Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Pambıqçılığın inkişafı ildən-ilə sürətlənir

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən məqsədyönlü iqtisadi siyasət, xüsusilə sahibkarlığa göstərilən hərtərəfli diqqət və qayğı bütövlükdə respublikamızın sosial-iqtisadi həyatına, eləcə də regionların iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatının daha sürətli inkişafına möhkəm zəmin yaradıb və son illərdə bu sahədə yüksək uğurlar əldə olunub. Burada ölkə rəhbərinin aqrar sektora xüsusi diqqət yetirməsi, bununla bağlı reallaşdırılan dövlət siyasəti xüsusi rol oynayıb. Kənd təsərrüfatı məhsullarının istehsalçılarına vergi güzəştlərinin tətbiqi, aqrar sektorun inkişafı üçün ayrılan güzəştli kreditlər, dövlət büdcəsinin vəsaiti hesabına kəndlilərə verilən subsidiyalar, aqrolizinq xidmətlərinin əlyetərliliyi, genişmiqyaslı meliorasiya tədbirləri, nəhəng su anbarlarının inşası, bölgələrdə yol-nəqliyyat və digər infrastruktur layihələrinin həyata keçirilməsi üçün yönəldilən irihəcmli investisiyalar aqrar sahənin inkişafını şərtləndirib.

 

Pambıqçılığın inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır

Prezident İlham Əliyevin yanında pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlərlə bağlı keçirilən müşavirədə dövlətimizin başçısı nitqində diqqəti pambıqçılığın ayrı-ayrı dövrlərdəki inkişaf vəziyyətinə yönəldərək, ölkəmizdə bu ənənəvi kənd təsərrüfatı sahəsinin qədim tarixə malik olduğunu  vurğulayıb. Prezident İlham Əliyev statistikaya əsaslanaraq, qeyd edib ki, 1913-cü ildə Azərbaycanda 100 min hektarda pambıq əkilib və hektardan məhsuldarlıq cəmi 6 sentner təşkil edib. Sonrakı dövrlərdə mövcud sahədə istehsal artıb. Bu sahənin ən sürətli inkişafı isə ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz dahi şəxsiyyətin yorulmaz fəaliyyəti nəticəsində nəinki pambıqçılıq, ümumiyyətlə, kənd təsərrüfatının bütün sahələri də uğurlu inkişaf yolu keçib.   

Bu barədə bir qədər ətraflı bəhs etsək, deyə bilərik ki,  ümummilli liderimiz 1969-cu ildə hakimiyyətə gələndə Azərbaycanda 300 min ton pambıq tədarük olunub. Dahi şəxsiyyətin respublikamıza rəhbərlik etdiyi dövrdə isə bu rəqəm 3 dəfə artıb və 1981-ci ildə Azərbaycanda bir milyon ton pambıq yığılıb.

Ulu öndərimiz tərəfindən pambıqçılığın inkişaf etdirilməsi keçmiş kolxoz və sovxozların iqtisadiyyatının möhkəmlənməsinə, kənd sakinlərinin rifah halının yaxşılaşmasına müsbət təsir göstərib. 1969-cu ildə pambıqçılıqdan 150 milyon manat götürüldüyü halda, 1976-cı ildə bu rəqəm 350 milyon manata çatıb. 1970-1976-cı illərdə kolxoz və sovxozlar tərəfindən pambıqdan 2 milyard manat əldə edilib. Bir sözlə, o dövrdə Azərbaycanda  illik pambıq istehsalı yuxarıda qeyd edildiyi kimi, 1 milyon tona çatdırılıb. Ölkə büdcəsinin 22-25 faizini pambıqçılıq təmin edib.   

Həmin dövrdə respublikamızda pambığın 39 sortu  rayonlaşdırılıb. Rayonlaşan hər bir yeni sort əvvəlki sortlardan təsərrüfat qiymətli göstəricilərinə,  məhsuldarlığına görə fərqlənib və ümumi istehsalın sabit artımına zəmin yaradıb.

Dahi öndər tez-tez pambıq tarlalarında, kənd adamları arasında olurdu və onlara öz dəyərli tövsiyəsini verirdi. O, qabaqcıl pambıqçıların, sürücü--mexaniklərin əməyini həmişə yüksək qiymətləndirir və onlara ölkənin ali mükafatlarını təqdim edirdi.

Tənəzzüldən dinamik inkişafa doğru…

Ulu öndər Azərbaycandan gedəndən sonra hər bir sahədə olduğu kimi, pambıqçılıqda da tənəzzül yaşandı və 1990-cı ildə respublikada sözügedən sahənin tədarükü bir milyondan 500 min tona düşdü. Müstəqillik dövründə isə pambıqçılıq, demək olar ki, məhv olmaq təhlükəsi ilə üzləşmişdi.

Prezident İlham Əliyev nitqində bu barədə deyib: “1969-cu ildə Heydər Əliyev birinci katib seçiləndə Azərbaycanda 200 min hektarda pambıq əkilmişdir və 300 min tona yaxın məhsul götürülmüşdür, yəni, məhsuldarlıq orta hesabla 15 sentner səviyyəsində idi. Ancaq 1980-ci illərin əvvəllərində həm məhsuldarlıq artmışdır, 30 sentnerə yaxınlaşmışdır, hətta bir neçə ildə 30 sentnerdən də üstün idi və pambıq tədarükü sabit surətdə təqribən 800 min ton səviyyəsində olmuşdur. 1981-ci ildə isə bu rəqəm 1 milyon tona qalxmışdır.

Heydər Əliyev Moskvaya gedəndən sonra bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatı sahəsində də, o cümlədən pambıqçılıqda vəziyyət tənəzzülə doğru getdi...”.

Dövlətimizin başçısı çıxışında Heydər Əliyevin 1982-ci ildə Moskvaya gedəndən sonra pambıqçılıqda tənəzzül dövrü başlandığını, istehsalın tədricən azaldığını, 1991-ci ildə istehsalın 500 min tona, 1993-cü ildə isə 280 min tona düşdüyünü vurğulayıb. Prezident, eyni zamanda, o dövrdə respublikada çox ağır vəziyyətin, vətəndaş müharibəsi təhlükəsinin yaşanması, Ermənistanın işğalçılıq siyasəti yürütməsi, AXC-Müsavat cütlüyünün yarıtmaz, xəyanətkar fəaliyyət göstərməsi nəticəsində Azərbaycanın uçurumla üz-üzə qaldığını xatırladıb: “Ölkədə total böhran - siyasi böhran, hərbi böhran, iqtisadi böhran hökm sürürdü, inflyasiyanın səviyyəsi 1000 faizdən çox idi, sənaye müəssisələri iflic vəziyyətdə, kənd təsərrüfatı dağılmış vəziyyətdə idi, ölkədə talançılıq, rüşvətxorluq, özbaşınalıq hökm sürürdü. AXC-Müsavat cütlüyünün başında olan xəyanətkar ünsürlər sanki düşmən kimi Azərbaycanı dağıdırdılar, parçalayırdılar, məhv edirdilər. Sanki onlar hansısa cinayətkarın əmrini icra edirdilər. Bunun nəticəsində əlbəttə ki, həm sənaye iflic oldu, kənd təsərrüfatı tamamilə dağıdıldı və həm də ölkə idarəolunmaz vəziyyətə düşdü. Yalnız xalqın tələbi ilə Heydər Əliyev hakimiyyətə qayıdandan sonra vəziyyət sabitləşdi, Azərbaycan inkişaf yoluna gətirildi və bu gün biz bu inkişafın təzahürlərini həyatımızın bütün sahələrində görürük”.

Yalnız 1993-cü ildə xalq ulu öndərə üz tutaraq onu hakimiyyətə dəvət edəndən sonra bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatında da inkişaf dövrü başlandı, islahatlar aparıldı. Aqrar sahənin inkişafını sürətləndirmək məqsədi ilə kənd təsərrüfatında işləyənlər vergilərdən azad edildi. 

Amma bütün bununla yanaşı, o zaman ölkə elə ciddi problemlərlə üzləşmişdi ki, pambıqçılığa həm maddi cəhətdən, həm vaxt baxımından diqqət ayırmaq prioritet məsələ deyildi. Azərbaycan çox ciddi çağırışlarla, təhlükələrlə qarşılaşmışdı.1990-cı illərdə sabitliyin bərpası, Azərbaycana böyük həcmdə investisiyanın cəlb edilməsi, respublikanı hərtərəfli inkişaf etdirmək üçün əsas vasitə kimi neft strategiyasının uğurla icrası prioritet vəzifələr kimi qarşıda dururdu.  

Atəşkəs imzalanandan, ölkədə baş alıb gedən anarxiyaya son qoyulandan sonra məhz Heydər Əliyevin  uzaqgörən fəaliyyəti nəticəsində yenicə müstəqilliyini əldə edən Azərbaycanda dünya təcrübəsindən istifadə edilərək yeni layihələr və dövlət proqramları hazırlanmasına başlanıldı. Respublikamızda yeni mülkiyyət münasibətlərinə əsaslanan azad bazar iqtisadiyyatı formalaşdırıldı.  Özəlləşmə proqramı, torpaq islahatı, hüquqi dövlət quruculuğu sahəsində islahatlar genişləndirildi. Həmin islahatların həyata keçirilməsindən danışarkən ulu öndər deyirdi: “Biz islahatları bir gündə yox, bir ayda yox, bəlkə də bir ildə yox, tədricən həyata keçiririk”.

Bu baxımdan da aqrar-torpaq islahatları birdəfəlik kampaniya deyildi. Bu, cox ciddi, həssas bir proses idi. Ümummilli lider böyük uzaqgörənliklə, həm də sübut etdi ki, Azərbaycanda aqrar sahənin inkişafı aparılacaq torpaq islahatlarının nəticələrindən asılı olacaq.

Pambıqçılıqda yeni mərhələ

Dövlətimizin başçısı İlham Əliyev prezidentlik fəaliyyətinin bütün dövrlərində əsas ixracyönümlü kənd təsərrüfatı məhsullarından olan pambıqçılığın inkişafını diqqət mərkəzində saxlayıb. Bununla aqrar sahəyə  həsr olunan konfranslarda, pambıqçılığın inkişafına dair respublika müşavirələrində və digər tədbirlərdə Azərbaycan Prezidenti pambıqçılığın inkişaf etdirilməsinin əhəmiyyəti və zəruriliyi barədə fikirlərini bildirib, əsas problemli məqamları qeyd edib və onların həlli ilə bağlı tapşırıqlar verib.

“Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanının 1.3-cü bəndində nəzərdə tutulan “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017–2022-ci illər üçün Dövlət Proqramı”nın qəbul edilməsi kənd təsərrüfatının ənənəvi sahələrindən olan pambıqçılığın inkişafının sürətləndirilməsi, pambıq məhsullarının ixracının artırılması, bu sahəyə dövlət dəstəyinin gücləndirilməsində əhəmiyyətli rol oynayıb.

Dövlət proqramının icrasının əsas nəticəsi kimi, 2022-ci ildə xam pambıq istehsalının 500 min tona çatdırılması hədəflənib.

Son illərin rekord göstəricisi əldə olunub

Müşavirədə ulu öndər tərəfindən əsası qoyulan  pambıqçılıq ənənələrinin son illər yüksək templə inkişaf etdirildiyi bildirilib. Dövlətimizin başçısı qeyd edib ki,   cari il rekord göstərici əldə olunub, 294 min ton pambıq yığılıb və hər hektardan məhsuldarlıq orta hesabla 29,4 sentner təşkil edib: “Bu, doğrudan da çox böyük göstəricidir və onu göstərir ki, son illər ərzində pambıqçılıqda inkişafla bağlı atılmış bütün addımlar öz səmərəsini verməkdədir. Bu, bir daha onu göstərir ki, dövlət dəstəyi olmadan pambıqçılıq inkişaf edə bilməz. Biz demək olar ki, Azərbaycanda pambıqçılığı dirçəltmişik, bunu çox gəlirli sahəyə çevirmişik, pambıqçılıqla məşğul olan rayonlarda məşğulluq problemlərini həll etmişik. Beləliklə, biz qarşımızda duran bütün vəzifələrə nail olmuşuq, bu vəzifələri icra etmişik”.

Bunu statistik rəqəmlər də aydın göstərir. Belə ki, 2015-ci ildən sonrakı dövr ərzində pambıq istehsalı 8,2 dəfə artıb. Bugünədək 100 min hektar sahədən 294 min tondan çox pambıq istehsal olunub və hektardan orta məhsuldarlıq 29,4 sentner təşkil edib. Əkin sahəsinin ötən ilə nisbətən 32 min hektar azalmasına baxmayaraq, pambıq istehsalı 61 min ton, hektardan orta məhsuldarlıq isə 11,8 sentner artıb.

Builki yüksək nəticələr isə, ilk növbədə, ölkə rəhbərinin bu sahəyə diqqəti və dövlət tərəfindən göstərilən dəstəklə bağlıdır. Belə ki, 2018-ci ildə xam pambığın fermerlərdən alış qiyməti hər ton üçün 150 manat artırılaraq 650 manata çatdırılıb. Fermer satdığı hər ton xam pambığa görə dövlətdən 100 manat subsidiya alıb. İstehsalçıların texnikaya və avadanlığa olan ehtiyaclarını ödəmək məqsədilə son üç ildə 529 milyon manat dəyərində 15 min 700 ədəd kənd təsərrüfatı texnikası, o cümlədən 403 pambıqyığan kombayn alınıb.

2018-ci ildə Ağdam, Beyləqan və Zərdab rayonlarında əlavə üç, cari ildə Bərdə rayonunda bir pambıq qəbulu məntəqəsi tikilib, müvafiq avadanlıqlarla təchiz edilib. Mövsüm ərzində bu məntəqələr tərəfindən 8 min ton xam pambıq qəbul olunub. Ucar rayonunda illik istehsal gücü 40 min ton olan pambıq emalı zavodu, saatda 1,5 ton lifsiz pambıq toxum istehsalı gücünə malik müəssisə istifadəyə verilib, gündəlik 200 ton pambıq çiyidini emal etmək gücünə malik zavodda isə tamamlanma işləri aparılır.

Dövlətimizin başçısının qarşıya qoyduğu əsas vəzifə məhz məhsuldarlığın yüksəldilməsi hesabına istehsalın artırılması olub. Aparılan təhlillər göstərir ki, 2018-ci ildə 30 sentnerdən çox məhsul götürən 3096 fermer vardısa, 2019-cu ildə bu rəqəm iki dəfədən çox artaraq 7110-a  çatıb. Həmin fermerlər tərəfindən yığılan pambıq ümumi istehsalın 39 faizini təşkil edib. Bu məhsulun 29,5 min hektar sahədən yığıldığını nəzərə alsaq, deməli, hektardan orta məhsuldarlıq 39 sentnerdir. Bu il 50 sentnerdən artıq məhsul götürən fermerlərin sayı 953 olub. Keçən illə müqayisədə hesabat ilində fermerlərin əldə etdikləri gəlirlərin ümumi həcmi isə 45 milyon manatdan çox artıb.

Bu rəqəmlər bir daha sübut edir ki, torpaq sahələri düzgün seçildiyi, aqrotexniki tədbirlərə vaxtında və düzgün əməl olunduğu təqdirdə ölkədə orta hesabla hər hektardan 30 sentnerdən çox pambığın istehsalı üçün potensial imkan mövcuddur.

Eyni zamanda, innovativ texnologiyalardan istifadənin genişləndirilməsi məqsədilə nümunəvi təsərrüfatların yaradılmasına başlanılıb. Ucar rayonunda Çin texnologiyası və Beyləqan rayonunda türk texnologiyası əsasında pambıq istehsalı üzrə pilot layihələr həyata keçirilib. Çin texnologiyası ilə hər hektardan 60 sentner, türk texnologiyası ilə isə 58 sentner xam pambıq istehsal olunub.

Güzəştlər məhsul istehsalında artımı şərtləndirir

Fermerlərə satılan pestisidlərin qiymətinə tətbiq edilən güzəştin məbləğinin yuxarı həddi 5 dəfə artırılaraq hər hektara görə 50 manata, mineral gübrələrin dəyərinə tətbiq edilən güzəştin məbləğinin yuxarı həddi isə 50 faiz artırılaraq hər hektara görə 150 manata çatdırılıb. “Aqrolizinq” ASC-nin balansında olan 768 texnika vasitəsilə fermerlərə güzəştli şərtlərlə dəstək göstərilib, gübrələrin səyyar formada yerlərdə və sahələrdə satışı həyata keçirilib. Bütünlükdə kənd təsərrüfatı texnikalarının alınmasına 40 faiz güzəşt tətbiq olunub. Ümumiyyətlə, ölkəmiz pambıqçılığın inkişafına göstərdiyi dəstəyə görə dünya üzrə aparıcı dövlətlərdən biri olub.

Pambıqçılığın inkişafı istiqamətində kadr potensialının gücləndirilməsi də diqqət mərkəzindədir və növbəti illərdə də bu tədbirlər davam etdiriləcək.Yeni subsidiya mexanizminə əsasən, 2020-ci ildə hər hektara 220 manat, hər ton məhsula 100 manat subsidiya verilməsi nəzərdə tutulur. Belə olduqda, 30 sentner məhsul götürmüş fermerin dövlətdən əldə etdiyi vəsait 520 manat olmaqla, çəkdiyi xərcin 55 faizini təşkil edəcəkdir. Subsidiyaların Elektron Kənd Təsərrüfatı Sistemi vasitəsilə fermerlərə verilməsi xidmət prosesini daha çevik və asan edəcək, xidmətin keyfiyyətini yüksəldəcək.

2020-ci ildə ən azı 105 min hektar sahədə pambıq əkilməsi və daha yüksək məhsuldarlıq əldə edilməsi nəzərdə tutulur.

Dövlətimizin başçısının müşavirədəki nitqi bir daha göstərdi ki, kənd təsərrüfatının ənənəvi sahəsi olan pambıqçılığın inkişafı dövlət səviyyəsində diqqət mərkəzində saxlanılır, bu sahəyə xüsusi qayğı göstərilir. Elə buna görə də böyük potensiala malik pambıqçılıqda məhsul istehsalı ildən-ilə artır.

Vaqif BAYRAMOV, 
“Xalq qəzeti”

21 Dekabr 2019 01:15 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə