Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Corat məktəbinin 120 illik yubileyi qeyd olunub

Sumqayıtın Corat qəsəbəsində yerləşən 7 nömrəli tam orta məktəbdə ilk dərslərin başlandığı vaxtdan 120 il keçir. Təhsil ocağının yubileyi təntənə ilə qeyd edilib. Tədbirdə şəhər rəsmiləri, təhsil ictimaiyyətinin nümayəndələri, məktəbin məzunları və qəsəbə sakinləri iştirak ediblər.

Məktəblə, buradakı tarix muzeyi ilə və istedadlı uşaqların qabiliyyətinin üzə çıxarılması üzrə görülən tədbirlərlə tanışlıq qonaqlarda xoş təəssürat yaradıb. İdmançıların çıxışları maraqla qarşılanıb. Dövlət himninin səsləndirilməsindən sonra məktəbin tarixindən bəhs edən videoçarx nümayiş olunub.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov əlamətdar gün münasibətilə məktəbin müəllim və şagird kollektivini təbrik edib, onlara bundan sonrakı fəaliyyətlərində daha böyük uğurlar arzulayıb. Şəhər rəhbəri Prezident İlham Əliyevin təhsilə, təhsil işçilərinə göstərdiyi diqqət və qayğının bu sahənin sürətli inkişafı, maddi-texniki bazasının daha da möhkəmlənməsi ilə nəticələndiyini vurğulayıb. Qeyd olunub ki, hazırda Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, ­Sumqayıtda 9 nömrəli tam orta məktəbin 1176 şagird yerlik yeni binası tikilir, 1 nömrəli şəhər tam orta məktəbi üçün 1800 şagird yerlik yeni binanın tikintisi işlərinə isə yaxın zamanlarda başlanılacaq. 
Təhsil Nazirliyinin sektor müdiri Firidun Həmzəyev təbriklərə qoşularaq, Corat qəsəbəsində 120 il öncə fəaliyyətə başlayan təhsil müəssisəsinin böyük inkişaf yolu keçdiyini, məktəbin tədris nailiyyətlərinin son illərdə daha da artığını qeyd edib. O, Corat məktəbinin yetirmələri sırasında adları təhsil, elm və mədəniyyət tarixlərinə həkk olunmuş tanınmış ziyalıların az olmadığını bildirib.
Üç əsrin şahidi olan məktəbin hazırkı binası 1990-cı ildə tikilib. Mindən çox şagirdi olan məktəbdə tədris prosesi birnövbəlidir, şagirdlərin təlim-tərbiyəsi ilə 90 nəfər pedaqoji işçi məşğul olur. Məktəbdə sinif otaqları, fənn kabinetləri ən müasir tələblər səviyyəsində qurulub. Kompüter otaqları, zəngin kitabxana, məktəbin tarix guşəsi, tarix muzeyi şagirdlərin ixtiyarına verilib.
Yubiley tədbirində şagirdlər vətənpərvərlik, təhsil və məktəb həyatından bəhs edən ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər. İncəsənət ustaları konsert proqramı ilə çıxış ediblər.
Sonda məktəbin pedaqoji kollektivinin bir sıra üzvlərinə və Corat qəsəbə sakinlərinə səmərəli fəaliyyətlərinə görə Sumqayıt Şəhər İcra Hakimiyyətinin fəxri fərmanları təqdim olunub.

 

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin bölgə müxbiri

 

21 Dekabr 2019 00:26 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə