Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Səs” İnformasiya Agentliyinin 10 illiyi qeyd olunub

“Səs” İnformasiya Agentliyinin  10 illiyi qeyd olunub

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra KİV sahəsində də bir canlanma hiss edildi. Demokratik ab-hava, söz və fikir azadlığının nəticəsi kimi, bir sıra müstəqil dövri nəşrlər, eləcə də  informasiya agentlikləri fəaliyyət göstərməyə başladı.
On il əvvəl Azərbaycan mediasında kövrək addımlarını atmış “Səs” İnformasiya Agentliyi KİV bolluğu  içərisində ilk gündən seçilə bilmiş, cəmiyyətdə və ölkədə baş verən hadisələr barədə Azərbaycan oxucusunun  operativ və obyektiv  xəbər almasında mühüm rol oynamışdır. Bu yaxınlarda agentliyin 10 illik yubileyi xüsusi təntənə ilə qeyd edilib. 
Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirin iştirakçıları əvvəlcə  “Səs” İnformasiya Agentliyinin on illik fəaliyyətini əks etdirən  qısametrajlı filmə baxıblar. 
Tədbirdə çıxış edən “Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev vurğulayıb ki, “Səs” qəzeti və  “Səs” İnformasiya Agentliyi (SİA) dövlətimizin yaratdığı geniş imkanlardan yararlanaraq, öz fəaliyyətini çağdaş dövrün tələblərinə uyğun qura bilib. “Səs” İnformasiya Agentliyinin və “Səs” TV internet televiziyasının “Səs” qəzetinin bazasında  yaradıldığını bildirən Bəhruz Quliyev onların müasir Azərbaycan mediasında oynadığı roldan və fəaliyyət istiqamətlərindən danışıb. Bildirib ki, bu gün “Səs” İnformasiya Agentliyi dünyanın bir çox tanınmış informasiya agentlikləri ilə əməkdaşlıq edir, informasiya mübadiləsi aparır. Agentliyin ölkəmizin regionlarında olduğu kimi, Türkiyə, Rusiya, Gürcüstan, Qazaxıstan, Orta Asiya respublikalarında, eləcə də İran, Almaniya, Ukrayna, Moldova və digər ölkələrdə müxbir postları fəaliyyət göstərir. Onun sözlərinə görə, rəhbərlik bununla da kifayətlənməyərək, yaxın gələcəkdə öz əhatə dairəsinin daha da genişləndirilməsi üçün işlər görür. 
Yeni Azərbaycan Partiyası  icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov “Səs” qəzetinin Azərbaycanın müstəqilliyinin ilk və  çətin illərində meydana gəlməsindən danışıb. Deputat  bildirib ki, xüsusən, bu qəzetdə ulu öndər Heydər Əliyevin hüquqlarını müdafiə etmək olduqca çətin idi: “Həmin dövrdə 3 dəfə “Səs” qəzetini bağlayıblar, iki dəfə redaksiyaya hücum ediblər. “Səs” qəzetini blokadaya almışdılar. Lakin  qəzet bütün bu çətinliklərin öhdəsindən layiqincə gəldi. Sevindirici haldır ki, bu gün “Səs” qəzeti inkişaf etməklə yanaşı, iki yeni media orqanı – “Səs” İnformasiya Agentliyi və “Səs” TV-ni yarada bilib”.
Milli Məclisin deputatı  əlavə edib ki, “Səs” Media Qrupunun Azərbaycan kütləvi informasiya vasitələrində xüsusi yeri var. Xəbərlərin cəmiyyətə operativ çatdırılması baxımından SİA  nümunə göstərir.
Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov  deyib ki, “Səs” İnformasiya Agentliyi jurnalistikanın bütün prinsiplərinə əməl edir, hadisələrə dövlətçilik, milli maraqlar çərçivəsində yanaşma prinsipini özünün əsas məqsədi hesab edir.
Daha sonra “Səs” Media Qrupuna Mətbuat Şurasının diplomu təqdim edilib.
Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxışında qeyd edib ki, “Səs” İnformasiya Agentliyi “Səs” qəzetinin davamıdır.  “Səs” qəzeti Azərbaycanın dövlət müstəqilliyinin yaşıdıdır: “Həmin dövrdə bu qəzet çox geniş təbliğat aparırdı, ulu öndər Heydər Əliyevin fəaliyyətini geniş işıqlandırırdı. Qəzetin ardınca “Səs” İnformasiya Agentliyi və “Səs” internet televiziyası yaradıldı. “Səs” qəzeti bu gün də cəmiyyətin informasiya ilə təmin edilməsində mühüm rol oynayır. “Səs” Media Qrupunun əməyinə dövlət tərəfindən də yüksək qiymət verilir. “Səs” Azərbaycan media tarixinə öz adını qızıl hərflərlə yazdırıb”.
Mübariz Qurbanlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi  adından kollektivə fəaliyyətində daha böyük nailiyyətlər arzulayıb.

Əfsanə BAYRAMQIZI, 
“Xalq qəzeti”

21 2018 23:27 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin