Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mədəni irsin qorunması diqqət mərkəzindədir

Hər bir ölkənin mədəni həyatı onun səviyyəsini göstərir. Azərbaycanın müstəqil ölkə kimi yaşaması üçün mədəniyyət, incəsənət çox böyük əhəmiyyət kəsb edir... İqtisadi cəhətdən nə qədər zəngin olursa-olsun, əgər mədəniyyət, incəsənət inkişaf etmirsə, ölkə uğurla inkişaf edə bilməz. 
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Ölkə Prezidentinin böyük qayğısı nəticəsində Azərbaycan mədəni inkişafın yeni mərhələsinə qədəm qoymuşdur. Son illər mədəniyyətin başqa sferalarında olduğu kimi, mədəni irsin qorunması sahəsində də əsaslı layihələr reallaşdırılmışdır. Bu istiqamətdə işlər 2019-cu ildə də davam etdirilmişdir. İl ərzində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti (MİQİBDX) tərəfindən Prezident İlham Əliyevin 27 dekabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq etdiyi “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı”nın tədbirlər planına əsasən bir sıra layihələr həyata keçirilmişdir.

Dövlət proqramına uyğun olaraq, respublikanın 33 şəhər və rayonunda yerləşən, Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli qərarı ilə təsdiq edilmiş siyahı üzrə 1796 daşınmaz tarix və mədəniyyət abidəsinin, eyni zamanda, regionlarda yerləşən 855 ədəd yeni aşkar olunmuş abidənin monitorinqi aparılmışdır. Bu abidələrin texniki vəziyyəti barədə müvafiq qeydlər aparılaraq coğrafi koordinatları GPS vasitəsilə təyin edilib, fotoşəkilləri çəkilib. Ötən il iki abidə Nazirlər Kabinetinin müvafiq qərarı ilə dövlət qeydiyyatına götürülüb.
Tovuz rayonu Aşıq Hüseyn Bozalqanlı adına Azərbaycan Aşıq sənəti dövlət muzeyində tikinti və tərtibat işləri, Xəzər rayonunun Şağan, Sabunçu rayonunun Maştağa qəsəbələrində mədəniyyət mərkəzlərinin əsaslı təmiri, Qaradağ rayonunun Qızıldaş qəsəbəsində yerləşən mədəniyyət mərkəzinin inşası başa çatdırılıb.
Qazax rayonunda yerləşən “Sınıq körpü”, Şabran rayonunda yerləşən “Çıraqqala” abidələrində bərpa-konservasiya, Bakı şəhəri, Binəqədi rayonunda yerləşən İrəvan Dövlət Azərbaycan Dram Teatrının binasında əsaslı təmir və yenidənqurma işləri davam etdirilir. Həmçinin Quba rayonunda yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına götürülmüş Yerli kənd məscidində sahibkarın dəstəyi ilə aparılan yenidənqurma və bərpa işləri aparılıb.
Quba rayonunun Birinci Nügədi kəndində məscidin, Qobustan rayonunda Diri Baba türbəsinin, Balakən rayonunda Qala divarlarının, Hacıqabul rayonunda Pir Hüseyn xanəgahının, Qax rayonunda İlisu Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisindəki qalanın, Gəncə şəhərində Tatlar məscidinin, Gədəbəy şəhəri yaxınlığındakı kilsənin, Şamaxı şəhərində Şahxəndan türbəsinin və Lənkəran şəhərində yerləşən Dairəvi qalanın müvafiq olaraq bərpası, konservasiyası və gücləndirilməsi üçün layihə-smeta sənədlərinin hazırlanması, həmçinin Şəki şəhərindəki Cümə və Gəncədəki Şahsevənlər məscidlərində elmi- tədqiqat işlərinin aparılması üzrə işlər yekunlaşdırılıb.
Ötən ilin aprel ayında dövlət xidməti ilə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) arasında Böyük Mərdəkan qəsri və Tuba Şah məscidinin bərpası haqqında niyyət məktubu imzalanıb. Hazırda TİKA və yerli mütəxəssislərin iştirakı ilə layihələndirmə işləri aparılır. Eləcə də Şamaxı rayonunda Pir Ömər ziyarətgahında tikinti-abadlaşdırma üzrə layihə işləri yekunlaşıb.
Abidələrin qorunması işinin kompleks şəkildə təmin edilməsi məqsədilə MİQİBDX-nin sifarişi ilə icrasına başlanılmış daşınmaz tarix və mədəniyyət abidələri üzrə 38 mühafizə zonasının və 21 pasport layihəsinin hazırlanması işi yekunlaşdırılıb. Bunlardan mühafizə zonaları üzrə layihələr müvafiq rayon-şəhər icra hakimiyyətləri və Əmlak Məsələləri Dövlət Komitəsi ilə, abidə pasportları isə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə razılaşdırılaraq təsdiqlənib.
Abidələrin mühafizə zonalarının müəyyən edilməsi üçün 72 layihənin, pasportlaşdırılması üçün isə 110 layihənin hazırlanması üzrə müqavilələr bağlanıb. Ötən ildə pasportlaşdırılması nəzərdə tutulan abidələrdən 15-i Azərbaycanın işğal altında qalmış tarix-memarlıq abidələri üçün nəzərdə tutulub ki, bu da ərazı bütövlüyümüzün bərpasından sonra işğal altında qalmış abidələrimizə veriləcək ilk pasportlar olacaq.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında” ­
22 oktyabr 2019-cu il tarixli fərmanı ilə dövlət xidmətinin beş regional idarəsi yaradılacaq. Ölkə başçısının “Tarix-mədəniyyət qoruqlarının yaradılması haqqında” 22 oktyabr 2019-cu il tarixli sərəncamı ilə Şəmkir rayonunun tarixi ərazisi “Qədim Şəmkir şəhəri”, Ağsu rayonunun tarixi ərazisi “Orta Əsr Ağsu şəhəri” və “Çıraqqala” və “Şabran şəhəri” tarixi qoruqlarının ərazisi “Çıraqqala–Şabran” Dövlət Tarix-Mədəniyyət qoruqları elan edilib.
Mədəniyyət Nazirliyindən bildiriblər ki, 2019-cu ildə ­daşınmaz tarix və mədəniyyət abidələrinin mühafizəsi ilə əlaqədar müvafiq işlər davam etdirilib. Ölkə ərazisində yerləşən bir çox abidəyə müdaxilə hallarının aradan qaldırılması məqsədilə yerli icra hakimiyyəti və hüquq-mühafizə orqanları ilə birgə iş aparılıb və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərinə uyğun olaraq tədbirlər görülüb. Abidələrin icarədarları, mülkiyyətçiləri olan aidiyyəti hüquqi və fiziki şəxslərlə görüşlər keçirilib, abidələrin qorunması istiqamətində təbliğat və təşviqat işləri aparılıb. Abidələrə olunmuş müdaxilələrlə bağlı 16 akt tərtib edilib. Həmçinin MİQİBDX tərəfindən respublika ərazisində yerləşən abidələrin mülkiyyətçisi və ya istifadəçiləri olan fiziki və hüquqi şəxslərlə abidələrin qorunması və onlardan istifadə qaydalarına dair 85 mühafizə müqaviləsi bağlanıb.
Arxeoloji qazıntı işlərinin aparılması üçün AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən verilmiş 59 vəkalətnamə dövlət xidmətində qeydiyyatdan keçirilib və aparılan qazıntı işlərinə aidiyyəti üzrə yerli abidə mühafizəçiləri tərəfindən mütəmadi olaraq nəzarət təşkil edilib.
Qoruq ərazilərinin öyrənilməsi məqsədilə daimi olaraq elmi tədqiqat və arxeoloji işlər aparılır. 2016-cı ildən başlayaraq Qobustan Milli Tarix-Bədii Qoruğunda “Yeni baxış” adlı layihə çərçivəsində aparılan çöl-tədqiqat işləri nəticəsində ölkədə ilk dəfə 3D üsulundan istifadə olunaraq yeni qayaüstü rəsmlər aşkar olunub, Cingirdağda yerləşən petroqliflərin rəqəmsal məlumat bazası yaradılıb.
Mədəniyyət Nazirliyi, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu və Yaponiyanın Tokio Universiteti arasında imzalanmış üçtərəfli beynəlxalq memorandum əsasında Qazax rayonundakı “Aveydağ” qoruğunda Azərbaycan-Yaponiya beynəlxalq arxeoloji ekspedisiyası, “Seba” Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası İctimai Birliyi və Qəbələ qoruğunun birgə fəaliyyəti nəticəsində Azərbaycan–Koreya arxeoloji ekspedisiyası tərəfindən qədim Qəbələ şəhərində arxeoloji tədqiqat işləri aparılıb.
Mədəni irs obyektlərinin qorunması və tədqiqində peyk təsvirlərinin imkanlarından istifadə olunması istiqamətində işlərin aparılması üçün “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri ilə hər iki təşkilatda görüşlər və təqdimatlar keçirilib. İlkin olaraq, Gədəbəy rayonu üzrə pilot layihənin həyata keçirilməsinə başlanılıb.
İşğal altındakı torpaqlarda yerləşən tarix-mədəniyyət abidələrinin yeni siyahısının hazırlanması, dəymiş ziyanın müəyyən olunması, bu istiqamətdə təbliğat və tədqiqat işlərinin genişləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən “Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı” İctimai Birliyi ilə birgə “Azərbaycanın işğal altındakı mədəni irs nümunələrinin beynəlxalq hüququn tələblərinə uyğun qorunmasının təşkili, Ermənistan tərəfindən abidələrin dağıdılmasının və ya mənimsənilməsinin qarşısının alınması tədbirlərinin gücləndirilməsinə dair 2020–2030-cu illər üzrə Dövlət Proqramı”nın layihəsi hazırlanıb.
Şübhəsiz ki, ötən il ölkəmizin mədəni həyatında ­UNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda keçirilməsi və Şəki şəhərinin tarixi hissəsinin (Xan sarayı ilə birgə) ­UNESKO-nun Dünya İrs Siyahısına daxil edilməsi böyük uğur kimi tarixə düşdü.
Ötən il ərzində mədəni irsimizin təbliği məqsədilə silsilə tədbirlər keçirilib, tarix və mədəniyyət abidələrinə ekskursiyalar təşkil olunub, tarix-mədəniyyət qoruqlarında “açıq qapı” günləri təşkil olunub. Azərbaycan mədəni irsinin, adət-ənənələrinin, çoxsaylı abidələrinin beynəlxalq miqyasda təbliği məqsədilə “İrs” silsiləsi layihəsi çərçivəsində “Azərbaycan inciləri”, “Gəncə - Nizami yurdu” və “Qədim və gözəl Qarabağ” adlı kitablar işıq üzü görüb və təqdimatı keçirilib.
Bu il “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014–2020-ci illər üzrə Dövlət Proqramı”nın son ilidir. Söz yox ki, 2020-ci ildə proqramın icrası uğurla başa çatacaq və bu sahədə yeni nailiyyətlər əldə ediləcək. 

 

M.MÜKƏRRƏMOĞLU,
 “Xalq qəzeti”

 

 

30 2020 00:36 - XƏBƏRLƏR
XƏBƏRLƏR
14 Avqust 2020 | 15:04
27 yaşlı «Qızıl Əllər»

Köhnə versiyamızdan xəbərləri izlə