Ən son xəbərlər

Son buraxılış
Arxiv

Akademik Həsən Abdullayevin 100 illik yubileyi ilə bağlı elmi konfrans

 Akademik Həsən Abdullayevin 100 illik yubileyi ilə bağlı elmi konfrans

AMEA Naxçıvan Bölməsində görkəmli alim və ictimai xadim, Əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı, akademik Həsən Abdullayevin anadan olmasının 100 illiyinə həsr olunan elmi konfrans keçirilib.

www.science.gov.az saytı yazır ki, tədbir Naxçıvan Dövlət Universiteti, “Naxçıvan” Universiteti və Naxçıvan Müəllimlər İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub. Əvvəlcə bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək bildirib ki, Prezident İlham Əliyev “Akademik Həsən Abdullayevin 100 illik yubileyi haqqında” 14 iyul 2017-ci ildə Sərəncam imzalayıb. Buna uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclis sədri Vasif Talıbovun 2017-ci il 27 iyul tarixli Sərəncamı ilə “Akademik Həsən Abdullayevin 100 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı” təsdiq olunub. Alim elmi konfransın həmin sərəncama əsasən təşkil edildiyini bildirib.

Qeyd olunub ki, ömrünün çoxunu yarımkeçiricilər fizikasına həsr edən H.Abdullayev 15 monoqrafiya, 250-dən artıq ixtira, o cümlədən 500-dən çox elmi məqalənin müəllifi olub. O, ABŞ, Yaponiya, Rusiya və digər ölkələrdə keçirilən beynəlxalq konfranslarda ölkəmizi təmsil edib, dünya miqyasında fizikanın aktual problemlərinə həsr olunan məruzələrlə çıxış edib.Həsən Abdullayev Elmlər Akademiyasının prezidenti kimi respublikada elmin təşkilinə mühüm töhfələr verib. Görkəmli alim elmi nailiyyətlərinə və böyük elmi-təşkilatçılıq fəaliyyətinə görə SSRİ-nin ən yüksək ordenlərinə, Azərbaycan Dövlət mükafatına, “Əməkdar elm xadimi” fəxri adına, SSRİ EA-nın S.İ.Vavilov adına medalına, Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanına və digər mükafatlara layiq görülüb.

Daha sonra bölmənin Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əliəddin Abbasovun “Akademik Həsən Abdullayev Azərbaycan elminin intibahı”, Batabat Astrofizika Rəsədxanasının direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Qulu Həziyevin “Azərbaycanda astronomiya elminin və seysmologiya mərkəzlərinin inkişafında akademik Həsən Abdullayevin rolu” və Naxçıvan Dövlət Universitetinin “Ümumi və nəzəri fizika” kafedrasının müdiri, dosent Fərman Qocayevin “Akademik Həsən Abdullayev Azərbaycanda yarımkeçiricilər fizikası məktəbinin banisidir” mövzusunda məruzələri dinlənilib.

Tədbirdə digər çıxış edənlər Həsən Abdullayevin zəngin elmi fəaliyyətindən söz açıb, alimlə bağlı  xatirələrini  bölüşüblər.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

22 2018 10:45 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin