• RUB: 0.0260
  • TRY: 0.2990
  • EUR: 1.9649
  • USD: 1.7000
  • Bakı + 15.4 ° C / 96%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şərqdə ilk demokratik respublikanın parlamentinin 100 illiyi təntənəli qeyd olundu

Şərqdə ilk demokratik respublikanın parlamentinin 100 illiyi təntənəli qeyd olundu

Sentyabrın 21-də Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təntənəli iclas keçirilib. İclasda əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
İclası açan Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycan parlamentinin yaradılmasının 100 illiyi münasibətilə hər kəsi təbrik edib. Sədr təntənəli iclasda iştirak etdiklərinə görə xarici ölkələrin parlamentlərinin və beynəlxalq təşkilatların nümayəndələrinə minnətdarlığını bildirib.
Milli Məclisin sədri qeyd edib ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin və onun parlamentinin yaradılması xalqımızın dövlətçilik potensialının yeni tarixi şəraitdə təzahür etməsi və müstəqillik arzusunun reallaşması idi. Parlamentli respublika sisteminin tətbiq edilməsi, demokratik və dünyəvi dövlətçilik yolunda atılan inamlı addımlar təkcə Azərbaycanın deyil, bütün müsəlman Şərqinin siyasi həyatında yeni səhifə açdı.
Oqtay Əsədov bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin siyasi, iqtisadi, sosial, mədəni və hərbi sahələrdə qəbul etdiyi mütərəqqi qanunvericilik aktları bu dövlətin səmərəli fəaliyyətinə şərait yaradıb. “Şərq aləmində ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətində kişilərə və qadınlara bərabər seçki hüququ təsbit edilib. Azərbaycan parlamenti öz fəaliyyətini demokratik prinsiplər əsasında qurmuşdu. Ölkədə mövcud olan bütün siyasi qüvvələr və cərəyanlar, müxtəlif millətlərin nümayəndələri bu qanunvericilik orqanında təmsil olunub. Azərbaycan Xalq Cümhuriyyəti parlamenti ölkəmizdə dövlətçilik məfkurəsinin və siyasi mədəniyyətin inkişafında mühüm rol oynayıb. Bu parlamentin uğurlu fəaliyyəti sübut etdi ki, Azərbaycan xalqı demokratik prinsiplərə əsaslanan milli dövlət qurmağa qadirdir”, – deyə Milli Məclisin sədri vurğulayıb. 
Oqtay Əsədov qeyd edib ki, 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımız böyük böhran və sarsıntılar, erməni işğalı və vətəndaş müharibəsi təhlükəsi ilə üzləşmişdi. 1993-cu ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə müstəqil dövlətimiz məhv olmaq təhlükəsindən qurtuldu. “Qeyd etmək lazımdır ki, ümummilli lider Prezident seçilənədək dörd ay bu parlamentə rəhbərlik edib. 1995-ci ildə onun rəhbərliyi ilə hazırlanmış Konstitusiya parlamentin formalaşmasına, müasir standartlara uyğun mexanizmlərin yaranmasına dəstək oldu. Demokratiya şəraitində Milli Məclisə indiyədək beş dəfə keçirilmiş azad, ədalətli və şəffaf seçkilər Azərbaycanın demokratik inkişafında mühüm rol oynayıb”, - deyə sədr vurğulayıb.
Oqtay Əsədov diqqətə çatdırıb ki, artıq 23 ilə yaxındır Azərbaycan Milli Məclisi qanunvericilik hakimiyyəti səlahiyyətlərini uğurla həyata keçirir. Parlament ölkədə aparılan hüquqi, demokratik, dünyəvi dövlət quruculuğunun möhkəm hüquqi bazasını yaradıb və təkmilləşdirib. Parlament beynəlxalq əlaqələrini də çox sürətlə inkişaf etdirir. Milli Məclis on beynəlxalq təşkilatın üzvüdür. Milli Məclisdə 80-dən çox ölkənin parlamentləri ilə dostluq qrupları fəaliyyət göstərir. Parlament Konstitusiyada nəzərdə tutulan nəzarət funksiyasını çox uğurla həyata keçirir. Həmçinin Milli Məclis Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məsələsini daim diqqət mərkəzində saxlayır. Azərbaycanda dövlət hakimiyyətinin müxtəlif qolları arasında səmərəli əməkdaşlıq münasibətləri bərqərar olub.
Bildirilib ki, Prezident İlham Əliyev Konstitusiyada təsbit edilmiş qanunvericilik təşəbbüsü hüququna əsaslanaraq, müasir dünya standartlarına uyğun layihələri hazırlayır və parlamentə təqdim olunmasını təmin edir. Milli Məclisin sədri deyib: “Prezident İlham Əliyev birinci və ikinci çağırış Milli Məclisin deputatı olub və Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinə rəhbərlik edib. O, Milli Məclisin fəaliyyəti ilə bağlı məsələləri dərindən bildiyinə görə qanunverici orqana çox böyük diqqət və dəstək göstərir. Parlamentə bu münasibətinə görə Prezident İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk. 
Azərbaycanın ­Birinci vitse-prezidenti Mehriban Əliyeva da 12 ilə yaxın müddətdə Milli Məclisin üzvü olub, qanunvericilik bazasının möhkəmləndirilməsində, parlamentin beynəlxalq əlaqələrinin inkişafında yaxından iştirak edib. Onun təklifi və dəstəyi ilə dörd amnistiya aktı qəbul olunub”.  
Vurğulanıb ki, gündəlik fəaliyyətində Milli Məclis icra və məhkəmə hakimiyyəti orqanları, elm, təhsil və yaradıcılıq mərkəzləri ilə sıx əlaqələr saxlayır. Parlament hakimiyyətin müxtəlif qolları arasında iş birliyini, ölkəmizin strateji inkişaf xəttinin uğurla həyata keçirilməsini təmin edir. Azərbaycan Respublikası XX əsrin əvvəllərində mövcud olmuş Xalq Cümhuriyyətinin, Milli Məclis isə Xalq Cümhuriyyəti parlamentinin varisidir. Azərbaycan parlamentinin 100 illik yubileyi münasibətilə bu gün keçirilən tədbirlər zamanlar arasında canlı əlaqəni təcəssüm etdirir. İnamla söyləmək olar ki, Azərbaycan Xalq Cümhuriyyəti qurucularının yaratdıqları dövlətçilik və parlament ənənələri indiki Azərbaycan dövlətinin və parlamentinin fəaliyyətinə layiqincə dəstək olub.
Bolqarıstan Milli Assambleyasının sədri xanım Tsveta Karayançeva çıxış edərək deyib ki, Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində fəaliyyət göstərib, lakin buna baxmayaraq Azərbaycanın sonrakı tarixində mühüm rola malik olub. Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk dəfə kişilərə və qadınlara bərabər seçki hüququ verib və bu kimi bir sıra mühüm mütərəqqi addımlar atıb.
“Sevindiricidir ki, 100 il sonra müstəqil Azərbaycan öz demokratik inkişaf yolunu davam etdirir, müasir dövlət kimi inkişaf edir”, – deyən Tsveta Karayançeva qeyd edib ki, Bolqarıstan Azərbaycan ilə əlaqələrə xüsusi önəm verir. Ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlıq əlaqələri qurulub. Azərbaycan və Bolqarıstan parlamentləri arasında qarşılıqlı hörmətə əsaslanan əlaqələr mövcuddur.
Sədr bildirib ki, Azərbaycan və Bolqarıstan beynəlxalq təşkilatlar çərçivəsində də səmərəli əməkdaşlıq edirlər. Bolqarıstan Azərbaycan və Avropa İttifaqı arasında aparılan danışıqlara öz müsbət töhfəsini verir.
Azərbaycanın Avropanın, o cümlədən Bolqarıstanın enerji təhlükəsizliyində mühüm rol oynadığını söyləyən Tsveta Karayançeva deyib: “Həmçinin qeyd etməliyəm ki, iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün kifayət qədər geniş potensial mövcuddur. Hesab edirəm ki, ölkələrimiz arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması əməkdaşlığımızın genişləndirilməsi üçün əlverişli zəmin yaradır. Biz enerji, kənd təsərrüfatı, ticarət və digər sahələrdə əməkdaşlığımızı genişləndirə bilərik”.
Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım iclasda çıxış edərək deyib: “Biz eyni millətin övladlarıyıq. Azadlığımız, əmin-amanlığımız bir-birinə bağlıdır. Sevincimizi və kədərimizi birgə bölüşürük. Ümidlərimiz, xəyallarımız, ideallarımız eynidir. Eyni dildə danışırıq, fikirlərimiz eyni nöqtələrdə birləşir. Biz əcnəbi dövlətlərin adlarını sayanda Azərbaycanı o kateqoriyaya daxil etmirik. Çünki Türkiyə Azərbaycandır, Azərbaycan Türkiyədir”.
Binəli Yıldırım bildirib ki, Azərbaycan və Türkiyə 100 il əvvəl tarix səhnəsindən silinməmək üçün böyük bir mübarizə aparıblar. Yüz il əvvəl Azərbaycan Xalq Cümhuriyyəti yaradılıb. Azərbaycan parlamenti 100 il əvvəl vacib bir vəzifəni icra edib. Bu gün də Azərbaycanın qazandığı uğurlarda parlamentin böyük rolu var. Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan böyük inkişaf yolu keçib və iqtisadi nailiyyətlər əldə edib. Bakı küçələrində gəzərkən bu inkişafı görmək mümkündür. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yolla və Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük uğurlara imza atıb, bölgədə sülh və sabitliyə mühüm töhfə verib. Türkiyə hər zaman Azərbaycanın yanında olub, onun müstəqilliyini dəstəkləyib. Azərbaycan və Türkiyə bölgədə əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edən mühüm layihələri birgə reallaşdırıblar. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisi və bu kimi digər təşəbbüslər əməkdaşlığın dərinləşdirilməsinə xidmət edir.
Pakistan İslam Respublikası Senatının sədri Məhəmməd Sadiq Səncari çıxış edərək bu cür tarixi tədbirdə iştirak etməkdən şərəf hissi duyduğunu deyib. O, Pakistanın Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən olduğunu xatırladıb, parlamentlərarası əlaqələrin indiki səviyyəsini yüksək qiymətləndirib. Vurğulayıb ki, Azərbaycan daim Pakistanın yanında olduğu kimi, Pakistan da daim Azərbaycanın yanında olacaq, onu dəstəkləyəcək. O, Azərbaycan ilə Pakistan arasında bir çox sahələrdə həyata keçirilən əməkdaşlığın yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.
Belarus Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenko deyib ki, bu təntənəli tədbir Azərbaycan xalqının öz Vətəninin tarixinə olan böyük sevgisinin təsdiqidir. Bu tədbir öz həyatlarını Vətənin müstəqilliyinə və inkişafına həsr etmiş Azərbaycanın sadiq oğul və qızlarının, ümummilli lider Heydər Əliyevlə birgə öz xalqını, ölkəsini parçalanmadan xilas edən, milli iqtisadiyyatı və dövlətçiliyi canlandıran insanların silinməz yaddaşının sübutudur. Bu insanların adına təkcə Azərbaycanda deyil, onun hüdudlarından uzaqda, o cümlədən Belarusda da küçələr, təşkilatlar var. Onlar hər zaman bizim qəlbimizdə yaşayacaqlar. Bu insanlara və onların davamçılarına görə Azərbaycan müstəqil və güclü olub. Bu gün Azərbaycan sabit və dinamik inkişaf edən, yüksək sürətli iqtisadi inkişafı olan dövlətdir.  Azərbaycan Avropanın ən vacib enerji və nəqliyyat mərkəzlərindən biridir, dünya  ictimaiyyətinin nüfuzlu və bərabərhüquqlu üzvüdür. Azərbaycan Xalq Cümhuriyyəti illərində müəyyən edilən prinsiplərə və görkəmli dövlət xadimi Heydər Əliyevin strategiyasına əsasən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan demokratik yolla əminliklə gedir. Milli Məclisin səmərəli qanunvericilik işi, onun hökumətin digər sahələri ilə məhsuldar qarşılıqlı əlaqəsi bunun üçün vacib hüquqi bazanın yaradılmasını təmin edib. Parlament Azərbaycanın maraqlarını beynəlxalq arenada da uğurla təmsil edir. Belarus dost Azərbaycanın uğurlarına sevinir. Belarus və Azərbaycanın ikitərəfli və çoxtərəfli qarşılıqlı əlaqəsi göstərir ki, bizim ölkələrimizin maraqları ümumilikdə üst-üstə düşür.
Küveyt Millət Məclisinin sədri Mərzuq Əli əl-Ğanim Azərbaycan xalqını parlamentin yaradılmasının 100 illiyi münasibətilə Küveyt xalqı adından təbrik edərək deyib: “Biz Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra beynəlxalq təşkilatlar çərçivəsində daim Küveytin hüquqlarını dəstəkləyən mövqedən çıxış etməsini heç vaxt unutmayacağıq. Azərbaycan hər zaman prinsipial mövqe tutaraq bizi dəstəkləyib. Bunun bariz nümunəsi kimi, BMT Təhlükəsizlik Şurasına üzvlüyümüzü dəstəkləməsini göstərmək olar. Buna görə də hazırda qardaşlarımızın və dostlarımızın əhatəsində olmaqdan şərəf duyuruq.

İki ölkə arasındakı əlaqələrdən danışan Küveyt Millət Məclisinin sədri qeyd edib ki, Azərbaycan ilə Küveyt arasında son illər siyasi, iqtisadi və mədəni sahələrdə mühüm nailiyyətlər əldə olunub. Ancaq əlaqələrin daha da genişləndirilməsi üçün böyük imkanlar var. “Biz həssas və müstəsna coğrafi mövqeyə malik, Şərq ilə Qərb arasında iqtisadi və mədəni körpü rolunu oynayan Azərbaycan kimi mühüm ölkə ilə əlaqələrin inkişaf etdirilməsində maraqlıyıq. Azərbaycan kimi mühüm dövlətlə əlaqələrin inkişafı müstəsna əhəmiyyət kəsb edir. Hər şeydən öncə Azərbaycan bir çox sahələrdə mühüm nailiyyətlər əldə edən dövlətdir. Sevindirici haldır ki, keçən il Azərbaycana 20 min küveytli səfər edib. Lakin biz bu rəqəmin iki dəfə artırılması əzmindəyik. Bu, iki ölkə arasında ticarət dövriyyəsinə və investisiya qoyuluşuna müsbət təsir göstərəcək. Eyni zamanda, iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın intensivləşdirilməsi əzmindəyik. Bundan başqa, gənclər və idman sahəsində əməkdaşlıq etməkdə maraqlıyıq”, - deyə Küveyt Millət Məclisinin sədri vurğulayıb. O qeyd edib ki, Küveyt Millət Məclisi Azərbaycan Milli Məclisi ilə əməkdaşlığı gücləndirməkdə maraqlıdır. İstər beynəlxalq parlament təşkilatları çərçivəsində, istərsə də parlamentlərarası dostluq qrupları müstəvisində əməkdaşlıq üçün yaxşı imkanlar mövcuddur.
Qırğız Respublikası parlamentinin sədri Dastanbek Cumabekov bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması yalnız Azərbaycan xalqının deyil, bütövlükdə regionun həyatında əhəmiyyətli hadisədir. Yüz il bundan əvvəl Azərbaycan xalqı parlamentini yaratmaqla demokratik prinsiplərə sadiqliyini nümayiş etdirib. Yüz il bundan əvvəl Azərbaycanda yaradılan parlament müasir parlamentarizm modeli əsasında fəaliyyət göstərirdi. O deyib: “Təəssüflər olsun ki, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərdi. 1920-ci ildə Azərbaycan xalqı öz müstəqilliyini itirdi. Lakin Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycan xalqı öz dövlətçilik ənənələrinə sadiq qalaraq müstəqil dövlət yarada bildi. Əlbəttə ki, Azərbaycan xalqının ümummilli lideri, uzaqgörən siyasətçi Heydər Əliyevin ölkənin müstəqilliyinin qorunub saxlanmasında, inkişafında rolu əvəzsizdir. Məhz onun səyləri nəticəsində Azərbaycan dövlətçiliyi möhkəmləndirildi, ölkə inkişaf yoluna qədəm qoydu, Konstitusiya qəbul olundu, milli ideologiya formalaşdırıldı, müxtəlif sahələrdə geniş və dərin islahatlar həyata keçirildi. Bütün islahatlarda parlament də fəal rol oynayıb. Belə ki, fəaliyyətini demokratik və qanunun aliliyi prinsipləri əsasında həyata keçirən parlament tərəfindən qəbul olunan qanunlar Azərbaycanın demokratik inkişafı üçün əsaslı zəmin yaradıb”.
Dastanbek Cumabekov qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı ölkə daxilində və xaricdə müxtəlif tədbirlərin keçirilməsi xalqın öz tarixinə verdiyi dəyərin göstəricisidir. Bu gün Azərbaycan xalqı öz ölkəsi və rəhbərliyi ilə fəxr edir, siyasi və iqtisadi müstəqilliyini yüksək dəyərləndirir. Azərbaycanın turizm cəhətdən cəlbedici olması, səhiyyə və təhsil sahələrində inkişaf etməsi və beynəlxalq aləmdəki mövqelərinin möhkəmlənməsi ölkənin inkişafının göstəriciləridir.
Azərbaycan Milli Məclisinin parlamentlərarası əməkdaşlığa önəm verdiyini deyən sədr vurğulayıb ki, Milli Məclis bir çox parlament təşkilatları ilə uğurlu əməkdaşlıq edir.
Qırğızıstan ilə Azərbaycanı ümumi köklərin, dini və mədəni eyniliklərin birləşdirdiyini deyən Dastanbek Cumabekov qeyd edib ki, tarixən xalqlarımız arasında dostluq əlaqələri mövcud olub və bu münasibətlər bu gün də var.
Bəhreyn Nümayəndələr Şurasının sədri Əhməd bin İbrahim Əl-Mulla çıxış edərək Azərbaycan xalqını ölkəsinin rəhbərliyi adından təbrik edib. O, ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsində qarşılıqlı səfərlərin, parlamentlərarası münasibətlərin, təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edib. Nümayəndələr Şurasının sədri Azərbaycanda həyata keçirilən milli birliyə əsaslanan siyasəti yüksək qiymətləndirib və ölkəsində də eyni siyasətin həyata keçirildiyini deyib. Vurğulayıb ki, Bəhreyn Azərbaycan ilə hər sahədə əlaqələrin daha da inkişaf etdirilməsində maraqlıdır. 
Sədr, həmçinin beynəlxalq və regional münaqişələrin həlli istiqamətində, o cümlədən terrora qarşı mübarizədə Azərbaycan ilə Bəhreyn arasında münasibətlərin dərinləşdirilməsinin vacibliyini qeyd edib.
Cibuti Milli Assambleyasının sədri Məhəmməd Əli Huməd Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin demokratik dəyərlər üzərində qurulduğunu qeyd edib. O vurğulayıb ki, parlamentdə ölkədəki bütün xalqların nümayəndələri təmsil olunublar. Bu parlamentdə çox mühüm qərarlar qəbul edilib. 
Son illər Azərbaycanın müxtəlif sahələrdə böyük uğurlar qazandığını bildirən Cibuti Milli Assambleyasının sədri qeyd edib ki, Azərbaycan qloballaşan dünyada məğrur addımlarla irəliləyir. Tarixin çətin sınaqlarından çıxan Azərbaycan bir çox dövlətlər üçün, o cümlədən Cibuti kimi gənc ölkə üçün nümunədir. “Bir il bundan əvvəl mənim ölkəm Azərbaycan vətəndaşlarının Xocalıda soyqırımına məruz qalması ilə bağlı qətnamə qəbul etdi. Biz qəti şəkildə dost Azərbaycan xalqının sivil əhalisinə qarşı bu qətliamı pislədik. Fikirləşirik ki, hər hansı bir ərazinin silah gücünə tutulması BMT-nin Nizamnaməsinə ziddir. Əminəm ki, Azərbaycan qısa müddətdə ərazi bütövlüyünü bərpa edəcək və bu da beynəlxalq hüququn bütün prinsiplərinə uyğun olacaq”, – deyə Cibuti Milli Assambleyasının sədri vurğulayıb.
Sudan Milli Assambleyasının sədri İbrahim Əhməd Ömər qeyd edib ki, Azərbaycan parlamentinin 100 illiyinin təntənəli şəkildə qeyd olunması böyük məna kəsb edir. Parlament azadlıq, demokratiya, ədalət prinsipləri və insanlar arasında bərabərliyin gücləndirilməsi istiqamətində böyük rola malikdir. Parlament demokratik quruculuğun əsas sütunlarından biridir. Qanunverici orqan, həmçinin dövlət və cəmiyyət arasında əlaqələri müəyyən edən strukturdur. Hesab edirəm ki, Azərbaycanın bu tarixi təntənəli qeyd etməsi qanunverici orqana verilən yüksək qiymət kimi dəyərləndirilməlidir.
Sudanın Azərbaycan ilə yüksək səviyyəli əlaqələrə malik olduğunu söyləyən sədr deyib: “Ölkəmiz müstəqil Azərbaycan Respublikasını tanıyan və paytaxt Bakıda 1993-cü ildə səfirlik açan ilk dövlətlərdən olub. Sudan Azərbaycan ilə əməkdaşlıq əlaqələrini inkişaf etdirmək əzmindədir. Ölkələrimizin rəhbərləri arasında təşəkkül tapmış yüksək səviyyəli siyasi dialoq parlamentlərarası əməkdaşlığın layiqli müstəviyə çatdırılmasına müsbət təsir göstərir. Bu tədbirdə iştirakımız parlamentlərarası əlaqələrin inkişafına olan marağımızın və ölkələrimiz arasında əlaqələrin gücləndirilməsində parlamentlərin rolunun vacibliyinin bariz nümunəsidir. Parlament diplomatiyası xarici siyasətin ən vacib istiqamətlərindən biri olaraq rəsmi diplomatiyanın güclü yardımçısına çevrilib”.
Sudan Milli Assambleyasının sədri qeyd edib ki, son illərdə ölkələrimiz arasında əlaqələr yüksələn xətt üzrə inkişaf edir. Müxtəlif sahələrdə 16 saziş imzalanıb. Regional və beynəlxalq müstəvidə əməkdaşlığımızı genişləndirmək üçün yaxşı imkanlar var.
ATƏT Parlament Assambleyasının sədri Georgi Tsereteli çıxış edərək deyib: “Azərbaycanda ilk parlament 100 il bundan əvvəl yaradılıb. Bu tarix Azərbaycan xalqının inkişafa, çiçəklənməyə nə qədər sadiq olduğunu nümayiş etdirir. Biz bu tarixi nəzərdən keçirərkən görürük ki, bu, yalnız tarixi nöqteyi-nəzərdən deyil, gələcək üçün çox böyük əhəmiyyət kəsb edir. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması müasir Azərbaycanın yaranmasına, onun güclənməsinə, ölkədə müxtəlif sahələrin inkişafına, ölkənin iqtisadi və maddi suverenliyinin möhkəmləndirilməsinə öz töhfəsini verib. 
Bu müasir “Alov qüllələri”nin kölgəsində dayandığımız zaman biz Azərbaycan irsini artıq hiss edə, Azərbaycanın müstəqillik tarixində əldə etdiyi nailiyyətləri görə bilərik. Müasir Azərbaycan parlamenti öz sələfinin izi ilə gedərək ölkənin iqtisadi nöqteyi-nəzərdən inkişaf edib regionda vacib bir ölkəyə çevrilməsinə öz töhfəsini verib”.
Rusiya Dövlət Duması sədrinin müavini Sergey Neverov çıxış edərək Dumanın deputatları adından Azərbaycan parlamentinin 100 illik yubileyi münasibətilə təbriklərini çatdırıb. Bildirib ki, Azərbaycan və Rusiya parlamentləri arasında dostluğun qədim tarixi var. Bu dostluq 1906-cı ildə Rusiya parlamentində başlayıb. Orada Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə müsəlman fraksiyası fəaliyyət göstərirdi. S.Nevorov vurğulayıb ki, müasir dövrdə ölkələrimizin parlamentləri arasında sıx əlaqələr var və bu münasibətlər uğurla inkişaf edir. Parlamentlərimiz arasında dostluq və strateji tərəfdaşlıq barədə sənədlər də imzalanıb.
Dumanın sədr müavini qeyd edib ki, Azərbaycan və Rusiya prezidentləri parlamentlərarası əlaqələrə böyük önəm verirlər. Parlamentarilərimiz də bu dostluğun inkişafına töhfə verirlər. S.Nevorov Azərbaycan və Rusiya deputatlarının müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, mədəni sahələrdə ikitərəfli və çoxtərəfli formatlarda uğurla əməkdaşlıq etdiklərini bildirib.
Misir Nümayəndələr Palatası sədrinin birinci müavini Mahmud Əhməd Şərif belə bir təntənəli tədbirdə iştirak etməsindən məmnunluğunu ifadə edərək deyib ki, Azərbaycan Xalq Cümhuriyyəti qadınlara seçki hüququ verən ilk müsəlman ölkəsi olub. Həmçinin 100 il bundan əvvəl yaradılan parlamentdə müxtəlif dini və etnik azlıqların nümayəndələri təmsil olunublar. Bu, Azərbaycan Xalq Cümhuriyyətinin demokratik dəyərlərə verdiyi önəmin göstəricisidir. 
Azərbaycan ilə Misir arasındakı əlaqələrdən danışan Mahmud Əhməd Şərif qeyd edib ki, xalqlarımız arasında müştərək mədəni dəyərlər, adət-ənənələr var. Azərbaycan 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra ölkələrimiz arasında əlaqələr yeni mərhələyə qədəm qoydu. İki ölkə arasında indiyə qədər 50 sənəd imzalanıb, yüksək səviyyəli qarşılıqlı səfərlər olub. Misir parlamentində Azərbaycanla dostluq qrupu fəaliyyət göstərir. 
Qazaxıstan Senatı sədrinin müavini Bektas Beknazarov Azərbaycan parlamentinin 100 illiyinin qeyd olunmasını tarixi hadisə kimi dəyərləndirib, bu münasibətlə təbriklərini çatdırıb.
Azərbaycanın Qazaxıstanın Cənubi Qafqaz regionunda əsas tərəfdaşlarından olduğunu söyləyən Bektas Beknazarov deyib ki, bu yaxınlarda iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 26 illiyi qeyd olunub. İki ölkə arasında münasibətlər inkişaf edir. Qazaxıstan Prezidentinin Azərbaycana 2017-ci ildə rəsmi səfəri zamanı bir sıra sənədlər imzalanıb. Qardaş ölkələrimiz arasında növbəti inkişaf mərhələsinin təməli qoyulub. Azərbaycan və Qazaxıstan parlamentlərarası münasibətləri də uzun illərdir formalaşıb. 2014-cü ildə Bakıda imzalanmış parlamentlərarası saziş əlaqələrimizin inkişafında xüsusi rola malikdir.
Çexiya Deputatlar Palatası sədrinin müavini Voytex Filip bildirib ki, 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti, eyni zamanda, müsəlman Şərqində ilk demokratik dövlətin qurulması kimi xarakterizə olunur. Bu hadisə çox böyük əhəmiyyətə malikdir.
Bu gün Azərbaycan Respublikası ilə Çex Respublikası arasında münasibətlər strateji xarakter daşıyır. Qarşılıqlı münasibətlər bütün sahələrdə dayanıqlı şəkildə inkişaf etməkdədir. Eyni zamanda, biz yüksək səviyyəli əməkdaşlığımızı beynəlxalq təşkilatlar səviyyəsində də davam etdiririk.
Tacikistan Nümayəndələr Palatası sədrinin birinci müavini Aziz Abducabbor bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin və onun parlamentinin yaradılması böyük tarixi hadisə idi. İslam dünyasında ilk dəfə bu parlament qadınlara səsvermə hüququ verib. Hazırkı Milli Məclis 100 il bundan əvvəl əsası qoyulan prinsiplərə sadiq olduğunu göstərir. 
Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətinin və parlamentinin inkişafında mühüm xidmətlərinin olduğunu qeyd edən Tacikistan Nümayəndələr Palatası sədrinin birinci müavini vurğulayıb ki, Azərbaycan hazırda iqtisadi, sosial, siyasi və digər sahələrdə böyük irəliləyişlər əldə etməklə dünyada layiqli yer tutub.
Azərbaycanın bu gün sürətlə inkişaf etdiyini qeyd edən Macarıstan Milli Assambleyasının sədr müavini Ksaba Hende bildirib ki, Azərbaycan ilə Macarıstan arasında ikitərəfli əlaqələr yüksək səviyyədədir. Xalqlarımız arasında tarixi köklərə malik əlaqələr mövcuddur. Sədr müavini, həmçinin Azərbaycan və Macarıstan parlamentləri arasında yaxşı əlaqələrin də olduğunu bildirib. 
Monteneqro parlamentinin sədr müavini, parlamentin Azərbaycan ilə dostluq qrupunun rəhbəri Genci Nimanbequ çıxış edərək 100 il əvvəl yaradılan Azərbaycan Xalq Cümhuriyyəti dövründə atılan mütərəqqi addımları, o cümlədən qadınlara səsvermə hüququnun verilməsini yüksək qiymətləndirib. Vurğulayıb ki, bu gün Azərbaycanda mövcud olan tolerantlıq, multikultural mühit bir çox ölkələr üçün örnəkdir. Burada müxtəlif dinlərin, xalqların nümayəndələri sülh şəraitində birgə yaşayırlar. Sədr müavini Azərbaycanın bütün sahələrdə sürətlə inkişaf etdiyini vurğulayıb, ölkələrimiz və xalqlarımız arasında dostluğun daimi olacağına əmin olduğunu bildirib.
Özbəkistan Parlamenti Məclisinin sədr müavini Sarvar Otamuratov Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təbriklərini çatdıraraq qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti demokratik, dünyəvi dövlətin nümunəsi olub. Bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə əsası qoyulan prinsiplər ölkənin bugünkü inkişafına da mühüm töhfələr verir. Bu gün Azərbaycanda irqindən, dinindən asılı olmayaraq bütün insanlar birgə mehriban şəraitdə yaşayırlar. 
Böyük Britaniya parlamentinin Azərbaycanla dostluq qrupunun rəhbəri Bob Bləkmən qeyd edib ki, Azərbaycan parlamentinin 100 illik yubileyinin qeyd edilməsi böyük tarixi əhəmiyyətə malik hadisədir. Azərbaycanda 100 il əvvəl qadınlara seçki hüququ verilib. Təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü qısa oldu, lakin Azərbaycan xalqı 70 ildən sonra öz müstəqilliyini bərpa etdi.
Böyük Britaniyanın Azərbaycan ilə əməkdaşlığın səviyyəsindən məmnun olduğunu vurğulayan Bob Bləkmən deyib ki, Britaniya Azərbaycan iqtisadiyyatında yaxından iştirak edir. Bu gün Azərbaycan-Britaniya əlaqələri müxtəlif sahələrdə genişlənir. Keçirilən yüksək səviyyəli görüşlər də əlaqələrimizin möhkəmlənməsində mühüm rol oynayır.
“Bu gün demokratik inkişaf nəticəsində Azərbaycan dünyaya açılan bir ölkəyə çevrilib. Ölkə mühüm beynəlxalq tədbirlərə, o cümlədən “Eurovision” mahnı müsabiqəsinə, Avropa Oyunlarına, Formula 1 yarışlarına uğurla ev sahibliyi edib. Mən son 8 il ərzində Azərbaycanda 6 dəfə olmuşam və ölkədəki inkişafın canlı şahidiyəm”, - deyə Bob Bləkmən vurğulayıb.
BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələrinin yerinə yetirilməsinin vacibliyini ifadə edən Böyük Britaniya parlamentinin deputatı deyib: “Uzun müddətdir davam edən bu münaqişə qısa müddətdə həll olunmalı, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir”.
“Yüz il əvvəl Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlamentin yaradılması mühüm addım idi. Müsəlman aləmində ilk demokratik dövlət yaratmaqla Azərbaycan həm də müxtəlif dinlərin, xalqların nümayəndələrinin bir yerdə yaşamalarının nə qədər önəmli olduğunu nümayiş etdirdi”, – deyən Fransa-Azərbaycan Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel vurğulayıb ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlament 300-dən çox sənədi, o cümlədən qadınlara səsvermə hüququ verilməsinə dair qərarı təsdiq edib. Bu, bütün dünyaya bir nümunə olub.
Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə toxunan Jan-Fransua Mansel bu dövrdə parlamentin ilk sədri Əlimərdan bəy Topçubaşovun misilsiz xidmətlərindən söhbət açıb. O, Fransa-Azərbaycan əlaqələrinin inkişafında parlamentlərarası münasibətlərin xüsusi rol oynadığını vurğulayıb.
İndoneziya Nümayəndələr Palatası sədrinin müavini Aqus Hermanto, Polşa Senatı sədrinin müavini Adam Bielan, Serbiya parlamenti sədrinin müavini Veloyub Arsiç, Vyetnam Milli Assambleyası sədrinin müavini Uong Chu Luu, Avstriya Milli Şurasının üzvü, Avstriya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Barbara Krenn, Sloveniya Milli Assambleyasının xarici əlaqələr komitəsinin sədri Matyaz Nemek, Parlamentlərarası İttifaqda Malta parlamenti nümayəndə heyətinin rəhbəri Byron Camilleri, Slovakiya parlamentində Azərbaycan ilə dostluq qrupunun rəhbəri Peter Marçek, Litva Seyminin sosial işlər və əmək komitəsinin sədri Rimante Salaseviute, Livan Milli Assambleyasının üzvü, Livan-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Ayoub Hmayed, Birləşmiş Ərəb Əmirlikləri parlamentinin üzvü Jamal Al Hai, İordaniya parlamentinin deputatı Favzi Daoud, Hindistan parlamentinin deputatı Kambadahally Hanumappa Muniyappa, Avropa Parlamentinin üzvü Sajjad Kərim, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının baş katibi Məhəmməd Xouraiçi Niass, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisində Türkiyə nümayəndə heyətinin rəhbəri Cemal Öztürk, İtaliya Deputatlar Palatasının üzvü Giovanni Russo çıxış edərək Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təbriklərini çatdırıblar.
Sonda Azərbaycanın dövlət himni səsləndirilib.

AZƏRTAC

 

 

21 2018 23:43 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin