Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

2019-cu il uğurlu təhsil islahatları ilə yadda qalacaq

Azərbaycanda təhsil sahəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi və bu sahədə innovativ üsulların tətbiqi məsələsinə daim xüsusi diqqətlə yanaşılır. 2019-cu ildə də belə yanaşma davam etdirilmişdir. Çox sayda yeni məktəb binasının və korpusların inşası, mövcud təhsil müəssisələrinin yüksək səviyyədə yenidən qurulması, onların zəruri tədris avadanlığı ilə təchiz olunması təhsil sahəsinin müasirləşdirilməsi istiqamətində  bir sıra  layihələr reallaşdırılmışdır.  Bütün bunlar bir daha sübut edir ki, ölkəmizdə  insan kapitalının formalaşmasında müstəsna rola malik olan təhsil sahəsinin inkişafına ən yüksək səviyyədə diqqət göstərilir. Bu isə gənc nəslin bilikli, intellektual səviyyədə yetişməsində, həmçinin təlim-tədris prosesinin  müasir şəraitdə aparılmasında mühüm rol oynayır.

Cari ildə təhsil sahəsində dinamika uğurla davam etmişdir. Prezident İlham Əliyevin təhsil sahəsinə diqqət və qayğısı nəticəsində milli təhsilimizdə islahatlar daha intensiv xarakter almışdır. Dövlət başçısı dərs ilinin başlanğıcında məktəblərdə olmuş, müəllim və şagird kontingentləri ilə görüşlər keçirmişdir. Prezident bu il sentyabrın 13-də Bakının Suraxanı rayonunda əsaslı şəkildə yenidən qurulan 208 nömrəli orta məktəbdə, Binəqədi rayonundakı 300 nömrəli tam orta məktəbin 960 şagird yerlik yeni tədris kompleksində, Nəsimi rayonundakı 268 nömrəli xüsusi məktəbdə yaradılan şəraitlə tanış olmuş öz tövsiyələrini vermişdir. 
 Bu il təhsil sahəsində yaddaqalan hadisələrdən biri Prezident İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubiley mərasimində iştirakı və orada geniş məzmunlu nitqi olmuşdur. Dövlət başçısı mərasimdə demişdir: “Bilik, savad – gənclərin yaxşı gələcəyini, təminatlı gələcəyini müəyyən edən budur. Onlar vətənpərvər olmalıdırlar. Bu, olmasa, ölkəmizin gələcəyi olmayacaq. Bu, yoxdursa, nə vaxtsa yenə də kiminsə təsiri altına düşüb yenə də müstəqillik arzuları ilə yaşayacağıq. Ona görə gənclərdə vətənpərvərlik çox güclü olmalıdır. Gənclər milli ruhda, vətənpərvərlik ruhunda, ənənəvi dəyərlər əsasında tərbiyə almalıdırlar. Bax belə gənclər ölkəmizi gələcəyə inamla aparacaqlar. Hesab edirəm ki, bugünkü gənclərin mütləq əksəriyyəti bu meyarlara cavab verir – bilikli, savadlı, Vətənə bağlı, vətənpərvər və dünyaya açıq. Elə olmalıdır ki, Azərbaycanın dövlət müstəqilliyi güclənsin.” 
Bu gün təhsil islahatlarının dinamikası daha da sürətlənmişdir. Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova “Yeni imtahan modeli: islahatlar, nəticələr gözləntilər” mövzusunda keçirilən konfransda demişdir: “Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə öz çıxışlarında qeyd edib ki, iqtisadiyyatı irəli aparan, ölkənin uğurunu nümayiş etdirən onun təbii ehtiyatları deyil, insanları, təhsili, əhalisinin intellektual səviyyəsidir”. 
S. Yusifova əlavə etmişdir ki, bilikli, savadlı, Vətənə bağlı, dünyaya açıq gənclik müstəqilliyin başlıca təminatıdır. Müasir dünyada bilik və yeni texnologiyalar olmasa, uğur qazanmaq mümkün deyil.
Prezident Administrasiyasının rəsmisi qeyd etmişdir ki, passiv təhsildən aktiv təhsilə keçid ­­­­2030-cu ilə qədər yekunlaşmalıdır və bu, tipik təhsil modelinə çevriləcək. Qarışıq və mobil təhsil gələcəyin ali təhsil müəssisələrinin rəqabətqabiliyyətliliyini və uğurunu müəyyənləşdirən əsas amillərdən biri olacaq. Böyük həcmdə informasiyanın əlçatan olması, informasiya ilə işləmək və onu seçmək vərdişi tənqidi düşüncənin inkişaf etdirilməsini tələb edəcək. İnformasiya və texnoloji fonun sürətli dəyişməsi nəticəsində təhsil fasiləsiz xarakter alacaq. 
Azərbaycanın təhsil sistemində texnoloji yeniliklərin, innovativ prinsiplərin tətbiqi, biliklərin qiymətləndirilməsi mexanizmlərinin daha da təkmilləşdirilməsi dinamik xarakter daşıyır. Bu dinamika təhsilin bütün sahələrində davam etməkdədir. Məktəb tikintisi ötən illərdə olduğu kimi, 2019-cu ildə də prioritet sahə olmuşdur. 2019-cu ildə ümumilikdə respublika üzrə 25 yeni məktəb binasının tikintisi, 9 məktəbin əsaslı təmiri, 253 məktəbin cari təmir olunması, 24 rayonda isə 3520 şagird yerlik 50 modul tipli məktəbin istifadəyə verilməsi nəzərdə tutulmuşdu. Bu istiqamətdə işlər davam etməkdədir.
 Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təhsilin inkişafında xüsusi rolu vardır. “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində inşa edilən və müasir avadanlıqla təchiz olunan məktəblər Heydər Əliyev Fondunun reallaşdırdığı tədbirlərin yalnız bir hissəsidir. Bu il fond bu istiqamətdə layihələrini davam etdirmişdir. 
Ölkəmizdə təhsil sahəsində müsbət dinamika müşahidə olunmuşdur. UNİSEF və Avropa Birliyinin maliyyə dəstəyi ilə 3-5 yaşlı uşaqların icma əsaslı məktəbəqədər təhsilə cəlb olunmaları layihəsi davam etmişdir. ­­­­­2019-2020-ci tədris ilində icma əsaslı məktəbəqədər qrupların sayının artırılaraq 300-ə, uşaqların sayının isə 6000 nəfərə çatdırılması nəzərdə tutulub. 
Bu il müəllim nüfuzunun, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, istedadlı insanların müəllim peşəsinə cəlb edilməsi istiqamətində görülən işlər də diqqətəlayiqdir. Həyata keçirilən tədbirlər cəmiyyətdə müəllim peşəsinə qəbulun obyektivliyinə inam formalaşdırılıb və 2019-ci ildə müsabiqədə iştirak edənlərin sayı əvvəlki illərə nisbətən bir qədər də artıb, müraciət edənlərin sayı 55 mini ötüb. Ümumilikdə, son 5 ildə məktəblərin müəllim tərkibi keyfiyyət baxımından da yaxşılaşıb, 20 mindən çox gənc müəllim işə qəbul olunub. 
Bu il 500-dən çox bal toplayan abituriyentlərin 25 faizi müəllimlik ixtisasını seçib ki, bu da müəllim peşəsinin rəqabətliliyi, təhsilin keyfiyyəti haqqında müsbət proqnozlar verməyə imkan yaradır.
Beynəlxalq olimpiada və bilik yarışlarında Azərbaycan məktəbliləri son beş ildə 4 qızıl, 34 gümüş və 108 bürünc medal olmaqla, ümumilikdə 146 medal qazanıblar. Tam orta təhsil səviyyəsində təmayülləşmənin əhatə dairəsi cari tədris ilində genişlənmiş və 2140 sinifdə 47930 şagird təmayüllər üzrə təhsilə cəlb edilmişdir. 
Tədrisdə İKT-dən istifadə imkanlarına gəldikdə isə, demək lazımdır ki, “Rəqəmsal bacarıqlar” layihəsi bu tədris ilində 100-dən çox məktəbi və 90 mindən çox şagirdi əhatə etmişdir.
Bu tədris ilində ilk dəfə olaraq 6000-dən artıq şagird əhatə edilməklə məktəblərdə STEAM-ın (Təbiət elmləri, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın inteqrativ tədrisi) tədrisinə start verilmişdir. Eyni zamanda, ümumi təhsil müəssisələrinin X-XI siniflərində peşə təmayüllü siniflər fəaliyyətə başlamışdır. 
Prezident İlham Əliyevin sərəncamları ilə tələbələrin təqaüdlərinin artırılması və yüksək bal toplamış tələbələrin dövlət sifarişi ilə təhsil almalarının təmin edilməsi, istedadlı tələbələr üçün “SABAH” qruplarında təhsilin təşkili həyata keçirilən siyasətin konkret təzahürləridir. 2019-cu ilin Dövlət büdcəsində dövlət sifarişli yerlərin artırılması üçün əlavə vəsait qoyulması da həmin istiqamətin daha da inkişaf etdirilməsini təmin etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Doktorantura, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” 14 fevral 2019-cu il tarixli sərəncamı dövlətimizin tələbə gənclərə qayğısının daha bir əməli ifadəsidir. 
Prezident İlham Əliyevin “Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamına əsasən, 1 mart 2019-cu il tarixdən təqaüd alanların sayı xeyli artmışdır.
Eyni zamanda, Prezident sərəncamına uyğun olaraq, təqaüdlərin artırılması ödənişli əsaslarla oxuyan tələbələri də əhatə etmişdir ki, bu da ölkəmizdə özəl ali təhsil sektorunun da inkişaf etdirilməsinə, təhsilin bu sektorunda təhsil alan tələbələrin də normal ali təhsil almalarına yeni stimul verir.
Digər sahələrdə də uğurlar qazanılmışdır. 2019-2020-ci tədris ilinə dövlət ümumi təhsil müəssisələrinin I-XI sinifləri üçün 322 adda 5 668 865 nüsxə dərslik və metodik vəsait çap edilmişdir. 
"Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası çərçivəsində ölkədə təhsilin keyfiyyətinin yüksəldilməsi üçün stimullaşdırıcı mexanizmlər yaradılmış və bütün təhsil pillələrində adambaşına maliyyələşdirmə prinsipinin tətbiqi genişləndirilmişdir.
Müəllim hazırlığının gücləndirilməsinə xüsusi önəm verilmişdir. Müəllimlərin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması üzrə müasir mexanizmlər yaradılmiş, nəticələrə əsaslanan differensial əməkhaqqı və mükafatlandırma sistemi hazırlanmışdır. 
Əlbəttə, bütün bunlar 2019-cu ildə təhsilin inkişafı sahəsində görülmüş işlərin tam siyahısı deyil. Təhsil genişmiqyaslı sahədir. Dövlətimiz onun bütün sahələrinin inkişafı ilə bağlı islahatları davam etdirir.

 

M.MÜKƏRRƏMOĞLU,
 “Xalq qəzeti”

 

21 Dekabr 2019 00:30 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 Avqust 2020 | 23:13
İrandan Türkiyəyə təbrik

Köhnə versiyamızdan xəbərləri izlə