• RUB: 0.0259
  • TRY: 0.2937
  • EUR: 1.9673
  • USD: 1.7000
  • Bakı + 18.6 ° C / 65%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nikol Paşinyanın Parisdə yalvarışları və növbəti böhtanları: erməni baş nazir öz ampluasında

Nikol Paşinyanın Parisdə yalvarışları və növbəti böhtanları: erməni baş nazir öz ampluasında

Nikol Paşinyan Fransaya gedibmiş. O, Parisdə danışıqlar apardığını deyir. Doğrudan da, Fransanın Prezidenti ilə də görüşüb, yemək yeyiblər. Bir sıra siyasi və işgüzar dairələrlə və Fransada yaşayan ermənilərlə görüşlər keçirilib. Lakin N.Paşinyan yalnız danışıb. Onun hansısa rəsmi sənəd imzaladığı haqqında informasiya yoxdur. Fransa Prezidenti Emmanuel Makron isə “İrəvanda danışarıq” cümləsi ilə erməni baş naziri başından edib. Bunların əvəzində N.Paşinyan ermənilərin əhatəsində cürətlənib. O, Azərbaycana və onun rəhbərliyinə qarşı absurd ittihamları söyləməkdə davam edib. N.Paşinyan nəinki siyasəti bilmir, hətta başını belə itirib və məntiqsiz “fikirlərdən” başqa ağlına bir şey gəlmir. Bu kontekstdə onun Fransaya gedişinin bir sıra məqamları üzərində geniş dayanmağı lazım bildik.
 

Uğursuz səfər: nəticəsiz danışıqlar və vədlər

Məsəl var, deyirlər, qozbeli qəbir düzəldər. Deyəsən, Nikol Paşinyanı heç qəbir də düzəldə bilməyəcək. Fransaya etdiyi səfərdə danışdıqlarından belə anlaşılır ki, bu adamın siyasətdən qəti başı çıxmamaqla yanaşı, danışığını da bilmir. İki cümlədən bir özünü təkzib edir, mövqeyinin qeyri-müəyyən olduğunu açıqca nümayiş etdirir. Amma bu adam Ermənistan hökumətinə başçılıq edir. Qondarma dövlətin qondarma başçısı!
Öncə, N.Paşinyanı Fransa Prezidentinin qarşılaması maraqlı olub. Emmanuel Makron ümumi diplomatik xoş sözlərdən sonra deyib ki, iki ölkə arasındakı münasibətlər haqqında İrəvanda danışarıq. Özü də bu sözlər N.Paşinyana nahar yeməyi veriləndə deyilib. Tərəflər faktiki olaraq qonaqlıqda söhbət ediblər. Fransa ilə Ermənistan arasındakı tarixi əlaqələrdən bəhs ediblər. Hətta N.Paşinyan deyib ki, “Fransa ilə Ermənistan arasında imtiyazlı münasibətlər” vardır. Nədən ibarətdir bu imtiyaz? Hamı bilir ki, söhbət Fransanın Ermənistanı himayə etməsindən gedir. İki müstəqil dövlətin münasibətlərindən söhbət gedə bilməz. Son 800 ildə ermənilərin dövləti nə zaman olub?
Məlumdur ki, Fransada ənənəvi olaraq erməni terror qruplarının havadarları olan müəyyən dairələr fəaliyyət göstərir. ASALA-nın lideri orada deyildimi? Fransada türk diplomatlara qarşı ermənilərin terror aktları olmayıbmı? Budurmu “tarixi köklərə malik imtiyazlı münasibətlər”? Bir siyasi lider anlayışları bu cür qarışdırırsa, onun yeri elə küçədə bağırmaqdır.
Görünür, N.Paşinyanı Azərbaycan-Türkiyə münasibətlərinin dərinliyi, tarixiliyi, səmimiliyi və reallığa uyğun məzmun kəsb etməsi o dərəcədə çaşdırıb ki, o da analoji addımlar atmağa cəhd göstərib. Gedib Fransadan Ermənistana qardaş “düzəltməyə”. Ancaq bu niyyət baş tutan deyil, çünki fransızlar rasional davranırlar. Hər şeyi ölçüb-biçirlər.
Əslində, E.Makron erməni baş naziri ciddiyə almadığını yemək süfrəsi arxasında ifadə edib. Fransa Prezidenti “İrəvanda danışarıq” deməklə, “indi danışmağa ciddi bir məsələ yoxdur” fikrini anlatmaq istəyib. Çünki nə Ermənistan müstəqil dövlətdir, nə də N.Paşinyan real baş nazirdir. Bəs onda o, Parisə nəyə gedib?
Erməni baş nazirin getdiyi yerlərə və apardığı söhbətlərin məzmununa nəzər salanda görürük ki, onun başlıca işi fransızlara yalvarmaq olub: “Ermənistana sərmayə qoyun”.  N.Paşinyanın danışıqlarının stenoqramına baxsanız bundan başqa məntiq tapa bilməzsiniz.
Təbii ki, ənənəvi erməni özünütərifi də yerindədir. “Erməni xalqı və Ermənistan üzərinə qlobal əhəmiyyəti olan rol götürüb” və ya “Ermənistan müasir sivilizasiyanın kənarında qalan deyil, yeni dünya sistemini yaradan liderlərdəndir”.

Siyasət və yalan: erməni baş nazirin məntiqsiz ittihamları

Gülməlidir, Ermənistan indiyə qədər üzərinə hansı qlobal missiyanı götürüb? Keçən əsrin 90-cı illərindən bu yana rəsmi İrəvanın fəaliyyəti qonşulara ərazi iddiası və havadarlara dəstəklə bağlı yalvarışlardan başqa nə ilə yadda qalıb? Eyni məntiqlə, N.Paşinyanın “Ermənistanın yeni dünya sistemini yaratmaqda payı vardır” deməsi cəfəngiyatdır. Ümumiyyətlə, Ermənistan yeni dünya nizamının yaradılması prosesinin həndəvərində belə deyil. Bu ölkə qlobal əhəmiyyət daşıyan bir dənə də olsun tədbir keçirməyib, hansısa proqram, yaxud layihə irəli sürməyib.
Ermənistanın iqtisadi vəziyyəti də həmişə çox aşağı səviyyədə olub. Yeni texnologiyaların tətbiqi səviyyəsinə görə isə dünyada ən aşağı pillədədir. Bunu N.Paşinyanın özü də Parisdə etiraf edib. Korrupsiya ölkəni bürüyüb. N.Paşinyan hakimiyyətə gələndən korrupsiyanın azaldığını göstərən fakt da yoxdur. Ermənistana sərmayə qoyuluşu çox azdır. 
Bu faktları N.Paşinyan inkar edə bilməz. Onun Azərbaycanla bağlı səsləndirdiyi fikirlər də yalan, qərəzli və məqsədlidir. Erməni baş nazir Fransadakı erməni icması ilə görüşü zamanı Dağlıq Qarabağ münaqişəsi, vasitəçilərin fəaliyyəti və Azərbaycan Prezidentinin mövqeyi ilə bağlı həqiqətə uyğun olmayan fikirlər səsləndirib. N.Paşinyan vasitəçilərə ağıl öyrətməyə çalışıb ki, “əgər onlar həqiqətən nizamlama ilə məşğul olmaq istəyirlərsə, onda ilk növbədə Azərbaycan Prezidentini intizama çağırmalıdırlar”. Bu nə deməkdir? Sən demə, İlham Əliyev Ermənistanı güzəştə getməsi üçün hədələyirmiş və bundan N.Paşinyan qorxmurmuş.
Ağlı başında olan baş nazir belə səviyyəsiz, məntiqsiz və bəsit fikir bildirər? Axı, hər kəs bilir ki, Ermənistan Azərbaycanın torpaqlarının 20 faizini havadarlarının böyük yardımı ilə işğal edib və dinc insanları öz yurdlarından qovub. Azərbaycan Prezidenti də ifadə edir ki, Ermənistan işğal etdiyi ərazilərdən silahlı qüvvələrini çəkməlidir, dinc sakinlər evlərinə qayıtmalıdır, Azərbaycanın dünya tərəfindən tanınan sərhədləri daxilində ərazi bütövlüyü bərpa edilməlidir. Burada hədə-qorxu haradadır?
Əgər N.Paşinyan Azərbaycan rəhbərinin ordunu gücləndirmək üçün atdığı ardıcıl və səmərəli addımlardan narahatdırsa, bu, müstəqil dövlətin suveren hüquqlarındandır. Baş nazir kimi bu elementar qaydanı N.Paşinyan bilməli idi. Bilmirsə, onda onun hakimiyyətdə nə işi var?
N.Paşinyan əsl xəstə psixologiyalı erməni olduğunu nümayiş etdirir. O deyir ki, İlham Əliyev “dqr”lə danışıq aparmaq istəmir, ancaq Dağlıq Qarabağı Azərbaycanın tərkibində görmək arzusundadır. Birincisi, Dağlıq Qarabağ ermənilərdən ibarət deyil. Orada azərbaycanlılar da yaşayırdılar (deportasiya edildilər). İkincisi, terrorçularla Azərbaycanın rəsmi hakimiyyəti hansı danışığı aparmalıdır? Üçüncüsü, danışıqlar formatı beynəlxalq hüquq əsasında ATƏT çərçivəsində müəyyənləşdirilib. Belə çıxır ki, N.Paşinyan bütövlükdə beynəlxalq hüququ, diplomatiyanın qanunlarını, BMT-nin Nizamnaməsini heçə saymağa çalışır. Dördüncüsü, bu cür yarıtmaz məntiqlə N.Paşinyan hansı üzlə “soyqırımından” bəhs edir? Öz yurdlarından qovulan, Ermənistandan tamamilə deportasiya edilən azərbaycanlılardır, Deməli, soyqırımına məruz qalan da azərbaycanlılar olub. Bu qədər alçaq böhtanı dünyanın heç bir siyasətçisindən eşitməzsiniz.
Nə qədər utanmaz olasan ki, Azərbaycanda on minlərlə erməninin yaşamasına baxmayaraq, bu cür yalan uydurasan. Və bunu Ermənistanda bir nəfər də olsun azərbaycanlının yaşaya bilməməsi faktı ola-ola deyəsən. Belə adamla nəyi və necə müzakirə etmək olar? Bu sualın cavabı üzərində həmsədr dövlətlər və ermənilərin havadarları düşünməlidirlər.

Newtimes.az

21 2018 23:24 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin