Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Məhkəmə-hüquq sistemində köklü islahatlar həyata keçirilir

Dünən Ədliyyə Nazirliyinin və Vəkillər Kollegiyasının təşkilatçılığı ilə “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə Qanunun ictimai müzakirəsi ilə bağlı tədbir keçirilib. Tədbirdə Ədliyyə Nazirliyinin aidiyyəti qurumlarının və Vəkillər Kollegiyasının rəhbər şəxsləri və üzvləri, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri, məhkəmələrdə mətbuatla əlaqələrə məsul spiker-hakimlər, bank sektorunun nümayəndələri və sahibkarlar iştirak ediblər.

Nazirliyin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Aynur Sabitova tədbiri açaraq bildirib ki, 2019-cu ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə, o cümlədən məhkəmə-hüquq sistemində köklü islahatlar həyata keçirilib. “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” dövlətimizin başçısının 2019-cu il 3 aprel tarixli Fərmanının 7.4-cü bəndinə əsasən, məhkəmə ekspertizası fəaliyyətinin alternativ mexanizmləri, o cümlədən ekspertizanın özəl qurumlar tərəfindən həyata keçirilməsi ilə bağlı beynəlxalq təcrübənin təhlil edilməsi və müvafiq təkliflərin hazırlanması tapşırığı verilib.
Bununla əlaqədar respublikada, həmçinin xarici ölkələrdə məhkəmə ekspertizası fəaliyyətinin həyata keçirilməsi üzrə təcrübələr öyrənilib, müvafiq normativ sənədlər təhlil edilib, bir sıra qabaqcıl Avropa dövlətlərinin praktikası nəzərdən keçirilib. Beynəlxalq təcrübə nəzərə alınaraq ekspertiza işinin beynəlxalq standartlar səviyyəsində müasirləşdirilməsi məqsədilə “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər olunması barədə qanun layihəsi hazırlanaraq, 2019-cu il noyabrın 29-da qəbul edilib.
Aynur Sabitova ədalət mühakiməsinin səmərəliliyinin artırılması, məhkəmə hakimiyyətinə əlçatanlığın yüksəldilməsinə yönələn bu sənədin üzərimizə yeni vəzifələr qoyduğunu bildirib. Qeyd olunub ki, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi ölkəmizdə müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək məqsədi daşıyır.
Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib ki, belə görüşlər hüquqi maarifləndirmə və təbliğat, baş verən yeniliklər barədə ictimaiyyətə, vətəndaşlara düzgün, dolğun məlumatın çatdırılması məqsədlərinə xidmət edir. Vəkillər Kollegiyası hesab edir ki, məhkəmə-hüquq sahəsində imzalanan fərmanlar vəkilliyin nüfuzunun artırılması, onun güclənməsi baxımından da müstəsna əhəmiyyətə malikdir. Dövlət hesabına təmin olunan hüquqi yardım bu sahədəki problemləri aradan qaldırmaqdadır. Vəkillik tarixində ilk dəfə büdcədən dövlət hesabına göstərilən hüquqi yardıma görə ayrılan vəsait Vəkillər Kollegiyasının hesabına köçürüləcək.
Bundan başqa, gələn həftə Vəkillər Kollegiyasının nəzdində yeni qurum Hüquqi Yardım və Təlim Mərkəzi fəaliyyətə başlayacaq. Dövlət hesabına göstərilən hüquqi yardım məsələləri həmin o qurumdan idarə olunacaq. Bununla bağlı biz hazırlıq işləri aparmışıq. Bütün bunlar vətəndaşların məmnunluğuna səbəb olacaq. Kifayət qədər vəsaiti olmayan şəxslər keyfiyyətli hüquqi yardım əldə biləcəklər.
Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 15-ci maddəsinə, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa və prosessual qanunvericiliyə edilən mütərəqqi dəyişikliklər vətəndaşlara keyfiyyətli hüquqi yardımın göstərilməsi məqsədlərinə xidmət edir. İndiyədək vəkillər ekspertiza üçün müstəqil olaraq Məhkəmə Ekspertiza Mərkəzinə müraciət etmək hüququna malik deyildilər. Qanunvericiliyə edilən dəyişikliyə əsasən, məhkəmə prosesi iştirakçıları, vəkillər Məhkəmə Ekspertiza Mərkəzi, yaxud gələcəkdə fəaliyyət göstərəcək müstəqil ekspertlə müqavilə bağlamağa, müvafiq məsələləri onun qarşısında qaldırmağa, ekspertiza üçün müraciət etməyə imkan veriləcək. Beləliklə, vəkillər müraciət edən şəxslərə keyfiyyətli hüquqi yardım göstərmək, onların mənafeyini təmin etmək baxımından geniş imkanlara sahib olacaqlar. 
Azərbaycanda fəaliyyət göstərən vəkillik korpusu Prezident İlham Əliyevə onun təşəbbüsü ilə həyata keçirilən bu islahatlara, qanunda edilən dəyişikliklərə görə minnətdarlığını bildirir. Məqsəd ölkədə müasir, beynəlxalq standartlara cavab verən, ictimai etimadı tam özündə əhatə edən ədalət mühakiməsini formalaşdırmaqdır. Qanunvericilikdə edilən dəyişikliklər ədalət mühakiməsində iştirak edən bütün subyektlərin, vəkillərin, vətəndaşların məmnunluğuna səbəb olacaq.
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin sədri Fuad Cavadov qeyd edib ki, dövlətimizin başçısının “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi” haqqında 2019-cu il 3 aprel tarixli Fərmanı məhkəmə ekspertiza sahəsində də normativ hüquqi aktların qəbulunu və dəyişikliklərin olunmasını zəruri edirdi. Dekabrın 18-də məhkəmə ekspertizası fəaliyyəti ilə bağlı qanunda dəyişikliklər edilib. Tapşırıqlardan biri mülki işlərin ekspertiza icraatındakı baxılması müddətlərinin dəqiqləşdirilməsi idi. Fərmanda göstərilir ki, icra müddəti işin, materialın ekspertiza mərkəzinə daxil olduğu gündən hesablanır.
Bu sahədəki yeniliklər barədə danışan Fuad Cavadov qeyd edib ki, ekspertiza sahəsində qanunda edilən dəyişikliklər, xüsusilə, Azərbaycanda ilk dəfə özəl ekspertizanın fəaliyyət göstərməsi bu sahədə mühüm və inqilabi addımdır. Özəl ekspertiza mərkəzlərinin yaradılması zərurəti ekspertiza müddətləri ilə bağlı yubanmaların aradan qaldırılması ilə bağlıdır. Hazırda qanunvericilikdə ekspertizanın icra müddəti konkret göstərilib. Yeni dəyişikliyə görə, ekspertiza müddəti iş ekspertizaya təqdim olunan gündən hesablanır.
Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxslərə dair tələblərdən danışan Ədliyyə Nazirliyinin Qanunvericilik Baş İdarəsi İnzibati və Hərbi Normativ Aktlar İdarəsinin rəisi Elçin Nəsibov bildirib ki, bu dəyişikliklər hazırlanarkən bir sıra ölkələrin qanunvericiliyi araşdırılıb, beynəlxalq təcrübə nəzərə alınıb. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanuna təklif olunan dəyişikliklərdə məhkəmə ekspertinə verilən tələblər, məhkəmə ekspertinin fəaliyyətinə xitam verilməsi, məhkəmə ekspertlərinin attestasiyası, məhkəmə ekspertlərinin reyestri, məhkəmə ekspertizası tədqiqat metodlarının dövlət reyestri, məhkəmə ekspertizasının aparılmasının əsasları və digər məsələlər öz əksini tapıb.
Vəkillər kollegiyasının intizam Komissiyası sədrinin müavini İlhamə Həsənova, vətəndaş cəmiyyətinin təmsilçiləri Əliməmməd Nuriyev, Sahib Məmmədov və başqaları çıxış edərək ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması, ədalət mühakiməsi mexanizmlərinin effektiv fəaliyyətinin təmin edilməsi baxımından dəyişiklikləri yüksək qiymətləndiriblər. 
Sonda mətbuat nümayəndələrinin sualları cavablandırılıb.

Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”

21 Dekabr 2019 00:52 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə