• RUB: 0.0259
  • TRY: 0.2937
  • EUR: 1.9673
  • USD: 1.7000
  • Bakı + 18.6 ° C / 65%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ölkəmizin uğurlu inkişafında Azərbaycan Milli Məclisi də önəmli rol oynayır

Ölkəmizin uğurlu inkişafında Azərbaycan Milli Məclisi də önəmli rol oynayır

Milli Məclisdə Azərbaycan Parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasda Prezident İlham Əliyev ­AXC-nin yaradılmasını tarixi hadisə adlandıraraq, xalqımızın Şərqdə ilk demokratik respublikanın yaradılması ilə fəxr etdiyini bildirib. Bu dövrdə bir sıra dövlət atributlarının təsis olunduğunu deyən ölkə rəhbəri Azərbaycan Xalq Cümhuriyyətinin və onun qurucularının fəaliyyətini yüksək qiymətləndirib.  
Xatırladım ki, AXC cəmi 23 ay mövcud olmasına baxmayaraq, fəaliyyəti dövründə mühüm demokratik hüquqi islahatlar həyata keçirdi, mürəkkəb tarixi bir şəraitdə Azərbaycanın ilk parlamenti yaradıldı, ana dili dövlət dili elan olundu, dövlət quruculuğu sahəsində ciddi tədbirlər görüldü. Azərbaycanın ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, təhsil milliləşdirildi. Bütün bunlarla bərabər, xalqın sonrakı illərdə mədəni yüksəlişinə müsbət təsir göstərən, ictimai fikir tarixi baxımından müstəsna rol oynayan layihələr gerçəkləşdirildi. 
Azərbaycan parlamentinin fəaliyyəti dövründə qəbul edilən qanunlar vətəndaşların mülki-siyasi hüquqlarının təmininə,  suveren, demokratik, hüquqi dövlətin gücləndirilməsinə, dövlət idarəçiliyinin məqsədyönlü şəkildə həyata keçirilməsi və cəmiyyət-vətəndaş-dövlət münasibətlərinin sivil şəkildə tənzimlənməsinə yönəldilmişdi.                               
Xalqımızın azadlıq hərəkatı tarixində dərin iz qoyan Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dövründə özünün siyasi quruluşuna, həyata keçirdiyi demokratik dövlət quruculuğu tədbirlərinə, həmçinin qarşısına qoyduğu məqsəd və vəzifələrə görə Avropanın ənənəvi demokratik respublikalarından geri qalmadığını sübut etdi. Eyni zamanda, mövcud olduğu dövrdə xalqımıza azadlığın, müstəqillik ideyalarının şirinliyini dadızdırdı. 
Sovet İttifaqı dağıldıqdan sonra 1991-ci il oktyabrın 18-də respublikanın qanunvericilik orqanı – Ali Sovet Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul etdi. Bununla da Azərbaycanın müstəqilliyi bərpa olundu. 
Ötən dövrdə müstəqil Azərbaycan siyasi, sosial-iqtisadi, mədəni sahələrdə böyük nailiyyətlər qazanıb. Respublikamız üçün taleyüklü strateji islahatlar həyata keçirilib, insan hüquqları sahəsində dinamik inkişaf mərhələsinə qədəm qoyulub. Bununla bağlı ulu öndər Heydər Əliyev deyib: “Azərbaycan Xalq Cümhuriyyəti az bir müddət yaşayıbdır. Ancaq o, XX əsrdə Azərbaycan xalqının həyatında tarixi bir mərhələ olub və xalqımızın gələcəyinin, müstəqilliyinin, azadlığın, suverenliyinin təməlini qoyubdur. Məhz buna görə də Azərbaycanın bütün vətəndaşları – biz Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını, onun fəaliyyətini və Xalq Cümhuriyyətini yaradanları, o dövrdə qəhrəmanlıq nümunələri göstərən insanları böyük minnətdarlıq hissi ilə yad edirik...”.
Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi quruculuq siyasətini hazırda ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev uğurla həyata keçirir. Dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycan siyasi, sosial-iqtisadi və hərbi sahələrdə samballı nailiyyətlər əldə edir. Bu gün dövlətimiz dünya birliyində özünə layiqli yer tutur, bölgədə geosiyasi mövqelərini möhkəmləndirir, iqtisadi inkişaf tempinə görə beynəlxalq aləmdə nüfuzlu dövlətə çevrilir.  
Çıxışında “Bugünkü inkişafımızda Azərbaycan parlamentinin də payı var”, – deyən Prezident İlham Əliyev Milli Məclisin müstəqilliyimizi möhkəmləndirdiyini, ölkəmizin inkişafına öz töhfəsini verdiyini xatırladıb, eyni zamanda, respublikamızın dünya xəritəsində bir uğur nümunəsi olduğunu, tam müstəqil siyasət yürütdüyünü diqqətə çatdırıb. 

Rəmziyyə NOVRUZOVA, 
siyasi elmlər üzrə fəlsəfə doktoru

 

21 2018 23:35 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin