Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yenidoğulmuşların reanimasiya şöbələrindəki avadanlıqlardan istifadə qaydasının təkmilləşdirilməsi

Bu ilin noyabr və dekabr aylarında Ümumdünya Səhiyyə Təşkilatının, Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə “Yenidoğulmuşların reanimasiya şöbələrindəki avadanlıqlardan istifadə qaydasının təkmilləşdirilməsi” mövzusunda regionlarda keçirilən təlimlər başa çatıb. Mingəçevir, Lənkəran və Şirvan şəhərləri, habelə Qazax, Tovuz, Şəki, Zaqatala, Qax, Neftçala və Sabirabad rayonlarında keçirilən təlimlərə həmin regionların tibb müəssisələrində çalışan həkim-neonatoloqlar və tibb bacıları ilə yanaşı, Masallı, Lerik, Qəbələ, Saatlı, Zərdab, Hacıqabul, İmişli, Beyləqan və Ağcabədi rayonlarında müvafiq sahə üzrə fəaliyyət göstərən tibb işçiləri də iştirak edib.

Təlimçilər qismində Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdir müavini Nərgiz Şərifova, nazirliyin Neonatoloji xidmətin təkmilləşdirilməsi üzrə xüsusi komissiyasının sədri, baş neonatoloq Rüstəm Hüseynov, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun Yenidoğulmuşların reanimasiya şöbəsinin mütəxəssisi Aynur Bağırova çıxış ediblər.

Təlim müddətində iştirakçılara ana südü ilə qidalandırmanın üstünlükləri, qidalandırma zamanı yaranan çətinliklərin həlli yolları, o cümlədən neonatal reanimasiyada tibbi avadanlığın istifadəsi barədə məlumat verilib. Bununla yanaşı, tibb heyətinin həmin avadanlıqlardan istifadə bacarıqlarını artırmaq və təkmilləşdirmək məqsədi ilə təcrübi məşğələlər aparılıb.

Qeyd edək ki, təlimlər Ümumdünya Səhiyyə Təşkilatının həyata keçirdiyi ilkin səhiyyə xidmətinin gücləndirilməsi layihəsi çərçivəsində keçirilib. Əhalinin sağlamlığının qorunmasında böyük rol oynayan ilkin səhiyyə xidməti icbari tibbi sığorta sisteminin inkişafına təkan verən vacib komponentdir.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

25 Dekabr 2019 10:43 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə