Ən son xəbərlər

Son buraxılış
Arxiv

Girov götürülmüş mülki əhalinin pozulmuş hüquqlarının tədqiqi ilə bağlı layihənin təqdimatı keçirilib

Girov götürülmüş mülki əhalinin pozulmuş hüquqlarının tədqiqi ilə bağlı layihənin təqdimatı keçirilib

“Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı girov götürülmüş mülki əhalinin (qadın və uşaqların) pozulmuş hüquqlarının tədqiqi” mövzusunda layihəsinin yekun təqdimatı keçirilib. Layihə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə icra olunub.

www.science.gov.az saytı yazır ki, AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda baş tutan mərasimdə işğal olunmuş ərazilərin icra hakimiyyətlərinin əməkdaşları, tanınmış hüquqşünas alimlər, girovluqda olmuş şəxslər, QHT sədrləri və KİV nümayəndələri iştirak ediblər.

Tədbiri birliyin sədri Esmira Orucova açaraq layihənin məqsədinin girovluqda olmuş qadın və uşaqlara ermənilər tərəfindən edilmiş işgəncə və zorakılıq hallarını tədqiq etmək olduğunu bildirib. Qeyd edib ki, layihə çərçivəsində Bakı və Abşeronda, Ağdam rayonunun kənd və qəsəbələrində, Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində məskunlaşmış, yaş həddi 28-70 olan 100 nəfər girovluqdan azad edilmiş qadın və girov götürülən zaman azyaşlı olmuş şəxslərlə sorğular keçirilib.

E.Orucova toplanmış sorğulara əsasən ermənilərin girov götürdüyü mülki əhaliyə qarşı BMT tərəfindən qəbul olunmuş “İnsan Hüquqları Haqqında Ümumi Bəyannamə”ni, “Hərbi Münaqişələr və Fövqəladə Hallar Zamanı Qadın və Uşaqların Müdafiəsi Haqqında Bəyannamə”ni, “Soyqırım Cinayətlərinin Qarşısının Alınması və Cəzalandırılması Haqqında Konvensiya”nı, “Döyüşən silahlı qüvvələrdə yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında” və “Müharibə zamanı mülki əhalinin qorunması haqqında” Cenevrə Konvensiyalarını kobud surətdə pozduğunu söyləyib.

O, aşkar olunmuş hüquq pozuntularının BMT-nin İnsan Hüquqları və Qaçqınlar üzrə Ali komissarlarına, sözügedən qurumun İşgəncələrə qarşı Komitəsinin rəhbərinə, Avropa Şurasının və NATO-nun baş katiblərinə, Beynəlxalq Qızıl Xaç Komitəsinin, Avropa İttifaqının, eləcə də ATƏT-in sədrlərinə və Azərbaycanda akkreditə olunmuş bütün xarici ölkələrin səfirliklərinə göndərildiyini vurğulayıb.  

Tədbirdə daha sonra Hüquq və İnsan Haqları İnstitutunun şöbə müdiri, s.ü.f.d., dosent Elşad Mirbəşiroğlu, AR Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Ağalar Əliyev, AR Hərbi Prokurorluğunun şöbə müdiri Emin Tağıyev, AR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Raidə Əmirbəyova, AR Ombudsman aparatının sektor müdiri Müqalib Mahmudov, Azərbaycan Tibb Universitetinin baş müəllimi Aidə Bəndəliyeva, Xocalı şəhər 2 saylı orta məktəbin direktoru Fiqurə Rüstəmova və digərləri çıxış edərək ermənilərin girov götürülmüş mülki vətəndaşlara qarşı işgəncələrindən, beynəlxalq konvensiyaları pozmasından danışıblar. Qeyd edilib ki, erməni girovluğundan azad edilmiş 1476 nəfərin 363-ü qadın, 223 nəfəri uşaq olub. Bildirilib ki, sözügedən şəxslərin bir çoxu girovluqda olan zaman işgəncə və zorakılığa, fiziki, mənəvi, psixoloji təzyiqlərə məruz qalıblar.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 

22 2018 10:51 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Dekabr 2018 | 12:57
Vaqonlar dezinfeksiya olunur
11 Dekabr 2018 | 12:54
Mövsümün meyvəsi...

Ən son xəbərləri səhifəmizdən də izləyin