Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Musa Qasımlı: Sumqayıt və Bakı hadisələri Azərbaycan xalqına qarşı mərkəzin və erməni dairələrinin törətdiyi təxribat idi

Beşinci çağırış Milli Məclisin deputatı, tarixçi alim Musa Qasımlı bildirib ki, əslində, Ermənistan rəhbərliyinə geniş antiazərbaycan kampaniyasına başlamaq və Azərbaycana qarşı təcavüzkarlıq siyasətinə bəraət qazandırmaq üçün vasitə kimi lazım olan Sumqayıt hadisəsi əvvəlcədən müəyyən erməni qrupları tərəfindən hazırlanmışdı.

Musa Qasımlı qeyd edib ki, 1988-ci il fevralın 26-28-də Sumqayıtda baş verən hadisələrin istintaq materiallarından hücum edənlərin artıq qabaqcadan müəyyənləşdirilmiş mənzilləri seçdikləri aydın olur.Öldürülən ermənilər erməni təşkilatlarına pul ödəməyən şəxslər idi: "Onların siyahılarının əvvəlcədən hazırlandığını deyən tarixçi alim bildirib ki, hadisələrdə şəhərin qeyri-yerli əhalisindən ibarət olan cinayətkar elementlər iştirak etmişdilər. İğtişaşlar nəticəsində 32 nəfər həlak olub. Onların 24-ü erməni, 5-i azərbaycanlı, qalanları isə digər xalqların nümayəndələri idi. Bununla belə, Sumqayıt hadisələrində bir çox azərbaycanlı erməniləri mənzillərində gizlədərək ölümdən xilas etdi. Hadisənin təşkilatçılarından biri ermənilərin qətli və erməni qadınlarının zorlanmasında bilavasitə iştirak edən milliyətcə erməni olan Eduard Qriqoryan idi. O, həmin iğtişaşlara qədər cinayət əməlləri üstündə bir neçə dəfə həbsxanada yatmışdı”.

M.Qasımlı əlavə edib ki, Sumqayıt hadisəsi Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin Siyasi Bürosunun 1988-ci il 29 fevral tarixli iclasında müzakirə edilb: “İclasa sədrlik edən M.Qorbaçov Yerevanda vərəqələrin yayıldığını diqqətə çatdırıb. Həmin vərəqələrdə ermənilərdən mitinq etməyi dayandırmaq, silaha sarılmaq və türklərə qarşı hücuma keçmək çağırışları edilirdi. Yerevanda ordu qərargahına atəş açılmış, güllə qərargah rəisinin otağının pəncərəsinə dəymişdi. M.Qorbaçov onları ekstremist adlandıraraq bildirdi ki, mitinqlərdə bütün çıxışlarda əsas mövzu Qarabağ və onun Ermənistana birləşdirilməsidir. Dağlıq Qarabağ münaqişəsinin də kökləri etnik amilin üstünlüyündə deyil, Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarında idi. Uzun illər boyu antiazərbaycan, antitürk xətti Ermənistanda rəsmi dövlət siyasəti səviyyəsinə qaldırılmışdı. M.Qorbaçovun hakimiyyətə gəlməsindən sonra bu proseslər daha da güclənmişdi”.

M.Qasımlı təəssüflə deyib ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının formalaşmasında, milli münasibətlərin qızışdırılmasında erməni din xadimləri xüsusi rol oynayıblar. "Mərkəz, xüsusən Sovet İttifaqı KP MK katibi A.Yakovlev və M.Qorbaçovun həyat yoldaşı Raisa Qorbaçova daim istintaq orqanalarına təzyiqlər ediblər. M.Qorbaçov vəziyyətin kəskinləşməsini Azərbaycan hakimiyyətinin fəaliyyəti, guya ermənilərin sıxışdırılması ilə əlaqələndirdi. Tarixi gerçəkliyi əks etdirməyən belə yanaşma M.Qorbaçovun Azərbaycan xalqına düşmən münasibətinin göstəricisi idi".

Tarixçi alim vurğulayıb ki, Sumqayıt hadisəsi, onun ardınca 1990-cı il yanvarın 20-də törədilən qırğın Azərbaycan xalqına qarşı mərkəzin və erməni dairələrinin törətdiyi bir təxribat idi: “Bu hadisə Azərbaycana qarşı təzyiq üçün edilmişdi. Sumqayıt hadisəsi xalqımızın üstünə atılmış bir ləkədir. Ondan alınan ibrət dərsləri çoxdur. Ərazilərimizin işğal altında qaldığı, qaçqın və məcburi köçkünlərimizin olduğu bir şəraitdə xalqımız dövlətimizin ətrafında sıx birləşməli, kifayət qədər ayıq olmalı, ölkəmizdə sabitliyi qorumalı, səylərini quruculuğa yönəltməli, dövlətimizin daha da güclü olmasına çalışmalı, yeganə problemimiz olan Ermənistanın hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsinin həllinə var qüvvəsini sərf etməlidir”.

M.Qasımlı, həmçinin əlavə edib ki, 1990-cı il yanvarın 20-nə keçən gecə Sovet İttifaqının rəhbəri Mixail Qorbaçovun göstərişi ilə ordu hissələrinin Bakıda dinc əhaliyə qarşı silah işlətməsi, insanlara divan tutması SSRİ-nin öz vətəndaşlarına qarşı cinayəti idi: "1990-cı ilin yanvarında Bakıda törədilən hadisələrə dünyanın müxtəlif ölkələrinin rəsmi hakimiyyət orqanları, təəssüf ki, sakit yanaşdılar. Hətta bu məsələdə Qorbaçovu müdafiə etdilər. Ona görə müdafiə etdilər ki, bir sıra böyük ölkələrin rəhbərləri SSRİ-nin dağılmasında maraqlı idilər. SSRİ-ni ayaq üstə saxlayan isə ordu, təhlükəsizlik orqanları və Kommunist Partiyası idi. 20 Yanvar hadisələrinin törədilməsində də elə bu üç qurumun - ordu, təhlükəsizlik orqanları və Kommunist Partiyasının günahkar olduğu üzə çıxdı. Və təbii ki, onlar gözdən düşdülər".

Deputat hesab edir ki, bu hadisə ilə bağlı məsələlərin araşdırılmasına və dərindən öyrənilməsinə ehtiyac var: "Bundan ötrü məsələnin daxili tərəfləri öyrənilməlidir. Məsələn, o zaman Azərbaycan rəhbərliyində baş vermiş ixtilaflar, hakimiyyətlə xalq arasında yaranmış uçurum, xalq hərəkatının rəhbərləri arasındakı münasibətlər, psixoloji amil təhlil olunmalıdır. Bundan başqa, sovet rəhbərliyi daxilində baş verən hadisələrə münasibət öyrənilməlidir. Eyni zamanda beynəlxalq amil və xarici təsirlər də araşdırılmalıdır. Fikrimcə, 20 Yanvardan uzaqlaşdıqca, onun mahiyyətini daha dərindən öyrənir və dərk edirik. Bu hadisəni hərtərəfli araşdırmaqdan ötrü Moskvada siyasi büronun arxivlərinin materialları, SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin, SSRİ Müdafiə Nazirliyinin arxiv materialları üzə çıxmalıdır. Ondan sonra bir sıra məqamlara aydınlıq gətirilə bilər".

“Xalq qəzeti”

13 2020 14:59 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə