Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xarici mətbuat Azərbaycan haqqında

Malayziyanın “The Sun daily” nəşrində “ Azərbaycan Malayziya ilə multikulturalizm sahəsində əməkdaşlıqda maraqlıdır” sərlövhəli məqalə dərc edilib. Məqalədə multikulturalizmin bir dövlət siyasəti kimi həyata keçirilməsinin Azərbaycana faydalar  verdiyi və nəticədə ölkədə  siyasi və iqtisadi sabitliyin gücləndiyi qeyd edilib. 

Məqalədə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənovun fikirlərinə geniş yer verilib. R.Həsənov vurğulayıb ki, multikulturalizm və tolerantlıq dünyanı bürüyən  bir çox etnik, mədəni, dini münaqişələrin həllində irəli aparan yoldur. Azərbaycanın multikulturalizm modeli üç əsas element üzərində qurulub: etnik və dini müxtəlifliyə hörmət, dövlət siyasəti kimi hökümətin dəstəyi və ayrı-ayrı mədəni və dini cəmiyyətlərin qorunması siyasəti. “Multukultralizm  özündə etnik, irqi, dini və mədəni müxtəlifliyi, eləcə də onu yaradan dəyərləri əks etdirir. Bu, Azərbaycanda olduğu kimi, bir sıra ölkələrdə dövlət siyasətidir ki, bununla cəmiyyətdə müxtəlifliyin qorunması və inkişafı təmin edilir.”
Müəllif qeyd edir ki, müsəlmanlar Azərbaycan əhalisinin 96 faizini təşkil edir. Bununla yanaşı, xristianlar və yəhudilər kimi digər dinə mənsub insanlar  tarixən uzun müddət dinc və dostluq şəraitində  birgə yaşayırlar. Şərq və Qərbin qovşağında yerləşən Azərbaycanda məscidlər, kilsələr və sinaqoqlar qorunub saxlanılır, eləcə də bir vaxtlar zərdüşt dininə mənsub zəvvarların ziyarət etdikləri Atəşgah məbədi turistlərin ən çox diqqətində olan məkanlardandır.
Mərkəzin icraçı direktoru bildirib ki,  milli və qlobal mənəvi və humanist dəyərlərə əsaslanan multikulturalizm  ulu öndər Heydər Əliyevin yaratdığı siyasətin əsasını təşkil edir. 2015-ci ildən mərkəz tərəfindən yerli və bəzi xarici universitetlərdə “Azərbaycan multikulturalizmi” fənni üzrə dərslər  keçirilir. Almaniya, Litva, Polşa, Ukrayna, Portuqaliya, İsveç, İsveçrə, İtaliya, Pakistan, Hindistan, Bolqarıstan, Rusiya kimi ölkələrin 22 universitetində Azərbaycanın multikulturalizm modeli üzrə dərslər keçirilir. 
Məqalədə, həmçinin Rəvan Həsənov Malayziya ilə əməkdaşlıq edə biləcəklərini, malayziyalı tələbələrin Azərbaycanda bu sahədə təcrübə keçə, gənc jurnalistlərin ölkəmizdəki multikulturalizm modeli ilə bağlı müstəqil araşdırmalar aparıb öz dillərində yayımlaya biləcəklərini vurğulayıb:  “Biz təcrübəmizi bölüşə və sınaya, eləcə də mərkəzimizin Malayziyada filialını aça bilərik, multikulturalizmlə bağlı universitet proqramını təşkil edə bilərik. Bunlar mümkündür, çünki hər iki ölkə güclü qarşılıqlı əlaqələrdən məmnundur.”
Məqalədə, həmçinin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ildə iki dəfə tələbələr üçün qış və yay məktəbləri təşkil etdiyi bildirilir  ki, burada tolerantlıq və multikulturalizm ənənələri ilə bağlı ətraflı məlumat verilir. İndiyə kimi, 5 il ərzində  keçirilmiş qış və yay məktəblərində 100 xarici ölkədən 400 tələbə iştirak edib.
Məqalədə Prezident İlham Əliyevin təşəbbüsü ilə ­2008-ci ildə “Bakı prosesi”nin irəli sürülməsinə toxunulub və qeyd edilib ki, məqsəd  İslam və Qərb sivilizasiyaları, xalqları və mədəniyyətləri arasında dialoq və əməkdaşlığı inkişaf etdirməkdir.
“The Dispatch News Desk”—“DND” xəbər agentliyi “Səyahət bələdçisi–2020 ilə Bakını kəşf et” sərlövhəli məqalə yayımlayıb.  Bloger, jurnalist Əsəd Harunun hazırladığı materialda  minimum xərclə–100 ABŞ dolları ilə Bakının əsas görməli yerlərinə səyahət, tarixi məkanları, milli mədəni irsi və mətbəxi ilə tanışlıq barədə ətraflı məlumat verilir. Müəllif vurğulayır ki, Bakı son dövrlər özünün  turizm bumunu yaşayır. 
Müəllif  Azərbaycan mətbəxi barədə söhbət açarkən təamları çox bəyəndiyini vurğulayıb və Bakıya getmək istəyən turistlərə Azərbaycan yeməklərinin dadına baxmağı tövsiyə edib: “ Buradakı yeməklər  dünyanın  ən yaxşılarından biridir. Əgər mənim yazılarımı izləyirsinizsə, əmin ola bilərsiniz ki, mən buranın yeməyini türk yeməklərindən daha çox bəyənirəm. Mütləq Azərbaycan kabablarının dadına baxın.”
Məqalədə, həmçinin səyahətsevərlərə UNESKO-nun Mədəni İrs Siyahısında olan İçərişəhəri, Şirvanşahlar Sarayını, Qız qalasını, müxtəlif məscidləri, tarixi karvansaraları və hamamları, eləcə də “Alov qüllələri”ni görmək tövsiyə edilir. 
“ABP” xəbər şəbəkəsi saytı hind dilində Bakıdan 20 dəqiqəlik reportaj  hazırlayıb “Azərbaycanın paytaxtı Bakıya birgünlük səyahət” adlı reportajda Heydər Əliyev Mərkəzi, “Alov qüllələri”, Şirvanşahlar Sarayı, İçərşihər kimi Bakının tarixi və müasirliyini əks etdirən məkanlar barədə məlumat verilir. Jurnalistin Qız qalasının fonunda əyləşərək səhər yeməyində  Azərbaycan xalqının çay ənənələri, samovar çayının məhz armudu stəkanda içilməsi barədə söhbət açması diqqətçəkən məqamlardandır. Aparıcı, həmçinin Qobustan Dövlət Tarixi-Bədii Qoruğundakı qayaüstü rəsmlər, palçıq vulkanlarının özəllikləri barədə danışıb, Bibiheybət məscidi, İçərişəhər, Atəşgaha baş çəkib. Reportajda,  həmçinin milli yeməklərlə məşhur olan restoranlardan birində Azərbaycan xörəklərinin dadına baxıb. Tar ifasında səslənən “Sarı gəlin” mahnısının fonunda Bakının gecə görüntüsünün möhtəşəmliyi reportaja ayrı bir ab-hava bəxş edib.

 

Əfsanə BAYRAMQIZI, “Xalq qəzeti” 

13 2020 23:24 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə