi, respublikanın ixrac potensialının inkişafının təmin edilməsi, vergi sisteminin vahid uçot-informasiya sisteminin yaradılması, vergi və qeyri-vergi ödənişlərinin uyğun səviyyəsinin artırılması, vergi ödəyicilərinin gəlirləri üzərində səmərəli ictimai nəzarət mexanizminin tətbiqi, vergi öhdəliklərinin könüllü icrası üzərində nəzarət sisteminin təkmilləşdirilməsi, vergi hüquq pozuntusu hallarına görə məsuliyyətin həllinə diferensial yanaşmanın ­reallaşdırılması və s. dövlətimizin müasir ­vergi siyasətinin əsas amilləridir. Bütün bunlar isə ölkənin təkcə qlobal reytinqinin deyil, həm də milli iqtisadiyyatının inkişafı üçün investisiya cəlbediciliyinin yüksəldilməsi istiqamətində tədbirlərin görülməsini şərtləndirir. Eyni zamanda, milli iqtisadiyyata investisiya qoyuluşunun ­stimullaşdırılması ilə yanaşı, ölkənin iqtisadi-maliyyə təhlükəsizliyinin də lazımi səviyyədə təmin edilməsinə əlverişli şərait yaradır. 
Respublikamızda ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilən islahatlar onu deməyə əsas verir ki, bu gün dövlətimiz tərəfindən aparılan vergi siyasəti kataklizm olmadan, ağrısız, mərhələli şəkildə, üstəlik, yüksək nəticələrlə müşahidə olunur. Vergilər Nazirliyi ilə sahibkarlıq subyektləri arasında yeni və möhkəm təmələ əsaslanan münasibətlərin yaradılması da bunun bariz ifadəsidir. 
Vergi sistemində idarəetmənin təşkili prinsiplərinə yenidən baxılması, vergi inzibatçılığının təkmilləşdirilməsi, vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın yüksəldilməsi, vergi ödəyicilərinin rastlaşdıqları problemlərin operativ həlli üçün apellyasiya sisteminin yenidən qurulması, vergi müvəkkili və ombudsmanı xidmətlərinin təşkili ilə bağlı görülən tədbirlər, həm də şəffaflığın təminatının təzahürüdür. Respublikamızda artıq hüquqi şəxslərin dövlət qeydiyyatının cəmi 1 prosedurla 20 dəqiqə ərzində həyata keçirilməsinə başlanılmışdır. Vətəndaşların ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı məlumatın alınması üçün yeni elektron xidmət istifadəyə verilmişdir. Vergi Məcəlləsinə edilən dəyişikliklər sahibkarlığın dəstəklənməsi, vergidən yayınmanın və “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, vergitutma bazasının genişləndirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi, mövcud və yeni veriləcək vergi güzəştlərinin səmərəliliyinin yüksəldilməsi kimi mühüm istiqamətləri əhatə edir. 
Ölkənin ticarət və ictimai iaşə xidməti sektorlarında yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqi, kassa çekinin bütöv və qanuni tətbiqinə nail olunması da vergi münasibətlərində şəffaflığın təmin edilməsini şərtləndirir. Bu baxımdan hazırda respublikamızda ƏDV daxilolmalarında rast gəlinən çatışmazlıqların aradan qaldırılması sahəsində həm inzibati, həm də stimullaşdırıcı tədbirlərin görülməsi davam edir. Belə ki, Azərbaycan Respublikasının 30 noyabr 2018-ci il tarixli Qanunu ilə Vergi Məcəlləsinə əlavə edilən 165.5-ci maddəyə əsasən, fiziki şəxs olan istehlakçı pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara görə ödənilmiş ƏDV-nin müəyyən faizini (nağd əməliyyatlar üzrə 10 faizini, nağdsız əməliyyatlar üzrə isə 15 faizini) geri almaq hüququna malikdir. Bundan ötrü nəzarət-kassa aparatının çekində vergi ödəyicisinin adı, çekin vurulma tarixi və s. məlumatlarla yanaşı, malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən, ƏDV-nin və ya sadələşdirilmiş verginin məbləği), malın sürətli məlumat kodu (ştrix-kod, Quick Response Code) da öz əksini tapmalıdır. Respublikamızda fəaliyyət göstərən ticarət və ictimai iaşə obyektlərində bu tələblərə cavab verən nəzarət-kassa aparatlarının quraşdırılması işi davam etdirilir. 
Son illərdə respublikamızda vergi öhdəliklərinin icrasında könüllü əməletməyə maksimum nail olunması, vətəndaşların bu sahədə aktiv iştirakının təmin edilməsi, operativ nəzarət tədbirlərinin minimuma endirilməsi, rəqəmsal ödənişlərin genişləndirilməsi vergi islahatlarının əsas istiqamətlərini təşkil edir. Müasir texnologiyalar daha keyfiyyətli vergi xidmətinin göstərilməsinə, sahibkarlıq subyektlərində şəffaf nəzarət sisteminin qurulmasına müsbət təsir göstərir.
Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında dəfələrlə ictimai nəzarətin əhəmiyyətindən danışmış, vətəndaşların diqqətinə dövlət idarəçiliyi prosesində fəal iştirakın, mövcud nöqsan və çatışmazlıqlar barədə bilavasitə ona məlumat verilməsinin vacibliyini vurğulamışdır. Düşünürük ki, vergi sahəsində ictimai nəzarəti artıran əlavə stimullaşdırıcı innovativ alətlərin tətbiqi də şəffaflığın və qanunçuluğun təmin edilməsi işinə kömək edəcəkdir. 

 

Mirəli KAZIMOV, 
iqtisad üzrə fəlsəfə doktoru, dosent

 

 

13 2020 23:40 - XƏBƏRLƏR
XƏBƏRLƏR
14 Avqust 2020 | 15:04
27 yaşlı «Qızıl Əllər»

Köhnə versiyamızdan xəbərləri izlə