Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Demokratik və şəffaf seçkilər keçirilməsi üçün hər cür şərait yaradılıb

İki gün sonra respublikamızın həyatında daha bir tarixi hadisə – bələdiyyə seçkiləri keçiriləcək. 1993- cü ilin ikinci yarısından başlayaraq ölkəmizdə azad və ədalətli, şəffaf, demokratik seçkilərin keçirilməsinin əsası qoyulub. Beynəlxalq təşkilatlar tərəfindən demokratik sənəd kimi dəyərləndirilən Azərbaycan Respublikasının Seçki Məcəlləsi və qəbul edilmiş digər qanunvericilik aktları seçkilərin şəffaf və demokratik keçirilməsi üçün mükəmməl hüquqi bazadır. Bütün bunlar iki gün sonra keçiriləcək bələdiyyə seçkilərinin də azad və ədalətli başa çatacağına əminlik yaradıb.

Seçkilərə hazırlığın vəziyyəti ilə tanışlıq məqsədilə 24 saylı Nizami birinci seçki dairəsində olduq. Dairə seçki komissiyasının sədri Niyazi Nəcəfov uzun müddətdir ki, bu işlə məşğul olur. Artıq bu sahədə böyük təcrübə qazanıb. Seçkiyə hazırlıqla bağlı məlumat verərkən dedi ki, artıq bütün işlərimizi yekunlaşdırmışıq: “Seçki məntəqələri seçicilərin yolunu gözləyir. Məlumat üçün bildirim ki, bizim seçki dairəsinin əhatəsində iki bələdiyyə – Keşlə və Nizami bələdiyyələri fəaliyyət göstərir. Ümumilikdə, 43 min 434 seçici səs verəcək. 35 seçki məntəqəsində (onlardan 4-ü seçkiyə 5 gün qalmış formalaşıb) hazırlıq işləri yüksək səviyyədə həyata keçirilib. İlk dəfə səs verəcək 907 seçici ilə görüş keçirilib. Gənclərə seçicinin hüquq və vəzifələri, seçki prosesində iştirak etmək üçün lazım olan prosedur qaydaları barədə ətraflı danışılıb, verilən suallar mütəxəssislər tərəfindən cavablandırılıb”.
N.Nəcəfov dedi ki, ümumilikdə, bələdiyyə seçkiləri ilə əlaqədar qarşıya qoyulan vəzifələr layiqincə yerinə yetirilib: “ Biz işimizi MSK tərəfindən hazırlanmış seçkilərlə bağlı Təqvim Planına uyğun olaraq qurmuşuq. Belə ki, ilk növbədə, seçici siyahılarının dəqiqləşdirilməsi ilə əlaqədar işlər başa çatdırılıb. Siyahılar vaxtında asılıb, bildirişlər paylanılıb və nəzərdə tutulan təbliğat-təşviqat işləri qanunvericiliyin tələblərinə uyğun aparılıb. 26-sı Keşlə bələdiyyəsindən, 14-ü isə Nizami bələdiyyəsindən namizədliyi qeydə alanlar üçün bərabərhüquqlu şərait yaradılıb. Bugünədək təbliğat və təşviqat kampaniyasında hər hansı bir narazılıq qeydə alınmayıb. Seçkilərin şəffaf, demokratik keçirilməsini təmin etmək məqsədilə DSK ərazisində 10 seçki məntəqəsində veb-kamera quraşdırılıb. MSK tərəfindən DSK-ya ayrılan əyani vəsaitlər, təlimatlar, avadanlıqlar, dəftərxana ləvazimatları da vaxtında seçki məntəqələrinə paylanılıb”.
N.Nəcəfov builki seçkinin gərgin mübarizə şəraitində keçəcəyini bildirdi və bunu həm namizədlərin, həm də seçkiyə qatılan siyasi partiya və qurumların çoxluğu ilə əlaqələndirdi. Dedi ki, bu seçkilərə qatılan namizədlər YAP, BAXCP, ADİSP, BQP, ADMP, ADP, ADHP və qeyri –hökumət təşkilatlarını təmsil edirlər. Seçkilərə öz təşəbbüsü ilə qatılan namizədlər də var. 
Seçkiyə hazırlıq ərəfəsində maarifləndirmə məqsədilə keçirilən tədbirləri yüksək qiymətləndirən DSK sədri seminar-müşavirələrin və treninqlərin böyük əhəmiyyət kəsb etdiyini dedi:
 -- Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkiləri ilə əlaqədar seçki komissiyalarının hazırlığı istiqamətində geniş maarifləndirmə tədbirləri həyata keçirib. Belə tədbirlər bələdiyyə seçkiləri ərəfəsində həyata keçirilirsə, təkcə bələdiyyə seçkiləri nəzərə alınmır, eyni zamanda, aşağı seçki komissiyalarını, ümumilikdə, seçki prosesinə hazırlığı ilə bağlı ortaya çıxa biləcək hallar müzakirə olunur, bütün məlumatlar ətraflı təhlil edilir və bunun əsasında hər seçki üzrə müxtəlif səpkili işlər aparılır. 

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

21 Dekabr 2019 01:08 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə