Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sərnişindaşımada gediş haqqının artırılması bu sahədə iqtisadi layihələrin reallaşmasına müsbət təsir göstərəcək

Tarif Şurası bugünlərdə keçirilmiş iclasında nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edib. Bununla bağlı bir məqamı qeyd etmək istərdim. Bu da metroda qiymət artımı ilə bağlıdır. Sözün düzü, bu, mənim üçün gözlənilməz olmadı. Çünki “Bakı Metropoliteni” dotasiya ilə işləyən bir qurumdur.

Dövlət büdcəsindən bu sahəyə hər il müəyyən həcmdə vəsait ayrılır. Yeni metro stansiyalarının tikilməsi, təzə vaqonların alınıb gətirilməsi də əsasən bunun hesabına reallaşır. Metroda qiymət artımı isə heç şübhəsiz ki, bu sahədə insanlara göstərilən xidmətin səviyyəsinin daha da yüksəldilməsinə, iqtisadi layihələrin reallaşmasına və metropoliten işçilərinin sosial müdafiəsinin daha da yaxşılaşmasına müsbət təsir göstərəcək.

Xatırladım ki, respublikamızda metroda xidmət haqqının aşağı olması bu sistemdə müasirləşdirməni çətinləşdirir, eyni zamanda, dövlət büdcəsindən bu məqsədlə ayırmaların ildən-ilə artırılması zərurətini meydana çıxarır. Belə vəziyyət isə uzun müddət davam edə bilməzdi.

Yeri gəlmişkən, burada bir məsələni də xatırlatmağı vacib bilirəm. Dünyanın hər yerində, o cümlədən inkişaf etmiş ölkələrdə inflyasiya prosesləri ilə mütəmadi qarşılaşılır, buna uyğun olaraq da kommunal sektorda qiymət dəyişikliyi baş verir. Azərbaycanda isə son 10 il ərzində sözügedən sahədə xidmətlərin qiyməti artmayıb. Avtobuslarda təxminən 11 il, metroda isə 9 il gediş haqqı sabit qalıb. Dünyada elə bir ölkə yoxdur ki, orada əmtəə və xidmətlərin qiyməti belə bir uzun müddət ərzində dəyişməsin.

Diqqəti başqa bir məqama da yönəltmək istərdim. Bu gün Bakı küçələrində hərəkət edən yeni avtobuslar rahatlığı ilə fərqlənir. Bu nəqliyyat vasitələri dövlətin ayırdığı dotasiya ilə respublikamıza gətirilib. İndiki qiymət artımı da bu sahədə dövlətin xərclərini azaltmağa təbii ki, öz təsirini göstərəcək. Bu mənada Tarif Şurasının yeni qərarını başa düşmək elə də çətin deyil.

Sonda qeyd edim ki, istənilən ölkədə hansısa sahədə baş verən qiymət artımı o qədər də müsbət qarşılanmır. Ancaq reallaşdırılan innovativ yeniliklər, müasir infrastrukturun yaradılması və əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin daha da yüksəlməsi təbii ki, qiymət artımını şərtləndirir. Ona görə də nəqliyyatda sərnişindaşıma xidməti üzrə xərclərin artması ciddi narahatlıq doğurmamalı, narazılıq yaratmamalıdır. Kiçik təhlil apardıqda belə, yeni tariflərin ictimai nəqliyyatda sərnişindaşıma xidməti üzrə artan xərclərin qarşılanmasına, avtobus parklarının yenilənməsinə, nəqliyyat vasitələrinin saz vəziyyətdə saxlanılmasına və son nəticədə bu sahədə keyfiyyətli xidmət səviyyəsinin yüksəldilməsinə müsbət təsir göstərəcəyi qənaəti ortaya çıxarır.

Əhməd QURBANOV,
 iqtisadiyyat üzrə fəlsəfə doktoru

 

4 Avqust 2018 10:41 - MÜSAHİBƏ
MÜSAHİBƏ
31 Oktyabr 2020 | 11:21
Qarabağın atları da şahanədir

Köhnə versiyamızdan xəbərləri izlə