Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Astarada yeni məktəb binaları açıldı

Rayonun Qapıçıməhəllə kənd ümumi orta, Lomin və Düriyyə kənd ibtidai məktəbləri üçün inşa edilən yeni məktəb binalarının açılışı sakinlərin böyük sevincinə səbəb olmuşdur. 
Bu kəndlərdə keçirilən səyyar qəbul və görüşlərdə sakinlər məktəb binasının tikintisinə ehtiyac olması barədə təkliflərini və arzularını bildirmişdilər. Nəhayət, rayon rəhbərliyinin səyləri ilə bu il Qapıçıməhəllə kəndində 96, Lomin və Düriyyə kəndlərində 56 şagird yerlik modul tipli yeni məktəb binaları tikilib istifadəyə verilmişdir. 
Qapıçıməhəllə kənd ümumi orta məktəb binasının açılışında rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev çıxış edərək sakinləri bu əlamətdar gün münasibəti ilə təbrik etmişdir. O, bildirmişdir ki, böyük inkişaf yolunda olan müstəqil dövlətimizdə bütün sahələrə olduğu kimi, təhsilə də xüsusi diqqət yetirilir. Təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi və tədrisin keyfiyyətinin yaxşılaşdırılması mühüm məsələ kimi həmişə dövlətin diqqət mərkəzindədir. Son illər Astara rayonunda qırxdan çox yeni məktəb binası tikilmiş və əsaslı təmir olunmuşdur. Elə bu nümayəndəliyin ərazisində Suparibağ, Rüdəkınar kəndlərində tikilən məktəblərdən sonra artıq üçüncü məktəb istifadəyə verilir. Bu tədris ilində rayonda beşinci yeni məktəbdir ki, istifadəyə verilir. Gələn ay Burzubənd kənd tam orta məktəbi üçün inşa edilən 360 şagird yerlik məktəb binası da müəllim və şagirdlərin istifadəsinə veriləcək. Bütün bunlar rayonda təhsilin keyfiyyətinin artırılması üçün əlverişli zəmin yaradır. 
Yeni məktəblərin istifadəyə verilməsi tədbirlərində çıxış edən valideyn, müəllim və şagirdlər də son illər rayonda aparılan geniş abadlıq və quruculuq işlərinə görə ölkə başçısı İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər.
İcra başçısı Qapıçıməhəllə kənd ümumi orta məktəbin yeni binasının açılışını bildirən rəmzi lenti kəsmiş, sinif otaqlarına baxmış, tədrisin vəziyyəti ilə maraqlanmışdır. 
Sonra 18 dekabr 2019-cu il tarixdə Bakı şəhərində Azərbaycan Britaniya Kollecinin təşkil etdiyi STEAM üzrə 5-ci sərgidə “Voltran” robototexnika üzrə yay məktəbinin iştirakçısı olan Astara rayonunun məktəbliləri Elnur Məmmədov və Salih Atakişizadənin qızıl, Sadiq Məmmədov və Saleh Məmmədovun isə gümüş medal qazandıqları, sertifikat və qiymətli hədiyyələrlə mükafatlandırıldıqları barədə məlumat verilmişdir. Qeyd edilmişdir ki, Elnur Məmmədov "Panqolin" robotu ideyasına görə "ideya çempionu" adına layiq görülmüşdür. 
Rayon rəhbəri qaliblərin əl işləri ilə tanış olmuş, layihədə ən yüksək mükafata layiq gəldiklərinə görə onları təbrik etmiş, uğurlarının davamlı olmasını arzulamış, xatirə şəkli çəkmişdir.

 

Əli NƏCƏFXANLI, 
“Xalq qəzeti” 

20 Dekabr 2019 23:49 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 Avqust 2020 | 23:13
İrandan Türkiyəyə təbrik

Köhnə versiyamızdan xəbərləri izlə