Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında əsasnamə

Azərbaycan Respublikası Prezidentinin 
2019-cu il 23 dekabr tarixli Fərmanı ilə təsdiq edilmişdir

1. Ümumi müddəalar
1.1. “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə” (bundan sonra – Əsasnamə) “Elektron kənd təsərrüfatı” informasiya sisteminin (bundan sonra – EKTİS), habelə onun altsistemlərinin fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir.
1.2. Aqrar sektorun dövlət tərəfindən dəstəklənməsində şəffaflığı və hesabatlılığı təmin etmək üçün formalaşdırılan EKTİS-in fəaliyyətinin təşkilini, idarə olunmasını və təkmilləşdirilməsini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi (bundan sonra – operator) təmin edir. 
1.3. EKTİS kənd təsərrüfatı sahəsində xidmətlərin göstərilməsini və bu məqsədlə informasiyanın yaradılması, toplanılması, işlənilməsi, saxlanılması və axtarışı işlərinin avtomatlaşdırılmasını təmin edir. 
1.4. EKTİS Azərbaycan Respublikasının mülkiyyətidir.
1.5. Bu Əsasnamənin məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir:
1.5.1. istifadəçi – EKTİS-dən informasiya əldəetmə və ya informasiyadan istifadə hüququ verilmiş dövlət və ya yerli özünüidarəetmə orqanı, hüquqi və ya fiziki şəxs;
1.5.2. elektron kabinet – istifadəçinin özü barədə olan məlumatlarla tanış olmasını, onları əldə etməsini və dəyişdirməsini, həmin məlumatlarda olan hər hansı dəyişikliklərlə bağlı məlumat almasını, müraciətləri elektron formada göndərməsini və xidmətlərdən istifadə etməsini, ödənişlər həyata keçirməsini, həmçinin operator ilə qarşılıqlı əlaqəni təmin edən xüsusi fərdi elektron səhifə. 
1.6. Bu Əsasnamədə istifadə olunan digər anlayışlar “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nda (bundan sonra – Qaydalar), 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda, eləcə də Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında müəyyən edilmiş mənaları ifadə edir.
1.7. EKTİS ilə digər dövlət informasiya sistemləri və ehtiyatları arasında informasiya mübadiləsinin aparılması Elektron Hökumət İnformasiya Sistemi (bundan sonra – EHİS) vasitəsilə həyata keçirilir.
1.8. EKTİS-də toplanılmış fərdi məlumatların işlənilmə məqsədi kənd təsərrüfatı sahəsində fermerlərə effektiv xidmətlərin göstərilməsidir. Fərdi məlumatların EKTİS-də toplanılması və işlənilməsi “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
1.9. EKTİS-in fəaliyyətinin təşkili, idarə olunması və təkmilləşdirilməsi ilə bağlı xərclər dövlət büdcəsindən ayrılan vəsait və Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.
1.10. EKTİS-də həyata keçirilən elektron xidmətlərə görə ödəniş “Baytarlıq haqqında”, “Fitosanitar nəzarəti haqqında”, “Yol hərəkəti haqqında”, “Toxumçuluq haqqında”, “Seleksiya nailiyyətləri haqqında”, “Dövlət rüsumu haqqında”, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin elektron xidmətlərə görə dövlət rüsumundan azadolmalar “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyən olunur.
2. EKTİS-in fəaliyyət prinsipləri
2.1. EKTİS operatorun hüquqlarının həyata keçirilməsi, funksiyalarının və vəzifələrinin icrası və ya elektron xidmətlərin təşkili məqsədilə Qaydaların 2.1-ci bəndində qeyd edilən prinsiplər nəzərə alınmaqla formalaşdırılır. 
2.2. EKTİS-in fəaliyyəti aşağıdakı prinsiplər əsasında həyata keçirilir:
2.2.1. istifadə rahatlığı – məlumat mübadiləsinin, eləcə də istifadəçilərin EKTİS-dən istifadəsinin rahat və əlavə əməliyyatlar aparılmadan təmin edilməsi;
2.2.2. fasiləsizlik – aparılan təşkilati, inzibati, texniki və digər dəyişikliklərdən asılı olmayaraq EKTİS-in fəaliyyətinin fasiləsiz həyata keçirilməsi;
2.2.3. funksionallıq və davamlı inkişaf – EKTİS-in inkişaf etdirilməsi imkanını təmin edən proqram-texniki komponentlərin olması, ən son texnologiyalardan istifadə edilməklə EKTİS-in daim təkmilləşdirilməsi;
2.2.4. operativlik – xidmətlərin (o cümlədən elektron xidmətlərin) göstərilməsinin və məlumat mübadiləsinin ən qısa müddətdə həyata keçirilməsi;
2.2.5. sərbəstlik – EKTİS-in fəaliyyətinin onda aparılan təşkilati, inzibati, texniki və digər dəyişikliklərdən asılı olmaması;
2.2.6. şəffaflıq – EKTİS-in fəaliyyətində və xidmətlərin (o cümlədən elektron xidmətlərin) göstərilməsində aşkarlığın və hesabatlılığın təmin edilməsi.
3. EKTİS-in strukturu
3.1. EKTİS-in strukturuna aşağıdakı altsistemlər daxildir:
3.1.1. “kənd təsərrüfatı subyektlərinin qeydiyyatı” altsistemi;
3.1.2. “subsidiyalar” altsistemi;
3.1.3. “heyvandarlıq və süni mayalanma” altsistemi;
3.1.4. “iş axınının idarə olunması” altsistemi;
3.1.5. “məlumatlandırma” altsistemi;
3.1.6. “təhlil və hesabat” altsistemi. 
3.2. EKTİS-in strukturuna daxil olan altsistemlər vasitəsilə aşağıdakılar təmin edilir:
3.2.1. “kənd təsərrüfatı subyektlərinin qeydiyyatı” altsistemi vasitəsilə fermerlərin, təchizatçıların və tədarükçülərin, habelə kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən digər subyektlərin qeydiyyatının aparılması, onların fəaliyyəti üzrə tələb olunan məlumatların və sənədlərin daxil edilməsi, torpaq sahələrinin xəritələşdirilməsi;
3.2.2. “subsidiyalar” altsistemi vasitəsilə fermerlərə subsidiyaların verilməsinə dair müraciətlərin elektron qaydada qəbulu, emalı və cavablandırılması;
3.2.3. “heyvandarlıq və süni mayalanma” altsistemi vasitəsilə heyvanların və heyvan qruplarının qeydiyyatının aparılması, onların hərəkətlərinin izlənilməsi, mənşəyinin, təsərrüfat əhəmiyyətinin və istifadə təyinatının müəyyənləşdirilməsi, heyvanların xəstəlik tarixçəsinin, vaksinasiyasının və digər məlumatların qeydiyyatının aparılması, habelə heyvanların süni mayalandırılması işinin təşkili;
3.2.4. “iş axınının idarə olunması” altsistemi vasitəsilə məlumatların toplanılması, emalı, saxlanılması və qiymətləndirilməsi, müraciətlərə baxılması və cavablandırılması, daxil edilmiş sənədlərin surətlərinin avtomatik oxunması;
3.2.5. “məlumatlandırma” altsistemi vasitəsilə istifadəçilərə məlumat xarakterli elektron bildirişlərin göndərilməsi və göndərilən bildirişlərin qeydiyyatının aparılması;
3.2.6. “təhlil və hesabat” altsistemi vasitəsilə bir neçə mənbədən əldə edilmiş məlumatların təhlili üçün həmin məlumatların üzləşdirilməsi, üzləşdirmə zamanı aşkar edilən uyğunsuzluqların hesabatlarda öz əksini tapması, müxtəlif parametrlərə görə hesa¬batların alınması.
4. EKTİS-in texniki-texnoloji infrastrukturu
4.1. EKTİS-in texniki-texnoloji infrastrukturu aşağıdakı əsas komponentlərdən ibarətdir:
4.1.1. proqram-texniki vasitələr və proqram təminatı;
4.1.2. telekommunikasiya kanalları;
4.1.3. əsas və ehtiyat mərkəzləri;
4.1.4. ödəniş modulu;
4.1.5. informasiya ehtiyatı və onu idarəetmə paneli;
4.1.6. müxtəlif əməliyyat sistemli (İOS, Android, Windows) mobil cihazlara uyğun mobil tətbiqlər;
4.1.7. sistemin test mühiti.
4.2. Proqram – texniki vasitələr və proqram təminatı EKTİS-in bu Əsasnamənin 1.3-cü bəndində qeyd edilən funksiyalarının həyata keçirilməsini, fəaliyyətinin etibarlılığını və təhlükəsizliyini, habelə istifadəçilərin EKTİS-dən istifadəsini və məlumat mübadiləsini təmin edir.
4.3. EKTİS fəaliyyətinin etibarlılığını və təhlükəsizliyini, operativ və keyfiyyətli xidmət (o cümlədən elektron xidmət) göstərilməsini, habelə məlumat mübadiləsini təmin edən dayanıqlı, mühafizəli, yüksək ötürücülü fiber-optik əsas və digər ehtiyat telekommunikasiya xətlərinə malikdir.
4.4. Ehtiyat mərkəz EKTİS-in fəaliyyətinin dayanıqlığını və təhlükəsizliyini təmin etmək, habelə EKTİS-də formalaşdırılan, EKTİS-ə daxil edilən və göndərilən məlumatların ehtiyat surətlərini saxlamaq məqsədilə yaradılır.
4.5. Ödəniş modulu EKTİS-də ödənişlərin elektron formada (“ASAN ödəniş” sisteminə keçid verilməklə) həyata keçirilməsini təmin edir.
4.6. EKTİS-də formalaşdırılan, EKTİS-ə daxil edilən və göndərilən məlumatlar 
EKTİS-in informasiya ehtiyatında saxlanılır.
4.7. İdarəetmə paneli EKTİS-in informasiya ehtiyatının formalaşdırılmasını və idarə edilməsini, o cümlədən həmin informasiya ehtiyatından istifadəni təmin edir. 
4.8. EKTİS-də aparılan dəyişikliklərin yoxlanılması test mühitində həyata keçirilir. 
4.9. EKTİS istifadəçilərin identikləşdirilməsi və göstərilən xidmətlərin dəqiq və ünvanlı həyata keçirilməsi məqsədilə Vahid Giriş Sistemi (“ASAN Login”) ilə təchiz olunur.
4.10. EKTİS-in altsistemləri EKTİS-in texniki-texnoloji infrastrukturuna uyğun olaraq, bu Əsasnamənin 2-ci hissəsində qeyd edilən prinsiplər əsasında formalaşdırılır və fəaliyyət göstərir.
5. EKTİS-ə daxil edilən və 
ötürülən məlumatlar
5.1. EKTİS-ə daxil edilən, habelə EHİS vasitəsilə EKTİS-ə ötürülən məlumatlar aşağıdakılardır:
5.1.1. fermerlərin, tədarükçülərin və təchizatçıların aşağıdakı məlumatları:
1. fiziki şəxs olduqda – soyadı, adı, atasının adı, qeydiyyat ünvanı və fərdi identifikasiya nömrəsi;
2. hüquqi şəxs olduqda – tam adı, qanuni təmsilçilərinin soyadı, adı və atasının adı, hüquqi ünvanı və hüquqi şəxslərin dövlət reyestrində qeydiyyata alınması ilə bağlı digər məlumatlar;
3. VÖEN-i (olduğu halda) və vergi ödəyicisi kimi uçota alınması haqqında digər məlumatlar;
4. fəaliyyət istiqamətləri və əlaqə vasitələri;
5. əcnəbi və vətəndaşlığı olmayan şəxs olduqda – sərhədkeçmə sənədi üzrə məlumatlar.
5.1.2. torpaq sahələrinin, o cümlədən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin dövlət torpaq kadastrı məlumatları, identikləşdirmə nömrəsi və iqtisadi qiymətləndirilməsi barədə məlumatlar;
5.1.3. ünvan məlumatları;
5.1.4. ortofoto planlar, ərazilərin peyk təsvirləri, inzibati ərazi vahidlərinin və bələdiyyə torpaqlarının sərhədləri barədə məlumatlar;
5.1.5. torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi barədə məlumatlar;
5.1.6. kənd təsərrüfatı məqsədləri üçün istifadə edilən daşınmaz əmlak (torpaq sahələri, tikili və qurğular), həmin daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquqlar, hüquqların yüklülüyü (məhdudlaşdırılması), hüquq sahibləri;
5.1.7. su kadastrı məlumatları, suvarılan torpaq sahələri, meliorasiya və irriqasiya (suvarma) şəbəkələri, hidrotexniki qurğular, nasos stansiyaları, subartezian quyuları, şorlaşma və şorakətləşmə vəziyyəti barədə məlumatlar;
5.1.8. ixtisaslaşmanın aparılması üçün tələb olunan aqroiqlim və hidrometeoroloji məlumatlar;
5.1.9. aparılmış notariat hərəkətləri barədə sənədlərə dair məlumatlar; 
5.1.10. lizinqə verilmiş kənd təsərrüfatı istehsal vasitələri (kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq, damazlıq heyvanlar, suvarma sistemləri dəsti və avadanlığı) barədə məlumatlar;
5.1.11. qeydiyyata alınmış kənd təsərrüfatı texnikasının növü, tipi, markası, modeli, mühərrik gücü, şassi nömrəsi, təkərin növü, reyestr nömrəsi, dövlət qeydiyyat nişanı, istehsal olunduğu ölkə və zavod, zavod nömrəsi, texniki baxış vəziyyəti barədə məlumatlar; 
5.1.12. kənd təsərrüfatı sahəsində dövlət büdcəsinin vəsaiti hesabına subsidiya alan və dövlət tərəfindən tətbiq olunan güzəştlərdən istifadə edən fiziki və hüquqi şəxslər barədə, habelə onlara ayrılan subsidiyaların növləri, məbləği, ödəniş tarixləri və istifadə vəziyyəti barədə məlumatlar;
5.1.13. subsidiyaların verilməsi ilə bağlı qayda və təlimatlar;
5.1.14. kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsi üçün istifadə edilən məlumat və göstəricilər;
5.1.15. kənd təsərrüfatı texnikasının, texnoloji avadanlıqların, ehtiyat hissələrinin, mineral gübrələrin, pestisidlərin, damazlıq mal-qaranın alınması, onların hüquqi və fiziki şəxslərə satılması və bu zaman həyata keçirilən ödənişlər barədə məlumatlar;
5.1.16. istehsalı, idxalı və satışı həyata keçirilən kənd təsərrüfatı istehsal vasitələrinin və məhsullarının növləri və miqdarı (qaimə-faktura məlumatları), habelə idxalı həyata keçirilən kənd təsərrüfatı istehsal vasitələrinin və məhsullarının bəyannamələri üzrə məlumatlar;
5.1.17. nəqliyyat və mühəndis-texniki infrastruktur barədə məlumatlar;
5.1.18. hidroqrafik şəbəkə (hidroloji struktur), o cümlədən su ehtiyatları barədə məlumatlar;
5.1.19. meşə zolaqları və təsərrüfatdaxili yollar barədə məlumatlar;
5.1.20. heyvanların müayinəsi, müalicəsi və heyvan xəstəliklərinin profilaktikası barədə məlumatlar;
5.1.21. yeniliyə görə ekspertiza, habelə fərqliliyə, oxşarlığa və sabitliyə görə sınaq nəticələri əsasında qeydiyyata alınmış bitki sortları barədə məlumatlar;
5.1.22. seleksiya nailiyyətlərindən istifadə üçün bağlanmış lisenziya müqavilələri barədə məlumatlar;
5.1.23. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 3.8-ci, 3.14-cü, 3.15-ci, 5.4-cü bəndlərində və 4.4.1-ci (sertifikat və diplomlara münasibətdə), 4.4.3-cü və 4.4.4-cü yarımbəndlərində qeyd edilən digər sənədlər (məlumatlar).
5.2. EKTİS-in digər dövlət informasiya ehtiyatları və sistemləri ilə inteqrasiyası, habelə məlumat mübadiləsinin təşkili Qaydalara uyğun olaraq həyata keçirilir.
5.3. EKTİS ilə digər dövlət informasiya sistemləri və ehtiyatları arasında məlumat mübadiləsini real vaxt rejimində həyata keçirmək mümkün olmadıqda, sənədlərin (məlumatların) EKTİS-ə daxil edilməsi əllə həyata keçirilir.
6. Operatorun funksiyaları
6.0. Operator aşağıdakı funksiyaları həyata keçirir:
6.0.1. EKTİS-in fəaliyyətinin təkmilləşdirilməsi və onun funksional imkanlarının artırılması istiqamətində tədbirlər görmək;
6.0.2. EKTİS-də olan məlumatların mühafizəsi məqsədilə aşağıdakı tədbirləri həyata keçirmək:
1. məlumatlara icazəsiz girişin qarşısını almaq;
2. məlumatlara giriş qaydalarının pozulması ilə bağlı xəbərdarlıq etmək;
3. proqram - texniki vasitələrin fəaliyyətini poza biləcək təsirlərin qarşısını almaq;
4. icazəsiz giriş nəticəsində dəyişdirilmiş və ya məhv edilmiş məlumatların dərhal bərpası imkanını təmin etmək;
5. məlumatların mühafizə səviyyəsini müəyyən etmək;
6. məlumatlara giriş hüquqlarını müəyyən etmək;
7. sistem proqramlarının, tətbiqi proqramların və informasiya ehtiyatlarının mütəmadi yenilənən ehtiyatının saxlanılmasını təmin etmək.
6.0.3. EKTİS-də aparılan təmir və yenilənmə işləri haqqında istifadəçiləri və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini qabaqcadan məlumatlandırmaq;
6.0.4. EKTİS-də baş verən dayanmaları qısa vaxt ərzində aradan qaldırmaq;
6.0.5. EKTİS-in dövri olaraq tam monitorinqini həyata keçirmək;
6.0.6. EKTİS-in əlçatanlığını və mobil cihazlarda istifadəsini təmin etmək üçün mobil tətbiqini elektron marketlərdə (Google Play, App Store, Windows Store) yerləşdirmək; 
6.0.7. EKTİS-də baş verən xətaların qeydiyyatının aparılmasını və xəta baş verdiyi an aidiyyəti əməkdaşların avtomatik məlumatlandırılmasını təmin etmək;
6.0.8. Qaydaların 6-cı hissəsində qeyd edilən digər funksiyaları həyata keçirmək.
7. EKTİS-dən istifadə 
7.1. İstifadəçilər EKTİS-də aşağıdakı istifadə imkanlarına malikdirlər:
7.1.1. fermer:
1. qeydiyyatdan keçmək;
2. elektron kabinetdən istifadə etmək; 
3. kənd təsərrüfatı sahəsində xidmətlər üzrə müraciət etmək;
4. təsərrüfatları (əkin sahələri, heyvanları və s.) haqqında məlumatları daxil etmək;
5. kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin təyinatı üzrə istifadə vəziyyəti və istehsal etdikləri kənd təsərrüfatı məhsulları haqqında məlumatları daxil etmək;
6. daxil edilmiş məlumatlar üzrə EKTİS-in avtomatik formalaşdırdığı bəyannamə əsasında subsidiya almaq üçün müraciət etmək;
7. bəyannamədə olan məlumatlarla razılaşmadıqda və ya hər hansı kənd təsərrüfatı fəaliyyət sahəsi üzrə şikayət etmək;
8. qayda və təlimatlarla bağlı məlumatlar əldə etmək;
9. EKTİS-də qeydiyyatdan keçən süni mayalanma mütəxəssisi və baytar həkimi haqqında məlumatları əldə etmək, habelə onlara müraciət etmək;
10. kənd təsərrüfatı istehsal vasitələrinin alınması üçün təchizatçıya elektron qaydada müraciət etmək;
11. müxtəlif assosiasiyalara və kooperativlərə üzv olmaq;
12. müraciətlərinin icrasını izləmək;
7.1.2. təchizatçı:
1. qeydiyyatdan keçmək;
2. elektron kabinetdən istifadə etmək;
3. kənd təsərrüfatı sahəsində xidmətlər üzrə müraciət etmək;
4. kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin təyinatı üzrə istifadə vəziyyəti və istehsal etdikləri kənd təsərrüfatı məhsulları, kənd təsərrüfatı istehsal vasitələri ilə bağlı apardıqları əməliyyatlar haqqında məlumatları daxil etmək; 
5. daxil edilmiş məlumatlar üzrə EKTİS-in avtomatik formalaşdırdığı bəyannamə əsasında subsidiya almaq üçün müraciət etmək; 
6. bəyannamədə olan məlumatlarla razılaşmadıqda və ya hər hansı kənd təsərrüfatı fəaliyyət sahəsi üzrə şikayət etmək;
7. qayda və təlimatlarla bağlı məlumatlar əldə etmək;
8. toxum və ting əkinlərinin aprobasiyası ilə bağlı müraciət etmək;
9. əkin subsidiyası əsasında satdığı kənd təsərrüfatı məhsulları (biohumus, gübrə, pestisid və s.) üzrə qalan məbləğin alınması üçün müraciət etmək;
10. istehsal etdiyi toxum və (ya) ting üzrə sertifikat almaq üçün müraciət etmək;
11. fermerdən daxil olan müraciətləri təsdiqləmək və ya bundan imtina etmək;
12. işçilərinə EKTİS-də əməliyyat aparmaq üçün səlahiyyət vermək;
13. apardığı əməliyyatlar, habelə daxil etdiyi sənədlər (məlumatlar) üzrə müxtəlif parametrlərə görə hesabatlar almaq; 
14. müraciətlərinin icrasını izləmək;
7.1.3. tədarükçü:
1. qeydiyyatdan keçmək;
2. elektron kabinetdən istifadə etmək;
3. kənd təsərrüfatı sahəsində xidmətlər üzrə müraciət etmək;
4. fermerdən aldığı məhsullar barədə sənədləri (məlumatları) daxil etmək;
5. hər hansı kənd təsərrüfatı fəaliyyət sahəsi üzrə şikayət etmək;
6. qayda və təlimatlarla bağlı məlumatlar əldə etmək;
7. fermerin şikayətinə əsasən daxil etdiyi məlumatlarda düzəliş və ya həmin düzəlişdən imtina (əsas göstərilməklə) etmək;
8. apardığı əməliyyatlar, habelə daxil etdiyi sənədlər (məlumatlar) üzrə müxtəlif parametrlərə görə hesabatlar almaq; 
9. müraciətlərinin icrasını izləmək;
7.1.4. baytar həkimi:
1. qeydiyyatdan keçmək;
2. elektron kabinetdən istifadə etmək;
3. doğulmuş heyvanın sağlamlığı haqqında sənədləri (məlumatları) daxil etmək;
7.1.5. süni mayalanma mütəxəssisi:
1. qeydiyyatdan keçmək;
2. elektron kabinetdən istifadə etmək;
3. mayalandırılan heyvan haqqında sənədləri (məlumatları) daxil etmək.
7.2. EKTİS-dən istifadə internet informasiya ehtiyatı üzərindən elektron kabinetlər vasitəsilə həyata keçirilir. Vahid Giriş Sistemi (“ASAN Login”) vasitəsilə identikləşdirildikdən sonra istifadəçilər tərəfindən EKTİS-də yaradılan elektron kabinetlərdən istifadə edilir.
7.3. İstifadəçilər identikləşdirildikdən sonra elektron kabinetlərində açıq sənədlərlə (məlumatlarla), habelə özlərinə aid sənədlərlə (məlumatlarla) tanış ola və onları çap edə bilərlər, habelə həmin sənədlərin (məlumatların) gücləndirilmiş elektron imza ilə imzalanmış elektron variantlarını əldə edə, elektron xidmətlərdən istifadə edə, ödənişlər və digər əməliyyatlar həyata keçirə bilərlər.
7.4. İstifadəçilər, həmçinin EKTİS-də yaradılan elektron kabinetləri vasitəsilə özləri haqqında toplanan məlumatlarda dəyişiklik olunmasını təklif edə, habelə həmin məlumatlardan istifadə olunması barədə məlumatları (Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş hallar istisna olmaqla) əldə edə (onlarla tanış ola) bilərlər.
7.5. İstifadəçilərin elektron kabinetlərində özləri barədə olan məlumatlarda etdikləri dəyişikliklər, aidiyyəti dövlət qurumlarının münasibət bildirməsi üçün, EKTİS tərəfindən real vaxt rejimində EHİS vasitəsilə həmin qurumlara göndərilir.
7.6. EKTİS-də həyata keçirilən elektron xidmətlərdən istifadə “Elektron hökumət” portalı vasitəsilə (elektron kabinetdə “Elektron hökumət” portalının internet informasiya ehtiyatına keçid verilməklə), ödənişlərin edilməsi isə “ASAN ödəniş” informasiya sistemi vasitəsilə (elektron kabinetdə “ASAN ödəniş” informasiya sisteminin internet informasiya ehtiyatına keçid verilməklə) həyata keçirilir. 
7.7. Bu Əsasnamənin 5-ci hissəsində qeyd edilən sənədlər (məlumatlar) istifadəçilərin EKTİS-ə daxil etdikləri (elektron kabinetlərində olan) məlumatlar əsasında, belə məlumatlar daxil edilmədikdə isə EHİS vasitəsilə EKTİS-ə ötürülən məlumatlar əsasında istifadəçilərə göndərilir.
7.8. Bu Əsasnamənin 5-ci hissəsində qeyd edilən sənədlər (məlumatlar) EHİS vasitəsilə EKTİS-ə daxil olduqda həmin sənədlər (məlumatlar) EKTİS tərəfindən real vaxt rejimində istifadəçilərin elektron kabinetlərində yerləşdirilir (yerləşdirilmə vaxtı göstərilməklə) və bu barədə onların elektron ünvanlarına (olduğu halda) və mobil telefon nömrələrinə (qısa mesaj – SMS vasitəsilə) məlumatlar göndərilir. 
7.9. SMS-lərin göndərilməsinin nəticələri barədə məlumatlar EKTİS tərəfindən real vaxt rejimində EHİS vasitəsilə aidiyyəti dövlət qurumlarına ötürülür. Həmçinin SMS məlumatların istifadəçilərə çatdırıldığı vaxt barədə məlumatlar onların elektron kabinetlərində yerləşdirilir və elektron ünvanlarına (olduğu halda) göndərilir. 
7.10. Operator istifadəçinin EKTİS-in məlumatlarına giriş hüquqlarını aşağıdakı hallarda məhdudlaşdırır:
7.10.1. EKTİS-ə qeyri-qanuni daxilolma və ya müdaxilə baş verdikdə;
7.10.2. bu Əsasnamədə müəyyən edilmiş tələblər yerinə yetirilmədikdə.

24 Dekabr 2019 01:45 - FƏRMANLAR
FƏRMANLAR

Köhnə versiyamızdan xəbərləri izlə