Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xalq Bankın mənəvi saxlancı

Xalq rəssamı Tağı Tağıyevin irsi “Xalq əmanəti”nə daxil edilib

Xalq Bankın mənəvi saxlancı

Bu günlərdə Xalq Bank nadir poeziya və rəsm topluları nəşrləri silsiləsini əhatə edən “Xalq əmanəti” layihəsi çərçivəsində növbəti 19-cu kitabı  Xalq rəssamı Tağı Tağıyevin rəngkarlıq və qrafika əsərlərindən ibarət bədii albomu ölkəmizin ictimai xadimlərinin, tanınmış yaradıcı adamlarının alimlərinin,, bank sektorn nümayəndələrinin və rəssamın ailə üzvlərinin iştirakı ilə sənətsevərlərə təqdim etdi.

Bankın mərkəzi ofisinin bədii qalereyasında keçirilən təqdimata toplaşanlar əvvəlcə görkəmli rəssamın burada nümayiş etdirilən ən yaxşı əsərləri ilə tanış oldular. Mərasimin aparıcısı, Əməkdar artist Dilarə Səlim Xalq Bankın ilk vaxtlardan ölkəmizdə və xaricdə böyük maraq və dərin razılıqla qarşılanmış  nəcib missiyadan söz açaraq bildirdi ki,  “Xalq əmanəti” layihəsi xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərimizin dünyaya tanıdılması işində layiqlu mənbə rolu oynayır.

Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Xalq rəssamı Ömər Eldarov dünya şöhrətli Azərbaycan rəssamlıq sənətinin ən istedadlı nümayəndələrinin irsindən inciləri indiki nəsilllərə çatdırmaqda Xalq Bankın yüksək poliqrafik formatda nəşr etdirdiyi albomları sənət bilcilərinin böyük məmnunluqla qarşılandığını vurğulayaraq qeyd etdi ki, təsviri sənət ictimaiyyəti həmişə olduğu kimi, bu dəfə də gərəkli fəaliyyətlərinə görə Xalq Bankın rəhbərliyinə və layihənin yaradıcı qrupuna  dərin minnətdarlığını bildirir.

Xalq rəssamı daha sonra bildirdi ki, Əməkdar incəsənət xadimi və Xalq rəssamı kimi yüksək adlara layiq görülmüş Tağı Tağıyev klassik rəngkarlıq məktəbinin parlaq nümayəndəsi, realistik metodun təməlini qoyan rəssamlardan biri, dahi sənətkar və böyük müəllim idi. Sərgilənən rəsmlər onun yaradıcılıq duhasının bir damlasıdır, ustadın sənət aləmi barədə dolğun təsəvvür yaradır, onun bənzərsiz istedadını nümayiş etdirir: “Onun əsərləri mənə illər əvvəl böyük təsir göstərirdi, indi də həmin hissləri yenidən yaşayıram. Sənət zamanla sınandığından Tağı Tağıyevin xeyirinə işləyir. Mən bugünkü təntənəli təqdimatı onun sənətinə yüksək qiymət sayır və sənətsevərləri bu önəmli hadisə münasibətilə təbrik edirəm”.

Yeni nəşrin mətninin müəllifi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova Tağı Tağıyevin seçmə əsərlərini əhatə edən  albom və onun əsrlərindən ibarət sərgi barədə söz açaraq dedi ki, o, milli rəngkarlığımızda böyük iz qoymuş sənətkar, yaradıcılığı böyük məktəbə çevrilmiş ustad olmuşdur. 102 il bundan əvvəl Bakıda  məşhur zərgər ailəsində anadan olmuş  Tağı Əzizağa oğlu Tağıyev gözəlliyə bələdlik və sənət sevgisi mühitində böyümüş Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda və Moskva Rəssamlıq İnstitutunda  təsviri sənətin sirlərinə yiyələnərək XX əsr milli rəssamlığımızın zirvəsinə yüksələ bilmişdir.

Tağı Tağıyev əsasən tematik tablolar, natürmort, portret, mənzərə və məişət səhnələrinin müəllifidir. Azərbaycanda realist boyakarlığın yaradıcılarından olan rəssam portret ustası kimi daha məşhurdur. Onun yaradıcılığında tarixi mövzular, görkəmli şəxsiyyətlərin təsviri, sadə insanların obrazları, əməyin tərənnümü, doğma təbiətin təsviri aparıcı yer tutmuşur. Sənətkarın “Koroğlu”, “Poladəridən”, “Qaynaqçı”, “Göygöl”, “Qarlı yollar”, “Xalçasatan”, “Uşaqlıq xatirələri”, “Abşeron silsiləsi”, “El gözəli”, “Qarayanız qız” və bir çox rəsm əsərləri Praqa, Pekin, Dakar, Bağdad və s. ölkələrdə də nümayiş etdirilmiş və böyük rəğbətlə qarşılanmışdır. Fırça ustasının yaratdığı “Qara Qarayev” və “Səttar Bəhlulzadə” tabloları isə dünyanındünyanın bir cox məşhur  sərgi salonlarında üksəkzövqlq sənətsevərlərə təqdim edilmişdir.

Türkiyə, Yunanıstan, İtaliya, Fransa, İspaniyada səfərlərdə və Afrika ölkələrində yaradıcılıq ezamiyyətində olan rəssam dilindən, dinindən, irqindən asılı olmayaraq insanları, onların ideyalarını bədii boyalarla təsvir etmişdir. Tağı Tağıyevin əsərləri Şərq Xalqları İncəsənəti Muzeyi (Moskva), Azərbaycan Dövlət İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və digər muzeylərdə saxlanılır.

Mərasimdə Tağı Tağıyev bacısı oğlu İlham İsmayılov və  qocaman fırça ustaları unudulmaz sənətkarla bağlı xatirələrini söylədilər.  Rəssamın oğlu Əkrəm Tağıyev isə ailəsi adından bankın rəhbərliyinə və layihənin yaradıcı heyətinə minnətdarlığını bildirdi, “Xalq əmanəti” layihəsini Azərbaycan mədəniyyətinin dünyaya tanıdılmasında təsirli vasitə adlandırdı və atasının bədii albomunun nəşri, sərgisinin təşkili ilə bağlı sevincini ifadə etdi.

Sonda xatırladaq ki, “Xalq əmanəti” layihəsini Xalq Bank ASC 2010-cu ildən həyata keçirir. Layihə xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərimizin dünyaya tanıdılması məqsədini daşıyır. Layihə çərçivəsində nəşr olunan kitablar azərbaycan, ingilis, rus dillərində çap olunur. Nəşrlər ölkənin ali və orta təhsil müəssisələrinə, uşaq evləri və kitabxanalara, müxtəlif fondlara, dövlət müəssisələrinə, xarici ölkələrin Azərbaycanda və Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarına, dünyanın böyük muzeylərinə, kitabxanalarına, eləcə də sənətsevərlərə hədiyyə olunur. 

İndiyədək Xalq rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Xalidə Səfərova, Mikayıl Abdullayev, Ələkbər Rzaquliyev, Mahmud Tağıyev, Vəcihə Səmədova, Kamal Əhməd, Fazil Əliyev, Rza Məmmədov, Gennadi Brijatyuk və  Qorxmaz Sücəddinovun, şəhid-heykəltəraş Samir Kaçayevin əsərlərindən ibarət sərgilər təşkil edilmiş və bədii albomlar nəşr olunmuşdur. Xalq şairləri Məmməd Araz, Hüseyn Arif, Xəlil Rza Ulutürk və unudulmaz Mikayıl Müşfiqin seçilmiş əsərləri, görkəmli alim-numizmat, professor Əli Rəcəblinin “Azərbaycan sikkələri” kitabı, “Aşıq ədəbiyyatı antologiyası” üçcildliyi, dünya şöhrətli şair-mütəfəkkir Mirzə Şəfi Vazehin Azərbaycan, alman və rus dillərində “Bütün əsərləri” işıq üzü görmüşdür.

Tahir AYDINOĞLU,
“Xalq qəzeti”

24 Dekabr 2019 14:46 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
21 Yanvar 2020 | 13:40
Polad Bülbüloğlu – 75
24 Dekabr 2019 | 14:46
Xalq Bankın mənəvi saxlancı

Köhnə versiyamızdan xəbərləri izlə