Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Valideynlərimin seçimimə etiraz etməmələri mənə böyük dəstək oldu”

“Valideynlərimin seçimimə etiraz etməmələri mənə böyük dəstək oldu”

Orxan Sultan 1984-cü ildə Bakıda anadan olmuşdur. Sonra valideyinlərinin işi ilə əlaqədar Rusiyanın Surqut şəhərinə köçmüşdür. Hazırda Moskvada yaşayan Orxan 17 yaşında öz şəxsi moda kolleksiyasını yaradıb. 2002-ci ildə “by Sultan Couture” brendinin əsasını qoyub və “VOGUE 2010” beynəlxalq jurnalının qalib prizinə layiq görülüb. Jurnal toy, mərasim libaslarının kolleksiyası ilə məşğul olan “by Sultan Couture” brendini ən yaxşı mərasim paltarı elan etmiş və hazırda bu brend Karl Faberjenin qızıl fondunda saxlanılır. Bundan əlavə, dünya şöhrətli Aleksandr Vasilevin kolleksiyasına daxil edilib. Rusiyadakı hər bir məşhur opera müğənnisi ən azı bir dəfə Orxan Sultanın təqdim etdiyi moda geyimləri ilə səhnəyə çıxmışdır. Orxanın təqdim etdiyi brend moda geyimləri Fransanın Paris, Baden-Baden, Strasburq şəhərlərində təşkil olunan beynəlxalq səhnələrdə nümayiş olunub. O. Sultan Moskva Dövlət Pedaqoji Universitetinin dekorativ-tətbiqi incəsənət fakültəsini bitirmişdir. Bununla yanaşı, o, dahi Karl Faberjenin nəvəsinin Moskvada açdığı K.Faberje adına dekorativ-tətbiqi sənət kollecini də bitirmişdir. O, Bakıda Moda Akademiyası açmağı planlaşdırır.

Dünyanın müxtəlif ölkələrində öz bilik və bacarıqları ilə ad-san qazanmış, peşəkarlığı ilə nüfuz sahibi olmuş uğurlu soydaşlarımız çoxdur. Rusiya Federasiyası da bu baxımdan istisna deyil. Müsahibimiz Rusiya Dizaynerlər İttifaqının üzvü, Parisdəki Rus Rəssamlar Assosiasiyasının üzvü, geyim üzrə məşhur rəssam- modelyer, dekorator Orxan Sultandır.

– Orxan bəy, neçə ildir Rusiyada yaşayırsınız ?

–25 ildir.

– Moskvada yaşayan, çalışan Orxan üçün Azərbaycan nə deməkdir ?

– Mən Vətənə çox bağlı insanam. Azərbaycana vaxtaşırı gəlib-gedirəm. Bəzi insanlar var ki, kənarda hər hansı uğur qazansalar da, Vətəni yaddan çıxarırlar. Amma bizdə elə deyil, hesab edirəm ki, daim bura ilə əlaqədə olmaq, gəlib-getmək şərtdir. Bundan əlavə, mən Rusiya Azərbaycan Gənclər Təşkilatının (AMOR) fəaliyyətində hər zaman iştirak etmişəm. Onların Azərbaycanla bağlı tədbirlərinə qatılmışam. Bu, mənim mənəvi borcumdur.

– Sizin bu sahəni seçməyinizə səbəb nə oldu ?

– Mən 4 yaşımdan başlayaraq, şəkillər, eskizlər çəkmişəm. Bir sözlə, hər yerdə – divarda, divar kağızlarında, vərəqlərdə, həyətdə, məktəbdə və s. ­
8 saylı orta məktəbdə oxumuşam. Bəzən dərsdən yayınaraq Opera Teatrındakı hər hansı tamaşanın məşqlərinə baxırdım. Ümumiyyətlə, teatrın nədən ibarət olması, quruluşu ilə maraqlanırdım. Çünki teatr mədəniyyətin uzun illərlə qorunub saxlanmasında böyük rol oynayır. Teatr mədəniyyətin özülüdür. Orada həm balet, tamaşalar, opera və həm də dəb var.

Teatr bir neçə strukturun, yaradıcı komandanın böyük əməyinin vəhdətini təşkil edən bir qurumdur. Bu komandaya dramaturqlar, aktyorlar, musiqiçilər, mügənnilər, rəssam-dekoratorlar, quruluşçu rejissorlar daxildir. Mən müəyyən vaxtdan sonra bütün bunların cəmiyyət üçün – istər öz ölkəm, istər Rusiya Federasiyası, istərsə də dünya miqyasında nə qədər dəyərli və maraqlı olduğunu anladığımda hər bir yeniyetmənin həyatın bu önəmli mərhələsindən keçməli olduğunu düşündüm. Gənclər müəyyən yaşda teatrın nə olduğunu dərk etməlidirlər. Hansısa əsəri oxumadan teatra gəlmək olar, amma tamaşadan sonra mütləq gedib oxuyursan. Məndə də yəqin ki, belə olub. Çünki mən çox erkən yaşlarında tamaşalara gedirdim. O zaman mən Verdinin, Aidanın kim olduğunu bilmirdim. Mən məşqləri izləyirdim, orkestri dinləyirdim. Kostyumların necə hazırlanmasını, Leyli və Məcnun tamaşasında dekorasiyaların necə hazırlanmasını müşahidə edirdim. Kulis arxasında baş verənləri beynimə həkk edirdim. Bütün bunlar uşaqlıqdan parlaq işıq kimi yolumu, gələcəkdə mənim kim olacağımı müəyyənləşdirirdi.

– Uşaqlarda hər hansı bir sahəyə maraq olanda bəzən valideynlər çalışırlar ki, hər şey onların istəyincə olsun. Sizdə necə oldu ?

– Anam vəkildir, atam isə neftçi. Nənəmin gözəl tikiş, xalamın isə rəsm çəkmək qabiliyyəti vardı. Çox güman ki, bütün bunların məndə öz əksini tapmasında genetikanın rolu vardır. Ümumiyyətlə, mənim bu sənəti seçməyimə heç kimin etirazı olmayıb. Çünki ailəm bilirdi ki, məndə başqa sahələrə maraq yoxdur. Nə riyaziyyatçı, nə vəkil, nə də hüquqşünas olacağım ehtimal belə deyildi. Ailədə böyük uşaq olduğum üçün atam mənim sərbəst seçim etməyimin tərəfdarı idi. Onların ən böyük dəstəyi elə mənim seçimimə mane olmamaqları idi.

– Bu sahə, bu sənət çox çətin və eyni zamanda, diqqət və zərgər dəqiqliyi tələb edir. Vacib məqamlardan biri də zövqün yüksək olmasıdır. Bəs bu sənəti inkişaf etdirmək üçün sizdə zövqü formalaşdıracaq dünya üzrə məşhur kumiriniz varmı?

– Mən yenə də uşaqlıq illərimə qayıdıram. Hesab edirəm ki, mənim çox xoşbəxt uşaqlıq illərim olub, yanımda hər zaman örnək alacağım insanları görmüşəm. Nənəm, babam və məni formalaşdıran insanlar... Kumir kimi isə, doğrusu, heç kim olmayıb. Sadəcə, mən kimlərdən bu sənəti daha mükəmməl öyrənəcəyimi bilirdim. Əlbəttə ki, bu, İv Sen Loran, Valentino, Cristian Dior və o insanlar ki, dünyaya qadın geyimi üzrə bir başqa anlayış formalaşdırıblar. Onlar kütləni təkrar etmirdilər, onlar dünya dəbi, tendensiya yaradırdılar, ətir yaradırdılar. Və bu o qədər dəyərli idi ki, mən düşünürəm, formalaşmağımda bunun çox böyük rolu olub.

– Hər bir sənətdə bir istiqamət, hədəf var. Modelyerlər təqdim etdiyi dəb geyimində bir kriteriyaya üstünlük verirlər. Filosofların belə bir yanaşması var: ən gözəl istehsal nümunəsi sadəlik üzərində qurulmalıdır. Bəs siz sənətinizdə hansı kriteriyanı əsas götürürsünüz?

– Bu sahədə həm dizayner, həm modelyer, həm də geyim üzrə rəssamlar var. Mən geyim üzrə rəssamam. Yəqin ki, biz çox deyilik. Buna görə də böyük təqdimatlara, konsertlərə getmirik, xalq üçün anlaşılmayan geyimlər geyinmirik. Kifayət qədər ciddi və qapalıyıq. Malik olduğumuz hər şey bizim daxilimizdədir. Geyim üzrə rəssamlar hər hansı bir mənbə ilə, teatr quruluşu ilə işləyən insanlardır. Əvvəllər dizaynerlər, geyim üzrə rəssamlar üçün ön planda maddiyyat dayanmayıb. Onlar tarixdə qalmaq üçün yaradıblar. Bizim kimi insanlar azdır.

– Orxan bəy, heç düşünmüsünüzmü ki, Azərbaycan xanımları və ya bəyləri üçün nümunəvi geyim hazırlayasınız...

– Bəli, kişi və qadınlarımız üçün müəyyən maraqlı yeniliklər etmək istərdim.

– Sualı bir az da dəqiqləşdirək: Mümkündürmü ki, hər hansı geyim hazırlayarkən Azərbaycana aid elementlərdən, detallardan istifadə etməklə onun xalqımıza məxsus olduğu bilinsin.

– Nümunə olaraq deyə bilərəm ki, bu sahədə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım tendensiya yarada bilmişdir. Məsələn, təsvirlərində nardan istifadə etməklə milli kolorit, həm də, öz-özlüyündə Azərbaycanın simvolu olaraq enerji, həyat rəmzini tətbiq etmişdir. Bu baxımdan, istər xarici ölkələrdə, istərsə də öz ölkəmizdə təsvirlərdə və ya hər hansısa geyimdə bu nümunələrə rast gəldikdə artıq Azərbaycanla əlaqələndiririk. Bu, həm də, ilk növbədə, düzgün marketinqdir, indi hər şeyi düzgün tətbiq edilmiş marketinq idarə edir. Mən də bu barədə düşünürəm.

– Eşitdiyimizə görə, fevral ayında Bakıda performans nümayiş etdirmək istəyirsiniz. Bu layihənin məzmunu, əhəmiyyəti barədə məlumat verməyinizi xahiş edirəm.

– Bu, beynəlxalq əhəmiyyətli layihədir. İlk növbədə, yaxın dostum, daha sonra peşəkar musiqiçi, dirijor Cavad Tağızadə ilə müzakirədən sonra bu tədbirin fevral ayında keçirilməsinə qərar verdik. Bu, bir səhnədə yeddi opera divasını birləşdirən unikal konsert layihəsidir. Konsert “by Sultan Couture” brendinin yaradıcısı olaraq, həm də mənim yubileyimə həsr ediləcək. Tədbirdə dünyanın müxtəlif ölkələrindən tanınmış dekoratorların, moda rəssamlarının, musiqiçilərin qatılacağı gözlənilir.

– Sənətinizin Azərbaycanda da həvəskarları çoxdur. Yeni qədəm qoyduğumuz 2020-ci il vətənimizdə ardıcıllarınızın olması baxımından hansı planlarınız var?

– Doğrusu, Bakıda Sultan Xan Dəb Akademiyasını yaratmağı düşünürəm. Lakin hələ buna tam hazır deyiləm. Çünki mənim də hələ öyrənəcəyim nüanslar var. Məktəbi yaratsam, bu sahədə biliklərə sahib olmaq istəyənlərə yaradıcılıq proseslərini öyrədəcəyəm. Arzu edək ki, üzümüzə gələn il bu sahədə ölkəmiz üçün nəsə edə bilək. İşlərimiz elə rəvan getsin ki, istədiklərimizi reallaşdıra bilək. Ümid edirəm ki, 2020-ci il hər baxımdan ölkəmiz üçün faydalı, yaddaqalan il olacaq.

Müsahibəni aldı:
Anar TURAN,
“Xalq qəzeti”

 

13 2020 23:35 - XƏBƏRLƏR
XƏBƏRLƏR
29 Yanvar 2020 | 16:13
Qazax: qapını döyən var...

Köhnə versiyamızdan xəbərləri izlə