Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nevrologiya həftəsi çərçivəsində konfranslar keçirilir

Azərbaycan Nevrologiya həftəsi çərçivəsində I Azərbaycan Uşaq Nevroloqları Konfransı və VII Azərbaycan Nevroloqları Konfransı keçirilir.

Tədbirdə çıxış edən Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun nevrologiya və klinik neyrofiziologiya kafedrasının müdiri, Azərbaycan Milli Nevroloqlar Assosiasiyasının sədri, professor Rəna Şirəliyeva həftə çərçivəsində bir sıra tibb müəssisələrində tədbirlər keçirildiyini və nevrologiyanın aktiv problemlərinin müzakirə olunduğunu bildirib. Professorun sözlərinə görə, konfransda ilk dəfə olaraq Avropa Uşaq Nevroloqları Cəmiyyətinin nümayəndələri də iştirak edirlər.

R.Şirəliyeva ölkəmizdə nevroloqların hazırlanması bazasının Azərbaycan Tibb Universiteti və Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu olduğunu qeyd edib. Azərbaycan nevrologların uğurları və görüləçək işlər haqqında məlumat verən professor tibb elminin bu sahəsinin sabahının gənc və istedadlı nevroloqların əllərində olduğunu diqqətə çatdırıb.

Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli Azərbaycanda tibb elminə və təhsilinə göstərilən qayğı nəticəsində belə mötəbər tədbirlərin keçirildiyini vurğulayıb. Onun sözlərinə görə, belə beynəlxalq tədbirlərdə iştirak edən alimlərin, mütəxəssislərin məruzələri həkimlər, tələbələr, rezidentlər üçün olduqca faydalıdır.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru, professor Nazim Qasımov Azərbaycan Nevrologiya Həftəsi çərçivəsində keçirilən tədbirlərin təkcə nevroloqlar üçün deyil, digər sahələrin həkimləri üçün də əhəmiyyətindən danışıb, belə konfransların keçirilməsinin ölkəmizdə nevrologiya elminin inkişafının göstəricisi olduğunu diqqətə çatdırıb.

Tədbir daha sonra məruzələrlə davam etdirilib. Konfransda ATU-nu terapevtik və pediatrik propedevtika kafedrasının müdiri, professor İbrahim İsayev və I uşaq xəstəlikləri kafedrasının dosenti Nigar Sədiyeva təmsil edib.
Qeyd edək ki, konfransın bədii hissəsində ATU-nun "Çinar" rəqs ansamblının və "Şəfa" xalq çalğı alətləri ansamblının çıxışları izlənilib.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

20 Dekabr 2019 11:45 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə