Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakı Slavyan Universitetində Milad bayramı tədbiri

Bakı Slavyan Universitetinin 2-ci korpusunun həyətində qələbəlik idi.  ­Çal-çağır səsləri, alman, ingilis və fransız dilində oxunan Yeni illə bağlı mahnılar və rəqslər ətrafa xoş  ahəng bəxş edirdi. Universitetdə hər il ənənəvi keçirilən Avropasayağı Milad bayramı tədbiri bu il də yaddaqalan oldu. BSU-nun Filologiya və xarici dil müəllimliyi fakültəsinin nəzdində fəaliyyət göstərən alman, ingilis və roman filologiyası kafedralarının təşkilatçılığı ilə keçirilən ənənəvi Milad bayramı tədbiri və xeyriyyə yarmarkasında kafedra müdirləri, müəllim və tələbə heyəti, BSU nəzdində məktəb-lisey kompleksinin şagirdləri, eyni zamanda, V ­çağırış Milli Məclisin deputatı, İngilis filologiyası kafedrasının müdiri, dosent ­Sevinc Fətəliyeva da iştirak edirdi.  Fakültənin dekanı, dosent  Gültəkin Əliyeva giriş sözü ilə tədbiri açdı.

 Universitetin Alman filologiyası kafedrasının müdiri, Germanistika İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Sevinc Rzayeva bayram əhval–ruhiyyəli tədbirdə uğurlu çıxışlara görə tələbələrə və əməyi keçən pedaqoji kollektivə təşəkkür etdi. Bildirdi ki, hər il ənənəvi xarakter alan Milad bayramı və xeyriyyə yarmarkasında tələbələr  ilboyu öyrəndikləri bilik və bacarıqları nümayiş etdirirlər. Qarşıdan Dünya Azərbaycanlılarının Həmrəylik Gününün gəldiyini bildirən professor S.Rzayeva bu əlamətdar bayram münasibətilə hamını təbrik etdi, tələbə və müəllim heyətinə yeni ildə uğurlar arzuladı.
 Daha sonra BSU-nun Roman filologiyası kafedrasının müdiri dosent İnnara Tarzumanlı, Alman filologiyası kafedrasının dosenti Telman Kazımov, kafedranın baş müəllimi Səbinə Hüseynova,  İngilis filologiyası kafedrasının əməkdaşları və tədbirin təşkilatında böyük xidmətləri olan Firuzə Kərimova, Könül Sədiyeva, Avstriyanın ölkəmizdəki səfirliyinin nümayəndəsi Stefani Matzer və digərləri çıxış edərək tələbələrin və şagirdlərin qabiliyyətlərindən razı qaldıqlarını vurğuladılar. Bildirdilər ki,  onlar alman, ingilis və fransız dillərində öz bilik və bacarıqlarını yüksək səviyyədə nümayiş etdirdiklərinə görə onlarda xoş ovqat yaratdılar. 
Bayram tədbirində BSU-nun Filologiya və xarici dil müəllimliyi fakültəsinin tələbələri, eləcə də universitetin  nəzdindəki məktəb–lisey kompleksinin şagirdlərinin ifa etdikləri mahnı, şeir və kompozisiyalar  alqışlarla qarşılanıb. Bayram tədbiri ərzində davam edən xeyriyyə yarmarkasında Avropa ölkələrinin müxtəlif şirniyyatları nümayiş olundu.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

 

21 Dekabr 2019 00:32 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə