Ən son xəbərlər

Son buraxılış
Arxiv

Biz hələ yüz illər sonra da AXC-nin şanlı tarixi ilə qürur duyacağıq

Biz hələ yüz illər sonra da AXC-nin şanlı tarixi ilə qürur duyacağıq

Dünən Azərbaycan Prezidenti İlham Əliyevin Milli Məclisdə keçirilmiş Azərbaycan parlamentinin 100 illiyi ilə bağlı təntənəli iclasda deputatlar və xaricdən dəvət olunmuş çoxsaylı qonaqlar qarşısında söylədiyi nitq tariximizin şanlı səhifələrinin dünyaya təqdimi baxımından mühüm əhəmiyyət kəsb edir. Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, dövlət başçımızın dediyi kimi, fəxr ediləsi tarixi hadisədir. Buna görədir ki, 2018-ci il Prezident İlham Əliyev tərəfindən ölkədə “Cümhuriyyət ili” elan edilib və insanlarımız bununla bağlı tədbirlər zamanı AXC-nin tarixi ilə bağlı ətraflı məlumatlanırlar. 
Prezident İlham Əliyev haqlı olaraq bildirdi ki, 1991-ci ildə ikinci dəfə müstəqilliyinə qovuşan Azərbaycan çox ağır və məşəqqətli illər yaşayıb, 1993-cü ildə isə xalqımız müdriklik göstərərək, ulu öndər Heydər Əliyevi hakimiyyətə dəvət edib, bununla da ölkə iflasdan və müstəqilliyini itirmək təhlükəsindən xilas olub. Azərbaycanın o zamankı xaosdan, ictimai-siyasi və hərbi problemlərdən xilas edilməsində və sonrakı sosial-iqtisadi inkişafında parlamentimizin də böyük rolu olub.
Prezidentin sözlərinə görə, parlamentimiz müstəqillik illərində beynəlxalq standartlara uyğun qanunlar qəbul edib. Dövlət maraqlarımızın beynəlxalq səviyyədə müdafiəsi üçün daim cəsarətli addımlar atılır. Deputatlarımız beynəlxalq təşkilatlar çərçivəsində fəal iş aparır, Azərbaycan reallıqlarını, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri dünyaya çatdırırlar.
Ermənistanın yeni rəhbərliyinin son aylarda səsləndirdiyi yersiz və avantürist bəyanatlara toxunan dövlət başçımız qeyd etdi ki, münaqişənin yeganə həll yolu Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasıdır. Ona görə də “Ermənistanın yeni rəhbərliyi öz siyasətində ciddi dəyişikliklər etməlidir”. Azərbaycan öz prinsipial mövqeyindən geri dönməyəcək. Çünki Dağlıq Qarabağ əzəli və tarixi Azərbaycan torpağıdır və o, Azərbaycanın suverenliyindən kənarda heç bir status almayacaq.
İnanırıq ki, dünyanın bir sıra ölkələrindən gəlmiş parlament sədrləri və digər qonaqlar Azərbaycan xalqının Şərqdə ilk demokratik dövlət qurduğu, Avropadan çox illər qabaq qadınlara seçki hüququ verdiyi barədə məlumatlarını bir az da artırdılar. Bu isə dünyada Azərbaycanın nüfuzunun artmasına xidmət edən mühüm hadisədir. Biz hələ yüz illər sonra da AXC-nin şanlı tarixi ilə qürur duyacağıq. 

Musa URUD, 
Milli Məclisin deputatı

21 2018 23:36 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin