Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 478 Bakı şəhəri, 17 dekabr 2019-cu il
 
“İddia sənədi üzrə məlumat axtarışının və mahiyyətcə ekspertizanın aparılması Qaydası”nın və “Dərc olunmuş iddia sənədinin materialları ilə tanışlıq Qaydası”nın təsdiq edilməsi haqqında
 
“Patent haqqında”, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” və “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 1 fevral tarixli 1475-VQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Patent haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 19 avqust tarixli 755 nömrəli, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 19 avqust tarixli 749 nömrəli və “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2004-cü il 29 dekabr tarixli 167 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 mart tarixli 600 nömrəli Fərmanının 1.3-cü və 1.4-cü bəndlərinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “İddia sənədi üzrə məlumat axtarışının və mahiyyətcə ekspertizanın aparılması Qaydası” təsdiq edilsin (1 nömrəli əlavə).
2. “Dərc olunmuş iddia sənədinin materialları ilə tanışlıq Qaydası” təsdiq edilsin (2 nömrəli əlavə).
 
 
Əli Əsədov 
Azərbaycan Respublikasının Baş Naziri
 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2019-cu il 17 dekabr

tarixli 478 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

1 nömrəli əlavə

 

 

İddia sənədi üzrə məlumat axtarışının və mahiyyətcə ekspertizanın aparılması

 

Q A Y D A S I

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda  “Patent haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 29-cu maddəsinin 10-cu hissəsinin dördüncü abzasına uyğun olaraq hazırlanmışdır və ixtira, faydalı model və sənaye nümunəsinin qeydiyyatı barədə iddia sənədi (bundan sonra - iddia sənədi) üzrə məlumat axtarışının və mahiyyətcə ekspertizanın aparılması prosedurlarını müəyyən edir.

1.2. Məlumat axtarışı iddia sənədinin Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə (bundan sonra - Agentlik) daxil olduğu tarixdən 18 (on səkkiz) ay ərzində iddiaçının və ya marağı olan digər şəxsin vəsatəti əsasında obyektin patent qabiliyyətini müəyyənləşdirmək məqsədilə aparılır.

1.3. Patentin alınması üçün iddia sənədi üzrə məlumat axtarışı və mahiyyətcə ekspertiza Agentliyin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzində (bundan sonra - Ekspertiza Mərkəzi) iddia sənədi üzrə ilkin ekspertiza başa çatdırıldıqdan sonra həyata keçirilir.

1.4. Qanunun 7-ci maddəsinin 8-ci hissəsində göstərilən obyektlərə, yəni kəşflərə, elmi nəzəriyyələrə, riyazi metodlarına, bədii konstruktorluq işinin nəticəsinə (dizayn), təsərrüfatın və əqli fəaliyyətin təşkili və idarə edilməsi metodlarına, oyunların qaydaları və metodlarına, kompüter alqoritmləri və proqramlarına, informa-siyanın təqdim edilməsi üsullarına, şərti işarələrə, cədvəllər və qaydalara, qurğu (tikili kimi qurğu), bina, ərazi layihələrinə və planlaşdırma sxemlərinə, bitkilər və heyvanlara (mikroorqanizmlər istisna olmaqla), onların mahiyyət üzrə bioloji yetişdirilməsi üsullarına (qeyri-bioloji və mikrobioloji üsullar istisna olmaqla), inteqral mikrosxemlərin topologiyasına, insan və heyvan orqanizmlərinin müalicəsinin cərrahi və terapevtik üsullarına, xəstəliyin diaqnostikası metodlarına, habelə istifadəsinə yol verilməyən ictimai mənafeyə, humanizm və əxlaqi prinsiplərə zidd olan, insanların, heyvanların həyat və sağlamlığına, bitkilərin mühafizəsinə, ətraf mühitə ciddi ziyan vuran ixtira, faydalı model və sənaye nümunəsinə patentlə hüquqi mühafizə verilmir, onların qeydiyyatına dair iddia sənədi qəbul edilmir və məlumat axtarışı aparılmır.

 

2. İddia sənədinin qeydə alınması

      

2.1. İddia  sənədinə dair ərizə Azərbaycan dilində tərtib edilir. İddia sənədi Agentliyə daxil olduğu tarixdən qeydiyyata alınır və ona Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (bundan sonra - ÜƏMT) ST-13 standartına uyğun olaraq patent hüququ obyektinin növünü bildirən hərfdən və səkkiz rəqəmdən ibarət qeydiyyat nömrəsi verilir. Ərizə Azərbaycan dilində tərtib edilmədikdə, qeydiyyata alınmır.

2.2. Qeydiyyata alınmış iddia sənədi ixtiraya aid olduqda rəqəmdən əvvəl kiçik “a” hərfi, faydalı modelə aid olduqda böyük “U” hərfi, sənaye nümunəsinə aid olduqda isə böyük “S” hərfi yazılır.

2.3. İddia sənədinin qeydiyyat nömrəsində müvafiq hərf işarəsindən sonra ara verilməklə yazılan ilk dörd rəqəm iddia sənədinin daxil olduğu ili və növbəti dörd rəqəm iddia sənədinin verildiyi il ərzində daxil olmuş iddia sənədinin sıra nömrəsini göstərir.

2.4. İddia sənədi kağız daşıyıcıda verildikdə, dördrəqəmli sıra nömrəsinin birinci rəqəmi “0”, elektron imzadan istifadə olunmaqla onlayn rejimdə verildikdə isə dördrəqəmli sıra nömrəsinin birinci rəqəmi “3” yazılır.

2.5. İddia sənədinin daxil olması barədə iddiaçıya (onun səlahiyyətli nümayəndəsinə) elektron qaydada və ya sifarişli poçt vasitəsilə 2 (iki) iş günü müddətində bildiriş göndərilir.

2.6. İddia sənədinin tərkibi, tərtib edilməsi, o cümlədən beynəlxalq iddia sənədinin tərtibi, təqdim edilməsi, sənəddə düzəlişlərin və ona əlavələrin edilməsi, yazışmaların aparılması, iddiaçıya bildirişlərin və sorğuların göndərilməsi Qanunun 26-cı və 27-ci maddələrinin tələblərinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 4 noyabr tarixli 437 nömrəli Qərarı ilə təsdiq edilmiş “Patentin alınması barədə iddia sənədinə aid Tələblər”ə (bundan sonra - Tələblər) uyğun olaraq həyata keçirilir.

2.7. Agentlikdə qeydiyyata alınan iddia sənədi Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, geri qaytarılmır.

      

3. İddia sənədinin ekspertizasının aparılması

 

3.1. İddia sənədi baxılmaq üçün qəbul edildikdə, Qanunun 29-cu maddəsinin 3-cü hissəsinə uyğun olaraq aşağıda göstərilənlərin müəyyən edilməsi məqsədilə iddia edilən ixtiranın, faydalı modelin və sənaye nümunəsinin ekspertizası keçirilir:

3.1.1. ixtira obyektinin istənilən sahədə məhsula və ya üsula aid olan texniki həllərinin mövcudluğu;

3.1.2. ixtira obyektinin yeniliyi, ixtira səviyyəli olması (bəlli olmayan) və sənayedə tətbiq edilə bilməsi;

3.1.3. ixtiranın həmin sahədə çalışan mütəxəssis üçün mövcud bilgilərdən irəli gəlib-gəlməməsi;

3.1.4. ixtiranın Qanunun 7-ci maddəsinin 8-ci hissəsində göstərilən obyektlərə aid olub-olmaması;

3.1.5. faydalı modelin qurğu obyekti olub-olmaması;

3.1.6. faydalı modelin yeni olması və sənayedə tətbiqinin mümkünlüyü;

3.1.7. faydalı model kimi təqdim edilmiş obyektin (məmulatın) xarici görünüşə aid edilən və estetik tələblərin təminatına yönələn həllərin, habelə inteqral sxem topologiyasının olub-olmaması;

3.1.8. sənaye nümunəsi kimi təqdim edilən məmulatın xarici görünüşünü müəyyən edən bədii-konstruktiv həllərin mövcudluğu; 

3.1.9. sənaye nümunəsinin orijinal olub-olmaması;

3.1.10. sənaye nümunəsi kimi təqdim edilən obyektin (məmulatın) yalnız texniki funksiyasını şərtləndirən həllər, arxitektura obyektləri (kiçik arxitektura formalarından başqa), sənaye, hidrotexniki və başqa stasionar qurğular, çap məhsulları, maye, qaz, toz və ya bu kimi maddələrdən hazırlanmış dayanıqsız formalı obyektlər olub-olmaması.

3.2. Ekspertiza zamanı hüquqi mühafizə verilən ixtira, faydalı model və sənaye nümunələrinin istifadəsinin ictimai mənafeyə, humanizm və əxlaqi prinsiplərə zidd olub-olmaması, insanların, heyvanların həyat və sağlamlığına, bitkilərin mühafizəsinə və ətraf mühitə ciddi ziyan vurub-vurmaması ilə bağlı hallar da müəyyən edilməlidir.

3.3 İxtira, faydalı model və sənaye nümunələrinin yeniliyi baxımından iddia sənədlərinin ekspertizası Qanunun 7-ci maddəsinin 3-cü hissəsinin ikinci abzasına, 4-cü hissəsinə, 8-ci maddəsinin 3-cü hissəsinin üçüncü abzasına, 9-cu maddəsinin 3-cü hissəsinin ikinci abzasına və Azərbaycan Respublikasının ərazisində qüvvədə olan mühafizə sənədlərinə uyğun olaraq aparılır. Ekspertizanın nəticəsinə dair iddiaçıya bildiriş göndərilir.

 

4. Məlumat axtarışının aparılması

 

4.1. İddiaçının vəsatəti əsasında məlumat axtarışı “İxtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanları və coğrafi göstəricilərin hüquqi mühafizəsi sahəsində göstərilən xidmətlərin siyahısı və həmin xidmətlərə görə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə ödəniləcək haqların məbləğləri”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 may tarixli 247 nömrəli Qərarı (bundan sonra - Qərar) ilə müəyyən edilmiş məbləğlərdə haqq ödənildikdən sonra aparılır.

4.2. Məlumat axtarışı aparılmadıqda və ya axtarış predmetinin natamam xarakteristikası həcmində aparıldıqda, iddiaçıya və ya məlumat axtarışının aparılması barədə vəsatət vermiş, iddia sənədinə dair maraqlı şəxsə axtarışın aparılmamasının səbəbləri göstərilməklə, vəsatətin verildiyi tarixdən 10 (on) iş günündən gec olmayaraq, elektron qaydada və ya sifarişli poçt vasitəsilə yazılı məlumat verilir.

4.3. İddia sənədinə dair maraqlı şəxs tərəfindən məlumat axtarışının aparılması barədə vəsatət daxil olduqda, bu barədə iddiaçı 5 (beş) iş günü müddətində elektron qaydada və ya sifarişli poçt vasitəsilə məlumatlandırılır.

4.4. Məlumat axtarışının aparılması barədə vəsatət geri götürüldükdə və ya geri götürülmüş hesab edilən iddia sənədi ilə bağlı verildikdə, bu halda vəsatət verən şəxsə vəsatətin daxil olduğu tarixdən etibarən 10 (on) iş günündən gec olmayaraq axtarışın aparılmasının mümkün olmaması barədə elektron qaydada və ya sifarişli poçt vasitəsilə yazılı bildiriş göndərilir.

4.5. İddiaçının vəsatəti üzrə aparılmış məlumat axtarışı başa çatdıqda, axtarışın yekunları barədə hesabat 5 (beş) iş günü müddətində elektron qaydada və ya sifarişli poçt vasitəsilə ona göndərilir.

           

 

                                    

5. Məlumat axtarışının sahəsi və həcmi

 

5.1. Məlumat axtarışı aparılarkən, bu sahəni (iddia sənədi üzrə texnika səviyyəsinin təyin edilməsi üçün elm və texnika bölmələrində saxlanılan məlumatların məcmusu) xarakterizə edən Beynəlxalq Patent Təsnifatının (BPT) indekslərindən istifadə olunur.

5.2. Məlumat axtarışı sahəsi təyin edilərkən, iddia sənədində göstərilən obyektin bütövlükdə və onun ən yaxın analoqdan fərqlənən funksional cəhətdən müstəqil əlamətləri nəzərə alınmalıdır.

5.3. Məlumat axtarışı Qanunun 29-cu maddəsinin 3-cü hissəsinin tələbləri nəzərə alınmaqla aparılır. Axtarış aşağıdakı sənədlərin həcmindən az olmamalıdır:

5.3.1. Agentliyin “Sənaye mülkiyyəti” rəsmi bülletenində və keçmiş SSRİ məkanında nəşr edilmiş müvafiq bülletenlər;

5.3.2. Azərbaycan Respublikasının və keçmiş SSRİ-nin mühafizə sənədlərinə dair təsvirlər;

5.3.3. Avrasiya patentləri üçün təsvirlər;

5.3.4. ixtiralara və faydalı modellərə Azərbaycan Respublikasında patentlərin verilməsi üçün dərc olunmuş iddia sənədləri;

5.3.5. Avrasiya patentlərinin verilməsi üçün dərc olunmuş iddia sənədləri;

5.3.6. “Patent kooperasiyası haqqında” Müqaviləyə dair dərc olunmuş iddia sənədləri.

5.4. İctimaiyyətə açıq olan istənilən sənəd məlumat axtarışının həcminə daxil edilə bilər.

5.5. İddia edilən ixtiranın, faydalı modelin və sənaye nümunəsinin yeniliyinin və sənayedə tətbiq oluna bilməsinin, ixtira obyektləri üçün isə onların ixtira səviyyəli olub-olmamasının, eləcə də sənaye nümunəsinin orijinallığının yoxlanılması məqsədilə obyektin ilkinlik tarixinə qədər ictimaiyyətə açıqlanmış sənədlər axtarışın həcminə aiddir.

5.6 İxtira, faydalı model və sənaye nümunəsinin ilkinliyi Qanunun 27-ci maddəsinə uyğun olaraq rəsmiləşdirilmiş iddia sənədinin Agentliyə verildiyi tarixdən müəyyənləşdirilir.

5.7. İddiaçı iddia sənədinin Agentliyə verildiyi tarixdən daha əvvəl olan ilkinlik tarixini istədikdə, verilmiş iddia sənədi üzrə məlumat axtarışının həcminə ən erkən ilkinlik tarixi ilə iddia sənədinin verilmə tarixi arasında ictimaiyyətə açıqlanmış, lakin istənilmiş ilkinlik təyin edilmədikdə, iddia olunan obyektin bu Qaydanın 5.5-ci bəndində göstərilən əlamətlərini şübhə altına alan sənədlər də daxil edilir.

5.8. Məlumat axtarışı həyata keçirilərkən, aşağıdakılar nəzərə alınmalıdır:

5.8.1. axtarışın predmetinin müəyyən edilməsi;

5.8.2. axtarış sahəsinin müəyyən edilməsi;

5.8.3. hüquqi mühafizə verilən obyektin yenilik istiqamətinin müəyyən edilməsi;

5.8.4. bir neçə axtarış istiqaməti olduqda, vaxta qənaət məqsədilə onlardan birinin seçilməsi.

5.9. Axtarışın predmetini müəyyən etdikdən sonra texniki anlayışlara və terminlərə uyğun gələn açar sözlər seçilməlidir. Bu göstəricidən istifadə edərək, axtarış sahələrini sərbəst şəkildə müəyyən etmək olar.

5.10.Yeni tədqiqatlar üçün axtarışın aparılması ixtiranın və faydalı modelin ilk dəfə nəşr olunmuş təsvirlərindən, habelə sənaye nümunəsinin mühüm əlamətləri məcmusundan başlaya bilər.

5.11. Patent axtarışının tez və keyfiyyətli aparılması üçün axtarışın predmeti müəyyən edilməli, ixtiranın və faydalı modelin təsvirlərinin strukturu və uyğun elementlərin yerləşməsi barədə məlumat əldə olunmalı, BPT-nin müvafiq indeksi seçilməli və patent axtarışının keçiriləcəyi sahə, o cümlədən elektron məlumat bazalarının siyahısı dəqiqləşdirilməlidir.

5.12. Məlumat axtarışı aparılarkən, iddia olunan ixtiranın və faydalı modelin yeniliyinin yoxlanılması məqsədilə axtarışın həcminə daha əvvəlki ilkinlik tarixinə malik ixtira və faydalı modelə aid iddia sənədləri, habelə barəsində məlumat axtarışı aparılan iddia sənədinin ilkinlik tarixinə dair məlumatların dərc edilib-edilməməsindən asılı olmayaraq, Azərbaycan Respublikasında patentləşdirilmiş ixtiralar və faydalı modellər daxil edilə bilər.

5.13. Məlumat axtarışı iddiaçı tərəfindən təklif olunmuş ixtiranın və faydalı modelin düsturlarında olan bütün əlamətlərə malik vasitə aşkar edildiyi halda da dayandırılmır.

         

6. Məlumat axtarışının predmeti

 

6.1. Məlumat axtarışı zamanı ixtiranın və faydalı modelin düsturunda istifadə olunan terminlərin izah edilməsi zəruri olduqda, təsvir və çertyojlar (olduğu halda) nəzərə alınmaqla, baxılmaq üçün qəbul edilmiş ixtira və faydalı modelin düsturunda xarakterizə olunan ixtira və faydalı model üzrə aparılır. Axtarış aparılarkən, təsvirdə olan, lakin ixtiranın və faydalı modelin düsturuna daxil edilməmiş mühüm əlamətlər də nəzərə alınmalıdır.

6.2. İddiaçının və ya iddia sənədi üzrə marağı olan digər şəxsin vəsatəti üzrə məlumat axtarışı aparılarkən, iddia sənədində düzəlişlər, dəqiqləşdirmələr və dəyişikliklər o zaman nəzərə alınır ki, onlar belə axtarışın aparılması müddətinin hesablandığı tarixdən gec olmayaraq, müəyyənləşdirilmiş qaydada iddiaçı tərəfindən iddia sənədinə daxil edilmiş olsun.

6.3. Məlumat axtarışı iddia sənədinin mahiyyət üzrə ekspertizası zamanı aparıldıqda və iddiaçıya Tələblərlə müəyyən edilmiş ixtiranın vəhdətinin açıq-aşkar pozulması barədə bildiriş göndərildikdə, axtarış iddiaçı tərəfindən müvafiq bildirişə cavabda göstərilmiş ixtiralar, iddiaçı tərəfindən seçim edilmədikdə isə düsturda birinci göstərilmiş ixtira üzrə aparılır.

6.4. Məlumat axtarışı ixtiranın vəhdəti tələbi pozulmaqla tərtib edilmiş iddia sənədinə dair aparıldıqda, axtarış düsturun bütün bəndləri üzrə həyata keçirilir və axtarış haqqında hesabatda ixtiranın vəhdətinin pozulması barədə qeyd yazılır.

6.5. İddiaçı tərəfindən ixtiranın düsturunda yol verilən dəyişikliklərdən sonra, zərurət yarandığı halda, əvvəllər barəsində məlumat axtarışı aparılmayan BPT indeksləri üzrə əlavə axtarış aparıla bilər.

6.6. Sənaye nümunəsinin mühüm əlamətlərinin məcmusunda istifadə olunan terminlərin izah edilməsi həmin nümunələrin maketi, rəsmi və ya şəkilləri (təsvirləri) əsasında aparılır.

 

7. Məlumat axtarışı zamanı məlumat mənbəyinin

texnika səviyyəsinə daxil edilməsini təyin edən tarixlər

 

7.1. Texnika səviyyəsinə ixtiranın ilkinlik tarixinə qədər dünyada müyəssər olan istənilən məlumatlar daxil edilir. Texnika səviyyəsinin təyin edilməsi zamanı istənilən şəxsin tanış ola biləcəyi və ya məzmunu barədə qanuni yolla əldə edilməsi mümkün olan məlumatlar hamı tərəfindən əldə edilə bilən məlumatlar sayılır. Faydalı model və sənaye nümunəsinin yeniliyi üçün həmin obyektlərin ilkinlik tarixinə qədər Azərbaycan Respublikasında mövcud olan bilgilər məcmusu əsas götürülür.

7.2. Məlumat mənbəyinin texnika səviyyəsinə daxil edilməsini təyin edən tarixlər aşağıdakılardır:

7.2.1. dərc olunmuş patent sənədləri üçün - onların üzərində göstərilmiş dərcolunma tarixi;

7.2.2. yerli nəşrləri və keçmiş SSRİ-nin nəşrləri üçün - onların üzərində göstərilmiş çap üçün imzalanma tarixi;

7.2.3. çap üçün imzalanma tarixi göstərilmədikdə yerli nəşrlər, keçmiş SSRİ-nin nəşrləri və digər nəşrlər üçün  onların nəşr olunduğu tarix, bunun təyin edilməsi mümkün olmadıqda - nəşr edilmə vaxtı yalnız ay və ya il üzrə təyin edildiyi halda nəşrdə göstərilmiş ilin ayının son günü, yaxud 31 dekabr tarixi;

7.2.4. depozitə qoyulmuş məqalələrin, icmalların, monoqrafiyaların və digər materialların əlyazmaları üçün – onların depozitə qoyulma tarixi;

7.2.5. elmi-texniki məlumat orqanlarında olan elmi tədqiqat işləri haqqında hesabat, təcrübə-konstruktor işləri üçün izahedici qeydlər və digər konstruktor, texnoloji və layihə sənədləri üçün - onların bu orqanlara daxil olduğu tarix;

7.2.6. normativ-texniki sənədlər üzrə:

7.2.6.1. Azərbaycan Respublikasının dövlət standartları üçün - onların rəsmi dərc olunduğu tarix;

7.2.6.2.sanitar-epidemioloji rəylər (gigiyenik sertifikatlar) üçün - sanitar-epidemioloji rəylərin müvafiq reyestrə daxil edildiyi tarix;

7.2.6.3. əlyazma kimi nəşr edilmiş dissertasiya materialları və dissertasiyaların avtoreferatları üçün - onların kitabxanaya daxil olduğu tarix;

7.2.6.4. müsabiqəyə qəbul edilmiş işlər üçün - onların tanışlıq üçün çıxarıldığı, müsabiqəyə aid sənədlərlə təsdiq edildiyi tarix;

7.2.6.5. vizual qavranılan məlumat mənbələri (plakatlar, modellər, məmulatlar və s.) üçün - onlara baxışı mümkün edən sənədlərlə təsdiqlənmiş tarix;

7.2.6.6. sərgidə yerləşdirilmiş eksponatlar üçün - onların nümayişinin başlanılmasının sənədlərlə təsdiqlənmiş tarixi;

7.2.6.7. şifahi məruzələr, mühazirələr, çıxışlar üçün - müvafiq tədbirlərin keçirilməsi üzrə müəyyən edilmiş qaydada səsyazma aparatları və ya stenoqrafik yolla təsbit edilmiş məruzə, mühazirə və çıxışın tarixi;

7.2.6.8. radio, televiziya və kino vasitəsilə verilən məlumatlar üçün - göstərilən tarixdə qüvvədə olan müəyyən edilmiş qaydada müvafiq daşıyıcı üzərində təsbit olunmuş məlumatın tarixi;

7.2.6.9. istifadə nəticəsində məlum olmuş texniki vasitə barədə məlumatlar üçün - bu məlumatların ictimaiyyətə açıqlandığı sənədlərlə təsdiqlənmiş tarix;

7.2.6.10. elektron şəkildə onlayn rejimdə və ya optik disklərdən (bundan sonra - elektron mühit) elektron şəkildə əldə edilən məlumatlar üçün - elektron mühit vasitəsilə açıqlanmış və onların üzərində yazılmış, sənədlərlə təsdiqlənə bilən dərc tarixi, belə tarix olmadıqda isə sənədlərlə təsdiq olunması şərtilə məlumatların elektron mühitə yerləşdirildiyi tarix.

 

8. Məlumat axtarışı barədə hesabat və axtarışın

nəticələri ilə tanışlıq qaydası

 

8.1. Məlumat axtarışı haqqında hesabatda aşağıdakılar olmalıdır:

8.1.1. barəsində məlumat axtarışı aparılan iddia sənədinin nömrəsi;

8.1.2. iddia sənədinin Agentliyə verilməsi tarixi;

8.1.3. iddia edilmiş ixtiranın təsnif edilməsi zamanı təyin olunmuş BPT indeksi;

8.1.4. barəsində məlumat axtarışı aparılan ixtiranın adı;

8.1.5. məlumat axtarışı sahəsini xarakterizə edən BPT indeksi;

8.1.6. məlumat axtarışının predmetinə və istinadın aid olduğu düsturun bəndlərinə aid olan, uyğun hissələr göstərilməklə, biblioqrafik məlumatlar şəklində sənədlərə istinadlar;

8.1.7. istinadların ÜƏMT-nin ST.14 standartına uyğun olaraq göstərilmiş aidiyyət kateqoriyaları.

8.2. Məlumat axtarışı haqqında hesabatda göstərilmiş sənədlərin surətləri, onlar barəsində olan məlumatlar istənilən şəxsin tanış olması üçün məxfi ixtiralara dair iddia sənədlərinin surətləri istisna olmaqla, iddiaçıya və iddia sənədi üzrə maraqlı şəxslərə elektron qaydada və ya sifarişli poçt vasitəsilə təqdim oluna bilər.

8.3. İddia sənədi üzrə maraqlı şəxsin vəsatəti ilə aparılmış məlumat axtarışı haqqında hesabatın surətinin bir nüsxəsi haqq ödənilmədən iddiaçının müraciəti əsasında elektron qaydada və ya sifarişli poçt vasitəsilə ona göndərilir.

 

 

 

9. İddia sənədinin mahiyyətcə ekspertizasının                       keçirilməsi şərtləri

 

9.1. Qanunun 29-cu maddəsinin 10-cu hissəsinin ikinci abzasına uyğun olaraq, iddiaçının və ya iddia sənədi üzrə marağı olan digər şəxsin vəsatəti əsasında iddia sənədinin verildiyi tarixdən etibarən 18 (on səkkiz) ay müddətində iddia sənədinin mahiyyətcə ekspertizası aparılır. Mahiyyətcə ekspertiza iddia sənədi üzrə ilkin ekspertizanın müsbət nəticəsi olduqda keçirilir.

9.2. İddia sənədinin mahiyyətcə ekspertizasının aparılması üçün Agentliyə Qərarla müəyyən edilmiş məbləğdə haqq ödənilməlidir. Mahiyyətcə ekspertiza ödəniş sənədi Agentliyə təqdim edildikdən sonra həyata keçirilir.

9.3. İddia sənədinin mahiyyətcə ekspertizasının aparılması barədə vəsatət Agentliyə və ya Ekspertiza Mərkəzinə daxil olduğu tarixdən etibarən 10 (on) gün müddətində vəsatətə baxılmanın nəticələri barədə iddiaçı və ya iddia sənədi üzrə marağı olan digər şəxs elektron poçt, yaxud sifarişli poçt vasitəsilə məlumatlandırılır. Vəsatət iddia sənədi üzrə marağı olan digər şəxs tərəfindən verildikdə, iddiaçı bu barədə xəbərdar edilir.

9.4. İddia sənədinin mahiyyətcə ekspertizasının aparılması barədə vəsatət daxil olduqda, iddia sənədi geri götürülmüş hesab olunduğu və iddiaçıya müvafiq bildiriş göndərildiyi və ya göndərilmək üçün bildiriş hazırlandığı halda, iddia sənədinin ekspertizası aparılmır və bu barədə vəsatəti verən şəxs xəbərdar edilir.

9.5. İddia sənədinin mahiyyətcə ekspertizasının aparılması barədə vəsatət daxil olduqda, Qanunun 29-cu maddəsinin 3-cü hissəsinə uyğun olaraq, barəsində dərc haqqında qərar qəbul edilmiş və ya dərc olunmuş iddia sənədi üzrə patentin verilməsi proseduru dayandırılır.

9.6. İddia sənədinin mahiyyətcə ekspertizasının aparılması barədə vəsatət vermiş iddiaçı olmayan şəxs iddia sənədinin baxılmasında iştirak etmir. İddia sənədi üzrə yazışma iddiaçı və ya onun nümayəndəsi ilə aparılır.

9.7. İddia sənədinin mahiyyətcə ekspertizasının aparılması barədə vəsatət verən şəxs tərəfindən belə vəsatətin  geri götürülməsi barədə müraciət daxil olduqda, vəsatət verilməmiş hesab olunur, bu şərtlə ki, həmin müraciət mahiyyət üzrə ekspertiza başlayana qədər Agentliyə və ya Ekspertiza Mərkəzinə daxil olmuş olsun.

9.8. İddia sənədinin mahiyyətcə ekspertizası başladıqdan sonra onun dayandırılması barədə iddiaçı və ya iddia sənədi üzrə marağı olan digər şəxs tərəfindən müraciət daxil olduqda, ekspertiza dayandırılmır və ekspertizanın aparılmasına görə ödənilmiş haqq geri qaytarılmır. 

 

10. İddia sənədinin mahiyyətcə ekspertizasının məqsədi

 

10.1. İddia sənədinin mahiyyətcə ekspertizası aşağıdakı məqsədlərlə aparılır:

10.1.1. ixtiranın ilkinliyinin təyin edilməsi;

10.1.2. iddiaçı tərəfindən təqdim edilmiş ixtira düsturunun Tələblərə uyğunluğunun yoxlanılması;

10.1.3. iddiaçı tərəfindən təqdim edildiyi təqdirdə, əlavə materialların iddia edilən obyektin məzmununa uyğun olub-olmadığının müəyyən edilməsi;

10.1.4. ixtiranın Qanunla müəyyən edilmiş patent qabiliyyəti şərtlərinə uyğunluğunun yoxlanılması.

 

11. İxtira, faydalı model və sənaye nümunəsinin

ilkinliyinin təyin olunması

 

11.1. İxtira, faydalı model və sənaye nümunəsinə ilkinlik hüququnun yaranması üçün ixtira üzrə Qanunun 7-ci maddəsinin 3-cü və 4-cü hissələrinin, faydalı model üzrə Qanunun 8-ci maddəsinin 3-cü hissəsinin və sənaye nümunəsi üzrə Qanunun 9-cu maddəsinin  3-cü hissəsinin tələbləri nəzərə alınmalıdır.

11.2. İddiaçı ixtira, faydalı model və sənaye nümunəsinə konvensiya və ya sərgi ilkinliyini tələb edə bilər. Bu halda ilkinliyin müəyyən edilməsi Qanunun 28-ci maddəsinin 2-ci hissəsinə uyğun qaydada həyata keçirilir.

11.3. İddiaçı tərəfindən ixtiranın ilkinliyi iddia sənədinin Agentliyə daxilolma tarixindən daha əvvəl olan tarixdən istənildikdə, Qanunun 28-ci maddəsinin 2-9-cu hissələrinin tələbləri gözlənilməlidir.

11.4. Daha əvvəl olan ilkinlik tarixi ilə iddia sənədinin verilməsi tarixi arasında ictimaiyyətə açıqlanmış və iddia edilmiş ixtiranın yeniliyini və ya ixtiraçılıq səviyyəsini şübhə altına ala bilən sənədlər aşkar olunduqda, istənilən ilkinliyin əsaslılığı yoxlanılır.

 

12. İlkinliyin əvvəl verilmiş iddia sənədinə əlavə materialların

daxil olduğu tarixdən təyin olunması

 

12.1. İddiaçı tərəfindən ixtiranın ilkinliyi əvvəl verilmiş iddia sənədinə əlavə materialların daxil olduğu tarixdən istənildikdə, aşağıdakı şərtlər gözlənilməlidir:

12.1.1. iddia sənədinə əlavə olunan materiallar iddia edilən ixtiranın mahiyyətini dəyişdiyi üçün onların nəzərə alınmaması barədə ekspertin bildirişinə cavab iddiaçı (onun səlahiyyətli nümayəndəsi) tərəfindən 3 (üç) ay müddətində Agentliyə təqdim edilməlidir;

12.1.2. iddia olunan ixtiranın mahiyyəti əlavə materiallarda ilkinliyin istənildiyi tarix üzrə açılmalıdır (əlavə materialları təqdim olunan ilkin iddia sənədinin məzmunu nəzərə alınmaqla);

12.1.3. barəsində ilkinlik istənilməsi üçün əsas olan əlavə materiallar verilmiş iddia sənədi geri götürülmüş olmamalı və iddia sənədi ilkinliyin istənildiyi verilmə tarixi üçün geri götürülmüş sayılmamalıdır.

 

13. Eyni iddiaçının daha əvvəlki iddia sənədinin verildiyi

tarix üzrə ilkinliyin təyin olunması

 

13.1. İddiaçı tərəfindən ixtiranın ilkinliyi onun əvvəlki iddia sənədinin Agentliyə daxil olduğu tarixdən istənildikdə, aşağıdakı şərtlər gözlənilməlidir:

13.1.1. barəsində belə ilkinlik istənilən iddia sənədi ixtira üçün daha əvvəlki iddia sənədinin daxil olduğu tarixdən 12 (on iki) ay müddətində Agentliyə daxil olmalıdır;

13.1.2. barəsində belə ilkinlik istənilən iddia sənədi ixtiraya və ya faydalı modelə dair daha əvvəl verilmiş iddia sənədinin eyni iddiaçısı tərəfindən təqdim edilməlidir;

13.1.3. iddia olunan ixtiranın mahiyyəti ixtiraya və ya faydalı modelə aid təqdim edilmiş iddia sənədində açılmalıdır;

13.1.4. daha əvvəl verilmiş iddia sənədi üzrə bu iddia sənədinin verildiyi tarixdən daha əvvəlki ilkinlik istənilməməlidir;

13.1.5. əvvəllər təqdim edilmiş bir neçə iddia sənədi əsasında ilkinlik istənildikdə, göstərilən tələblər onların hər biri üçün gözlənilməlidir.

13.2. İddia sənədi göstərilən ilkinlik istənilməklə verildikdə, daha əvvəlki iddia sənədi geri götürülmüş sayılır və iddiaçı bu barədə xəbərdar edilir. 

 

14. Ayrılmış iddia sənədi üzrə ixtira və faydalı modelin

ilkinliyinin təyin olunması

 

14.1. İddiaçı tərəfindən ayrılmış iddia sənədi üzrə ixtira və faydalı modelə ilkinlik istənildikdə, aşağıdakı şərtlər gözlənilməlidir:

14.1.1. ayrılmış iddia sənədi ixtira və ya faydalı model üzrə ilkin iddia sənədi barədə patent verilməsindən imtina haqqında qərara görə ona yenidən baxılma müddəti qurtardıqdan sonra qərar qəbul edilən tarixə qədər, ilkin iddia sənədi üzrə patent verilməsi barədə qərar qəbul edildiyi halda isə ixtiranın və ya faydalı modelin Dövlət Reyestrində qeydiyyata alınma tarixinə qədər Agentliyə daxil olmalıdır;

14.1.2. ayrılmış iddia sənədində iddia olunan ixtiranın mahiyyəti ilkin iddia sənədində, əgər iddia sənədi konvensiya iddia sənədindən ayrılmışdırsa və ilkinlik onun ilkinlik tarixinə görə istənilirsə, birinci iddia sənədində açıqlanmalıdır;

14.1.3. ayrılmış iddia sənədinin verilmə tarixi üçün ilkin iddia sənədi geri çağırılmamalı və geri çağırılmış hesab edilməməlidir.

14.2. Bu Qaydanın 13.1-ci bəndində göstərilən şərtlər gözlənildikdə, ixtiranın ilkinliyi ilkin iddia sənədinin verilmə tarixindən, ilkin iddia sənədi üzrə ilkinlik hüququ olduqda isə bu ilkinlik tarixindən təyin edilir. Əgər ilkin iddia sənədi konvensiya iddia sənədidirsə, onda ayrılmış iddia sənədinin verilmə tarixi konvensiya iddia sənədinin Agentliyə verilmə tarixi hesab olunur.

14.3. İxtira, faydalı model və sənaye nümunəsinin ilkinliyi ilə bağlı bu Qaydada nəzərdə tutulmayan digər məsələlər Qanunla müəyyən edilmiş tələblərə uyğun olaraq tənzimlənir.

 

15. İxtira, faydalı model və sənaye nümunəsinin patent

qabiliyyəti şərtlərinə uyğunluğunun müəyyən edilməsi

 

15.1. İxtira, faydalı model və sənaye nümunəsinin patent qabiliyyəti şərtlərinə uyğunluğunun müəyyən edilməsi üçün iddia sənədi üzrə məlumat axtarışı və mahiyyətcə ekspertizanın aparılması Qanunun 7-ci, 8-ci və 9-cu maddələrinin tələbləri nəzərə alınmaqla həyata keçirilir.

15.2. İxtiranın patent qabiliyyəti şərtlərinə uyğunluğu yoxlanılarkən, iddia edilən obyektin patent mühafizəsindən istisna olunub-olunmadığı, habelə onun patent hüquqlarının obyektləri ola bilməyən obyektlərə aid olub-olmadığı təyin edilir.

15.3. Yoxlama iddiaçı tərəfindən aşkar edilmiş ən yaxın analoq nəzərə alınmaqla aparılır. İddia edilən texniki həlli ən yaxın analoqdan fərqləndirən bütün əlamətlər Qanunun  7-ci maddəsinin 8-ci hissəsinə uyğun olaraq ixtira olmayan həllər üçün xarakterikdirsə, bu halda təklif olunan texniki həll ixtiralara aid edilmir. Bu əlamətləri göstərilən texniki həll üçün xarakterik olan əlamətlərə aid etmək mümkün olmadıqda, fərqli əlamətlərlə həll edilən məsələnin xarakteri və həmin əlamətlərin təsiri əldə edilən nəticənin xüsusiyyətləri nəzərə alınmalıdır.

15.4. İxtira olmayan texniki həllər üçün xarakterik olan əlamətlərlə yanaşı, ən yaxın analoqdan fərqli olan əlamətlər xarakterik və ən yaxın analoqla üst-üstə düşən (eyni olan) əlamətlərlə birlikdə, ixtiranı texniki həll kimi ifadə edən bir və ya bir neçə əlamət saxlayırsa, bu halda iddiaçı tərəfindən təklif edilmiş ixtiranın düsturu barədə Qanunun 7-ci maddəsinin 1-ci və 2-ci hissələri ilə müəyyən olunmuş patent qabiliyyəti şərtlərinə uyğunluğun qiymətləndirilməsi aparılmalı olan ixtiranı ifadə edir.

15.5. Patentlə mühafizə olunan obyektlərə aid olmasına dair nəticə çıxarılmamış iddia edilən təklif, sənayedə tətbiq edilə bilməsinə və yenilik, habelə ixtiraçılıq səviyyəsi şərtlərinin uyğunluğuna görə yoxlanılır. İddiaçı tərəfindən təklif edilmiş düsturda alternativ anlayışlarla ifadə olunan əlamət olduqda, belə anlayışlardan birini saxlayan hər bir əlamətlər məcmusu üzrə patent qabiliyyətinin yoxlanılması aparılır.

15.6. Barəsində məlumatın açıqlandığı tarixdən 6 (altı) ay ərzində ixtiraya aid Agentliyə iddia sənədi verildikdə, iddia edilən obyektin mahiyyəti barədə məlumatlar hamıya məlum olmaqla müəllif, iddiaçı və ya bu məlumatı onlardan birbaşa və ya dolayı yolla almış istənilən şəxs tərəfindən açıqlanmış məlumatı saxlayan mənbələr texnika səviyyəsinə daxil edilmir.

15.7. Məlumatların dərc olunduğu gündən baxılan iddia sənədinin verilmə tarixinə qədər 12 (on iki) aydan çox vaxt keçməmişdirsə və bu məlumatların dərc tarixi üçün digər iddia sənədi geri götürülməmişdirsə və ya geri götürülmüş hesab edilməmişdirsə, eyni iddiaçının digər iddia sənədi barədə məlumatları da iddia sənədi üzrə texnika səviyyəsinə daxil edilmir.

16. İxtiranın sənayedə tətbiq edilməsinin                     mümkünlüyünün yoxlanılması

 

16.1. İxtiranın obyekti sənayenin və təsərrüfatın hər hansı sahəsində hazırlana və ya istifadə edilə bilərsə, o halda ixtira sənayedə tətbiq oluna bilən sayılır və sənayedə tətbiq edilə bilən (faydalı) ixtira obyektinə hüquqi mühafizə verilir. 

16.2. İxtiranın sənayedə, kənd təsərrüfatında və digər fəaliyyət sahələrində istifadə edilmiş imkanı təyin olunarkən, verilmə tarixi üçün iddia sənədində olan təsvirdə (iddia sənədində ixtiranın düsturu olduqda, ixtiranın təsvirində və ya düsturunda) ixtiranın təyinatının göstərilib-göstərilmədiyi yoxlanılır. İddia sənədinin ilkin materiallarında ixtira düsturunun asılı olmayan bəndində səciyyələnən formada ixtiranın həyata keçirilməsi metodları və vasitələrinin təsvir olunub-olunmadığı da yoxlanılır. İddia sənədinin materiallarında belə vasitə və metodlar olmadıqda, ixtiranın ilkinlik tarixinə qədər hamı tərəfindən istifadə oluna bilən mənbədə göstərilən vasitələrin və metodların təsvir edilməsinə icazə verilir.

16.3. İddia edilən ixtira obyektinin istifadəsi zamanı onun ekoloji mühitə mənfi təsir edə bilən və zərərli komponentlərdən ibarət olduğu güman edildiyi halda, iddiaçıya həmin komponentlərin zərərsizliyinin müəyyən edilməsinin zəruriliyi bildirilir.

16.4. İxtiranın ilkinlik tarixinə qədər bu Qaydanın 6-cı hissəsində göstərilən tələblərə uyğun gəldiyi müəyyən edilərsə, düsturun asılı olmayan bəndində xarakterizə edilən ixtira obyekti sənayedə tətbiq edilə bilən sayılır.

16.5. Bu Qaydanın 6-cı hissəsində göstərilən şərtlərdən ən azı biri gözlənilmədikdə və ixtiranın sənayedə tətbiq edilməsinin mümkün olmadığı müəyyən edildikdə, bu barədə 3 (üç) iş günü müddətində dəlillər göstərilməklə iddiaçıya elektron qaydada və ya sifarişli poçt vasitəsilə sorğu göndərilir. Sorğuda iddiaçıya dəlillər barədə öz fikrini bildirməsi və ya ixtiranın düsturunda düzəlişlər etməsi təklif oluna bilər (əgər iddia sənədinin materialları belə düzəlişləri etməyə imkan verirsə və bunun nəticəsində göstərilən nəticə dəyişdirilə bilərsə).

16.6. Sənayedə tətbiqi mümkün olmayan iddia edilən ixtira obyektinin yenilik və ixtiraçılıq səviyyəsinin yoxlanılması aparılmır.

      

 

 

17. Yeniliyin yoxlanılması

 

17.1. Qanunun 7-ci maddəsinin 3-cü bəndinə uyğun olaraq, ixtira mövcud bilgilər məcmusunun bir hissəsini təkrarlamırsa, yeni sayılır.

17.2. İxtiranın yeniliyinin yoxlanılması ixtiranın düsturunun asılı olmayan bəndində olan bütün əlamətlər məcmusuna nəzərən aparılır. Həmin bənddə ixtira hesab edilməyən başqa həlli xarakterizə edən əlamətlər olduqda, yeniliyin qiymətləndirilməsi zamanı həmin əlamətlər iddia edilmiş ixtiraya aid olmayan əlamətlər kimi nəzərə alınmır.

17.3. Daha əvvəlki ilkinlik tarixi olan ixtira və ya faydalı model üzrə iddia sənədi, aşağıdakı şərtlər gözlənildiyi halda, həmin tarixdən mövcud bilgilər məcmusuna (yalnız yeniliyin yoxlanılması üçün) daxil edilir:

17.3.1. iddia sənədi Azərbaycan Respublikasında verilmişdir (barəsində müəyyənləşdirilmiş qaydada Azərbaycan Respublikasının patentlərinin verilməsinə dair vəsatətlər verilmiş ixtiraya keçmiş SSRİ məkanında müəlliflik şəhadətnamələrinin və ya patentlərinin verilməsinə dair iddia sənədləri, beynəlxalq verilmə tarixi müəyyən edilən və iddiaçının patent almaq niyyətində olduğu dövlət kimi Azərbaycan Respublikasına göndərilmiş beynəlxalq iddia sənədləri, eləcə də Avrasiya Patent Konvensiyasının 16-cı maddəsinə uyğun olaraq, milli iddia sənədlərinə çevrilmiş Avrasiya iddia sənədləri Azərbaycan Respublikasında verilmiş iddia sənədlərinə bərabər tutulur);

17.3.2. iddia sənədi digər şəxs, yəni digər iddiaçı tərəfindən təqdim edilmişdir;

17.3.3. iddia sənədi geri götürülməmişdir, beynəlxalq iddia sənədinin isə Azərbaycan Respublikasında qüvvəsinə xitam verilməmişdir.

17.4. Daha əvvəlki ilkinlik tarixi olan ixtira və ya faydalı model üzrə iddia sənədi onun verilmə tarixində saxlanılan təsvir və düstura nəzərən mövcud bilgilər məcmusuna aiddir. Bu tarix baxılan iddia sənədinin ilkinlik tarixindən daha sonrakı tarixdirsə, daha əvvəlki ilkinliyə malik olan iddia sənədinin məzmununun bu ilkinliyin təyini üçün əsas olan materialların məzmunu ilə eyni olan hissəsində mövcud bilgilər məcmusuna daxil edilir. Azərbaycan Respublikasında patentləşdirilmiş (o cümlədən, eyni şəxs tərəfindən) bütün ixtira və faydalı modellər (yəni, Azərbaycan Respublikasının və keçmiş SSRİ-nin müvafiq dövlət reyestrlərində qeydiyyata alınmış ixtira və faydalı modellər, Avrasiya Patent Konvensiyasına uyğun olaraq patentləşdirilmiş ixtiralar, “Patent Kooperasiyası haqqında” Müqaviləyə (PCT) dair dərc olunmuş iddia sənədləri) ilkinlik tarixindən mövcud bilgilər məcmusuna daxil edilir.

17.5. İxtira aşağıdakı hallarda yenilik şərtlərinə uyğun hesab edilmir:

17.5.1. mövcud bilgilər məcmusunda iddiaçı tərəfindən təqdim edilən ixtiranın düsturundakı bütün əlamətlərə oxşar əlaməti olan vasitə açıqlandıqda (bu halda ixtira mövcud bilgilər məcmusundan məlum hesab olunur);

17.5.2. iddia olunan ixtira yeni təyinatlı qurğunun, üsulun, maddənin, ştammın tətbiqinə aiddirsə, iddiaçının göstərdiyi təyinata malik qurğunun, üsulun, maddənin, ştammın məlum tətbiqi haqqında informasiya mənbəyi tapıldıqda.

17.6. Məlum birləşmələr qrupunun ümumi quruluş formulu altına düşən kimyəvi birləşmə o zaman yeni sayılır ki, o, açıqlanmamış olsun və ilkin birləşmələr, onun alınma üsulu və ya onun xassələri barədə heç bir məlumat olmasın.

17.7. Asılı bəndlərə malik olan düsturun asılı olmayan bəndində səciyyələndirilən ixtiranın yenilik şərtinə uyğun gəlməsi müəyyən edilərsə, asılı olan bəndlər barəsində mövcud bilgilər məcmusunun analizi aparılmır.

17.8. Asılı bəndlərə malik olan düsturun asılı olmayan bəndində səciyyələndirilən ixtira yeni sayılmadıqda, iddia sənədinə sonrakı baxılma bu Qaydanın 9.1-ci bəndinə uyğun olaraq həyata keçirilir.

17.9. Asılı bəndləri olmayan düsturla səciyyələnən ixtiranın yeni olmadığı müəyyən edildikdə, ekspertizanın dəlilləri izah edilməklə iddiaçıya sorğu göndərilir. Sorğuda iddiaçıya ekspertizanın dəlilləri barədə öz rəyini təqdim etmək təklif olunur.

17.10. Yenilik şərtinə uyğun gəlməyən ixtira barədə ixtira səviyyəsinin yoxlanılması həyata keçirilmir.

 

18. İxtira səviyyəsinin yoxlanılması

 

18.1. Qanunun 7-ci maddəsinin 6-cı bəndinə uyğun olaraq, ixtira həmin sahədə çalışan mütəxəssis üçün açıq-aşkar mövcud bilgilər məcmusundan irəli gəlmirsə, ixtira səviyyəsinə malik hesab edilir. İxtira mövcud bilgilər məcmusunda və (və ya) mütəxəssisin ümumi biliklərində olan məlumatların birləşdirilməsi, dəyişdirilməsi və ya birgə istifadəsi yolu ilə yaradılarsa, həmin ixtira mövcud bilgilər məcmusundan irəli gəlir və buna görə ixtira səviyyəsinə malik hesab edilmir.

18.2. İxtira səviyyəsi düsturun asılı olmayan bəndində xarakterizə olunan ixtira barəsində yoxlanılır və aşağıdakıları əhatə edir:

18.2.1. iddia edilən obyektə ən yaxın analoqun təyinini;

18.2.2. iddia olunan ixtiranı ən yaxın analoqdan fərqləndirən əlamətlərin müəyyən edilməsini (ixtira hesab edilməyən başqa həlli xarakterizə edən əlamətlər olduqda, bu əlamətlər iddia edilmiş ixtiraya aid olmayan əlamətlər kimi nəzərə alınmır);

18.2.3. mövcud bilgilər məcmusundan baxılan ixtiranın fərqləndirici əlamətləri ilə üst-üstə düşən əlamətləri olan həllərin üzə çıxarılmasını;

18.2.4. iddia olunan ixtiranın fərqləndirici əlamətləri ilə eyni olan əlamətlərin iddiaçı tərəfindən göstərilən texniki nəticəyə təsirinin məlum olmasının təsdiq edilməsi məqsədilə mövcud bilgilər məcmusunun analiz edilməsini.

      

19. Çoxbəndli düsturla səciyyələnən ixtiranın

patent qabiliyyəti şərtlərinin yoxlanılması xüsusiyyətləri

 

19.1. İxtira asılı bəndə malik çoxbəndli düsturla səciyyələnirsə və onun asılı olmayan bəndə nəzərən yenilik və ya ixtira səviyyəsi üzrə patent qabiliyyətli olmaması barədə nəticə alınarsa, iddiaçı bu barədə 3 (üç) iş günü müddətində elektron qaydada və ya sifarişli poçt vasitəsilə məlumatlandırılır. İddiaçı iddia sənədinə yenidən baxılmasını istədikdə, ona ixtiranın düzəliş edilmiş düsturunu 1 (bir) ay müddətində təqdim etmək təklif olunur.

19.2. Asılı bəndə malik düsturun asılı olmayan bəndinə nəzərən ixtiranın patent qabiliyyətliliyi təyin edildiyi halda, ixtiranın asılı bəndlərdə olan əlamətləri ixtiranın və ya iddiaçı tərəfindən göstərilən təyinatın həyata keçirilməsinə mane olmamalıdır. Asılı bəndlərin əlamətləri cəlb edilməklə səciyyələnən ixtira ictimai mənafeyə, humanizm və əxlaq prinsiplərinə zidd olmamalı, ekoloji təmiz və zərərsiz olmalıdır.

19.3. Bu şərtlər üzrə yoxlama müsbət nəticə verdikdə, asılı olan bəndə malik çoxbəndli düsturla səciyyələnən ixtira patent qabiliyyətli sayılır. Bu halda, iddia sənədi barədə məlumatların dərc edilməsi və patent verilməsi üçün ekspert rəyi hazırlanır və iddiaçıya göndərilir. 

19.4. Hər hansı şərt üzrə yoxlama mənfi nəticə verdiyi halda, iddiaçıya bu barədə məlumat verilir və ekspertizanın nəticələrini təkzib edən dəlilləri təqdim etmək, yaxud ixtiranın düsturundan asılı bəndləri çıxarmaq və ya onlarda düzəlişlər etmək təklif olunur.

19.5. İxtiralar qrupu iddia olunduğu halda, patent qabiliyyəti şərtləri ixtiralardan hər biri üçün yoxlanılır. İxtiralar qrupunun patent qabiliyyətliliyi qrupa daxil olan bütün ixtiralar patent qabiliyyəti şərtlərinə uyğun olduqda təsdiq edilir.

19.6. Ekspertizanın təklifi əsasında iddiaçı tərəfindən ixtiranın dəyişdirilmiş düsturu təqdim edilərsə, iddia sənədinə sonrakı baxılma düsturda səciyyələnən ixtira (ixtiralar) üzrə həyata keçirilir.

19.7. İddiaçı ekspertizanın nəticəsini təkzib edən dəlillər gətirmədikdə və ya dəyişdirilmiş düstur təqdim etmədikdə, iddia sənədinə baxılma dayandırılır və Ekspertiza Mərkəzinin Müşahidə Şurası tərəfindən patent verilməsindən imtinaya dair qərar qəbul edilməsi üçün müvafiq ekspertiza rəyi hazırlanır.

      

20. Əlavə materiallara dair sorğu

 

20.1. İddia sənədi üzrə mahiyyətcə ekspertiza aparılması mümkün olmadıqda, 3 (üç) iş günü müddətində iddiaçıya elektron qaydada və ya sifarişli poçt vasitəsilə sorğu göndərilir.

20.2. Sorğu  üçün səbəb aşağıdakılar ola bilər:

20.2.1. göstərilən xidmətlərə görə Qərarla təsdiq edilmiş xidmət haqqının ödənilməsi ilə bağlı məsələlərin aydınlaşdırılmasının vacibliyi;  

20.2.2. ixtiranın patent qabiliyyətliliyinin yoxlanılmasının nəticələrinə görə ixtiranın düsturunun dəqiqləşdirilməsi;

20.2.3. iddia olunan ixtiranın patent qabiliyyətliliyinin yoxlanılması ilə bağlı məsələlərin həllinin vacibliyi;

20.2.4. eyni ilkinlik tarixinə malik və sənaye mülkiyyətinin eyni obyektlərinə aid iddia sənədlərinin baxılması ilə bağlı məsələlərin həllinin vacibliyi.

20.3. Sorğuda mahiyyətcə ekspertizanın aparılmasına və ya başa çatdırılmasına, yaxud iddia sənədinin baxılmasının nəticələrinə görə qərarın qəbul edilməsinə əngəl olan hallar göstərilməklə yanaşı, iddia sənədinin baxılması zamanı meydana çıxmış suallar, iradlar və təkliflər də göstərilir.

20.4. Düsturda mühüm əlamətin xarakteristikasının dəqiqləşdirilməsi, mühüm olmayan əlamətin düsturdan çıxarılması və digər düzəlişlərlə bağlı təkliflər göndərilərkən, belə düzəlişin və ya ondan imtinanın hüquqi nəticələri iddiaçıya bildirilməlidir.

20.5. Sorğu üçün əsas kimi iddia edilmiş ixtiranın patent qabiliyyətliliyinin yoxlanılmasının və düsturun dəqiqləşdirilməsinin nəticələrinə əsasən düsturun dəqiqləşdirilmələri və bu zaman təsvirin və (və ya) çertyojların müvafiq düzəlişləri vacib olduqda, iddiaçıya dəqiqləşdirilmiş təsviri və (və ya) çertyojları təqdim etmək təklif olunur. Bu cür təklif təsvir və (və ya) çertyojlarda çatışmazlıqların, o cümlədən ekspertiza tərəfindən əvvəl göstərilmiş, lakin iddiaçı tərəfindən aradan qaldırılmamış çatışmazlıqların olması zamanı da edilə bilər.

20.6. İddiaçı tərəfindən əlavə materiallar təqdim edilmədikdə, iddia sənədinin ekspertizasının aparılmasını qeyri-mümkün edən və sorğu ilə istənilən məlumatları saxlamayan əlavə materiallar təqdim edildikdə, iddia sənədi geri götürülmüş sayılır.

 

21. Əlavə materialların yoxlanılması

 

21.1. İddiaçının bu iddia sənədi üzrə qərar qəbul edilənədək, iddia edilmiş ixtiranın mahiyyətini dəyişmədən iddia sənədi materiallarında düzəlişlər və dəqiqləşdirmələr aparmaq hüququ vardır. Göstərilən sənəd əlavə materiallarla birlikdə təqdim edilmədiyi halda, iddia sənədinin baxılması zamanı sonuncular nəzərə alınmır və bu barədə iddiaçıya bildiriş göndərilir. Bu cür bildiriş ekspertizanın iddiaçıya göndərilən növbəti sənədinin tərkibinə daxil edilə bilər.

21.2. Agentliyin sorğusu ilə iddiaçı tərəfindən təqdim edilmiş əlavə materiallara münasibətdə, onların müəyyən olunmuş təqdim edilmə müddətinin iddiaçı tərəfindən gözlənilib-gözlənilmədiyi yoxlanılır. Göstərilən materiallar iddiaçı sorğunu aldığı gündən etibarən 2 (iki) ay ərzində təqdim olunmalıdır.

21.3. İddiaçı iddia sənədinə qarşı qoyulan materialların surətini istədiyi halda, əlavə materiallar, göstərilən surətlərin iddiaçı tərəfindən alındığı tarixdən 2 (iki) ay müddətində ona təqdim edilə bilər, bu şərtlə ki, iddiaçı həmin surətləri ekspertizanın sorğusunu aldığı tarixdən 1 (bir) ay müddətində istəmiş olsun.          

21.4. İddiaçı tərəfindən əlavə materialların təqdim edilməsi göstərilən müddətlərin pozulması ilə müşayiət olunarsa, iddia sənədinin geri götürülməsi barədə qərar qəbul olunur və iddiaçıya bu barədə xəbərdarlıq edilir.

21.5. İddiaçı tərəfindən təqdim edilən və baxılmağa qəbul olunan əlavə materiallar daxil olduqda, onların iddia edilən ixtiranın mahiyyətini dəyişib-dəyişməməsi yoxlanılır. Əlavə materiallar iddia olunan ixtiranın mahiyyətini o zaman dəyişdirmiş hesab edilir ki, onlarda düstura əlavə edilməli olan, iddia sənədinin verilmə tarixində təsvirdə, eləcə də iddia sənədinin verilmə tarixində onun tərkibində olan düsturda açıqlanmamış əlamətlər saxlanılsın.

21.6. Əlavə materiallarda verilmiş və düstura daxil edilməli olan əlamətlər onlar patent verilməsinə dair ərizənin, təsvirin, ixtiranın düsturunun və çertyojların Agentliyə daxil olduğu tarixdə iddia sənədində olan düsturda və təsvirdə açılmamış olduqda, iddia sənədinin ilkin materiallarında olmamış hesab edilir.

21.7. İddia sənədinin ilkinlik tarixində ixtiranın əlaməti iddia sənədi materiallarında onun yerinə yetirilməsinin xüsusi formaları açıqlanmadan ümumi anlayışla ifadə olunmuşdursa, bu cür yerinə yetirilmənin əlavə materiallarda ixtira düsturuna daxil edilməli olan əlamətə aid edilməklə verilməsi əlavə materialların ixtiranın mahiyyətini dəyişdirdiyini hesab etmək üçün əsasdır.

21.8. Yalnız mövcud bilgilər məcmusuna, eyni zamanda ən yaxın analoqa nəzərən iddia sənədinin ilkinlik tarixində ixtiranın təsvirində göstərilən əlamətlər bu tarixdə iddia sənədi materiallarında olan, iddia olunan ixtiranın əlamətlərinə aid edilmir.

21.9. İddia sənədi ixtiralar qrupuna aid olduqda, iddia sənədinin ilkin materiallarında olan qrupun hər hansı bir ixtirasının əlamətləri təsvirdə qeyd olunan qrupun məhz bu ixtirasına aid olan əlamətlər sayılır. Biri digərində istifadə üçün nəzərdə tutulmuş ixtiralar qrupu istisna təşkil edir. Bu zaman bir ixtiranın digərində istifadəsi üçün ilkin materiallarda nəzərdə tutulmuş əlamətlər digər ixtiranın da əlamətləri sayılır.

21.10. İddia olunan ixtira məlum qurğu, üsul, maddə və ya ştammların yeni təyinatla tətbiqinə aiddirsə, iddia sənədinin ilkin materiallarından fərqli göstəriş, məlum obyektin təyinatı və ya məlum obyektin xarakteristikası üçün istifadə edilən digər əlamətləri açıqlayan əlavə materiallar mahiyyəti dəyişdirən əlamətlər sayılır.

21.11. İddia sənədinin ilkin materiallarında olmayan, düstura əlavə edilməli olan əlamətlərlə yanaşı, həm də iddia sənədinin baxılması üçün vacib olan məlumatları (ixtiranın həyata keçirilməsinin əlavə misalları, əlavə texniki nəticənin alınması imkanının göstərilməsi, dəqiqləşdirilmiş qrafik materiallar və s.) saxlayan əlavə materiallar ixtiranın mahiyyətini yalnız bir hissədə dəyişən əlamətlər hesab edilir. Bu zaman əlavə materiallarda olan digər məlumatlar ekspertiza keçirilərkən nəzərə alınır.

21.12. İddia sənədləri üzrə dərman vasitələrinin dövlət qeydiyyatı üçün nəzərdə tutulmuş preklinik və klinik tədqiqatların aparılması zamanı alınan informasiyanı əks etdirən əlavə materiallar ayrıca sənəd kimi tərtib edilərək təqdim olunmalıdır.

21.13. İddia sənədi üzrə  materiallar yoxlanılarkən, dövlət və ya kommersiya sirri və ya şəxsi məlumatlar saxlayan əlavə materialların təqdim edilməsi tələb olunmur.

 

22. Yekun müddəalar

 

22.1. İxtira, faydalı model və sənaye nümunəsinin qeydiyyata alınması üçün daxil olmuş iddia sənədlərinin Ekspertiza Mərkəzində ekspertizası aparılır və ekspertizanın nəticələrinə dair ekspert rəyi baxılmaq üçün həmin Mərkəzin Müşahidə Şurasına təqdim olunur.

22.2. Müşahidə Şurası iddia sənədində göstərilən obyektin Qanunun 29-cu maddəsinin 3-cü hissəsinə uyğunluğu barədə müsbət qərar qəbul etdikdə, iddia sənədinə dair məlumatlar Qanunun 30-cu maddəsi ilə müəyyən edilmiş tələblər nəzərə alınmaqla, Agentliyin “Sənaye mülkiyyəti” bülletenində dərc edilir.

22.3. Qanunun 32-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq dərc olunmuş  iddia sənədinə etirazın verilməsi müddəti başa çatdıqdan və ya Agentliyin Apellyasiya Şurasının patentin verilmə-sinə dair qərar qəbul etdiyi tarixdən etibarən 2 (iki) ay ərzində ixtira, faydalı model və sənaye nümunəsinin qeydiyyatı, patentin verilməsi və dərc olunması üçün dövlət rüsumunun ödənilməsi şərtilə, ixtira, faydalı model və sənaye nümunəsi barədə məlumatlar müvafiq dövlət reyestrinə daxil edilir və iddiaçı olan şəxsə patent verilir.  

22.4. Məxfi olması ehtimal edilən ixtira, faydalı model və sənaye nümunəsinin ekspertizası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 10 noyabr tarixli 183 nömrəli Qərarı ilə təsdiq edilmiş “Milli təhlükəsizliklə bağlı ixtira, faydalı model və sənaye nümunəsinə dair iddia sənədinə baxılma Qaydaları”na uyğun olaraq həyata keçirilir

 

_________________

 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2019-cu il 17 dekabr

tarixli 478 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

2 nömrəli əlavə

 

 

Dərc olunmuş iddia sənədinin materialları ilə tanışlıq

 

Q A Y D A S I

 

1. Bu Qayda “Patent haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 30-cu maddəsinin 5-сi hissəsinə uyğun olaraq hazırlanmışdır və ixtira, faydalı model və sənaye nümunəsinin qeydiyyatı ilə bağlı iddia sənədinə dair məlumat dərc edildikdən sonra iddia sənədinin materialları ilə tanışlıq qaydasını müəyyən edir.

2. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə (bundan sonra - Agentlik) daxil olan iddia sənədlərinin ekspertizası Agentliyin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi (bundan sonra - Ekspertiza Mərkəzi) tərəfindən həyata keçirilir və ekspertizanın nəticələrinə dair ekspert rəyi baxılmaq üçün həmin Mərkəzin Müşahidə Şurasına təqdim olunur.

3. Müşahidə Şurası iddia sənədində göstərilən obyektin Qanunun 29-cu maddəsinin 3-cü hissəsinə uyğunluğu barədə qərar qəbul etdikdə, iddia sənədinə dair məlumatlar Qanunun 30-cu maddəsi ilə müəyyən edilmiş tələblər nəzərə alınmaqla, Agentliyin “Sənaye mülkiyyəti” bülletenində dərc edilir.

4. Agentlik ixtira və faydalı model barədə iddia sənədi daxil olduğu tarixdən ən geci 12 (on iki) ay keçənədək, sənaye nümunəsi barədə iddia sənədi isə daxil olduğu tarixdən ən geci 6 (altı) ay keçənədək iddia sənədlərinə dair məlumatların Agentliyin rəsmi bülletenində dərcini təmin edir. İddiaçının vəsatəti üzrə iddia sənə-dinə dair məlumat həmin obyekt üzrə sürətli ekspertizanın aparılması şərtilə ekspertizanın nəticəsi müsbət olduqda göstərilən tarixdən tez də dərc edilə bilər. Bu halda, “İxtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanları və coğrafi göstəricilərin hüquqi mühafizəsi sahəsində göstərilən xidmətlərin siyahısı və həmin xidmətlərə görə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə ödəniləcək haqların məbləğləri”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 may tarixli 247 nömrəli Qərarı (bundan sonra - Qərar) ilə müəyyən edilmiş məbləğdə və qaydada Agentliyin hesabına haqq ödənilməlidir.   

5. İddia sənədinə dair məlumat dərc olunduqdan sonra marağı olan istənilən şəxsin iddia sənədinin materialları ilə Qərarla müəyyən edilmiş məbləğlərdə haqq ödəməklə tanış olmaq, habelə müvafiq  ixtira, faydalı model və sənaye nümunəsinin təsvirini, çertyojlarını, rəsmlərini və fotoşəkillərinin surətlərini əldə etmək hüququ vardır. 

6. İddia sənədi ilə  tanışlıq və onun surətinin verilməsi üçün iddia sənədi üzrə marağı olan istənilən şəxs Agentlik tərəfindən müəyyən edilən ərizə nümunəsini doldurmalıdır.

7. Ərizə elektron qaydada və ya poçt vasitəsilə göndərilə, yaxud birbaşa Agentliyə təqdim oluna bilər.

8. Ərizə Agentliyə daxil olduğu tarixdən etibarən 5 (beş) iş günündən gec olmayaraq, ekspertlər tərəfindən aşağıdakılar dəqiqləşdirilir:

8.1. iddia sənədinin materialları ilə tanışlıq üçün qanunveri-ciliklə müəyyən edilmiş məbləğdə haqqın ödənilib-ödənilmədiyi;

8.2. ərizənin iddiaçı tərəfindən geri götürülməmiş, yaxud haqqında məlumatın dərc edildiyi tarixdə geri götürülmüş hesab edilməmiş iddia sənədinin dərcindən sonra verilib-verilmədiyi;

8.3. tanışlıq üçün tələb edilən sənədin (sənədlərin) iddia sənədinin tərkibində olub-olmadığı.

9. İddia sənədi ilə tanışlıq Ekspertiza Mərkəzində ekspertin iştirakı ilə həyata keçirilir.

10. İddia sənədi ilə tanışolma tarixi ərizədə göstərilməlidir. Sənədlərlə tanışlıq ərizədə göstərilən tarixdən sonra ərizəçinin xahişi ilə 3 (üç) aydan çox olmayan müddətə təxirə salına bilər.

11. İddia sənədi ilə tanışlıqdan sonra ərizəçi onun xahişinin təmin olunduğu barədə ərizənin müvafiq qrafasında “_____________________il tarixində saat ______ _________ _______________________________________ aid ______ nömrəli                                                                           

      (ixtiranın, faydalı modelin, sənaye nümunəsinin adı)

 

iddia sənədi üzrə dərc edilmiş materiallarla tanış oldum” qeydini yazır və imzalayır.

12. Ərizəçi dərc olunmuş iddia sənədinin surətini (surətlərini) əldə etmək istədikdə, bunu ərizəsində göstərməlidir. Bu halda tanışlıq üçün tələb olunan sənədin (sənədlərin) surətinin vərəqləri Ekspertiza Mərkəzində icraçı tərəfindən ardıcıllıqla tikilir, nömrələnir və hər bir səhifə Ekspertiza Mərkəzinin möhürü və ekspertin imzası ilə təsdiqlənir.

13. Tələb olunan sənəd bir səhifədən ibarət olduqda, bu barədə sənədin surətində “Sənədin surəti bir vərəqdən ibarətdir” qeydi yazılır.

14. Sənədin surətinin təqdim edilməsinə dair ərizəçinin xahişi təmin edildiyi halda, sənədin surəti müşayiətedici məktubla birlikdə ərizəçiyə təqdim olunur (göndərilir).

15. İddia sənədi ilə tanışlıq mümkün olmadıqda və ya tələb olunan sənəd (sənədlər) iddia sənədinin tərkibində olmadıqda, bu Qaydanın 5-ci hissəsinə uyğun olaraq ərizəçi tərəfindən ödənilmiş haqq geri qaytarılmır.

16. Bu Qaydanın müddəaları məxfi ixtiraya dair iddia sənədlərinə şamil edilmir.

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə